Tarixi müdrikliyin və uzaqgörənliyin Heydər Əliyev zirvəsi

Dövlətçilik tariximizin ən qüdrətli şəxsiyyəti, dünyanın görkəmli dövlət xadimləri ilə bir sırada dayanmış ümummilli lider Heydər Əliyevi xalqımıza bəxş edən 10 May günü milli təqvimimizə əbədiyyət ünvanı kimi qızıl hərflərlə yazılmışdır. Bu tarix hələ ulu öndərin sağlığında ölkəmizdən kənarda -- yaxın-uzaq məmləkətlərdə də nəcib amalları ilə bütün insanlığa xidmət edən bəşəri şəxsiyyəti, əməlləri ilə öz xalqına möhtəşəm zəfərlər qazandıran milli lideri  dünyaya gətirən gün kimi beynəlxalq aləmdə diqqət mərkəzində idi.

O illərdə ulu öndər ad gününü, adətən, cox sadə–yalnız ailə üzvləri ilə birlikdə qeyd etsə də, dünyanın əksər dövlət və siyasət xadimləri onu öz xalqları və ölkələri adından təbrik edir, xoş arzularını çatdırırdılar. Dünyanın diqqət mərkəzində olan həmin günün bu misilsiz  şərafətindən xalqımıza da böyük qürur və sevinc payı düşürdü. Azərbaycanı dünyada tanıtmış və yeni müstəqillik epoxasına hazırlamış, ilk həqiqi lider kimi suveren dövlətimizi beynəlxalq siyasət olimpinə çıxarmış ümummilli lider Heydər Əliyev artıq 14 ildir ki, tarixin onun üzərinə qoyduğu liderlik missiyasını böyük məharət və ləyaqətlə yerinə yetirib əbədiyyətə qovuşmuşdur.

Artıq 14 ildir ki, 10 May çağdaş tariximizin öyünc, minnətdarlıq və qədirbilənlik günü kimi ümumxalq bayramı səviyyəsində qeyd olunur.  Hər il ulu öndərin anadan olduğu və əbədiyyətə qovuşduğu günlərin ildönümündə soydaşlarımız, dostlarımız və xeyirxahlarımız dünyanın hər yerində ümummilli liderimizin ölməz xatirəsini sonsuz ehtiram və qədirbilənliklə yad edirlər. İldən-ilə artan bayram təntənələri, möhtəşəmləşən anım mərasimləri dahi öndərimiz Heydər Əliyevin dövlətçiliyimizin bərpası və əbədiləşdirilməsi, ölkəmizin sivil tərəqqi yoluna çıxarılması, hərtərəfli inkişafa qovuşması kimi tarixi missiyasının önəmini xalqımızın qədərincə anlamasının və lazımınca dəyərləndirməsinin aydın göstəricisidir.

Ümummilli liderin dünyaya göz yumduğu günlərdə xalqımıza böyük təsəlli gətirmiş, sonsuz kədərimizi ovutmuş, sabaha inamımızı artırmış “Nə qədər ki, xalqımız var, nə qədər ki, Azərbaycan var – Heydər Əliyev də var olacaqdır”  deyimində  ifadə olunmuş uzaqgörənlik və həqiqət zaman keçdikcə daha  dərindən və aydın dərk olunur. Artıq 14 yaşlı yeniyetmələr ulu öndərin həyat yolunu xalqa xidmətin ən mükəmməl örnəyi kimi öyrənir, onun irsini ən yaxşı həyat dərsi kimi mənimsəyirlər. Ölkəmizə bir qərinədən artıq müddətdə rəhbərlik etmiş bir insanla eyni dövrdə yaşamaq, xalq rəhbərinin mübarizəsində iştirak etmək, müəyyən şəraitdə onunla təmasda olmaq isə illər keçdikcə əfsanəviləşən bir epoxanın dəyərli epizodları, unudulmaz hadisə və faktları kimi mənalandırılır.

Bu baxımdan ulu öndərin hakimiyyətinin birinci dövründə ali jurnalist təhsili alıb, onun rəhbərlik etdiyi quruculuq prosesində iştirak etmiş bir gənc, qüdrətli soydaşımızın sovet dövlətinin rəhbərliyindən istefa verib ictimai-siyasi həyatdan təcrid olunduğu, Naxçıvana sığındığı vaxt ondan ilk müsahibə alıb dərc etdirmiş, o dövrdə dəfələrlə bu böyük insanla təmasda olmuş bir vətənpərvər, ümummilli liderin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra isə Heydər Əliyev yoluna xidmətini sədaqətlə davam etdirən jurnalist-hüquqşünas kimi mənim payıma daha çox sevinc və qürur düşür. Bu barədə ulu öndərin 1990-cı ilin yayında Moskvadan Vətənə dönüb Naxçıvanda yaşadığı, ərazi bütövlüyümüz və dövlət müstəqilliyimiz uğrunda ümumxalq mübarizəsinə olduqca çətin şəraitdə buradan rəhbərlik etdiyi və 1993-cü ilin böhranlı yayında xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qaıdışı dövrünü əhatə edən “Dönüşdən Qurtuluşa” adlı kitabımda ciddi tarixi faktlar əsasında geniş söhbət açmışam.

Kitabda  ulu öndərlə görüş-təmaslarımdan “Ömrümün qızıl səhifələri” kimi bəhs etmişəm. O unudulmaz günlər barədə xatirələrim və yazdıqlarım ümummilli liderin həyatının ən çətin, sınaqlı günlərinə işıq salması ilə önəmlidir. Yeri gəlmişkən, bu barədə yığcam qeydlərimi “Xalq qəzeti”ndə çalışan keçmiş həmkarlarımla bölüşməyimi, yazını ulu öndərin həyat və mübarizəsi ilə sıx bağlı olan bu nəşrin oxucularına təqdim etməyi gərəkli sayıram.

27 il əvvəl, 1990-cı ilin yayı idi. Azərbaycan KP Saatlı Rayon Komitəsinin orqanı olan “Dönüş” qəzetində məktublar və kütləvi iş şöbəsinin müdiri (həmin vəzifə rayon partiya komitəsinin nomenklaturası idi), SSRİ Jurnalistlər İttifaqının üzvü idim. İyun ayında eşitdim ki, xalqımızın qüdrətli oğlu, yenilməz insan Heydər Əliyev Bakıya – Azərbaycana qayıdır, lakin ona qarşı məkrli qarşıla ma planı hazırlanıb. Bakıya gəlib, uşaqlıqdan həyat idealım olmuş bu unudulmaz insanı qarşılayanlara qoşulmaq istəsəm də, bu bizə nəsib olmadı. Eşitdik ki, yaxınları onu təyyarənin pilləkənlərindən götürüb qardaşı Cəlal Əliyevin evinə aparıblar.

Rayona qayıdandan az sonra öyrəndim ki, Heydər Əliyev onun Bakıya qayıdışını bədxahlıqla qarşılayan respublika rəhbərliyindən üz döndərib Naxçıvana gedib. Sövq-təbii olaraq, ürəyimdə Naxçıvana getmək, ulu öndərlə görüşüb müsahibə almaq, dünya siyasətinin zirvəsinə yüksəlmiş bir liderin tövsiyələrini taleyüklü günlər yaşayan Azərbaycanın ümidsiz vəziyyətə düşmüş vətəndaşlarına çatdırmaq istəyi doğdu. Bundan sonra məni nələr gözlədiyinin fərqinə varmayaraq, avqust ayının əvvəllərində çalışdığım Saatlı rayonunun “Dönüş” qəzetinin redaktorundan qeyri-rəsmi icazə alıb Naxçıvana yollandım. O Naxçıvana ki, ona pənah gətirmiş qüdrətli oğlu Heydər Əliyevi ana qucağı olan qoynuna almışdı. O Naxçıvana ki, fəlakətlə üzləşmiş, çarəsiz duruma düşmüş Azərbaycanın xilaskarlıq missiyası tezliklə buradan başlanacaqdı.

O günlərdə sadə naxçıvanlılar Heydər Əliyevin doğulduğu torpağa dönməsindən qürurla, ürək genişliyi ilə danışırdılar. Bakıdakı xain, etibarsız, vəzifə düşkünü olan ixtiyar sahiblərinin Naxçıvandakı müti əlaltıları, kommunist rejiminin “keşikçiləri” isə Heydər Əliyevin doğma diyara pənah gətirməsindən narahat olub xoflanmışdılar.

Naxçıvanda Heydər Əliyevlə görüşmək üçün bir neçə gün cəhd göstərdim. Nəhayət, bacısıgildə yerləşdiyini müəyyənləşdirib ünvanını, telefon nömrəsini öyrəndim. Yerləşdiyim “Təbriz” mehmanxanasında öz otağımdan telefonla zəng etdim, Heydər Əliyevlə danışmaq istədiyimi bildirdim. Dəstəkdə o böyük insanın – ulu öndərin özünün səsini eşidəndə bütün vücudum titrədi... Özümü təqdim edib məqsədimi bildirəndən sonra Heydər Əliyev görüşümüz üçün münasib vaxt müəyyənləşdirərkən telefon əlaqəsi kəsildi. Həmin vaxtdan otağımdakı telefon işləmədi.

Bir az gözləyib dəhlizə çıxdım ki, mərtəbə növbətçisinin telefonu ilə danışım. Növbətçidən zəng etmək üçün icazə istədim. O da oz otağımdan danışmağı məsləhət gördü. Bildirdim ki, danışdığım vaxt əlaqə kəsildi və telefon indi də işləmir. Həmin xanım danışmağıma icazə verib yanımda dayandı. Yenə  telefon nömrəsini yığıb Heydər Əliyevi xahiş etdim. Bu vaxt növbətçi xanım dəstəyi əlimdən alıb hirslə aparatın üstünə qoydu...

Heydər Əliyevlə görüşüb müsahibə götürmək fikrinə düşəndən tam aydınlığı ilə dərk edirdim ki, bundan sonra məni nələr gözləyir. Ən azı, bunu həmin dövrdə mərhum Əjdər Xanbabayevin başına gətirilənlərdən bilirdim. Həm də müsahibə alıb dərc etdirmək fikrim yaranandan uca bir zirvəyə doğru yön aldığımı dərk edirdim.

Nəhayət ki, şəhərdə “Böyük bağ”ın yaxınlığındakı avtomat telefon köşkündən ulu soydaşımız Heydər Əliyevlə danışa bildim. Səhərisi günü tezdən qaldığı ünvana getdim. Görüşdük. Bu görüş mənim həyatımın ən ali hadisəsi oldu. Bir anlıq gözlərimə inana bilmədim – bu, o nəhəng, adı, şöhrəti dunyaya yayılmış insandırmı? Belə bir ucalığa çatmaq olarmı? O əfsanəvi şəxsiyyətin illər boyu eşitdiyimiz tanış, şirin səsi, sanki, məni yuxudan oyatdi: “Xoş gəlmisiniz, cavan oğlan. Saatlıda nə var, nə yox? “ Bəli, bu, o idi. Bir Allah bilir, o vaxtlarda yaşadığım xoşbəxtliyin dərəcəsini…

Ulu öndər Heydər Əliyev müsahibəmizin bütünlüklə audioyazıya alınmasını istədi. Biz arxa otağa daxil olduq, zövqlə çay süfrəsi hazırlanmışdı. Göruşümüzün əvvəlində fenomen yaddaşa malik Heydər Əliyev Saatlıda xeyli adam tanıdığını və familiyamın ona çox tanış gəldiyini bildirib kimlərdən olduğumu soruşdu. Mən də söylədim ki, Siz respublikaya rəhbərlik etdiyiniz dövrdə M. B. Qasımov adına kolxozun sədri işləyən Mansur Ağamirzəyevin oğluyam. Heydər Əliyev bir anlıq nələrisə xatırlayıb, nədənsə təsirlənərək yenidən əlimi sıxdı. Sonra kolxoz barədə, atam və o zaman işləmiş iki pambıqçılıq briqadiri barədə xatirələrini danışdı. Atam başda olmaqla onların hər birinə şəxsi salamlarını çatdırmağımı xahiş etdi.

Sonda müsahibəmiz yazılan kaseti mənə verdi. Üzərinə yaşadığı evin telefon nömrəsi də yazılmışdı ki, lazım olarsa, əlaqə saxlayım. (2004-cü ildə həmin audiokaseti Heydər Əliyev Fonduna təqdim etmişəm). İlk görüşümüzdən iki gün sonra yenidən zəng edib ikinci görüşə getdim. Çünki müsahibənin iki sualının cavabları lent yazısında aydın eşidilmirdi. Heydər Əliyev tapşırdı ki, həmin hissələri yenidən köçürsünlər. Bu nəhəng şəxsiyyətlə görüşdən sonra mehmanxanadan çıxıb Şərur rayonuna getdim, orada , tanışların yanında gecələdim. Çünki artıq ciddi şəkildə izləndiyimi hiss edirdim.

Mən Saatlıya qayıdandan az sonra redaktor Z. İmanovun, məsul katib H. Ələkbərovun, müxbir Ə. Qurbanovun və kollektivin digər üzvlərinin köməyilə Heydər Əliyevlə müsahibəm böyük tirajla dərc olundu. Və bu müsahibə “Dönüş” qəzetində son yazım oldu. Onillik jurnalistlik fəaliyyətimə son qoyularaq “oz ərizəmlə” işdən azad edilməli oldum...

Başqa vaxt belə bir aqibət, bəlkə də, məni kədərləndirər, ailəmə ağır təsir edərdi. Lakin bu cəzanı mən də, Heydər Əliyevin kimliyini bilən ailəmiz də bir mükafat, başucalığı, şərəf kimi qəbul etdik. O gündən Heydər Əliyevi sevən adamlar bir az da mənə yaxın oldular. Laqeyd, qorxaq, bir tikə çörəyin əsiri olanlar isə məndən də, atamdan, qardaşlarımdan da uzaq qaçdılar. Bəzi üzdəniraq canıyananlar isə deyirdilər: “Axı sənin nə işin var idi. Heydər Əliyevin çörəyini yeyənlər, uca məqamlara yüksələnlər ona yaxın durmur, sənə nə düşüb?” Bu zavallılar nə biləydilər ki, çox keçməyəcək ki, onların özləri də Heydər Əliyev xilaskarlığına möhtac olub, onun yolunu gözləyəcəklər...

O vaxtlar Heydər Əliyev haqqında bütövlükdə Kommunist Partiyasının nəzarətində olan mətbuatda, demək olar ki, heç nə yazmırdılar. Bəzi hallarda Heydər Əliyevdən Moskvanın mərkəzi mətbuatı yazırdı, o da qeyri-obyektiv və mütləq qərəzli olurdu. Ulu öndər o vaxt Kommunist Partiyasından çıxmaq barədə ərizəsində də bu barədə ciddi narazılığını bildirmişdi: “Cəmiyyətin demokratikləşməsi Sov.İKP MK-nın rəhbərliyi altında Azərbaycan KP MK-nın səyi ilə boğulur. İl yarımdır ki, Azərbaycanın iki milyonluq paytaxtı fövqəladə vəziyyət rejimində yaşayır... Çıxış və təkliflərimə Azərbaycanın kommunist rəhbərliyi nəinki baxmır, əksinə, mənim ünvanıma təşkil edilmiş və hazırlanmış hücumlar şəklində cavab verir. Azərbaycanda mənim çıxışlarımı dərc edən qəzet redaktorları, jurnalistlər işdən çıxarılır və təqiblərə məruz qalır”.

1991-ci ilin yay aylarında  növbəti dəfə Naxçıvana getmişdim.  Artıq Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının deputatı seçilmişdi və Ali Məclisin sədri vəzifəsini daşıyırdı. Ali Məclisin iclası gedirdi. Fasilə zamanı vestibüldə görüşdük. Məni hədsiz sevinc və məhəbbətlə qarşılayıb hal-əhval tutdu. Bu vaxt yaxınlıqda olan jurnalist Namiq Əhmədovu yanımıza dəvət etdi. O gələnə kimi mənə bildirdi ki, gözəl jurnalistdir, “Azərinform”un Naxçıvan üzrə müxbiridir. Biləndə ki, tələbə yoldaşı olmuşuq məmnunluqla gülümsündü. Sonrakı aylarda da ulu öndərlə bir neçə dəfə görüşdüm, onun xalq hərəkatına böyük rəğbət və dəstəyinin şahidi oldum. Ulu öndər Saatlı rayonunda xalq hərəkatının doğru yolda olduğunu biləndə dedi ki,  hamıya onun salamını çatdırım.

…Üstündən illər keçdikcə xalqın böyük xilaskarı ilə o çətin günlərdə olan görüş və təmaslarımın önəmini daha dərindən anlayır, bunu həyatımın zirvəsi, taleyin misilsiz bir töhfəsi kimi dəyərləndirirəm.O ki, qaldı o vaxt gizli yolla təkrar-təkrar çap olunub ölkədə yayılan həmin aktual müsahibəyə, hər dəfə o irihəcmli yazını nəzərdən keçirəndə ulu öndərin dünənə, bugünə və gələcəyə müdrik, uzaqgörən baxışının  parlaq şəkildə əksini tapdığı bu sənədin tarixi əhəmiyyəti daha aydın görünür. Həmin müsahibənin bəzi məqamlarına  yenidən  nəzər salaq.

İlk sualımda soruşmuşdum: “Yoldaş Əliyev, Sizi təcrübəli siyasi xadim kimi tanıyırlar. Deyirlər, milli və siyasi məsələləri qabaqcadan görmək Sizdə qeyri-adi hissiyyatdır”. Ulu öndərin cavabı belə olmuşdu: “Əlbəttə, mən siyasi xadiməm və uzun illər siyasətlə məşğul olmuşam. Bu sahədə mənim təcrübəm az deyil. Mənim bu təcrübəm də siyasi işlərin təhlilində və bu sahədə lazımi qərarlar qəbul etməkdə mənə kömək edir.

Müsahibə belə davam etmişdi: “Aşkarlıq, demokratiya dövründəyik. Hər kəs öz sözünü deyə bilər. Siz bundan ehtiyat etmirsiniz ki?”  Böyük rəhbər qısaca demişdi: ” Mən heç vaxt bildiyimi deməkdə ehtiyat etməmişəm. Əvvəllərdə, heç aşkarlıq olmayan dövrdə də mən öz bildiyimi demişəm. İndi isə daha da ürəklə, daha da inamla öz dəqiq fikrimi həmişə bildirmişəm və bildirəcəyəm.”

Dağlıq Qarabağ  münaqişəsi ilə bağlı sualıma ümummilli liderin o vaxt verdiyi cavabda nə qədər böyük dahilik və zəka əks olunduğu da illər keçdikcə daha dərindən başa düşülür:

– Dağlıq Qarabağ məsələsinin erməni millətçiləri tərəfindən keçmiş dövrlərdə bir neçə dəfə qaldırılması halları olub. Və mən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə rəhbərlik etdiyim dövrdə də erməni millətçiləri tərəfindən, xüsusən Ermənistanda yaşayan erməni millətçiləri və əsasən, Dağlıq Qarabağda anadan olmuş adamlar Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsi barədə cəhdlər ediblər. Onlar cürbəcür məktublar yazıb Moskvaya göndəriblər, bu tələbləri irəli sürməyə çalışıblar.

Ancaq bu məsələlərin hamısının qabağını o vaxtlarda biz almağa nail ola bilmişik. Və onların bu niyyətləri, arzuları ancaq məktub yazmaqdan ibarət olub. Ondan o tərəfə keçə bilmirdilər.

Mən Mərkəzi Komitəyə rəhbərlik etdiyim dövrdə bu məsələlərə çox ciddi fikir verirdim və Dağlıq Qarabağ Muxtar Vilayətinin həyatı həmişə mənim diqqət mərkəzimdə olmuşdur. Ona görə də orada baş verən lap xırda hadisələr də bizə məlum olubdur. Mən vaxtında bunların haqqında ölçü götürürdüm. Buna görə də mən qətiyyətlə demişəm, yenə də deyirəm ki, Dağlıq Qarabağ haqqında 1987- ci ilin ikinci yarısında, sonunda başlanılan kampaniyanın qarşısını elə o vaxt almaq mümkün idi. 1988-ci ildə də bu problemi həll edib tamamilə Dağlıq Qarabağ məsələsini aradan götürmək mümkün idi. Ancaq çox təəssüf ki, bu sahədə həm Azərbaycan Respublikasının keçmiş rəhbərləri, həm də ümumittifaq rəhbərləri lazımi tədbirlər görməmişlər.

Əlavə olaraq verdiyim  “Dağlıq Qarabağ məsələsi bütün respublikamızın əhalisini ciddi narahat edir, erməni milləti bizim xalqımızı təcavüzə məruz qoyur. Bu məsələdə siz çıxış yolunu nədə gorursunuz?”sualımın cavabı isə belə olmuşdu: “Çıxış yolu çox aydındır. Burada sözlə yox, əməllə çıxış yolu axtarmaq lazımdır. Bir sözlə, gərək konkret fəaliyyət göstərilsin. Çünki cürbəcür sözlər, deklorasiyalar–bunlar əgər həyata keçirilmirsə, onda, demək, çıxış yolu da tapılmır. Çıxış yolu birdir, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub və gələcəkdə də daim olmalıdır və Dağlıq Qarabağda vəziyyəti ancaq bu şərtlə həll etmək olar. Bunun başqa yolu yoxdur.”

O vaxt xalqın qəlbində əfsanəvi lider kimi yaşayan  Heydər Əliyevə atılan çirkab və böhtanlarla bağlı ümummilli liderin cavabı bu gün də böyük bir həqiqət kimi səslənir:

– Bunlar hamısı böhtandır. Onları yayan adamların əlində heç bir əsas yoxdur. Mən hər bir şəxslə, bax, bu fikirləri irəli sürən şəxslə görüşüb, mübahisə aparıb və bu fikirlərin yalan olduğunu sübut etməyə hazıram. Pambıqçılıq Azərbaycan Respublikasının ənənəvi kənd təsərrüfatı sahəsidir. Mən respublikada fəaliyyət göstərdiyim dövrdə bu məsələlərlə çox dərindən məşğul olmuşam və pambıqçılıq Azərbaycan üçün yeni bir sahə deyildir. 70-ci illərdə pambıqçılıq Azərbaycanda böyük sürətlə inkişaf etmişdir. Bu da demək Azərbaycanın pambıq sahələrinin məhsuldarlığının artırılması və Azərbaycan kəndlilərinin rifah halının yaxşılaşdırılması üçün olan tədbirlərdir. Pambıqçılıqdan Azərbaycan kəndlisi heç bir ziyan götürməyibdir və pambıqçılıq Azərbaycan iqtisadiyyatının inkişafına çox böyük kömək edibdir. Mən pambıqçılığın Azərbaycana zərərli olduğu fikirlərlə qətiyyən razı deyiləm.

O ki, qaldı Azərbaycanda bəzi sənaye obyektlərinin tikilməsi, guya ki, Azərbaycan ekologiyasına zərər vurub, bu fikirlə də razı deyiləm. Gəncə şəhərində mən Azərbaycanın rəhbəri olduğum dövrdə ekologiyanı pozan heç bir sənaye müəssisəsi tikilməyib. Mən təmiz vicdanla deyə bilərəm ki, işlədiyim dövrdə burada elə tədbirlər görülüb ki,  Gəncənin atmosferinin çirklənməsi ya azalsın, ya tamamilə ləğv olunsun. O ki qaldı Gəncədə tikilən başqa sənaye müəssisələrinə. Məsələn, götürək xalça fabrikini, yaxud da ki, orada elektron zavodu, yaxud orada mən işləyən dövrdə başlanan avtomobil zavodu, başqa maşınqayırma zavodları, yaxud da çini qablar zavodu–hamısı Gəncənin sənaye potensialını yaxşı artırıb, orada yeni iş yerləri yaranıb, əhalinin işləməsi üçün şərait yaradıbdır və onlar hamısı mütərəqqi sənaye sahələridir. Bunların heç birisini Gəncə üçün zərərli hesab eləmirəm. Sumqayıtı göturək. Oranın atmosferini zəhərləyən və eyni zamanda, Xəzər dənizinə tullantılar üçün şərait mən Mərkəzi Komitəyə işə gəlməzdən əvvəl yaranmışdır.

Bizim dövrümüzdə orada belə müəssisələr yaranmamışdır.

"Respublikamızda əlifbanı dəyişmək, latın əlifbasına qayıtmaq üçün işlər görülür. Bu tədbirə münasibətiniz” sualıma cavabda da dahiyanə uzaqgörənlik əksini tapıb: “ Mən belə fikirləşirəm ki, bu tədbiri çoxdan görmək lazım idi. Mən özüm orta məktəbi Azərbaycan dilində latın əlifbası ilə qurtarmışam. Ona görə də mən latın əlifbasını ilk təhsil aldığım illərdən yaxşı bilirəm. Mən belə fikirdəyəm ki, latın əlifbası Azərbaycan dili üçün daha da əlverişli əlifbadır. Vaxtilə bunun 40-cı ildə dəyişilməsi böyük səhv olubdu, bu səhvi nə qədər tez düzəltsək, o qədər Azərbaycan xalqı üçün mənfəətli olar.”

Sonra ulu öndərdən soruşdum: “Respublikaya qayıdandan sonra jurnalistlərlə çoxmu görüşünüz olub? Daha çox hansı jurnalistləri maraqlandırmısınız?” O, dərindən nəfəs alıb dedi: “Naxçıvana qayıdandan daha çox, əsasən, Naxçıvan Muxtar Respublikasının jurnalistləri ilə görüşüm olub. Təəssüf ki, Bakıdan olan jurnalistlərin heç birisi mənim yanıma gəlməyib”.

“Durğunluq illəri”– bu terminə münasibətiniz” sualıma siyasət nəhənginin cavabı da bu gün üçün maraqlıdır: “Mənə belə gəlir ki, bu termin haqqında daha ədalətli söhbət aparmaq lazımdır. İndi adət olmuşdur, əsaslı da, əsassız da durğunluq illərini tənqid edirlər. Hər dövrün özünə görə nailiyyətləri də var, şübhəsiz ki, nöqsanları, səhvləri də. Mən ümumiyyətlə, bu barədə öz fikrimi demək istəmirəm. Ancaq Azərbaycanda mənim fikrim belədir ki, 70-ci illərdə durğunluq illəri olmamışdır. O illər Azərbaycanın iqtisadiyyatı, sosial sahəsi, mədəniyyəti yüksək templərlə inkişaf etmişdir və Azərbaycan Respublikası o illərdə çox böyük nailiyyətlər əldə etmişdir.”

“Dönüş” qəzetinin 23, 25, 28 avqust 1990-cı il tarixli saylarında dərc olunmuş bu irihəcmli və epoxal müsahibənin tam mətnini “Dönüşdən Qurtuluşa” toplusuna daxil etmişəm. Ulu öndərin bioqrafiyasının məhrumiyyətli dövrünün yadigarı olan bu müsahibədə bir çox həqiqətlər doğru-düzgün əksini tapmışdır. Belə bir tarixi qaynağın ərsəyə gəlməsində kiçik bir iştirakım olduğuna görə həmişə böyük öyünc keçirir və həyat idealım olmuş ümummilli liderin sevimli xatirəsini sonsuz minnətdarlıq duyğuları ilə qəlbimdə yaşadıram.

Fəxrəddin AĞAMİRZƏYEV,
Füzuli Hərbi Məhkəməsinin hakimi,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında