Ömrünün hər anı böyük tarix olan dahi şəxsiyyət

Hər insanın ömrü tarixə çevrilmir və hər şəxsiyyət də öz əməlləri ilə xalqın, ölkənin tarixini yarada və yaşada bilmir. Belə şəxsiyyətlər hansı xalqa, hansı ölkəyə nəsib olursa, o dövlət dünya düzümündə söz sahibinə çevrilə bilir, xalqının xoşbəxtliyini və gələcəyini təmin edə bilir. Azərbaycan xalqının xoşbəxtliyi də bundadır ki, onun qismətinə belə tarixi şəxsiyyətlərdən olan Heydər Əliyev kimi dahi insan düşüb. Onun cismən aramızdan getmə tarixi bizdən uzaqlaşdıqca, mənən, ruhən bu məsafə daha da qısalır və o, həmişə öz xalqı, öz milləti ilə bir yerdədir.

Ulu öndərin arzuları, Azərbaycanın gələcəyi üçün qurduğu böyük planlar reallığa çevrildikcə, bir daha bu dahi şəxsiyyətin uzaqgörənliyinə, müdrikliyinə, ən başlıcası isə, Vətəninə, yurduna olan böyük sevgisinə heyrət etməmək olmur.

Heydər Əliyevin həyat və fəaliyyəti, keçdiyi ömür yolu o qədər zəngin, əlvan və rəngarəngdir ki, bu mənalı ömrün bütün anlarını öyrənmək, bütün cizgi və çalarlarını görmək, əks etdirmək heç də asan məsələ deyil. Ancaq onun ömrünün hər anının bir tarix olduğunu, dövlətimizin, xalqımızın ən çətin anlarında ona arxalandığını, onun sayəsində böyük çətinlikləri dəf etdiyini, öz müstəqilliyini məhz qüdrətli və cəsarətli dövlət xadiminin müdrik qərarları, uzaqgörən siyasəti nəticəsində qoruyub möhkəmləndirdiyini hər kəs bilir və dərk edir.

Sovetlər dönəmində hökm sürən bolşevik ideologiyasının güclü təzyiqləri altında olanda da, sonradan Azərbaycanın müstəqilliyinə qarşı yaranan xarici və daxili təhdidlər zamanında da hər çətinliyə mətanətlə sinə gərən Heydər Əliyev zəkası, Heydər Əliyev qüdrəti idi. Bugünün zaman prizmasından Azərbaycanın tarixinə nəzər saldıqda, Heydər Əliyevin sovet dövründə Azərbaycanın milli təhlükəsizlik orqanlarına, sonradan isə bütövlükdə respublikaya rəhbərlik etdiyi illərdə bütün təzyiqlərə baxmayaraq, gördüyü işləri xüsusi dəyərləndirmək lazımdır.

Məhz bu  vətənpərvər insanın səyləri ilə xalqımızın əvvəllər yalnız repressiya maşını kimi tanıdığı dövlət təhlükəsizliyi orqanı xalqımızın milli mənafelərini qoruyan bir quruma çevrilmişdi. Xalqımızın milli özünədərkinə, milli şüurunun formalaşmasına şərait yaradan Heydər Əliyev nə qədər Azərbaycan ziyalısını, elm, ədəbiyyat, sənət adamlarını DTK təzyiqlərindən qoruya bilmişdi. Hüseyn Cavid kimi oğullarımızın taleyi onu həmişə düşündürmüş, sonradan böyük çətinliklə bu dahi şairimizin nəşinin öz doğma torpağına qovuşmasını təşkil etmişdi.

Heydər Əliyev bu orqanlara rəhbərlik edən ilk azərbaycanlı general olmaqla, respublikadakı real vəziyyəti hamıdan gözəl bilir, Azərbaycanın həm keçmişi, həm də o dövrdəki durumu barədə geniş məlumata malik idi və respublikanın iqtisadi, mənəvi potensialından necə istifadə edilməsi barədə onun öz konsepsiyası var idi.

O zaman İttifaq respublikaları arasında böyük potensialı olmasına baxmayaraq, iqtisadi göstəriciləri heç də yüksək olmayan, yalnız neft və pambıq respublikası, xammal mənbəyi kimi tanınan Azərbaycanın 1969-cu ildən sonrakı nailiyyətlərini bu gün yada salarkən Heydər Əliyevin yüksək təşkilatçılıq qabiliyyətinə, fədakarlığına bir daha qibtə edirsən. Sovet İttifaqının rəhbərliyini aydın və real konsepsiyası ilə inandıraraq nəhəng bir dövlətin imkanlarından öz respublikasının, öz xalqının mənafeyi üçün istifadə etməyi bacarırdı. İndi “Qırmızı bayraqlı” beşilliklərin əsl mahiyyətini təhrif etmək istəyənlər tapılsa da, Heydər Əliyev yaranmış imkanlardan böyük bacarıqla və səylə istifadə edir, bununla da xalqımızın rifahının sürətli yüksəlişini təmin edə bilirdi.  Qısa vaxtda onun səyləri ilə Azərbaycanda  adambaşına düşən milli gəlir 2 dəfə, sənaye istehsalı təxminən 3 dəfə, məhsuldarlıq 2 dəfə, xalq istehlakı mallarının istehsalı 3 dəfə artmışdı. O dövrün statistikası göstərir ki, ulu öndərin respublikaya rəhbərlik etdiyi illərdə istehsal olunmuş sənaye məhsullarının ümumi həcmi əvvəlki 50 ilin göstəricilərinə bərabər idi. Respublikada o dövr  üçün ən müasir sayılan 250-dən çox zavod, fabrik və digər müəssisələr tikilmiş, insanların gəlirləri dəfələrlə artmış, güzəranı yaxşılaşmış və Azərbaycan dünyanın 65 ölkəsinə 350 növdən artıq məhsul ixrac etməyə başlamışdı.

Təəssüf ki, bu potensial ulu öndərin respublika rəhbərliyindən getməsindən sonra qorunub saxlanmamış, Sovet İttifaqı dağıldıqdan sonra respublikaya rəhbərlik etmiş naşı insanların bacarıqsızlığı üzündən Azərbaycan iqtisadiyyatı bərbad hala düşmüşdü. Ulu öndər 1993-cü ildə xalqın tələbi ilə yenidən respublikaya rəhbərlik etməyə başladıqda onun yaratdığı iqtisadi  potensialdan əsər-əlamət qalmamış, buna görə də ölkə böyük problemlərlə qarşılaşmışdı. Torpaqları işğal edilmiş, beynəlxalq əlaqələri tam bərpa olunmamış,  iqtisadi potensial zəifləmiş və neft sənayesində böyük durğunluq yaranmışdı. Azərbaycanın bu vəziyyətdən çıxarılması isə son dərəcə böyük güc və qüvvə tələb edirdi. Əslində, reallaşdırılması çox çətin olan belə bir missiyanı ulu öndər öz çiyinlərinə götürdü.

Ulu öndər Azərbaycanın müstəqilliyinin qorunmasını Azərbaycan xalqının ən böyük vəzifəsi və özünün əsas missiyası hesab edirdi. Azərbaycanın tarixini, onun şanlı keçmişini çox gözəl bilən Heydər Əliyev öz xalqının potensialına inanır və onun  güclü və müstəqil dövlət qura biləcəyinə tam əmin olaraq deyirdi: “Azərbaycan xalqının qəhrəman keçmişi var, azadlıq və müstəqillik uğrunda çoxəsrlik mübarizə tarixi var”. Bu tarixin ənənələrinə sadiq olan, böyük tarixi şəxsiyyətlərimizin Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizəsini yüksək qiymətləndirən Heydər Əliyev respublikada yaranmış xaosu və hərc-mərcliyi qısa müddət ərzində aradan qaldırmaq üçün böyük fədakarlıq göstərmiş və xalqımızı bir məqsəd uğrunda birləşdirə bilmişdi.

1994-cü il martın 20-də Novruz bayramı münasibətilə Azərbaycan xalqına müraciətində deyirdi: “Müstəqil Azərbaycanımız ilk addımlarını atır. Xalqımız milli azadlığa qovuşmuşdur. Ancaq müstəqillik, milli azadlıq yolu uzun bir yoldur. Qarşıda hələ çox çətinliklər var. Həm daxildən, həm də xaricdən müstəqilliyimizin dönməzliyinə, əbədiliyinə mane olmaq istəyənlər var, ancaq mən... xalqımızı bir daha əmin etmək istəyirəm ki, biz müstəqillik yolu ilə gedəcəyik və bu yoldan dönməyəcəyik! Xalqımız heç vaxt öz milli azadlığından məhrum olmayacaqdır”.

Ulu öndər qətiyyətlə bildirirdi ki, onun məqsədi ərazi bütövlüyümüzü təmin etmək, xalqımız üçün sülh, əmin-amanlıq şəraiti yaratmaq, müstəqilliyimizin, milli azadlığımızın bəhrələrindən hər bir vətəndaşımızın istifadəsinə imkan yaratmaqdır və bu ali məqsədləri yerinə yetirmək üçün səyini və əzmini heç vaxt əsirgəməyəcəkdir.

Heydər Əliyev müstəqilliyimizi əbədiləşdirmək, öz böyük xilaskarlıq və quruculuq missiyasını yerinə yetirmək üçün ilk növbədə, daxili sabitliyi yaratdı, Azərbaycan xalqını vahid məqsəd uğrunda mübarizəyə səfərbər etdi. Onun tarixi xidmətlərindən biri də bu idi ki, xalqına müdrik və düzgün yol göstərməyi, onu bu düzgün yolla irəli aparmağı bacarır, Azərbaycanın ən çətin günlərində xalqımıza güvənir və arxalanırdı. Ulu öndər öz xalqına və xalqın da ona inandığını bilərək deyirdi: “Mən xalqımıza, cəmiyyətimizin bütün təbəqələrinə müraciət edirəm: bu ağır dövrdə respublikamızı, Azərbaycan xalqını əzab-əziyyətdən, bəlalardan xilas etmək üçün birləşmək, bir yolla – haqq-ədalət yolu ilə getmək lazımdır! Əsas məqsədlərə, xalqımız üçün ali məqsədlərə nail olmaqdan ötrü hamı əl-ələ verməlidir!”

Heydər Əliyev ömrünün hər anını əbədiləşdirən amillərə nəzər saldıqda, ilk növbədə onun Azərbaycan xalqının arzu və istəklərini, psixologiyasını dərindən bilməsi, bu xalqın öz azadlığını qorumaq üçün hər əzaba qatlaşmağa, Vətən, torpaq yolunda canından keçməyə hazır olduğuna şübhə etməməsi, böyük və qədim bir mədəniyyətin daşıyıcısı olan azərbaycanlıların istedad və qabiliyyətinə inanması kimi cəhətləri qeyd etmək lazımdır.

Heydər Əliyevin xalqına ən böyük xidmətlərindən biri də odur ki, o, xalqın qürurunu, inamını özünə qaytardı, ona öz gücünü göstərdi. Ümummilli liderimizin bu qüruru, inamı xalqımıza güc verdi, onu daha böyük qələbələrə ruhlandırdı. “Fəxr edirəm ki, mən azərbaycanlıyam”– deyən Heydər Əliyevin bu sözləri onun qəlbinin dərinliyindən gəlirdi. Azərbaycanın heç bir dövlət xadimi öz xalqı haqqında belə ürəkdən danışmayıb və onun bu sözləri deyilənləri aydın sübut edir: “Ümumiyyətlə, biz həqiqətən də fəxr edə bilərik ki, millətimiz gözəl millətdir. Heç kəs heç vaxt deməsin ki, bu barədə bizim millətimiz hansı millətdənsə aşağı səviyyədədir. Xeyr! Bizim millətimiz istedadlı millətdir, gözəl millətdir, qəhrəman millətdir. Biz bununla fəxr edə bilərik”.

Heydər Əliyev bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən böyük vətənpərvər siyasi xadim kimi Azərbaycana rəhbərlik etdiyi son 10 ildə bugünkü inkişaf və tərəqqimizin, qurduğumuz dövlətin hüquqi bazasını, onun mükəmməl və dünyanın sivil dövlətlərindəki idarəetmə sisteminə uyğun dövlət mexanizmini yaratdı. O, Azərbaycan dövlətinin gələcək inkişaf yollarını müəyyən edən iqtisadi konsepsiyasını yaratmaqla onun hərbi və müdafiə qüdrətinin bünövrəsini qoydu və gələcək inkişafı üçün zəmin formalaşdırdı. “Əsrin müqaviləsi” ilə iqtisadi dirçəlişimizin əsasını qoydu, ölkəmizin gələcək inkişaf perspektivlərini müəyyən etdi. Onun böyük cəsarətlə həyata keçirdiyi özəlləşdirmə proqramı, keçmiş Sovet İttifaqı məkanında ilk dəfə torpaq islahatı aparması Azərbaycanda tamamilə yeni iqtisadi münasibətlərin bərqərar olmasına təkan verdi.

Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanan yeni Azərbaycan Konstitusiyası isə dövlətçiliyimizə verilmiş ən böyük töhfədir. Tarixə “Heydər Əliyev Konstitusiyası” kimi düşmüş bu Əsas qanunumuz müasir dünya ilə ayaqlaşmağımıza, dünyaya inteqrasiya olunmağımıza imkan verdi. Ona görə də Heydər Əliyevin müasir Azərbaycan cəmiyyətinin siyasi, iqtisadi, hüquqi əsaslarının yaradılmasında, formalaşmasında və möhkəmləndirilməsində misilsiz xidmətləri heç vaxt unudula bilməz.

Azərbaycanda elmin, mədəniyyətin, incəsənətin inkişafı, mənəvi dəyərlərin qorunması və zənginləşməsi, ölkəmizin dünya miqyasında qədim və zəngin mədəniyyətə malik bir ölkə kimi tanınması üçün ulu öndərin gördüyü işlər, onun elm, mədəniyyət xadimlərinə böyük qayğı ilə yanaşma ənənəsi bu gün də onun davamçıları – möhtərəm Prezidentimiz İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən böyük uğurla davam etdirilir.

Heydər Əliyevin Azərbaycan dövlətinin varlığı, müstəqilliyinin qorunması üçün gördüyü əsas işlərdən biri də onun güclü iqtisadiyyat qurmaqla Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə qadir olan qüdrətli və müasir ordu yaratmaq üçün gördüyü işlərdir. Ulu öndərin yolunu uğurla davam etdirən hörmətli Prezidentimiz İlham Əliyevin səyləri ilə bu gün Azərbaycan Ordusu regionda ən güclü orduya çevrilmişdir. Vaxtilə adi patron belə istehsal etməyən Azərbaycan indi onlarca adda müasir silah istehsal edir, beynəlxalq silah sərgilərində öz məhsullarını fəxrlə nümayiş etdirir və heç kim şübhə etmir ki, Azərbaycan Ordusu həqiqətən torpaqlarımızı erməni işğalından azad edəcəkdir. Keçən ilin aprel döyüşlərinin nəticələri bunu bir daha əyani şəkildə göstərdi. Bu gün xalqımız tam inanır ki, Cocuq Mərcanlıdan başlayan bərpa işləri tezliklə işğaldan azad olunacaq digər ərazilərimizdə də davam etdiriləcəkdir.

Ulu öndərin Azərbaycan tarixinin əbədi simalarından biri olmasını təsdiq edən amillərdən bəhs edərkən bir mühüm cəhətin də üzərində geniş dayanmalıyıq. Bu da onun xalqımızın milli-mənəvi dəyərlərinə münasibətidir, ailə dəyərlərinə, gənc nəslin tərbiyəsinə, qadınların və uşaqların hüquqlarının qorunmasına, hər bir cəmiyyətin, hər bir millətin varlığının əsasını təşkil edən ailə təsisatının qorunub saxlanmasına, ailənin möhkəmlənməsi üçün dövlət tərəfindən görülməli işlərə münasibətidir.

Ailə və qadın problemlərinin həlli, gənc nəslin təlim-tərbiyəsi, onların cəmiyyətdə rolunun yüksəldilməsi və bu işin düzgün məcraya yönəldilməsi ulu öndəri çox narahat etdiyindən bu məsələləri o, dövlət siyasətinin bir hissəsinə çevirmişdi. Məhz onun səyləri ilə Azərbaycanda ilk dəfə olaraq Qadın Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, habelə digər strukturlar yaradılmış, valideyn himayəsindən məhrum olan uşaqlara, eyni zamanda, çoxuşaqlı ailələrə qayğı ən yüksək səviyyəyə qaldırılmışdı. Ulu öndərin başladığı gözəl işlər onun adını daşıyan, fondun rəhbəri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva tərəfindən çox böyük miqyasda davam etdirilmiş və etdirilməkdədir. Cəsarətlə demək olar ki, dünyanın heç bir ölkəsində valideyn himayəsindən məhrum olmuş, həmçinin sağlamlığında problemlər olan uşaqlara Azərbaycanda olduğu qədər böyük dövlət qayğısı göstərilmir.

Ulu öndər ailə dəyərlərinə hər zaman xüsusi əhəmiyyət verir, ailənin cəmiyyətdəki rolu haqqında deyirdi: “Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi üçün mühüm əhəmiyyət kəsb edir”. Ümummilli lider hesab edirdi ki, cəmiyyətin hər bir üzvü öhdəsinə düşən funksiyanı yerinə yetirməli, Azərbaycanda mövcud olan ailə ənənələrinə tam riayət etməlidir.

Ulu öndərin doğum günü Azərbaycan xalqının son dərəcə böyük ehtiramla qeyd etdiyi günlərdən biridir və həmişə də belə olacaqdır. Ömrünün hər anı Azərbaycan tarixinin şanlı səhifəsi olan dahi  şəxsiyyət Heydər Əliyevin xatirəsi qəlbimizdə əbədi olaraq yaşayır və yaşayacaqdır. 

Səadət İSMAYILOVA,
 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon Qeydiyyat Şöbəsinin rəisi,
 hüquq  elmləri üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında