Milli mədəniyyətimizin hamisi

XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı, geniş miqyasda təbliği və böyük nailiyyətləri ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, rəssamlıq və heykəltəraşlıq, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Ulu öndər dəfələrlə vurğulamışdır ki, azərbaycanlılar qədim mədəniyyətə, incəsənətə malik olan xalqdır: “Xalqımız qədim xalqdır, böyük tarixə, böyük mədəniyyətə, qədim ənənələrə malik olan xalqdır.”

Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşırdı. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Bu müdrik ifadələr də ümummilli lider Heydər Əliyevə məxsusdur. Dahi siyasət xadimi yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən ulu öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır.

Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.

Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Açığını deyim ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, daim onların qayğısına qalırdı. Bu sənətkarların adlarını sadalamaqla qurtaran deyil. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin ən yüksək fəxri adını almışlar. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı. Ulu öndərin mədəniyyət məsələləri ilə bağlı hər çıxışı həmin sahənin gələcək inkişaf proqramına çevrilirdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənət meyilli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman ulu öndəri siyasət memarına çevirdi. Çünki bu xalqın belə bir siyasət xadiminə çox böyük ehtiyacı var idi. O, müstəqil Azərbaycan kimi qüdrətli bir dövləti qurdu.

Hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. Nə qədər kinoteatr, teatr binaları, muzeylər inşa olundu. Mədəniyyətimizin kadr potensialı gücləndirildi. SSRİ-nin ən nüfuzlu incəsənət yönlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya dönürdülər. Sankt-Peterburqun, Moskvanın teatr, rəssamlıq, musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin aparıcı sənətkarlarıdır. Heydər Əliyev bu kadrların hazırlanmasında ona görə maraqlı idi ki, gələcək müstəqil Azərbaycanımız üçün onlar gərəkli olacaqdılar. Necə ki, oldular da.

Bizim nəsil xoşbəxtdir ki, Heydər Əliyevlə bir epoxada yaşamaq nəsibimiz oldu və ulu öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidinə çevrildik.

Dövlət müstəqilliyi qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox tamaşa müəssisələri təmir olundu, Filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi.

Musiqi sənətimizin inkişafına xüsusi qayğı ilə yanaşan ulu öndərin sərəncamı ilə 24 bəstəkar və musiqişünasa Prezident təqaüdü verildi. Onların bir çoxu orden və medallara layiq görüldülər. Arif Məlikov, Müslüm Maqomayev, Zeynəb Xanlarova, Habil Əliyev, Əlibaba Məmmədov, Arif Babayev kimi musiqi xadimləri “İstiqlal” ordeni ilə təltif olundular.

Azərbaycan kinosunun böyük bir dövr inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Bizə yaxşı məlumdur ki, bir sıra filmlərimizin yaranmasında ulu öndərin şəxsi təşəbbüsü olmuşdur. “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır.

Heydər Əliyevin hakimiyyətə gəlişi ilə dondurulmuş kino istehsalı bərpa edildi, “Azərbaycanfilm”in fəaliyyətində canlanma hiss edilməyə başlandı. Dövlət sifarişi ilə filmlərin istehsalı kino xadimlərini yenidən fəaliyyətə qaytardı.

Azərbaycanda beynəlxalq səviyyəli kinofestivallar keçirilir, filmlərimiz beynəlxalq festivallarda nümayiş etdirilməyə başlayırdı. Ən əhəmiyyətli fakt bu idi ki, Azərbaycanda ilk film nümayiş etdirildiyi 2 avqust (1898) kino işçilərinin peşə bayramı kimi qeyd olunmağa başladı. Əgər 1994-1996-cı illərdə iki film istehsal olunmuşdusa, 1998-2000-ci illərdə dövlət sifarişi ilə dörd tammetrajlı bədii film yaradıldı.

Teatrlarımız öz fəaliyyətlərini genişləndirdi. Heydər Əliyev teatrı çox sevirdi. O, həmişə tamaşadan sonra yaradıcı kollektivlə görüşür, onlara öz tövsiyə və tapşırıqlarını verirdi. Bu görüşlər sənət adamlarının məsuliyyətini artırır, onları öz qüvvələrini səfərbər etməyə istiqamətləndirirdi. Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə milli teatrımızda yenidən canlanma başlandı, teatrlarımızın repertuarı zənginləşdi, maddi-texniki bazaları möhkəmləndirildi, işçilərin sosial durumu yaxşılaşdı.

Ulu öndərin hakimiyyəti illərində muzey və kitabxana işi, rəssamlıq, heykəltəraşlıq və memarlıq sənəti sürətlə inkişaf etmişdir. Bakıda ucaldılmış çox dəyərli heykəllər, inşa edilmiş müasir və klassik ənənələri birləşdirən əzəmətli binalar xalqımızın milli sərvətinə çevrilmişdir. Bakımız gözəlləşmiş, yeni görünüş almışdır. Elə regionlarımızda da mədəniyyətin inkişafı diqqətdən yayınmamışdır.

Azərbaycanın qədim şəhərsalma ənənələrini özündə ehtiva edən İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə UNESCO-nun Maddi İrs Siyahısına daxil edilməsi böyük tarixi hadisə idi.

Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayan ulu öndərin hakimiyyəti illərində çox səmərəli tədbirlər reallaşdırılıb. Ümummilli lider Azərbaycanın sivil dünyaya ilə inteqrasiyasına, xalqların iqtisadi-siyasi, humanitar yaxınlaşmasına dövlətçiliyi möhkəmləndirən, xalqı inkişaf etdirən ən vacib vasitələrdən biri kimi baxırdı. Və bu zaman dünya ilə dil tapmağın ən sınanmış və optimal yollarından biri olaraq, mədəni dəyərlərin qarşılıqlı dərkini və təbliğini əsas götürürdü. Bu mənada xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti günləri, eyni zamanda, Azərbaycanda keçirilən belə tədbirlər mədəniyyətlərarası dialoqun inkişafına çox gözəl yol açırdı.

Ulu öndərin fəaliyyəti incəsənətimizin bu gün ən dəyərli mövzusudur. Deyə bilərəm ki, onun haqqında çəkilən filmlər, yaradılan musiqi əsərləri və ədəbi əsərlər xalqımızın milli-mənəvi sərvətidir və gələcək nəsillər onlardan çox şey öyrənəcəklər. “Əsl məhəbbət haqqında” (rejissor V.Mustafayev) filmi ulu öndərin yüksək insani keyfiyyəti haqqında həqiqətləri tamaşaçılara çatdırır. Bu film ulu öndərə həsr olunan on filmdən biridir. “General”, “Birinci”, “Moskva, Kreml”, “Lider”, “Tale”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Xüsusi təyinat” kimi digər filmlər də bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin çox uğurlu ekran versiyasıdır.

Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən sonra Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri – teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır.

Bu gün mədəniyyət obyektləri təmir olunur, yeniləri inşa edilir. Bakıda təmir olunmamış teatr binası qalmamışdır. Bakının 2009-cu ildə “İslam Mədəniyyətinin paytaxtı” elan edilməsi Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası istiqamətində çox önəmli bir hadisə idi. Bakıda ənənəvi keçirilən mədəniyyətlərarası dialoq forumları, humanitar forumlar, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiyası sahəsində olduqca əhəmiyyətli tədbirlərdir. Bütün bunlar ulu öndərin mədəniyyət siyasəti konsepsiyasının tərkib hissəsidir.

Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün ulu öndərin adını şərəflə daşıyan fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. İndi Bakıda Muğam Mərkəzi, müasir memarlıq üslubunda inşa edilmiş Xalça Muzeyi fəaliyyət göstərir. Bunlar Heydər Əliyev ideyalarından güc alan dövlət başçımızın həyata keçirdiyi mədəniyyət siyasətinin real nəticələridir.

“Heydər Əliyev və mədəniyyət” mövzusu tükənməz xəzinədir. Bu mövzuda son illər aparılan tədqiqatlar dəryada bir damladır. Mən də bu mövzuya müraciət etmişəm. “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı monoqrafiyada çalışdım ki, ulu öndərin mədəniyyətlə bağlı fikir və düşüncələrini oxuculara çatdırım. Bu tədqiqatlar davam etdirilməlidir. Çünki bugünümüzün reallıqları məhz həmin ideyalardan güc alır. Doğrudan da, bu dahi şəxsiyyətin yaratdığı fundamental mədəniyyət konsepsiyasının əhəmiyyəti olduqca böyükdür.

Bu yazını ulu öndər Heydər Əliyevin sözləri ilə yekunlaşdırmaq istərdim: “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.”

Timuçin ƏFƏNDİYEV,
Azərbaycan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru,
Əməkdar incəsənət xadimi, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında