Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın misilsiz inkişaf dinamikası bütün dünya birliyi tərəfindən etiraf edilir. Həqiqətən, qısa tarixi dövrdə – cəmi iyirmi il ərzində gənc müstəqil dövlətimiz elə bir yol keçib ki, bir sıra ölkələrin bu yolu keçməsi üçün yüzilliklər lazım gələrdi. Bu müddətdə Azərbaycan daxili ziddiyyətlərin girdabında boğulan, gələcəyi üçün aydın oriyentirləri görünməyən, dərin siyasi və iqtisadi böhran içində olan bir ölkədən günbəgün çiçəklənən, sabit, dinamik inkişaf edən, bu gün artıq nəinki regional geosiyasətə, hətta, müasir dünya nizamının arxitekturasına təsir göstərən dövlətə çevrilib. Bunu isə 1993-cü ilin ortalarından başlayaraq, ümummilli liderin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın necə inkişaf etməsi nümunəsində aydın görmək olar.
Xaosdan irimiqyaslı sosial-iqtisadi islahatlara doğru: müstəqillik dövrünün nailiyyətləri
İlk illərdə bütün qüvvələr sosial-iqtisadi böhrandan çıxmaq, dövlətçiliyin möhkəm təməlini yaratmaq, siyasi sistem formalaşdırmaq, sabitliyi və asayişi təmin etmək məsələləri üzərində cəmləşdirilmişdisə, bu məqsədlərə nail olduqdan sonra əsas diqqət irimiqyaslı sosial və iqtisadi islahatlara yönəlmişdi. Bu halda da qüvvələrin tətbiq vektoru tədricən dəyişirdi. 1990-cı illərin axırları – 2000-ci illərin əvvəlində hökumətin strategiyası iqtisadiyyatın baza sahəsi kimi neft-qaz sənayesinin dirçəlişinə, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun inkişaf etdirilməsinə, ixrac boru kəmərləri şəbəkəsi yaradılmasına yönəlmişdi. 2003-cü ildə, Azərbaycan artıq neftdən sanballı gəlirlər əldə etməyə başlayanda dövlət öz qüvvə və vəsaitlərini iqtisadiyyatın şaxələndirilməsinə və infrastrukturun inkişafına yönəltdi. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafının birinci beşillik Dövlət Proqramı qəbul edildi.
Sənaye müəssisələrinin, elektrik stansiyalarının, yolların, məktəblərin, tibbi mərkəzlərin, idman komplekslərinin genişmiqyaslı tikintisi, zavod və fabriklərin modernləşdirilməsi, informasiya-kommunikasiya texnologiyaları və başqa sahələrin inkişafı üzrə işlər başlandı. Bu işlər sosial sahədə ciddi dəyişikliklərlə müşayiət olunurdu. Son illərdə isə biz həyatın keyfiyyətinə və insan kapitalının inkişafına sərmayə qoyulmasını getdikcə daha çox müşahidə edirik. Statistik göstəricilər də bunu çox gözəl nümayiş etdirir. Təkcə son 13 ildə Azərbaycanda bir milyon iki yüz mindən çox yeni iş yeri açılıb, yoxsulluğun səviyyəsi dəfələrlə azalıb və 49 faizdən 5 faizə düşüb, minimum əməkhaqqı və pensiya isə 10-15 dəfə artırılıb.
Məhz həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində iqtisadiyyatda keçid dövrünü uğurla başa vuran bugünkü Azərbaycan iqtisadiyyatı bütün Cənubi Qafqaz iqtisadiyyatının 85 faizini təşkil edir, ölkədə sürətli sənayeləşmə prosesi gedir, nəhəng müəssisələr yaradılır, şəhər ilə kənd arasında fərq ilbəil azalır, enerji və ərzaq təhlükəsizliyi təmin edilir, regionda ən güclü və döyüş qabiliyyətli ordulardan biri formalaşır, səmərəli sosial proqramlar həyata keçirilir.
24 il bundan əvvəl dövlət xəzinəsi boş olan Azərbaycanda bu illər ərzində yüz milyardlarla dollardan artıq vəsait toplanıb. Neft və qaz hesabına əldə edilən gəlirlərin akkumulyasiyası və onların idarə edilməsi şəffaf tərzdə həyata keçirilir, bu vəsaitlərin bir qismi gələcək nəsillər üçün saxlanır, bir qismi isə ölkə üçün ən əhəmiyyətli layihələrin həyata keçirilməsinə, o cümlədən, qaçqınların və məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılmasına və Azərbaycan gənclərinin xaricdə təhsilinə sərf edilir. Əvvəllər xaricdən sərmayələr cəlb edən Azərbaycan bu gün özü xarici dövlətlərin iqtisadiyyatına milyardlarla sərmayə qoyur.
Beynəlxalq baxımdan ölkəmiz qlobal enerji təhlükəsizliyinin mühüm amilinə çevrilib. Bundan əlavə, artıq bir neçə ildir ki, Azərbaycan özünü mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun mühüm məkanı kimi təqdim edir. “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycan nümayəndələrinin qələbəsi və dünyanın 155 dövlətinin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, həmçinin, I Avropa Oyunlarının, “Formula-1” yarışlarının, IV İslam Həmrəyliyi Oyunlarının, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi müstəqillik dövründə ölkəmizin danılmaz nailiyyətləridir.
İnkişaf strategiyasının xüsusiyyətləri: qarşıya qoyulmuş məqsədlərə nail olmağın yolları
Müasir Azərbaycanın inkişaf strategiyası ümummilli lider Heydər Əliyev tərəfindən yaradılıb, dövlətimizin başçısı İlham Əliyev tərəfindən isə zənginləşdirilib. Ölkədə reallaşdırılan bütün proqramların təhlili dövlətimizin qarşısına qoyduğu bütün məqsədlər və layihələr real əsasa, konkret icra mexanizmlərinə və maliyyə təminatına malikdir. Bu da inkişaf strategiyasının xüsusiyyətləridir. Bunun bir xüsusiyyəti də qarşıya qoyulmuş məqsədlərin aydın, nəzərdə tutulan planların ardıcıl, tarazlaşdırılmış olması, onların həyata keçirilməsi yollarının düzgün təsəvvür edilməsidir.
Məsələn, iqtisadi sahədə neft-qaz sektorundan asılılığı tədricən azaltmaq və innovasiyalı inkişaf modelinə keçmək vəzifəsi qarşıya qoyulub. Azərbaycan hökuməti bu vəzifəni yerinə yetirmək üçün qeyri-neft sektorunu fəal inkişaf etdirir, neft gəlirləri yeni texnologiyalara yatırılır, sahibkarlığa güclü dəstək verilir. Sosial sahədə əsas məqsəd insanların rifahını yüksəltməkdən ibarətdir. Bu məqsəd davamlı inkişaf üzrə genişmiqyaslı proqramların həyata keçirilməsi, yoxsulluğun azaldılması və işsizliyin ləğv edilməsi hesabına təmin olunur.
Xarici siyasətdə Azərbaycan mehriban qonşuluq və aktiv diplomatiya kursunu seçib. Bu məqsəd bütün dövlətlərlə hüquq bərabərliyi və bir-birinin daxili işlərinə qarışmamaq əsasında əməkdaşlığın tənzimlənməsinə və inkişaf etdirilməsinə yönəlmiş təşəbbüslər, xoş məram, açıqlıq, dialoqa və zəruri anlarda köməyə gəlməyə hazırlığın nümayiş etdirilməsi yolu ilə həyata keçirilir. Azərbaycanın həyata keçirdiyi tarazlaşdırılmış, əsasını millətin və dövlətin mənafeləri təşkil edən xarici siyasət bütün dünyada hamılıqla qəbul edilmiş nailiyyətdir. Bu siyasət sayəsində dünya birliyinin hörmət və rəğbətini qazanmış Azərbaycan regionda və dünyada mövqelərini möhkəmləndirib, sülhsevər dövlət və etibarlı tərəfdaş imici qazanıb.
Uğurların informasiya təminatında medianın rolu və əsas vəzifələri
Haqqında danışılan uğurların informasiya təminatında dövlətimizin media sahəsində siyasəti də mühüm rola malikdir. Dövlətin informasiya siyasəti də inkişafın Azərbaycan modelinin tərkib hissələrindən biridir.
Ölkəmizdə kütləvi informasiya vasitələrinin azad olması haqqında müddəa Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilib.
1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının “Məlumat azadlığı” adlı 50-ci maddəsində göstərilir ki, hər kəsin istədiyi məlumatı qanuni yolla əldə etmək, ötürmək, yaymaq azadlığı var. Kütləvi informasiya vasitələrinin azadlığına təminat verilir, kütləvi informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağandır. Ölkəmizdə azad medianın yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən hesab edildiyindən bu sahəyə dövlət xüsusi diqqət yetirir.
Söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqilliyinə böyük əhəmiyyət verən ulu öndər Heydər Əliyev ölkədə azad medianın inkişafına, kütləvi informasiya vasitələrinin azadlığının təminatına xüsusi diqqət göstərirdi. Çıxışlarının birində ulu öndər dövlətin informasiya siyasəti haqqında deyib: “Müstəqil, demokratik və hüquqi dövlət quruculuğu prosesini yaşayan Azərbaycan dövlətinin ictimai-siyasi həyatının bütün sahələrində olduğu kimi mətbuat və informasiya sahəsində də demokratiya prinsiplərinə dönmədən əməl olunur. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyasında tətbiq olunmuş fikir və söz azadlığı, siyasi plüralizm mətbuat və informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi siyasətin əsasını təşkil edir”.
Azərbaycan hələ 1998-ci ildə MDB məkanında birinci olaraq senzuranı ləğv edib. 2000-ci ildə Mətbuat Nazirliyinin ləğv olunması KİV-lərin fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin aradan qaldırılmasına, söz azadlığının təmin edilməsinə yönəlmiş çox mühüm addım idi. 2001-ci ildə qəbul edilmiş, beynəlxalq ekspertlərin fikrincə, çox demokratik və Avropa standartlarına müvafiq olan “Kütləvi informasiya vasitələri haqqında” Qanun medianın fəaliyyəti üçün qanunverici bazadır. 2005-ci ildə “İnformasiya azadlığı haqqında” Qanun qəbul edilib. Azərbaycanda nəşr edilən materialların və yayımlanan verilişlərin məzmununa total nəzarət, iqtidarın tənqid edilməsinə görə hər hansı şəkildə təqib, o cümlədən cinayət təqibi yoxdur. Bu sahədə plüralizmin bərqərar olmasına belə bir fakt da dəlalət edir ki, hazırda Azərbaycanda 30-dan çox gündəlik və 100-ə yaxın həftəlik qəzet buraxılır, respublika əhəmiyyətli telekanallar işləyir, regional telekanal verilişləri yayımlanır, internetdən sərbəst istifadə edilir. Bütün bunlar müstəqil mətbuatımızın əsas elementləridir.
Bununla bərabər, Azərbaycanda KİV ilə dövlətin münasibətləri sintezləşdirilmiş əsasda qurulur. Belə ki, medianın cəmiyyət qarşısında müəyyən öhdəliklərini nəzərdə tutan yüksək peşəkar standartlara uyğunluq, informativlik, düzgünlük, dəqiqlik, obyektivlik iki prinsipi birləşdirir: medianın azadlığı və cəmiyyət qarşısında məsuliyyəti.
Bu halda dövlət ilə mətbuat arasında münasibətlər müstəqil ictimai təsisatlar vasitəsilə tənzimlənir. Azərbaycanda belə bir təsisat rolunda Mətbuat Şurası çıxış edir. Sosial məsuliyyət modelində KİV-lərə ictimai rəy, peşə etikası vasitəsilə nəzarət edilir. Bu baxımdan Azərbaycanda qəbul edilmiş Jurnalistin Etik Davranış Kodeksi mətbuat işçilərindən təkcə yüksək peşəkar vərdişlər deyil, həm də düzgünlük və qərəzsizlik tələb edir, müəyyən mənada KİV-lərin tənzimləyicisi rolunu oynayır. Əlbəttə ki, dövlət tərəfindən mediaya yüksək diqqət və qayğı KİV-lərin ölkədə həyata keçirilən milli siyasətin məqsədlərinə kömək etməsinə yönəlib.
Xüsusilə qeyd edilməlidir ki, informasiya siyasəti ölkənin sosial-iqtisadi və mədəni inkişafının xüsusiyyətlərindən, onun öz qarşısına qoyduğu məqsədlərdən asılıdır. Azərbaycan dövləti iqtisadi inkişafın yetərincə yüksək səviyyəsinə çatmaqla, innovasiyalara əsaslanan müasir informasiya cəmiyyəti qurmaqla KİV-lərin inkişafına, media sahəsinə ən yeni informasiya-kommunikasiya texnologiyalarının cəlb edilməsinə çox böyük diqqət yetirir. Bu texnologiyaların təsiri ilə KİV getdikcə daha artıq dərəcədə biznes sahəsinə çevrilir, bu isə dövrümüzün tələblərinə tam müvafiqdir.
Azərbaycan dövləti kütləvi informasiya vasitələri sahəsində də məqsədyönlü və ardıcıl siyasət yeridir, modernləşmə və qlobal informasiya məkanına inteqrasiya xəttini ölkənin milli maraqları ilə uğurla əlaqələndirir. Çünki dövlətimizin medianın inkişafı sahəsində atdığı bütün addımlar hərtərəfli düşünülüb və gələcəyə istiqamətlənib. 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun təsis edilməsi buna əyani sübutdur. Hər il qəzet və jurnal redaksiyalarının, informasiya agentliklərinin inkişafı üçün sanballı maliyyə vəsaiti ayrılır. KİV işçilərinin sosial rifahının yaxşılaşdırılmasına və mənzil təminatına yönəlmiş tədbirlər görülür.
Bu gün artıq ölkə mediası sözün əsl mənasında keyfiyyət dəyişiklikləri dövrünü yaşayır. Artıq internet Azərbaycan vətəndaşlarının operativ informasiya tələbatını ödəyən dünyəvi ünsiyyət vasitəsinə çevrilib. Çoxsaylı internet, televiziya və radiolar insanlara yenilikləri çatdırır. Facebook şəbəkəsi ölkənin bir milyondan çox vətəndaşını əhatə edir. Minlərlə blogger sərbəst və maneəsiz fikir və mülahizələrini cəmiyyətlə bölüşür.
Ümumiyyətlə, son illərin mühüm yeniliklərindən biri də KİV-lərə dövlət dəstəyinin sistemli mexanizminin yaranmasıdır. Bu, özünü mətbuat orqanlarının maddi-texniki bazasının möhkəmlənməsində, jurnalistlərin peşəkarlığının yüksəlməsində göstərməkdədir. Davamlı proseslər ictimai missiya yerinə yetirən jurnalistləri təkcə peşələrinə bağlamır, eyni zamanda, medianın cəmiyyətdəki nüfuzunu yüksəldir, ümumən, demokratik cəmiyyət quruluculuğunda dövlətin jurnalistikaya verdiyi dəyəri, etimadı bir daha təsdiqləyir. Bütün bunların qarantı isə dövlətimizin başçısı İlham Əliyevdir.
Prezident İlham Əliyevin kütləvi informasiya vasitələrinə qayğısı medianın inkişafında keyfiyyətcə yeni mərhələ yaratdı. Hazırda Azərbaycan dövləti və cəmiyyəti keyfiyyətcə yeni inkişaf dövrünü yaşayır, ictimai həyatın bütün sahələri yeniləşir, dünya standartlarına cavab verən informasiya siyasəti həyata keçirilir, insanların rifahı yüksəlir. Mətbuat orqanlarının vergi yükünün azaldılması, qəzetlərin borclarının dövlət vəsaiti hesabına silinməsi, aparıcı kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi, jurnalistlərin mükafatlandırılması və s. son illərdə Azərbaycanda reallaşdırılan mühüm tədbirlərdir.
Demokratik cəmiyyətin quruculuğunda azad medianın xüsusi rolu var. Çətin və mürəkkəb şəraitdə, müstəqilliyimizə qarşı yönəlmiş təhlükələrin tam aradan qalxmadığı dövrdə mətbuatın ictimai şüuru Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq, möhkəmləndirmək və daha da inkişaf etdirmək istiqamətində kökləməkdən vacib və gərəkli vəzifəsi ola bilməz. Azərbaycanın azad mətbuatı təkcə informasiya vermək, ölkəyə və dünyaya həqiqətləri çatdırmaq, ictimai rəyi formalaşdırmaq və ictimai şüuru istiqamətləndirməklə kifayətlənməməli, xalqın maariflənməsində, milli mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində, dövlət siyasətinin əsas mahiyyətinin xalqa çatdırılmasında, cəmiyyəti düşündürən problemlər haqqında məlumatın verilməsində, milli mənəviyyatın inkişafında da mühüm rol oynamalıdır. Ölkənin iqtisadi qüdrətinin artdığı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu indiki dövrdə mətbuatın üzərinə daha ciddi məsuliyyət düşür.
Sirr deyil ki, Azərbaycanın müasir inkişafı, güclü və yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilməsi, regionda aparıcı rolu, qlobal siyasətdə, beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirdiyi fəallıq müəyyən xarici qüvvələri, xüsusilə də Ermənistanı, erməni lobbisini və onun maraqlarını təmsil edən ayrı-ayrı dairələri ciddi narahat edir. Azərbaycanın mövcud tolerant mühitindən, ölkədəki demokratik ab-havadan, hakimiyyətin humanist siyasətindən sui-istifadə edən bu dairələr və bəzi daxili qruplar cəmiyyəti çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, ölkəmizin əldə etdiyi mühüm uğurları ləkələmək üçün ciddi səy göstərirlər.
Bu baxımdan, milli təəssübkeşlik, problemlərə vətəndaş mövqeyindən yanaşma hər bir mətbuat orqanının keyfiyyət göstəricilərinə çevrilməkdədir. Ölkə Prezidenti İlham Əliyevin azad medianın inkişafı sahəsində gördüyü tədbirlər isə hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafına da əsaslı təsirini göstərməkdədir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin bildirdiyi kimi, müasir dövrdə medianın ən mühüm funksiyalarından biri də milli maraqları hər şeydən üstün tutmaq, vətəndaşları, cəmiyyəti vahid məqsəd uğrunda səfərbər etməkdir. Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca prinsiplərini təşkil etməlidir. KİV-lər cəmiyyətdə, xüsusilə gənc nəsil arasında Vətənə sevgi hissləri, insanlara mənəvi saflıq aşılamalı, onlarda əsl vətəndaşlıq mövqeyinin formalaşmasına dəyərli töhfəsini verməlidir. KİV-lər ölkədə görülən işləri, Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daha geniş və obyektiv şəkildə işıqlandırmalıdırlar.
Bəhruz QULİYEV,
“Səs” qəzetinin baş redaktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.