Xalqın qəlbində yaşayan xarizmatik lider

Xalqımız öz dahi oğlu, dünya şöhrətli dövlət başçısı və siyasi xadim, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünü möhtəşəm nailiyyətlərlə, bütün sahələrdə uğurlu nəticələrlə qeyd edir. Ölkənin ictimai-siyasi həyatında çox önəmli hadisəyə çevrilən bu zirvədən ulu öndərin müasir Azərbaycan dövlətinin qurucusu kimi müstəsna tarixi roluna bir daha nəzər yetirmək, onun bir qərinədən artıq davam etmiş liderlik fəaliyyətini əhatəli araşdırmaq, xalqa təmənnasız xidmətlə bağlı nəsillərə örnək olan ömür yolunu qədərincə öyrənmək həm dövlətçilik məfkurəsi, həm siyasət, həm də elmi-tarixi baxımdan çox vacibdir.

Yaşadığı dövrdən zaman etibarı ilə uzaqlaşdıqca böyüklüyü daha aydın görünən, Azərbaycanın güclü və müstəqil bir dövlət kimi formalaşması, inkişaf etdirilməsi, xalqımızın isə firavan yaşaması üçün müstəsna xidmətləri olan Heydər Əliyevin müstəqil dövlətçiliyə dair strateji düşüncələrinin və taktiki fəaliyyətinin bütün  tərəflərini, şübhəsiz, bir yazıda təhlil etmək imkan xaricindədir. Amma indiki və gələcək yolumuza işıq salan bu möhtəşəm, tükənməz irsin hansı vərəqini açsaq, mükəmməl bir dövlətçilik və idarəetmə məktəbinin bir-birini tamamlayan dərsləri kimi nəzərimizdə canlanacaq.

Müstəqil dövlətçiliyimizin güclənməsi və qüdrətlənməsi, sosial-iqtisadi inkişafın sürətlənməsi, əhalinin rifahının yüksəlməsi, demokratikləşmə prosesinin dərinləşməsi ilə səciyyələnən indiki dövrün bütün uğur və nailiyyətləri möhkəm özüllər üzərində qərarlaşmışdır. Bu sarsılmaz bünövrəni Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsində çoxcəhətli liderlik fəaliyyəti ilə xalqımızın taleyini müəyyənləşdirən ulu öndər yaratmışdır.

Uğurlarımızın əsasında məhz dünya şöhrətli siyasətçi və dövlət başçısı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı və mərhələ-mərhələ həyata keçirdiyi müdrik siyasi kurs, nəzəri konsepsiyalar, strateji proqramlar və əsaslı islahatlar dayanır. Alternativi olmayan bu yön Azərbaycanı qısa zaman kəsiyində dinamik inkişaf yoluna çıxarmışdır.

Bütün şüurlu ömrünü Azərbaycan xalqının və dövlətçiliyimizin taleyi ilə bağlayan, ali liderlik keyfiyyətləri, qüdrətli idarəetmə bacarığı bütün dünyada etiraf olunan ulu öndər Heydər Əliyev nadir tarixi şəxsiyyətlərin sırasında əbədi yer tutmuşdur. O, sağlığında əfsanələşmiş, bənzərsiz bir şəxsiyyət idi. Dünya şöhrətli siyasət və dövlət xadimi olan ulu öndərimiz həm də XX yüzilliyin ikinci yarısının, üçüncü minilliyə keçid epoxasının son dərəcə mürəkkəb və ziddiyyətli dönəmində öz sözünü demiş, hadisələrə ciddi təsir göstərmiş dahi şəxsiyyətdir. O, sözün həqiqi mənasında, böyük azərbaycanlıdır.

Azərbaycan xalqının misilsiz təəssübkeşi kimi ümummilli lider məqamına yüksələn, XX əsrin 90-cı illərində yenidən müstəqilliyə qovuşmuş dövlətçiliyimizin xilaskarı missiyasını misilsiz bir iradə və uzaqgörənliklə yerinə yetirən Heydər Əliyevin adı ən yeni tariximizə müasir Azərbaycanın qurucusu kimi yazılmışdır.  Ulu öndərin təkrarsız obrazı hər bir soydaşımızın qəlbində ən böyük ideoloq, yenilməz siyasət adamı, vətənpərvər Azərbaycan oğlu kimi əbədiləşmişdir. O, ölkəmizdə milli dövlətçilik ideologiyasına çevrilən azərbaycançılıq konsepsiyasını formalaşdıran dahi filosof, həm də bu təlimi gerçəkləşdirən praqmatik dövlət xadimidir.

Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizdə mühüm yer tutur. Dahi rəhbərin  hakimiyyətdə olduğu 34 ildən artıq bir dövr ərzində qazandığımız bütün nailiyyətlərin əsasında məhz Heydər Əliyev fenomeni, qüdrəti, onun yürütdüyü müdrik siyasi kurs dayanmışdır.

Zamanın bu dahi şəxsiyyətə bəxş etdiyi nadir keyfiyyətlər sayəsində Heydər Əilyev uzaqgörən dövlət başçısı kimi tarixi hadisələrin gedişini irəlicədən müəyyən edə bilmiş, Azərbaycanın dünəni, bugünü və sabahı üçün olduqca böyük əhəmiyyət daşıyan qərarlar qəbul edilən zaman ən düzgün mövqe tutmuş, zəruri qətiyyətlə hərəkət etmişdir. Belə dərin zəka, dönməz iradə və tükənməz enerji bəyanat və çıxışlarında, qəbul etdiyi qərarlarda, mürəkkəb vəziyyətlərdə atdığı addımlarda həmişə ona uğur və nüfuz gətirmişdir. Sarsılmaz məntiq üzərində qurulan, qeyri-adi təsir gücü olan məruzə və nitqləri ulu öndərimizin siyasi və fəlsəfi dünyagörüşündəki dərinliyi və genişliyi əks etdirirdi.

Xalqımızın sevimli oğlu Heydər Əliyev miqyaslı siyasətçi idi, yerli hadisələrə regional, regional hadisələrə beynəlxalq, beynəlxalq hadisələrə isə planetar maraqlar çərçivəsində baxmağı bacarırdı. O, xalqın siyasi cəhətdən maariflənməsinə, milli özünüdərkin geniş vüsət almasına, milli şüurun yüksəlməsinə həmişə böyük diqqət yetirirdi.

Heydər Əliyev istər Azərbaycana birinci dəfə rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində, istər SSRİ rəhbərliyinə irəli çəkildiyi dövrdə, istərsə də müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu zaman, birmənalı olaraq, öz xalqının aqibətini şəxsi taleyi hesab etmiş, buna görə də xalqın qəlbində həmişə həqiqi milli lider kimi uca zirvədə dayanmışdır.

Heydər Əliyev iki bir-birinə zidd ictimai-iqtisadi formasiyada – sosializm və bazar iqtisadiyyatı zamanında – antaqonist mahiyyətli məkanda – SSRİ kimi nəhəng  bir dövlətin tərkib hissəsi olan sovet Azərbaycanında və müstəqilliyini qazanmış Azərbaycan Respublikasında alternativsiz lider kimi uğurlar qazanmış, dünya şöhrətli dövlət xadimi və siyasətçi kimi tanınmışdır.

1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilən və 1982-ci ilə kimi bu vəzifədə çalışan Heydər Əliyev cəmi bir neçə ildə Azərbaycanı SSRİ məkanında ən yüksək mərtəbəyə qaldırdı, öncül mövqeyə çıxartdı. Bu qüdrətli lider Sovet imperiyasının xammal bazası olmuş bir əyaləti dünyanın gözü qarşısında böyük sənaye mərkəzinə, müasir aqrosənaye respublikasına, yüksək mədəniyyəti və istedadlı ziyalıları ilə tanınan bir məmləkətə çevirdi.

Bugünkü müstəqilliyimizin iqtisadi bünövrəsi, mənəvi dayaqları da məhz ulu öndərin strateji uzaqgörənliyi və böyük vətənpərvərliyi sayəsində o dövrdə yarandı. Azərbaycan dövlətinin ideoloji-siyasi və iqtisadi əsaslarını qurmuş ulu öndər 1982-ci ildən sonra fəaliyyətini SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifədə davam etdirməli olsa da, bütün qəlbi ilə bağlı olduğu respublikanı unutmadı, doğma vətəninin sosial-iqtisadi, mədəni inkişafı üçün əlindən gələni əsirgəmədi.

Ümummilli lider Heydər Əliyev bioqrafiyasının və idarəçilik məktəbinin Naxçıvan dövrü də Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmışdır. O dövrdə böyük siyasətdən təcrid edilmiş bu nəhəng dövlət xadimi ağır blokada şəraitində Naxçıvana rəhbərlik etməyin məsuliyyətini öz üzərinə götürdü və bu ağır işin öhdəsindən şərəflə gəldi. Görkəmli dövlət xadimi Heydər Əliyevinin 1991–1993-cü illərdə Naxçıvan Muxtar Respublikasnda ekstremal şəraitdəki fəaliyyəti müstəqil Azərbaycana rəhbərliyin poliqonu rolu oynamışdır.

Nə qədər kədərli olsa da, əsrin sonlarında tarix Azərbaycanı ağır sınağa da çəkdi, yaxşını pisdən ayıra bilməyin qeyri-adi bir nümunəsini verdi. 1970-80-ci illərdə Heydər Əliyevli Azərbaycanın necə olduğunu   əmin-amanlıq və bolluq göstərdiyi kimi, 90-cı illərdə də Heydər Əliyevsiz Azərbaycanın necə ola bilməsini, onun hansı məşəqqətlərə, məhrumiyyətlərə düçar olması aşkarladı. 1993-cü ilin iyununda Azərbaycan “ölüm-dirim” dilemması qarşısında qalanda, bütün xalq üzünü Naxçıvana tutaraq öz ümummilli lider Heydər Əliyevi tarixi xilaskar kimi respublika rəhbərliyinə dəvət etdi.

Həmin gündən etibarən ulu öndərin Naxçıvandan başlanan müstəqillik yolu ölkə miqyasında davam etdirildi. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbəri kimi fəaliyyət göstərdiyi tarixi dövr – 1993-2003-cü illər ölkəmizdə müstəqil dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi mərhələsi kimi yadda qalmışdır.

Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk günlərdən vətəndaş yanğısı, özünəməxsus tükənməz enerji və sarsılmaz iradə ilə ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində gərgin fəaliyyətə başladı. Müstəqillik haqqında Konstitusiya Aktı 1991-ci ilin oktyabrında qəbul olunsa da, xalqımız müstəqilliyin faydasını 1993-cü ilin iyunundan, millətimizin əvəzsiz lideri Heydər Əliyevin tarixi qayıdışından sonra görməyə başladı. Heydər Əliyev ümummilli lider olaraq xilaskarlıq missiyası ilə gəlmişdi. O, hakimiyyətə qayıtdı və qətiyyətlə, inamla bəyan etdi: “Azərbaycan dövlətinin müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olcaqdır, dönməz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.

Qısa zamanda müxtəlif siyasi qurumların qeyri-qanuni silahlı  dəstələri buraxıldı, siyasi təxribatların, dövlət çevrilişi cəhdlərinin qarşısı məharətlə alındı. 1969-cu ildə ilk dəfə siyasi hakimiyyətə gəlməklə Azərbaycanı Sovetlər birliyinin aparıcı ölkəsi kimi tanıdan ulu öndər 1993-cü ildə hakimiyyətə qayıtmaqla yeni ideyaları, onilliklər üçün nəzərdə tutulan inkişaf konsepsiyası ilə ölkəmizi dünya birliyinin aparıcı dövlətlərinin ön sıralarına çıxardı. Müstəqil dövlətin ilk həqiqi Prezidenti olan Heydər Əliyev “Vətənini, torpağını, dövlətini, öz müstəqil Azərbaycanını qorumaq öz ata-anasını qorumaq deməkdir” – hikmətini tarixi xidmətləri ilə sübuta yetirdi.

Ulu öndər Heydər Əliyev ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatına böyük dəyişikliklər, yeniliklər, inkişaf gətirdi, milli dövlətçiliyimizin və mənəvi dəyərlərimizin yenilməz qarantı oldu. Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı öz vətəndaşları üçün sakitliyin, vətəndaş həmrəyliyinin, əmin-amanlığın hökm sürdüyü, demokratik təsisatların fəaliyyəti üçün geniş şərait yaradıldığı bir ölkəyə, xarici və daxili investorlar üçün isə əlverişli imkanlar açan, səmərəli əməkdaşlığa hazır olan bir tərəfdaşa çevirdi. O, bir-biri ilə geosiyasi və geoiqtisadi mübarizə aparan dövlətləri Azərbaycanda əməkdaşlığa dəvət etdi, onları ortaq məxrəcə gətirdi.

Ölkəmiz çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Təbii ki, bu uğurumuz ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasına əsaslanır. Azərbaycanın öz təbii resurslarından səmərəli istifadə etməsi, ən əsası iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verilməsi 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması ilə nəticələndi.

Əldə olunan mənfəətin respublika iqtisadiyyatının şaxələndirilməsinə yönəldilməsi, yeni istehsal sahələrinin yaradılması, yeni iş yerlərinin açılması məhz bu strategiyanın həyata keçirilməsi nəticəsində mümkün oldu. Beynəlxalq əhəmiyyətli Bakı–Tbilisi–Ceyhan neft kəmərinin, Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin istifadəyə verilməsi ölkəmizin uzunmüddətli iqtisadi inkişafının əsasını qoydu.

Ulu öndərimizin müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyəti özünün əzəmətli ifadəsini öncə ölkəmizin və xalqımızın nicata qovuşmasında, geniş mənada isə, müasir dövlət quruculuğu siyasətinin həyatımızın bütün sahə və istiqamətlərini əhatə etməsində, heç kimdən və heç bir ölkədən asılı olmayan, müstəqil siyasət yürüdən qüdrətli Azərbaycanın təşəkkülündə, zamanın yeni çağırışlarının müvəffəqiyyətlə həll edilməsində tapdı.

İyirmi beş ildən artıqdır ki, Azərbaycan xalqı ictimai-siyasi, sosial-iqtisadi həyatın yeni bir dövrünü-müstəqillik dövrünü yaşayır. Bu dövr ərzində ölkəmiz dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər və nəticələr isə ölkəmizin qüdrətini daha da artırmaqdadır.

Böyük öndər 2003-cü ildə xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Azərbaycan Prezidenti cənab İlham Əliyev ona olan bu ümidləri layiqincə doğrultmuşdur.

Ulu öndərimizin müdrik siyasi kursu bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dünyanın tələblərinə uyğun yeni keyfiyyət və məzmunda uğurla davam və inkişaf etdirilir. Azərbaycan hərtərəfli və sürətli tərəqqi yolunda inamla irəliləyir, növbəti zəfərlərə imza atır. Ölkədə demokratik dövlət quruculuğu  prosesi qanunvericiliyimizə və beynəlxalq təcrübəyə uyğun olaraq uğurla reallaşır, bütün sahələrdə həyata keçirilən islahatlar xalqımızı daha genişmiqyaslı tərəqqiyə və inkişafa aparır.

Dövlətimizin rəhbəri daxili siyasətdə sosial ədalətin, xarici siyasətdə humanizmin tərəfdarı olsa da, milli maraqlar məsələsində kifayət qədər sərt mövqe və prinsipiallıq nümayiş etdirir, Azərbaycanın haqlı mövqeyini dünyanın ən yüksək tribunalarından elan edir. Ölkəmiz üçün böyük siyasi əhəmiyyət kəsb edən bütün nailiyyət və uğurlarımızın  hər biri böyük rəhbər Heydər Əliyevin strateji kursunu yaradıcılıqla davam etdirən dövlət başçısının yorulmaq bilməyən ardıcıl, məqsədyönlü idarəçilik fəaliyyətinin nəticəsidir.

Bütün bu nailiyyətlərin əldə olunmasında, bəşəriyyət üçün müstəsna əhəmiyyət kəsb edən təşəbbüslərin uğurla reallaşmasında Prezident İlham Əliyevlə yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var.  Azərbaycanın birinci xanımı dövlət başçısının daxili və xarici siyasətdə əldə etdiyi uğurların sırasına ölkənin sosial sferasında və beynəlxalq mədəni-humanitar əməkdaşlıq istiqamətində qazanılan nailiyyətləri də əlavə edərək, müstəqil dövlətimizin dünyada söz və nüfuz sahibi olmasına öz töhfələrini verməkdədir.

Bu əzəmətli tərəqqi yoluna  nəzər salarkən bir daha dərk edirsən ki,  Heydər Əliyev uzaqgörənliyi ilə əsası qoyulmuş Azərbaycanın parlaq sabahı qaçılmazdır. Bu yolla  gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevi "Əbədiyaşar lider" zirvəsinə yüksəldən  onun dövləti, xalqı qarşısındakı xidmətləri, bu günümüzə və gələcəyimizə bələdçilik edən ideyalarıdır. Heydər Əliyevin həyatı və fəaliyyəti öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin nümunəsi kimi daim yaşayacaqdır.

Asif ƏSGƏROV,
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında