Bu gün qazanılan hər bir uğurun təməlində Heydər Əliyevin inkişaf strategiyası dayanır

Ölkəmizin inkişaf mərhələlərinin təhlili göstərir ki, Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının tarixi ulu öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından xeyli əvvəl – 1969-cu ildə respublikaya rəhbər seçilməsindən başlayır.

Bu dövrədək zəngin iqtisadi potensialının, təbii sərvətlərinin olmasına baxmayaraq, Azərbaycan keçmiş İttifaq respublikaları arasında bütün göstəricilərə, eləcə də yaşayış səviyyəsinə görə axırıncı yerlərdən birini tuturdu. Azərbaycan bütün keçmiş İttifaqı ən qiymətli təbii sərvət sayılan neftlə təmin etdiyi halda, heç bir iqtisadi resursu olmayan digər respublikalarda yaşayış səviyyəsi bizdə olduğundan xeyli yüksək idi. 1969-cu ildə Heydər Əliyevin respublikamızda rəhbərliyə gəlməsi, sovet rejiminin sərt qanunlarına baxmayaraq, Azərbaycanda digər sahələrlə yanaşı, iqtisadi inkişafa da yol açdı və ölkəmiz qısa zaman kəsiyində keçmiş ittifaqın tərkibində o zaman üçün müasir iqtisadiyyata malik respublikaya çevrildi.

1969-1982-ci illərdə respublikamızda elektron maşınqayırması, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı, habelə digər mütərəqqi sənaye sahələri yarandı. Əgər XIX əsrdən 1969-cu ilədək Azərbaycanda 735 böyük sənaye obyekti tikilmişdisə, Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi ilk dövrdə - cəmi 14 ildə onların sayı 1048-ə çatdı. Sənayenin inkişafında elmi-texniki tərəqqinin nailiyyətlərinin geniş tətbiqi nəticəsində 1971-1985-ci illərdə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradıldı. Azərbaycan həmin illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, xalça və digər istehsal növləri üzrə keçmiş İttifaqda aparıcı yerlərdən birini tuturdu. Ölkəmizdə buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Bakının bu illərdə inkişaf etdirilməsi və abadlaşdırılması nəticəsində onun görkəmi də dəyişdi. Paytaxtımız yeni mikrorayonlar, park və xiyabanlar, küçə və meydanlar hesabına genişlənərək gözəlləşdi. Respublika rəhbərinin xüsusi diqqət yetirdiyi məsələlərdən biri də əhalinin mənzil şəraitinin yaxşılaşdırılması idi. 14 ildə respublika əhalisinə 376,1 min yeni tikilən mənzil verildi. Bu, Azərbaycanın hər üç sakinindən birinin məhz həmin dövrdə mənzillə təmin edilməsi demək idi.

Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində, respublikamızı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcı idi. Ötən əsrin 70-ci illərindən başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, özünüdərk, milli ruhun yüksəlişi xalqımızın uzun dövrdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsinə mühüm zəmin yaratdı.

Ümummilli liderin xalqın iradəsi və çağırışı ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsasını qoydu. Azərbaycan dövlətini və iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən ulu öndər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Keçmiş İttifaq səviyyəsində mövcud iqtisadi əlaqələr qırıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün respublikanın təbii resurslardan istifadə olunması və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm önəm daşıyırdı. Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib saydı. Həyata keçirilən tədbirlər nəticəsində 1996-2003-cü illər ərzində Azərbaycanda ümumi daxili məhsul iki dəfəyədək, orta aylıq əməkhaqqı 6,2 dəfə, pensiyalar isə 5,1 dəfə artdı.

Xatırlatmaq istərdim ki, Azərbaycan dövlət müstəqilliyini 1991-ci ildə qazansa da, bu müstəqilliyin ilk iki ili Qarabağ müharibəsi və daxili çəkişmələrin ən gərgin vaxtları idi. Eyni zamanda, həmin dövrdə iqtisadi inkişafdan heç bir söhbət gedə bilməzdi. Lakin 1993-cü ildə ölkəyə rəhbərliyi öz üzərinə götürən ümummilli lider Heydər Əliyev isə gözəl anlayırdı ki, inkişaf üçün ilk növbədə sabitlik olmalıdır. Buna görə də qısa müddət ərzində sabitlik bərpa olundu və ölkənin iqtisadi dirçəlişi üçün tədbirlərin görülməsinə başlanıldı. Xarici investisiyaların cəlb edilməsi məqsədi ilə cəsarətli siyasi addımlar atıldı. “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində yeni milli neft strategiyası həyata keçirilməyə başlandı.

O dövrdə islahatların uğurla aparılması üçün yeni qanunların qəbulu son dərəcə vacib idi. Genişmiqyaslı islahatlara başlayan ulu öndər yaxşı bilirdi ki, bu prosesin ağrısız keçməsi üçün ilk növbədə mükəmməl qanunvericilik bazası formalaşdırılmalıdır. Ona görə də qanunvericilik təşəbbüsü əsasında iqtisadiyyatın ayrı-ayrı sahələrini tənzimləyən qanun layihələrini Milli Məclisin müzakirəsinə göndərən Heydər Əliyev onların demokratik prinsiplərlə və aşkarlıq şəraitində müzakirəsini də vacib sayırdı. Həmin dövrdə qəbul olunan iqtisadi qanunlar Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların vətəndaşların mənafeyinə uyğun şəkildə həyata keçirilməsinə etibarlı zəmin yaratdı.

Yeri gəlmişkən, ümummilli liderimizin Azərbaycan nəqliyyat sisteminin əsas qollarından olan polad magistralın inkişafındakı misilsiz rolu barədə qeydlərimi də oxucuların diqqətinə çatdırmaq istərdim. Hazırda özünün sürətli inkişaf mərhələsində olan dəmir yolunda reallaşdırılan   nəhəng layihələr, şübhəsiz ki, böyük siyasi xadim Heydər Əliyevin uğurlu iqtisadi siyasəti, dəmir yoluna daim qayğısı sayəsində mümkün olub. Ona görə də ulu öndərin respublikaya rəhbərlik etdiyi həm birinci, həm də ikinci dövrü Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırılır. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin şəxsi səyləri sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verildi. Təkcə bir faktı demək lazımdır ki, Azərbaycan dəmir yolunda mühüm obyektlərin böyük əksəriyyəti məhz ulu öndərin təşəbbüsü və ciddi nəzarəti ilə   istismara verilib.

Ümummilli liderimizin qayğısı ilə dəmir yolunda həyata vəsiqə alan yenilikləri sadalamaqla qurtarmaq olmaz. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodu tətbiq edilib və bunlar dəmir yolunun bütün sahələrini əhatə edib. O, istər, bilavasitə, respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər, istərsə də keçmiş SSRİ hökuməti rəhbərliyində fəaliyyətdə olduğu 1983-87-ci illər ərzində, ölkə dəmir yolunun müasir, xaricdə istehsal olunan texniki maşın-mexanizmlərlə və avadanlıqlarla təchiz edilməsinə səy göstərib. Həmin   illərdə Azərbaycan polad magistralının yüzlərlə ən yaxşı dəmiryolçusu SSRİ-nin orden və medalları ilə təltif olunub ki, bu da Heydər Əliyev   tərəfindən dəmir yoluna və dəmiryolçulara göstərilən böyük qayğı və diqqətin parlaq təzahürü idi.  

Ulu öndər tərəfindən təməli qoyulan və ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olub. Ümummilli liderin rəhbərliyi ilə yaradılan nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi hazırda möhtərəm dövlət başçımız İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, Azərbaycan dəmir yolu ölkənin sosial-iqtisadi inkişafında mühüm yer tutan təsərrüfat kompleksi kimi dinamik inkişaf edir.

Azərbaycan dəmir yollarında mövcud infrastrukturun yenilənməsi istiqamətində son iki ildə təxirəsalınmaz tədbirlər həyata keçirilib. Ötən müddət ərzində ümumilikdə 383 kilometr dəmir yolu əsaslı təmir olunub, kontakt şəbəkə üzrə əsaslı təmir və yenilənmə işləri aparılıb, 153 dəst yeni yoldəyişən qurğu alınıb. Bakı-Böyük Kəsik sahəsində yolun enerji təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün yarımstansiyalarda tikinti işləri artıq başa çatdırılıb.

Hazırda kontakt şəbəkə üzrə yenilənmə və dəyişikliklər, rabitə və işarəvermə sisteminin təkmilləşdirilməsi tədbirləri həyata keçirilir.  Asiya İnkişaf Bankının ayırdığı texniki yardım hesabına Fransanın “Sistra” məsləhətçi şirkəti tərəfindən Bakı-Yalama dəmir yolu xətti üzrə yolun əsaslı təmiri və eləcə də Dünya Bankı tərəfindən maliyyələşdirilən “Dəmir yolu ticarətinin dəstəklənməsi layihəsi” çərçivəsində Yalama-Astara marşrutu üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.

Azərbaycan Prezidentinin iştirakı ilə 2015-ci il sentyabrın 12-də 84 kilometr uzunluğu olan Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik sürət qatarı istifadəyə verilib. Ötən müddət ərzində həmin qatardan artıq 1 milyon 370 mindən çox vətəndaş istifadə edib. Hazırda 98 kilometr uzunluğu olan Bakı-Pirşağı-Sumqayıt dəmir yolunun təmiri aparılır ki, bunun da nəticəsində Bakı-Biləcəri-Sumqayıt-Pirşağı-Bakı dairəvi dəmir yolu sərnişinlərin istifadəsinə veriləcək.

Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə yenidən qurulan Bakı dəmir yolu vağzalı binası əsaslı təmir olunduqdan sonra, 2017-ci il fevralın 10-da, ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilib. Təmir-bərpa işləri 200 min kvadratmetr sahəni əhatə edib. İşlər 1883-cü ildə inşa olunan və “Bakının Tiflis vağzalı” adı ilə tanınan binada, 1976-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən vağzal–mehmanxana kompleksində və ümumiyyətlə, bütün vağzal ərazisində aparılıb. Təmir-bərpa işləri hər iki binanın memarlıq üslubunun saxlanılması ilə həyata keçirilib. 

Bu gün Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı fəaliyyət göstərir. Astara-Rəşt dəmir yolunun inşası başa çatdıqdan sonra isə Naxçıvan-Bakı qatarı işə salınacaq ki, bununla da muxtar respublika əhalisinin Bakı ilə dəmir yolu vasitəsilə asan əlaqəsi təmin olunacaq, həmçinin Naxçıvanda istehsal olunan travertin, mərmər, gips, Badamlı və Sirab kimi məşhur təbii mineral sular, duz, müxtəlif növ kənd təsərrüfatı, o cümlədən meyvə-tərəvəz məhsullarının təqribən 30-32 saata paytaxta daşınması reallaşacaq. Eyni zamanda, sadalanan ixrac məhsullarının qonşu ölkələrin bazarlarına çıxarılmasına imkan yaranacaq. Bu məqsədlə hazırda muxtar respublikanın dəmir yolu təsərrüfatında yenilənmə prosesi sürətlə həyata keçirilir.

Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunması üçün müvafiq infrastrukturun yaradılması istiqamətində lazımi tədbirlər də görülməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bu il istismara verilməsi planlaşdırılır. Layihə çərçivəsində Gürcüstan ərazisində, Türkiyə sərhədinə qədər ümumilikdə 183 kilometr, o cümlədən 30 kilometr uzunluğunda Qars-Axalkalaki yeni dəmir yolunun inşası, Axalkalaki stansiyasında vağzal və təkər cütlərinin dəyişdirilməsi kompleksinin və 4450 metr uzunluğunda tunelin inşası reallaşdırılıb. Gürcüstan ərazisində Türkiyə sərhədinə qədər sınaq qatarının hərəkəti təmin edilib. Hazırda Türkiyə ərazisində layihənin tamamlanması istiqamətində işlər sürətləndirilib.

İslahatlar çərçivəsində sərnişin vaqon parkında da bir sıra mühüm tədbirlər reallaşdırılıb. İsveçrənin “Stadler Reil Qrup” şirkətinin istehsalı olan 4 vaqondan ibarət 5 ədəd ikimərtəbəli sürət qatarı alınaraq ölkəyə gətirilib və həmin şirkətlə Bakı-Tbilisi-Qars marşrutu ilə hərəkət edəcək daha 30 vaqonun alınmasına dair təchizat müqaviləsi imzalanıb.

Dünya iqtisadi böhranı və region ölkələri iqtisadiyyatlarının əsas lokomotivi olan karbohidrat resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşməsi həmin ölkələrin yükdaşıma fəaliyyətində də ciddi geriləmə yaradıb. Ancaq Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının təsis edilməsi bu sahədə köklü dəyişikliklərə səbəb olub. Yükdaşıyıcılara vahid tariflər təqdim edilib, bu sahədə ciddi şəffaflıq və açıq rəqabətlilik mühiti formalaşıb.

Azərbaycan Dəmir Yolları ölkəmizin digər nəqliyyat strukturları ilə birgə, artıq bir neçə iri beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Ötən ilin sonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası yaradılıb, həmin marşrutda vahid qiymətlər və vahid pəncərə sistemi tətbiq olunub. Hazırda Şərq-Qərb dəhlizində alternativ marşrutların hazırlanması istiqamətində işlər aparılır. Bununla bərabər, Çinin cənub rayonlarından Avropaya nəql olunan yüklərin Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə Azərbaycana və daha sonra Avropa ölkələrinə daşınmasını nəzərdə tutan yeni marşrutun yaradılması istiqamətində danışıqlar aparılır.

Göründüyü kimi, dünyada baş verən iqtisadi böhrana baxmayaraq, 2016-cı il ərzində Azərbaycan dəmir yolları vasitəsilə 15,4 milyon ton yük daşımağa müvəffəq olub. Cari ilin ilk üç ayı ərzində isə 3,8 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur. Bu müsbət göstərici ölkəmizdə beynəlxalq yükdaşımalar üzrə aparılan islahatların bariz ifadəsidir.

Azərbaycan dəmir yollarının hazırkı vəziyyəti, son dövr ərzində həyata keçirilən islahatlar gələcəyə ümidlə baxmağa əsas verir. Bununla belə, inkişaf etmiş dünya ölkələrinin səviyyəsinə çatmaq üçün modernləşmə baxımından hələ daha çox iş görülməlidir. Ölkə Prezidentinin tapşırığına  uyğun olaraq, bununla əlaqədar dəmir yollarının inkişaf proqramı hazırlanıb. Belə ki, qarşıdakı 3 il müddəti üçün müəyyən edilmiş investisiya portfelinə əsasən, Yalama–Astara istiqamətində dəmir yolunun əsaslı təmiri, Bakı-Gəncə-Bakı sürət qatarının istifadəyə verilməsi, Yevlaxda Kür çayı üzərində ikinci körpünün tikintisi işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Daha sonrakı illər üçün müəyyənləşdirilən perspektiv planda isə Heydər Əliyev Beynəlxalq Aeroportuna, Şahdağ və Qəbələ turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsi planlaşdırılır ki, hazırda bu xətlərin layihələndirilməsi işləri aparılır.

Bütün bunlar Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasını uğurla davam etdirən cənab İlham Əliyevin Azərbaycan dəmir yollarının inkişafına, müasirləşməsinə və mövcud problemlərinin həllinə böyük həssaslıqla, diqqətlə yanaşmasının məntiqi nəticəsidir. Şübhəsiz ki,    dəmir yollarında son dövrdə başlanan islahatlar nəticəsində Azərbaycan dəmir yolları regionun mühüm və əhəmiyyətli nəqliyyat–logistika holdinqinə çevrilərək dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları sırasında öz layiqli yerini tutacaq.

Müstəqil Azərbaycan bu gün ulu öndərimizin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru inamla irəliləyir, bu yolda möhtəşəm nailiyyətlərə imza atır. Hazırda  Azərbaycan dünya miqyasında səciyyələndirilərkən ilk növbədə sabitlik, dinamik  inkişaf və demokratikləşmə ön plana çəkilir. Ölkəmiz sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında getdikcə vacib rol oynayan bir dövlət kimi xarakterizə edilir. Cənubi Qafqazın lideri statusunu daşıyan Azərbaycan  mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən aparıcı rola malikdir və təsadüfi deyil ki, bölgəyə iqtisadi, siyasi maraq göstərən dünya dövlətləri, beynəlxalq təşkilatlar, ilk növbədə, ölkəmizin  mövqeyini nəzərə alır, onunla hesablaşır. Bütün bunlar bir daha respublikada həyata keçirilən daxili və xarici siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqların müdafiəsinə yönəldiyini əyani surətdə təsdiqləyir.

Məhərrəm MƏMMƏDOV,  iqtisadçı-ekspert,
fəxri dəmiryolçu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında