Dövlət və hökumət başçılarının, Nobel mükafatı laureatlarının, dünyanın tanınmış ictimai-siyasi xadimlərinin iştirakı ilə Bakıda Beynəlxalq Humanitar forumların keçirilməsi artıq mütəmadi xarakter daşıyır. Belə tədbirlərin paytaxtımızda keçirilməsində ilk təşəbbüs elə bizim tərəfimizdən irəli sürülmüşdür. Ölkəmizdə 4-cü dəfə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da məhz Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsüdür.
Azərbaycan daim müxtəlif dinlərin, ayrı-ayrı millətlərin qardaşlıq şəraitində yaşadığı ölkə olmuşdur. Xalqımız tarixin hər bir dönəmində dünyaya tolerantlıq nümunəsi nümayiş etdirmişdir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdən Azərbaycanda bütün dinlərə mənsub insanların sərbəst şəkildə öz inanclarına etiqad etməsinə, qarşılıqlı əməkdaşlıqlarına, ayrı – ayrı millətlərin nümayəndələrinin ölkənin bərabərhüquqlu vətəndaşı qismində hüquq əldə etməsinə hər cür şərait yaradılmışdır. Ümummilli lider xalqın dini-mənəvi, milli dəyərlərinin qorunub saxlanılması istiqamətində mühüm işlər görmüş, bu istiqamətdə zəruri qanunvericilik aktları qəbul olunmuşdur.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi bu sahədə də ənənələri zənginləşdirmiş, dünyaya tolerantlıq nümunəsi göstərmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında da dinindən, dilindən asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında bərabərliyinin təsbit olunması ölkəmizdəki tolerantlığın bariz sübutudur.
Dövlət başçımızın multikultural dəyərlərə verdiyi yüksək qiymət, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqların, həmçinin humanitar forumların keçirilməsinin ənənəvi hal alması Azərbaycanın dünyaya dini tolerantlıq, millətlərarası münasibətlərin inkişafı modelini təqdim etmişdir. Ümumiyyətlə, son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək, bu sahədə təşəbbüslərin böyük əksəriyyətinin Azərbaycan tərəfdən gəldiyinin şahidi olarıq. Yeri gəlmişkən, xatırladaq ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində reallaşır. Ölkəmizdə humanitar forumların mütəmadi keçirilməsi dövlət başçımızın qlobal miqyaslı təşəbbüsünün beynəlxalq təşkilatlar tərəfindən müsbət dəyərləndirilməsindən xəbər verir.
Prezident İlham Əliyevin məqsədyönlü və düşünülmüş siyasəti nəticəsində ölkəmiz dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Forumun keçirilmə məkanı üçün Azərbaycan paytaxtının seçilməsi qərarı təkcə ölkəmizin geosiyasi əhəmiyyəti ilə deyil, həm də dünyaya tolerantlıq nümunəsi, multikultural dəyərlərə verdiyi yüksək qiymətin nəticəsidir. Tarix boyu beynəlmiləlçiliyi və tolerantlığı ilə seçilən Azərbaycan hazırkı mərhələdə də müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan statusunu daşıyır. Sivilizasiyalar arasında dialoqun yüksək səviyyədə təşkil edilməsində mühüm rol oynayan Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu getdikcə yüksəlmişdir. 2011-ci, 2013-cü, eləcə də 2015-ci ildə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları yüksək səviyyədə təşkil olunmuş və bu sahədə Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüslər regional müstəvidən çıxaraq qlobal səviyyəyə qaldırılmışdır.
2011-ci ildən başlayaraq, hər il ölkəmizdə Bakı Beynəlxalq Humanitar Forumu keçirilir. İndiyə qədər paytaxt Bakıda keçirilən forumlar XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş əhatəli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın bu formatda tədbirlərin keçirilməsi üçün ideal məkan seçilməsi heç də təsadüfi deyil. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və təhlükəsizlik şəraitində bir ailə kimi yaşamışlar. Ölkəmizin tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna, qarşılıqlı fəaliyyətinə və dinc-yanaşı yaşamasına əlverişli şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, İslam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmiş, dini həyatın özəlliyini şərtləndirmişdir. Digər amillərdən biri də qədim və zəngin tarixə malik olan Azərbaycanın mədəniyyətlərin, svilizasiyaların, dinlərin qovuşduğu məkanda yerləşməsidir.
Bakıda keçirilmiş üç Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etmişlər və bu mühüm tədbirlər ölkəmizin siyasi-mədəni həyatında böyük hadisə kimi yadda qalmışdır.
Mötəbər beynəlxalq qurumların öz tədbirlərini Azərbaycanda keçirmələri beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilmiş və ölkəmizin Avropa mədəniyyəti ilə İslam mədəniyyəti arasında körpü rolunu oynadığını bildirmişlər. Azərbaycanın beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsini dövlətimizin başçısı da yüksək dəyərləndirmiş və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun respublikamızda keçirilməsini humanitar sahədə gördüyümüz işlərə dünya tərəfindən verilən böyük qiymət olduğunu bildirmişdir.
Dövlətimizin başçısının və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə ölkəmizdə reallaşdırılan nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri respublikamızı dünyanın mədəni həyatının mərkəzinə çevirmişdir. Ümumiyyətlə, Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında mühüm körpü rolunu oynayır. Bir neçə gündən sonra 57 müsəlman ölkəsininin qatıldığı IV İslam Həmrəyli Oyunlarının Bakıda start götürməsi də multikultural dəyərlərə verilən yüksək qiymətin bariz nümunəsidir.
Göründüyü kimi, Prezident İlham Əliyevin məqsədyönlü və əsaslı siyasəti nəticəsində ölkəmiz dünyanın mühüm mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Bütün bunlar xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələrinin dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir.
Bu gündən Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayır. Bu əhəmiyyətli tədbir UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO-nun tərəfdaşlığı ilə keçirilir. “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda təşkil edilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz ətrafında hökumət başçılarını, nazirləri, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərini, yüksək vəzifəli siyasətçiləri, mədəniyyət işçilərini, xoşməramlı səfirləri, jurnalistləri, ziyalıları və digər mütəxəssisləri birləşdirir. Müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanların bir araya gəlməsi qarşılıqlı fəaliyyət, səmərəli və intensiv dialoqun yeni, zəruri forma və səviyyələrini yaradacaq.
Forum çərçivəsində həm Azərbaycan tərəfinin, həm də tərəfdaş qurumların təklifləri ilə bir sıra yeni beynəlxalq təşəbbüslərin əsasının qoyulması nəzərdə tutulur. Azərbaycan tərəfinin təklifi ilə forum çərçivəsində ilk dəfə beynəlxalq təşkilatların yüksək səviyyəli toplantısı, Dünya Forumu, nazirlər görüşü də keçiriləcəkdir. Forumda beynəlxalq tərəfdaşlarla birgə ümumilikdə 40-a yaxın sessiya və tədbir keçiriləcəkdir. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcək. Forumda səlahiyyətli şəxslərin, həmçinin dünyanın tanınmış ictimai-siyasi xadimlərinin iştirakı tədbirin əhəmiyyətindən xəbər verir. Xatırladaq ki, III Qlobal Bakı Forumunda bir sıra ölkələrin prezidentləri, baş nazirləri, xarici işlər nazirləri, həmçinin bir sıra ölkələrin sabiq dövlət və hökumət başçıları, siyasi xadimlər, elm adamları və ekspertlər -- ümumilikdə 75 ölkədən 350-yə yaxın nümayəndə iştirak etmişdir. Onların arasında 6 ölkənin hazırkı prezidenti, 41 keçmiş prezident, 24 sabiq baş nazir, bir neçə ölkənin isə indiki və sabiq xarici işlər nazirləri olmuşdur.
“Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusuna həsr olunan forumda dünyanı narahat edən məsələlər, yeni dünya nizamının başlıca problemləri – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, təhlükəsizliyin təminatında yerli, milli və regional inteqrasiya məsələləri, eləcə də bir sıra digər qlobal problemlər geniş müzakirə edilmiş, onların həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılmışdır.
Azərbaycan Prezidentinin ideya müəllifi, təşəbbüsçüsü və təşkilatçısı olduğu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, şübhəsiz, ölkəmizin dünya miqyasındakı reytinqinin daha da yüksəlməsində mühüm rol oynayacaq, əlaqələrini daha da genişləndirəcək, Şərqlə Qərbin qovuşduğu məkanda yerləşən bir ölkə kimi, mədəniyyətlərarası dialoqun inkişafı və təbliğinə dəyərli töhfələr verəcək. Bu tədbir bütövlükdə dünyanın mədəni həyatında mühüm hadisə kimi yadda qalacaq və ölkəmizin beynəlxalq multikulturalizm məkanı olduğunu bir daha təsdiqləyəcək.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.