Heydər Əliyev və Azərbaycan təbiəti

Fəxrlə deyə bilərik ki, Heydər Əliyev deyəndə, Azərbaycan düşünülür. Azərbaycan deyəndə, göz önünə, ilk növbədə, Heydər Əliyev gəlir.  Hər bir azərbycanlı üçün tükənməz qürur mənbəyi olan bu dahi insan özü ürəkdolusu bir coşqu ilə deyir: “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam...”

Ulu öndər bu gün də aramızdadır, nə qədər Azərbaycan varsa, Heydər Əliyev vardır. Bu iki varlığı bir-birindən ayırmaq mümkün deyil.  Heydər Əliyev hər bir azərbaycanlının qəlbindədir. Xoşbəxt xalqıq ki, Tanrı bizə belə dahiyanə şəxsiyyət bəxş etmişdir. Xalqımız gündəlik həyatında, strateji amallarında Heydər Əliyev nəfəsini, hərarətini hiss etdikcə, daha güclü, daha əyilməz və inamlı olur.  Ən çətin anlarda da, ən xoş günlərdə də ulu öndər Azərbaycanımızın yanındadır, başının üstündədir. Ulu öndər bizim xilaskarımız, ideyaları nicat yolumuzdur.

Heydər Əliyev elə böyük və həssas şəxsiyyətdir ki, Azərbaycanımızın heç bir xoşbəxtlik və firavanlıq ölçülərini nəzərdən  qaçırmazdı. Müstəqilliyimizin memarı kimi müstəqilliyə xələl gətirən ən böyük sarsıntılardan tutmuş, ən xırda həssas nöqtələrə qədər heç birinə biganə qalmazdı. Xalqımızın, dövlətimizin taleyi ilə bağlı ən ümdə məsələləri vaxtında qabardıb, uyğun tədbirlər görərdi.

Ulu öndərin ən böyük arzusu Azərbaycanı müstəqil görmək idi. O, bunu yaratdı. Ulu öndərin böyük amalının qarşısını almaq üçün bədxah qonşularımız bizim üçün Qarabağ problemi yaratdılar. Vətənimizin ayrılmaz parçası olan gözəl Qarabağımızı əlimizdən qopartmaq  düşmənlərimizin çoxdankı niyyəti idi. Paxıllıq, bədxahlıq simvolları olan erməni  qəsbkarları namərd və nankor havadarları ilə ölkəmizin  cənnət güşəsini qəsb edərkən, onun təbiətini də talan etmiş, ekologiyasını amansız günə qoymuşlar. Ulu öndər ana yurdumuzu qarış-qarış gəzərkən, onun inkişafının təməl planlarını qurarkən, heç vaxt ekologiyanı, təbiəti yaddan çıxarmamışdır. Çünki Tanrı bizə əlçatmaz bir təbiət gözəlliyi bəxş etmişdir. Dünyanın ən böyük alimləri, ekoloqları ölkəmizdə olmuş, nadir təbiətimizin füsunkarlığından vəcdə gəlmişlər. Bütün dünya həm tarix, həm  gözəllik baxımından Azərbaycanımızı ən nümunəvi coğrafiya sayır. Elə buna görə də Heydər Əliyev Azərbaycan təbiətinə xüsusi önəm vermiş, onun daim təbii və ilkin toxunulmazlığını qorumağın  vacibliyini  zəruri saymışdır.

Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qərarlar, qanunlar, sərəncamlar ölkəmizin təbiətinin sağlamlığına yönəlmişdir. Bu iş ardıcıl, müntəzəm və sistem halında görüldüyü üçün böyük səmərə vermişdir. Təbiətə yönəlik hər hansı qəsd ulu öndəri çox hiddətləndirərdi: “Mən 1993-cü ildə Bakıya gələrkən, bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən, elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir.... İnsan qurmalıdır, yaratmalıdır... hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacı qorumalısınız,  hər bir ağacın qorunması  uğrunda mübarizə aparmalısınız...”

Bu sözlərdə görkəmli dövlət xadiminin böyüklüyü qədər sadəliyi, dərinliyi qədər şəffaflığı əksini tapır. Biz burada qəbul etdiyi qərarların arxasında duran saf qəlbli, qüdrətli bir insanın  durduğunun şahidiyik. Əlbəttə, bu böyüklükdə, dəyanətdə və düşüncədə olan insana şahidlik lazım deyil. Çünki hara baxırsan, onun saf toxum səpdiyi Azərbaycan məkanından, hətta bütöv keçmiş SSRİ məkanından səs gəlir: canlı insan səsi, təbiət səsi, göylərə ucalan ağacların, yerlərdə uzanan su kanallarının səsi deyir ki,  biz o böyük insanın, geniş qəlb sahibinin insanlığa xidmət edən əməllərinin şahidiyik.

Ulu öndərin möhtəşəm ekoloji fəaliyyəti haqqında qələmə aldığım 500 səhifəlik “Azərbaycan təbiəti: dünən, bu gün, sabah” adlı kitabımda ətraflı danışmağa çalışmışam. Bu məqaləmi oxucuların mühakiməsinə verəndə, mən ümummilli liderimiz haqqında bir çox kitabları bir daha oxumuş, onun imzası ilə həyata vəsiqə  alan təbiətin mühafizəsi ilə bağlı tarixi sərəncamlar, sənədlər və qanunçuluq aktları ilə tanış olmuş və öz araşdırmalarımda bundan geniş istifadə etməyə çalışmışam. Bu məqalənin ərsəyə gəlməsinə uzun illərboyu qazandığım ekoloji təcrübə də kömək etmişdir.

Qeyd edim ki, ekoloji siyasət ümummilli liderin çoxcəhətli fəaliyyətinin mühüm tərkib hissəsidir. Hələ Azərbaycan Dövlət Universitetində, Praqa Dövlət Universitetində, M.V.Lomonosov adına Moskva Dövlət Universitetində keçirdiyim görüşlər zamanı mənə ulu öndərin ekoloji siyasəti barədə verilən sualları cavablandırmış, bundan qürur duymuşam. M.V.Lomonosov adına Moskva Dövlət Universitetində ekoloqların beynəlxalq görüşündə məşhur ekoloq-alim, akademik Leonid Petroviç Kuzmin bu sahəyə aid kitabımı vərəqlərkən ümummilli  liderimiz Heydər  Əliyevin şəklini görüb, hörmət əlaməti olaraq qeyri-iradi ayağa durdu. Salona gözəl izahat verdi. Onlar da həmrəylik göstərərək, ayağa qalxdılar. Bu fakt biz azərbaycanlılar üçün çox böyük başucalığı idi. Heydər Əliyevin adı harda səslənirsə, orda Azərbaycana qibtəediləsi hörmət göstərilir.

Ulu öndərimizin müdrik siyasətini uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyev təbiətə dövlət qayğısını daim diqqət mərkəzində saxlayır. Təbiətin mühafizəsi ilə əlaqədar  yeni şəraitə uyğun  milli proqramlar hazırlanır. Əlbəttə, Prezident İlham Əliyevin imzası ilə həyata keçirilən bu proqramlar təbiətimizin daha da zənginləşməsindən, təbii sərvətlərimizin etibarlı və effektli mühafizəsindən xəbər verir.

*  *  *

Ulu öndər Heydər Əliyevin zəngin maddi sərvətlərimizə – yaşıllığa, meşələrə, dağlara, çaylara, bulaqlara, bir sözlə, təbiətə münasibəti onun azərbaycançılıq ideyasının tərkib hissəsi idi. Bu münasibətlərdə Azərbaycana nəhayətsiz sevgidən, ana Vətənə məhəbbətdən doğan heyrətamiz  bir cazibə qüvvəsi vardı. Dünyanın tanınmış siyasətçisi, xalqın əbədi lideri, ulu öndərin təbiət sevgisində də dövləti idarə etmək səriştəsi, Azərbaycanı dünyaya tanıtmaq missiyası möhkəm və dönməz idi.

1969-cu ildə hakimiyyətə gəldiyi vaxtdan başlayaraq, Azərbaycanı ətalətdən yüksək inkişaf mərhələsinə çıxaran, bütün məqamlarda xalqın qüdrətini, qüvvətini, mənəvi və maddi dəyərlərini, mədəniyyətini, elmini postsovet məkanında tanıdan, onun üstünlüklərini, ululuğunu, qədimliyini, ədəb və əxlaqi keyfiyyətlərini, istedadını dünyaya bəyan edən ümummilli lider eyni missiyanı ölkənin zəngin təbiətinin təbliğində, Azərbaycana təbiətin verdiyi təbii sərvətlərin dünyaya tanıdılması sahəsində də müdrik uzaqgörənliklə yerinə yetirmişdir.

Təbiət anadır. Azərbaycan təbiəti isə anaların ən sevimlisi, istəklisi, övlad üçün varını-dövlətini qızırqanmayan zəngin sərvət mənbəyidir. Yorulanda, sıxıntımız olanda, canımız ağrıyanda təbiətə üz tuturuq. O da mehriban ana kimi bizə qucağını açır, ruhumuzu oxşayır, qəlbimizə toxtaqlıq gətirir.

İnsan da minbir dərdin dərmanı olan təbiətə-anaya eyni həssaslıqla yanaşmalıdır, qarşılıqlı ehtiram, məhəbbət göstərməlidir. Bütün məqamlarda olduğu kimi, bu sahədə də xalqımızın ulu öndəri Heydər Əliyevdən öyrənmək, onun tövsiyələrindən bəhrələnmək faydalı olardı. Bu tövsiyələrdə ağacın, yaşıllığın, saf və təmiz ekologiyanın insana xidmət etdiyi, onun özü qədər qiymətli olduğu nəzərə çarpır.

Heydər Əliyev ölkəmizin analoqu olmayan flora və faunası ilə daim fəxr və iftixar hissi keçirirdi, onun torpağının, havasının, landşaftının qorunub saxlanmasını, zənginləşdirilməsini tələb edirdi. Ona görə də  yurdumuzun torpaq, bitki, su, hava, meşə, bulaq, bitki örtüyü tərkibini daha dərindən öyrənməyə istiqamət verirdi. Adi otunun, gülünün, çiçəyinin, kolunun, yabanı bitkisinin minbir müalicə vasitəsi olduğunu, suyunun şəfaverici təsirinin məşhurluğunu, torpağının tutiya kəsərini bilib öyrəndikdən sonra bu təbiətin ecazı, sehri-sirri meydana çıxır.

Ulu öndər Heydər Əliyevin fəaliyyətində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məsələləri həmişə xüsusi diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, məhz ümummilli liderimizin 1969-1982 və 1993-2003-cü illərdə respublikamıza rəhbərlik etdiyi dövrlərdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində mühüm qanunlar və qərarlar qəbul edilmiş, bu sahədə çox böyük  dəyişikliklər həyata keçirilmişdir.

Belə ki, müstəqillik əldə ediləndən sonra respublikada bir sira struktur islahatları aparılmış, ətraf mühitin qorunması və təbii ehtiyatlardan ictifadənin ayrı-ayrı aspektləri ilə məşğul olan və fəaliyyətlərində qismən bir-birini təkrarlayan bir sıra komitə və birliklər ləğv edilərək onların bazasında Prezidentin 23 may 2001-ci il tarixli 485 saylı fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.

*  *  *

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə respublikada həyata keçirilən qlobal təbiəti mühafizə tədbirlərinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Həmin illər ekologiya, təbiətin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadəyə dair 8 qanun və Azərbaycan KP MK-nın, Nazirlər Sovetinin 32 qərarı olmuşdur. Həmin illərdə ulu öndərimiz Heydər Əliyev Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşıladırılması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində məqsədyönlü siyasət yürüdürdü. İri su hövzələrinin yaradılması, torpaqların şoranlaşmadan təmizlənməsi üçün drenaj sistemlərinin tikilməsi, geniş meşə zolaqlarının salınması, ölkəmizin flora və faunasının qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə respublikada  Şirvan (1969), Ağ göl (1978), İsmayıllı (1981), Bəsitçay (1974) və s. dövlət qoruqları və yasaqlıqlarının  yaradılması, Abşeron zonasında və Gəncədə iri yaşıllıq massivlərinin salınması, şəhər və rayonlarımızda nəhəng sutəmizləyici qurğuların, böyük dəryaçaların inşa edilməsi məhz Heydər Əliyevin zəhmətinin bəhrəsi idi.

O vaxt Cənub bölgəsinin iki böyük rayonu olan Lənkəran və Masallı üçün mühüm suvarma dəryaçaları – Xanbulançay və Viləşçay dəryaçalarının yaradılması bir tərəfdən zonada əkin torpaqlarının gen-bol suvarılmasına xidmət edirdisə, digər tərəfdən bu yerlərin təbiətinin zənginləşdirilməsinə, ekoloji mühitə dəymiş ziyanın balanslaşdırılmasına, bu yerlərdə istirahət zonasının intişar tapmasına, qiymətli balıq növlərinin yetişdirilməsinə xidmət edirdi. Sovet dönəmində bu qlobal layihələri həyata keçirmək üçün qarşıya kifayət qədər maneələr çıxırdı. Layihə üçün lazım olan vəsait bəzən respublikanın imkanından xaric oduğundan Heydər Əliyev SSRİ dövlətinin maliyyə mənbələrindən bəhrələnir, SSRİ rəhbərləri ilə münasibətindən istifadə etməklə böyük maliyyə xərclərinin respublikaya yönəlməsini təmin edirdi.

Onu demək yerinə düşər ki, bu tendensiya indi də yaşayır. Ölkədə aparılan müdrik siyasət, uğurlu idarəetmə strategiyası, yüksək təşkilatçılıq nəticəsində bu gün Azərbaycanın bir sıra ekoloji problemlərinin həlli üçün ölkəmizdə bu sahədə ən səriştəli beynəlxalq təşkilatlar cəlb olunmuş, birgə fəaliyyət nəticəsində alternativ enerji mənbəyi  yaradılmasından tutmuş, ayrı-ayrı sahələrə kimi, bir-birindən önəmli ekoloji layihələr həyata keçirilir. 

Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycanın sabit inkişafı ekoloji problemlərin həllindən çox asılıdır. Hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanda yeni ictimai şüurun intişar tapmasına nail olan ulu öndər, eyni zamanda, respublikada yeni ekoloji düşüncənin formalaşmasına zəmin yaratmışdır. Təbiətə, ekologiyaya yeni baxış, münasibət meydana çıxmışdır.

Şirvan, Pirqulu, eləcə də Talış dağlarının yuxarı zonalarında, İsmayıllı meşələrində, Laçın, Qubadlı rayonları ərazisində yaradılmış dövlət qoruqları, Tərtərçay, Ağstafa dəryaçaları, Araz su qovşağı, Kür su kəməri, Arpaçay su anbarı... Xəzər dənizinin problemlərinin öyrənilməsi istiqamətindəki tədbirlər, bu prolemlərin aradan qaldırılması yollarının axtarılması, aradan qaldırılması istiqamətində görülən işlər, dənizin çirklənməsinin qarşısının alınması yönündə atılan addımlar bir-birindən vacib idi.

Bakının yaşıllaşdırılması, şəhərdə və ətrafda yaşıllıqlar salınması böyük bir layihənin  həyata keçirilməsi ilə əlaqədar idi. Ümummilli lider bu sahədə hamını Bakının yaşıllaşdırma tədbirlərində aktiv iştirak etməyə, fəal olmağa çağırırdı: “Nə əkmişik, hamısı becərilib böyüdülməlidir. Hər bir ağac uçota alınmalıdır”.

1969-1982-ci illərdə isə torpaqların eroziyadan qorunması barədə həyata keçirilən çoxsaylı tədbirlər, Ceyranbatan gölünün su təchizatı ilə bağlı işlər, Arpaçay tikintisi, Şamxor SES-nin tikintisi, müasir su qurğularının  yaradılması, su kəmərlərinin çəkilməsi, meliorasiya  tədbirləri, suvarma şəbəkələrinin genişləndirilməsi, parkların salınması işləri həyata keçirildi. Ulu öndərimiz tərəfindən yaşıllaşdırma ümumxalq işi elan olundu. 1971-ci il fevralın 5-də Bakı şəhər partiya konfransındakı çıxışında Heydər Əliyev yaşıllaşdırma tədbirlərini gücəndirmək məqsədilə qarşıya mühüm vəzifə qoydu: “Bakı şəhərində 1 milyon 261 min adam yaşayır. Əgər şəhərin hər bir sakini bir neçə il ərzində ikicə ağac əkib yetişdirsə, Bakının ətrafında neçə-neçə park və meşə salınar”.

Bu təklifin hansı qaydada icra ediləcəyinin konkret strukturunu verən Heydər Əliyev demişdir: “Bakı şəhərinin bütün ətrafını və şəhərin baş planına görə yaşıllaşdırmaq üçün nəzərdə tutulan bütün əraziləri bölmələrə, bölmələri isə sahələrə bölək və hər sahəni zavoda, fabrikə, məktəbə və idarəyə təhkim edək. Bunların da hər birinə işləyənlərin və təhsil alanların sayına müvafiq surətdə, həm də Bakı şəhərinin hər bir sakini hesabı ilə iki ağac norması əsas götürülməklə tapşırıq verək...”

Bütün bu tədbirləri xırdalığına qədər izləyən, görülən işlər barədə daim məlumatlandırılan ümummilli lider özü də əlinə bel alıb ağacəkmə, yaşıllığa qulluq kampaniyalarında fəal iştirak edirdi. Şıx çimərliyində "Xalqlar dostluğu" parkı yaradılanda iş rejiminin gərgin vaxtlarında belə Heydər Əliyev vaxt tapıb buradakı bütün iməciliklərdə iştirak edirdi.

Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii ehtiyatlardan istifadə olunması istiqamətində məqsədyönlü siyasətini 1993-cü ildə yenidən hakimiyyətə gələn respublika Prezidenti  davam etdirdi. 1997-ci il mayın 11-də Bakı şəhərinin  Nizami rayonunda yeni salınmış parkın açılışında bu barədə danışan Heydər Əliyev demişdir:

“1970-ci ildə mən ilk dəfə Bakıda yaşıllıq işləri aparılması təklifini irəli sürdüm, böyük bir proqram hazırladıq və Bakını sürətlə, ilbəil yaşıllaşdırmağa başladıq... Doğrudur, mən Azərbaycandan gedəndən sonra və xüsusən 1987-1988-ci illərdə çox nadan adamların respublikamıza rəhbərlik etdikləri dövrdə, bundan sonra Azərbaycanda, o cümlədən Bakıda hərc-mərclik, özbaşınalıq hökm sürdüyü zamanda cinayətkar adamların, dəstələrin böyük vəzifələr tutduğu, hakimiyyətə gəldiyi dövrdə Azərbaycan, Bakı üçün əziz olan bu sahə nəinki unuduldu, hətta, bizim böyük əziyyətlərlə əkdiyimiz, becərdiyimiz, boya-başa gətirdiyimiz ağacları kəsməyə başladılar”. Hər bir ağaca, bitkiyə verilən qiymət meşəsalma tədbirlərinin genişləndirilməsi üçün böyük təkan olmuş, ulu öndər Heydər Əliyevin bilavasitə göstərişinə əsasən və qayğısı nəticəsində respublikada meşə bərpa tədbirləri intensiv surətdə həyata keçirilmişdi. Belə ki, 1969-1982-ci illər ərzində dövlət meşə fondu torpaqlarında 51 min hektar sahədə yeni meşəliklər salınmışdır.

1989-1997-ci illərdə respublikada 45 min hektar sahədə meşə bərpa işləri aparılmışdır ki, bunun da 18 min hektarı əkin və səpin üsulu ilə yerinə yetirilmişdir.  Bundan əlavə, 1969-1982-ci illərdə respublikada eroziyaya məruz qalmış və kənd təsərrüfatının istifadəsindən çıxmış yararsız torpaqlarda və Xəzərsahili qumluqlarda 68,1 min hektar sahədə qoruyucu meşə salınmışdır. 1990-1997-ci illərdə isə ərazidə 4800 hektar sahədə bu cür işlər görülmüşdü. 1971-1975-ci illərdə Azərbaycanda 30 min hektar yeni suvarılan torpaqların istismara verilməsi, Kür-Araz düzənliyində 280 min hektar sahədə torpaqların yuyulması, 200 min hektar sahədə suvarma şəbəkələrinin yenidən qurulması və su təchizatının yaxşılaşdırılması, 150 min hektar sahədə hamarlama işlərinin aparılması, 400 min hektar sahədə otaqlara su çıxarılması qarşıya bir vəzifə kimi qoyulmuşdu.

Bu illər ərzində 270 min hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi hesabına ümumi suvarılan sahələr 1,450 milyon hektara  çatdırlmışdır. 550 min hektar sahədə kompleks meliorasiya sistemləri yaradılmışdır.

Qarşıya qoyulan vəzifə müvəffəqiyyətlə həll edilmiş, 754 min hektar suvarılan sahədə əsaslı yuma işləri və 400 min hektar sahədə əsaslı hamarlama işləri aparılmışdır.

Onu da qeyd etmək yerinə düşər ki, Heydər Əliyev İttifaq rəhbərliyində olanda da respublikanın xalq təsərrüfatının bütün sahələri kimi meliorasiya və su təsərrüfatı sahəsinə də qayğı göstərirdi.  Məhz bu dövrdə respublika üçün çox əhəmiyyətə malik olan Baş Mil-Muğan kollektorunun yenidən qurulması məsələsinin həllinə, Naxçıvan MR-də Vayxır su anbarının və s. obyektlərin tikintisinin həllinə yaxından kömək etmişdir.  Azərbaycanın meliorator, hidrotexnik alimlərinin və su təsərrüfatı mütəxəssislərinin ölkəmizdə meliorasiyanın inkişafına dair təklif etdikləri bir sıra elmi ideyalar və konsepsiyalar əsasında müasir elmi-tədqiqat işlərinin məqsədyönlü və səmərəli şəkildə aparılması üçün əsaslı imkanlar yaradılmışdır.

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyərkən böyük bir ölkənin problemlərinin həllinə yönəlmiş qərarları, Baykal-Amur Magistralı kimi əsrin böyük tikintisinə rəhbərliyi və s. mühüm fəaliyyətini təsdiq edən məqamlarla yanaşı, onun təbiəti mühafizə tədbirlərinə qoşulması da diqqətdən yayınmamışdır.

Moskva şəhərindən “Təmiz istehsalat” Rusiya-Norveç birgə müəssisəsinin direktoru A.Sıqankov bu barədə ulu öndər Heydər Əliyevə müraciətlə yazır: “Mənim Sizə müraciətim ən çox ondan irəli gəlir ki, vaxtilə mən Sizin rəhbərliyiniz altında SSRİ Nazirlər Sovetinin aparatında təbiəti mühafizə sektorunun müdiri işləmişəm və təbiəti mühafizə sahəsində çətin problemlərin həll olunmasında böyük qayğıya görə Sizə artıq dərəcədə minnətdaram. Bu fəaliyyətinizin əməli nəticəsi kimi ölkədə ilk dəfə olaraq təbiəti mühafizə ekoloji fondlarının yaradılması, təbiətin təkrarolunmaz guşəsi olan Buzuluk meşəsində neft kəşfiyyatının dayandırılmasını və bir çox başqa faktları misal gətirmək olar.”

... Ekoloji sahədə görülən işləri nəzərdən keçirəndə aydın başa düşmək olur ki, ulu öndər Heydər Əliyevin o illərdəki fəaliyyətinin əsas məğzi  təbiəti gələcək nəsillər üçün qoruyub saxlamaq, insanların mədəni səviyyəsini və həyat tərzini yüksəltmək olmuşdur. Bir faktı qeyd etmək yerinə düşər ki, havaya atılan zəhərli maddələrin miqyasının azaldılması haqqında Avropada əsas ekoloji problem kimi fikirləşməyə başlayanda, Azərbaycanda 70-ci illərdə görülən tədbirlər nəticəsində zəhərli maddələrin miqdarı 30 faizdən çox azalmışdır.

Heydər Əliyevin respublikamıza yenidən rəhbərliyə qayıtması adi həyat ritmindən çox fərqli bir dövrə düşdü. Ermənilərin Azərbaycana qarşı müharibəsi, daxildə siyasi qarşıdurma, iqtisadi tənəzzül, vəzifə uğrunda qeyri-sağlam mübarizə, qaçqın və məcburi köçkün problemləri, Bakı, Sumqayıt və başqa şəhərlərdə anormal urbanizasiya, enerji daşıyıcılarının çatışmaması və s. Bütün bu çətinliklərə baxmayaraq, Heydər Əliyev ekologiyanın həyata tətbiqində yeni canlanma yarada bildi. Azərbaycanın təbiəti haqqında qanun və dövlət konsepsiyası yeni tələblər səviyyəsində işlənib təkmilləşdirildi.

Ətraf mühitin mühafizəsi qlobal bir anlayışdır və zamanın tələbləri ilə yaranmışdır. Təbiətə, onun sərvətlərinə nizamsız və sarsıdıcı həmlələr bəşəriyyəti dilemma qarşısında qoydu. İnsan həm təbiətdən istifadə etməli, həm də onu qorumalıdır.

Ulu  öndərin Azərbaycan təbiətinə qayğısı bir övladın anasına göstərdiyi qayğı qədər səmimi, təmənnasızdır. Çünki əsas ideya uzaqgörən və saf niyyətə xidmət edir. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev, hörmətli Birinci  vitse-prezident Mehriban xanım Əliyeva ulu öndərin ekoloji arzu və planlarını dönmədən və qətiyyətlə həyata keçirirlər. Ölkədə yaşıllaşdırma kütləvi, stabil və davamlı prosesə, vətəndaş vərdişinə çevrilmişdir.

Təbiətə qarşı atılan hər yöndəmsiz addımın qarşısı Prezidentimizin sərt və vaxtında müdaxiləsi ilə alınır. Bu günlərdə Yasamal rayonunda ağacların qanunsuz qırılmasının qarşısını alan cənab Prezident ekoloji  sahəni daim dövlətin strateji maraqlar kimi nəzarətdə saxladığını  təsdiq etdi. İnanırıq ki,  Azərbaycan hər sahədə olduğu kimi, ekoloji istiqamətdə də  ulu öndər Heydər Əliyevin dəst-xəttini davam etdirəcəkdir.

Bəxtiyar Hüseynov,
ekoloq, jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında