Mədəniyyətlərarası dialoq haqqında danışanda biz aydın şəkildə anlayırıq ki, həmin dialoqun uğurunun təsirini hər bir sahədə – siyasi həyatda, təhlükəsizlik ilə bağlı sahələrdə və iqtisadi əməkdaşlıqda görmək olar.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan növbəti möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etdi. Bu dəfə də dünyanın tanınmış ictimai-siyasi xadimləri, elm və incəsənət adamları Bakıda bir sıra mühüm məsələlər ətrafında müzakirələr apardılar. Belə bir vacib beynəlxalq tədbirin paytaxtımızda keçirilməsi bir daha ölkəmizin artan nüfuzundan xəbər verməklə yanaşı, Azərbaycanın Şərqlə Qərb arasında həyati əhəmiyyət daşıyan sivilizasiyaların dialoqunda strateji aktorlardan biri olduğunu təsdiqlədi.
Azərbaycanın Avrasiya materikində oynadığı geosiyasi və geoiqtisadi rolunun əhəmiyyətindən çox bəhs edilir. Dünyanın aparıcı araşdırma mərkəzləri, nüfuzlu politoloqlar və ixtisaslaşmış tədqiqatçı-jurnalistlər Azərbaycanın Qərbin enerji təminatı prosesində atdığı önəmli addımları qabartmaqla yanaşı, ölkəmizin mədəniyyətlər və sivilizasiyalararası dialoqun aparılmasında vacib platforma rolu oynadığını vurğulayırlar. Dərc olunan materiallarda mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın bu formatda tədbirlərin keçirilməsi üçün ideal yer olduğu bildirilir.
Həqiqətən də, Azərbaycan son illər enerji və nəqliyyat kimi strateji məsələlərlə yanaşı, mədəniyyətlərarası dialoqa zəruri impulsun verilməsində vacib məkana çevrilmişdir. Mayın 5-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev nitqində altı il bundan əvvəl ölkəmizin belə bir təşəbbüs irəli sürdüyünü xatırlatmış və birinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məhz Bakıda keçirildiyini vurğulamışdır.
“O vaxtdan bəri beynəlxalq gündəlikdə duran ən mühüm məsələlərdən olan mədəniyyətlərarası dialoqun müzakirə edildiyi bu forum qlobal beynəlxalq tədbirə çevrilmişdir. Hər bir beynəlxalq tədbirin, hər bir forumun əhəmiyyəti təkcə müzakirə edilən mövzularla deyil, həm də iştirakçıların sayı ilə ölçülür”, – deyən dövlət başçısı 120 ölkədən olan 800-dən artıq qonağın və 50-dən çox beynəlxalq qurumun yüksək səviyyəli nümayəndəsinin forumda iştirak etməsində çox şad olduğunu bildirmişdir.
Azərbaycan xalqının çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Prezident İlham Əliyev çıxışında bu məsələyə xüsusu toxunaraq, Azərbaycanın əsrlər boyunca sivilizasiyaların və mədəniyyətlərin bir-birinə qovuşduğu məkan olduğunu vurğulamışdır. Bəşəriyyətin humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınan Azərbaycanda aparılacaq müzakirələrin və fikir mübadiləsinin mədəniyyətlərarası dialoqun təşviqinə töhfə verəcəyi heç kimdə şübhə doğurmur.
Ölkə başçısı nitqində əsrlər boyu Azərbaycanda xalqların həmişə müxtəliflik mühitində yaşadığını diqqətə çatdırmış və multikulturalizmin, etnik və dini müxtəlifliyin tariximizin bir parçası və bugünkü reallığı olduğunu demişdir. Azərbaycanın həqiqi tolerantlıq nümunəsi olduğunu beynəlxalq aləm də etiraf edir. Etiraf etmək lazım gəlir ki, bu gün dünyada sivilizasiyalararası dialoqla bağlı ciddi problemlər yaşanır və belə fonda münaqişələrin artması tendensiyası müşahidə olunur. Xüsusilə də islamafobiya kimi təhlükəli meyillər bir sıra dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alır və bu reallığın fonunda Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi ölkəmizin imicinin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqam da ölkə başçısının çıxışında xüsusi yer almışdır. “Təəssüf olsun ki, bu gün dünyada narahatlıq doğuran bəzi tendensiyalar mədəniyyətlərarası dialoqla deyil, özgələşmə ilə nəticələnir. Biz mütəmadi surətdə bunun şahidi oluruq”, – deyən dövlət başçısı əlavə etmişdir ki, dünyanın müxtəlif yerlərində münaqişə, qarşıdurma və vətəndaş müharibələrinin səbəbi müxtəlif din və etnik qrup nümayəndələrinin arasında anlaşmanın olmamasıdır.
Bundan başqa, Prezident İlham Əliyev nitqində Azərbaycanda multikulturalizmin dövlət siyasəti olduğunu qeyd etməklə yanaşı, əlavə etmişdir ki, multikulturalizmin nisbətən yeni və bəzən çətin tələffüz edilən termin olmasına baxmayaraq, bu ideyalar hər zaman Azərbaycanda mövcud olmuşdur. Ölkə başçısı xatırlatmışdır ki, tarixi dönəmdən və siyasi sistemdən asılı olmayaraq, Azərbaycan xalqı hər zaman istər ölkədə, istərsə də onun hüdudlarından kənarda multikulturalizmi fəal müdafiə və təşviq etmişdir. Sülhpərvər və beynəlxalq hüquq normalarına uyğun siyasət yürütməsi ilə həmişə fərqlənmiş və ölkələrarası əlaqələrin inkişafı üçün humanitar aspektləri daim diqqət mərkəzində saxlamış Azərbaycanın keçdiyi tarixi yol, inkişaf etdirdiyi mədəniyyət onu məhz belə mövqe tutmağa vadar edir. Həmişə tolerantlıq məsələsində nümunə olmuş “Odlar yurdu” konfessiyaların, millətlərin isti ocağına çevrilməyi bacarmışdır. Bu reallıq SSRİ-nin dağılmasından sonra müstəqilliyini bərpa etmiş Azərbaycanda dönməz xarakter almışdır və Prezident İlham Əliyevin dediyi kimi, multikulturalizm azərbaycanlıların həyat tərzinə çevrilmişdir.
Dövlət başçısı nitqində mədəniyyətlərarası dialoqun təşviqində təhsilə böyük diqqət göstərilməsinin vacib olduğunu da diqqətə çatdırmışdır. Təhsilə qoyulan sərmayənin gələcəyə yatırılan sərmayə olduğunu vurğulayan cənab İlham Əliyev demişdir ki, bu sərməyalər, eyni zamanda, sabitliyə qoyulan sərmayədir: “Çünki radikalizmin, ekstremizmin və fundamentalizmin kökündə savadsızlıq dayanır. Gənc nəslin “beyni yuyulur” və gənclər dəhşətli terror aktlarının törədilməsinə sövq edilir”.
Savadsızlığın, yoxsulluğun, sosial qeyri-bərabərliyin və ədalətsizliyin radikalizmin əsas mənbəyi olduğunu xatırladan dövlət başçısı əlavə etmişdir ki, buna görə radikalizmi aradan qaldırmaq üçün beynəlxalq ictimaiyyət onun fundamental səbəblərini müzakirə etməlidir.
Prezident İlham Əliyev insanların sülh şəraitində birgəyaşayışın üstünlüyünü aydın görə bilmələri üçün mədəniyyətlərarası münasibətlərin dəyərlərinin təbliğ olunmasının da vacibliyini diqqətə çatdırmışdır. Ölkə başçısı mədəniyyətlərarası dialoqun aparılmasında siyasətçilərin və kütləvi informasiya vasitələrinin də böyük məsuliyyət daşıdıqlarını vurğulamışdır. Mədəniyyətlərarası dialoqun dəyərlərini təşviq etmək və gücləndirmək baxımından bu tədbiri yüksək qiymətləndirən Prezident İlham Əliyev əmin olduğunu bildirmişdir ki, forumun nəticələri uğurlu olacaq və biz onun bütün qərarlarını həyata keçirəcəyik.
“Qızlara təhsil verməklə zorakı ekstremizmə qarşı mübarizə” mövzusunda keçirilən “dəyirmi masa”da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva forumun genişlənməsindən çox şad olduğunu açıqlamışdır: “Biz çox şadıq ki, bu forum artıq hər dəfə daha da genişlənir. Forumda 100-dən çox ölkənin nümayəndəsi iştirak edir. Mövzu bütün dünya üçün çox vacibdir. Mən çox şadam ki, biz forum çərçivəsində digər vacib görüşlər də keçiririk”.
Azərbaycanın birinci xanımı demişdir ki, təhsil sisteminin inkişafı hər bir dövlət üçün, hər bir ölkənin gələcəyi üçün ən vacib məsələdir. “Azərbaycanda müstəqillik bərpa olunandan sonra təhsil sahəsinə diqqət ən vacib, ən prioritet istiqamətlərdən biridir. Yəni bu gün biz fəxr hissi ilə deyirik ki, ölkəmizdə savadlılıq 100 faizə yaxındır”, – deyən Mehriban xanım Əliyeva əlavə etmişdir ki, Azərbaycanın bu sahədə böyük təcrübəsi və tarixi var. Bununla yanaşı, Birinci vitse-prezident vurğulamışdır ki, Azərbaycan dünyanın aparıcı ölkələrinin təcrübəsini öyrənir və beynəlxalq təşkilatlarla bu sahədə fəal işləməyə hazırdır. Görüş zamanı xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlərdən söhbət açılmış, fond tərəfindən Pakistanda qızlar üçün məktəbin yenidən qurulması yüksək dəyərləndirilmişdir.
Beləliklə, xalqları daha da birləşdirən və insanlar arasında dostluq, mehriban qonşuluq əlaqələrini daha da gücləndirən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun növbəti Bakı platformu fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında qarşılıqlı anlaşmanın dəstəklənməsı baxımından müsbət təsirini artıracaq. Bunu tədbirə qatılmış forum işirakçıları da təsdiqləyirlər. Belə ki, UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada əl-Naşif "Trend"ə bildirmişdir ki, Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi insanlar arasında sülh mühitinin yaradılmasıdır. Onun sözlərinə görə, məqsəd münaqişələrin qarşısının alınmasından ibarətdir: "Bizim burada etdiklərimiz UNESCO-nun bütün dünyada mədəniyyətlərarası dialoqla bağlı səylərinin bir hissəsidir".
Böyük Britaniyanın Coventry Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin icraçı direktoru professor Mayk Hardi isə demişdir ki, Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya üçün olduqca vacib əhəmiyyət daşıyır. Onun sözlərinə görə, artıq 4-cü dəfə keçirilən Bakı Forumu hər il daha səmərəli olur və əhəmiyyətini artırır: "Bu gün müxtəlif mədəniyyətlər arasında dialoqun qurulması mühüm əhəmiyyət kəsb edir. Bu forum Azərbaycan tərəfindən təşəbbüs ediləndən mən bu prosesə qatılmışam və bu forum mədəniyyətlər arasında dialoqun qurulmasına vacib töhfə verir".
ABŞ-ın Oreqon Universitetində transmədəni araşdırmalar, dinlərarası dialoq və sülh kafedrasının UNESCO üzrə həmsədri Stiven Şankman qeyd etmişdir ki, dünyada mədəniyyətlər arasında dialoqun qurulması və inkişafı olduqca vacib amildir. S.Şankman hesab edir ki, bu gün mədəniyyətlərarası dialoq genişləndirilməlidir və Azərbaycanın mədəniyyətlərarası dialoqda böyük ənənəsi, təcrübəsi var və bu təcrübəsi ilə dünyada mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verir: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də bu istqamətdə atılan mühüm addımdır".
Bir sözlə, Azərbaycan daha bir möhtəşəm beynəlxalq tədbiri yüksək səviyyədə keçirdi. Forumun iqtisadi inkişaf və humanitar sahədə dünyada liderlik mövqeyində olan Azərbaycanda keçirilməsi sevindirici haldır. Tədbirdə çoxsaylı qonaqların iştirakı foruma olan marağı nümayiş etdirməklə yanaşı, Azərbaycanın dünyada artan nüfuzunu da təsdiqlədi. Bundan əlavə, beynəlxalq humanitar forumların Bakıda keçirilməsinin tarixi əhəmiyyəti həm də ondadır ki, burada müzakirə edilən və qəbul olunan qərar və bəyannamələr millətlərarası münasibətlərin daha da yaxşılaşmasına və mədəniyyətlərarası dialoqun güclənməsinə öz töhfəsini verir. Azərbaycan dövlətinin də önəm verdiyi prioritet istiqamətlərdən biri məhz budur.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.