Tarixi böyük şəxsiyyətlər yaradırlar

“Tarixi böyük şəxsiyyətlər  yaradırlar” – kəlamı məhz Heydər Əliyev fenomenində öz məna tutumunu real ifadə edir. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə minilliklər boyu əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirdi və Azərbaycanın müstəqil dövlət kimi dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulmasının, beynəlxalq aləmdə söz sahibinə çevrilməsinin əsasını qoydu.

Dünyanın ən qüdrətli simaları sırasına yüksələn ulu öndər çox mürəkkəb, ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən ən yaxşı çıxış yolu tapmaq bacarığına malik fenomenal şəxsiyyət kimi hər bir azərbaycanlının qəlbində əbədi iz buraxıb.

Ulu öndər keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi fəaliyyət göstərdiyi dövrdə də doğma xalqını, Azərbaycanı, onun inkişafını, beynəlxalq aləmə inteqrasiyasını, əhalinin rifah halının daha da yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlamışdır.

Heydər Əliyevin 1969-cu ildə respublika siyasi rəhbərliyinə gəlişi ölkədəki tənəzzül prosesinin qarşısını almış, inkişafa nail olunmuş və bundan sonra keçmiş Sovetlər Birliyində azərbaycanlılara qarşı münasibət kökündən dəyişmişdir. Həmin dövrdə  müdrik rəhbər böyük uzaqgörənliklə bütün fəaliyyətini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli özünüdərk şüurunun inkişafına yönəltdi. Milli dirçəlişə, milli qürur hisslərinin oyanmasına nail olmaq və milli kadrların yetişdirilməsi ulu öndərin fəaliyyətinin əsasını təşkil edən sahələrdən olub. Heydər Əliyev həmin dövrdə  ilk növbədə Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmağı prioritet vəzifə kimi qarşıya qoymuşdu. Sovet hökumətinin ruslaşdırma siyasətinin güclənməsinə baxmayaraq, məhz Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi olduğu dövrdə Azərbaycan dili dövlət dili kimi işlək dilə çevrilməyə başladı.

Azərbaycan dilinə dövlət dili statusunun verilməsi uğrunda mübarizə ulu öndərin qələbəsi ilə başa çatdı. Belə ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dili rəsmən dövlət dili elan edildi. Bu, milli özünüdərk, azərbaycançılıq ideyasının yayılması istiqamətində atılan ən mühüm addımlardan biri oldu. Heydər Əliyev Azərbaycan dilinin dövlət dili statusunu almasını sadəcə dil məsələsi kimi deyil, həm də azərbaycançılıq məsələsi kimi dəyərləndirirdi. Ulu öndər ana dilimizi dirçəltməklə yanaşı, həm də dövlət, sovet və partiya strukturlarında milli kadrları yerləşdirirdi.

Ümummilli liderin fəaliyyəti  yalnız milli kadrları önə çəkməklə bitmirdi, eyni zamanda, Azərbaycanın gələcəyini də düşünərək, milli kadr potensialını yaradırdı. Respublikaya lazım olan mütəxəssis-kadrları yetişdirmək,  elmi-texniki və mədəni potensialı yüksəltmək məqsədilə 1970-ci illərdən başlayaraq, hər il yüzlərlə gənc Sovet İttifaqının qabaqcıl ali məktəblərinə göndərilirdi. 1969-cu ildə SSRİ-nin bütün ali məktəbləri üzrə azərbaycanlı gənclərə cəmi 50 yer ayrılmışdısa, Heydər Əliyevin fəaliyyəti sayəsində 1970-80-ci illərdə Azərbaycandan kənarda ölkəmiz  üçün 15 mindən çox yüksək ixtisaslı mütəxəssis yetişdirilmişdi. Bununla yanaşı, həmin dövrdə respublikamız  bütün sahələr üzrə İttifaq miqyasında ən qabaqcıl respublikalardan birinə çevrildi.

O illərdə Heydər Əliyevin elm, mədəniyyət, təhsil, ədəbiyyat, incəsənət sahəsində gördüyü əzəmətli işlər, həqiqətən, milli özünüdərkin, öz kökümüzə qayıdışın yeni mərhələsinə doğru aparan proseslərin başlanğıcı oldu. 1969-1982-ci illərdə Azərbaycan sürətli sosial-iqtisadi inkişafla yanaşı, həm də müəyyən mənada milli hisslərin əsl intibah dövrünü yaşamışdır. Respublikamızın modernləşməsinin, müasirləşdirilməsinin XX əsrin 70-ci illərini – 80-ci illərinin əvvəllərini əhatə edən birinci mərhələsindəki tərəqqi, yüksəliş heç də asan başa gəlməmişdi və ilk növbədə Heydər Əliyevin istedadı və cəsarətinin nəticəsi idi. “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”– deyən Heydər Əliyevin bütün fəaliyyəti xalqla, Azərbaycan dövləti ilə bağlı olub.

Ötən əsrin 90-cı illərinin əvvəllərində – SSRİ-nin süqutundan sonra dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox çətin bir vəziyyətlə üzləşmişdi. Həmin illəri xatırlamaq belə xalqımız üçün çox üzücü və ağırdır. Ölkədə yaranmış siyasi hakimiyyət böhranı yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı parçalanma və məhv olma həddinə çatdırmışdı. Ölkəyə rəhbərlik edənlərin naşılığı nəticəsində yaranmış anarxiya, xaos, özbaşınalıq və qeyri-qanuni silahlı birləşmələrin talançılığı xalqı təngə gətirmişdi. Bir-birinin ardınca hakimiyyəti ələ keçirənlər ölkəni idarə edə bilmədiklərindən qaçıb aradan çıxırdılar. Müstəqil Azərbaycanın 1991–1993–cü illərdə yaşadığı sarsıntılar o vaxt iqtidarda olmuş şəxsləri tamamilə nüfuzdan salmışdı. Təbii olaraq hamı bütün ümidini xalqı arxasınca apara biləcək təcrübəli, nüfuzlu liderə bağlamışdı. Bu lider görkəmli dövlət xadimi Heydər Əliyev idi.

Xalqın təkidli tələblərindən sonra siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”– kəlamı bu gün də hər bir azərbaycanlı  tərəfindən qürurla xatırlanır. Məhz bundan sonra respublikamızın həyatında yeni mərhələnin əsası qoyuldu. Ümummilli liderin müstəqillik konsepsiyası, sosial-iqtisadi inkişaf strategiyası sayəsində müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsasları yaranmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusu reallaşmışdır. Dünya miqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, müstəqilliyimiz möhkəmlənmiş, dünya məkanında ölkəmiz öz layiqli yerini tutmuşdur.

1994-cü ilin sentyabrında  dünyanın ən böyük neft şirkətlərinin yaratdığı konsorsium ilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın tərəqqi və modernləşdirilmə mərhələsinin başlanğıcı oldu. Azərbaycana xarici sərmayələrin cəlb olunması son dərəcə böyük geosiyasi və iqtisadi əhəmiyyət daşıyırdı. Bundan sonra Azərbaycan qapılarını bütün dünyanın üzünə açdı, yeni müqavilələrin imzalanmasını və ölkəyə investisiya qoyuluşunu təşviq etdi. Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul olunmuş ilk Konstitusiyası ölkədə yeni iqtisadi sistemə keçidin hüquqi əsası oldu. Həmin vaxtdan respublikanın iqtisadi həyatının yeni mərhələsi başlandı. Konstitusiya Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, demokratik quruluşa təminat verilməsi, vətəndaş cəmiyyətinin bərqərar edilməsi, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsi, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar olunması, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq kimi mütərəqqi ideyaları təsbit etmişdir.

Müstəqilliyimizin möhkəm-lənməsində, hüquqi, demokratik dövlət quruculuğu işində ilk milli Konstitusiyamızın xüsusi yeri var. “Heydər Əliyev Konstitusiyası” kimi tarixə düşən Əsas Qanunumuz insan hüquq və azadlıqlarının təminatlı müdafiəsi sahəsində mükəmməl bir sənəddir. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət olan  Konstitusiya əsasında Azərbaycan dövləti  çağdaş inkişaf yolunu tutdu, Heydər Əliyevin siyasi xəttinin həyata keçirilməsi üçün hüquqi zəmin yaradıldı. Konstitusiyanın  qəbulu Azərbaycanın dünya birliyinin tam bərabərhüquqlu üzvünə çevrilməsini qəti və birdəfəlik olaraq təsdiqləyən akta çevrildi.

Xalqımıza  azərbaycançılığı qaytarması, bu düşüncənin ideologiya səviyyəsində formalaşdırılması Heydər Əliyevin ən böyük xidmətlərindəndir. Dünya azərbaycanlılarının bir bayraq altında birləşdirilməsi, bir əqidə, amal uğrunda mübarizə aparmaları və buna nail olunması ulu öndərin siyasi xəttinin prioritetini təşkil etmişdir. 1996-cı ilin iyul ayında Almaniyanın Bonn şəhərində soydaşlarımızla görüşdə Heydər Əliyev bu barədə demişdir: “...Mən demirəm ki , 40 milyon azərbaycanlı bir yerə yığışsın, bu, heç lazım da deyil. Ancaq hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra da möhkəmləndirər...”

Heydər Əliyev bu görüşlə xaricdə yaşayan soydaşlarımızın bir araya gələrək təşkilatlanması, ümumazərbaycan lobbisinin yaranması işinin əsasını qoydu. Hələ Naxçıvanda olarkən – 1991-ci il 16 dekabr tarixli qərarı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü bayram etməsi, 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi dünyaya səpələnmiş soydaşlarımızı bir araya gətirdi. Hazırda dünyanın 30 – dan çox ölkəsində 150 – dən artıq ictimai, milli – mədəni cəmiyyət və təşkilatımız fəaliyyət göstərir və Azərbaycan həqiqətlərini dünyaya çatdırır.

Heydər Əliyev prezidentlik fəaliyyətinə başlayan vaxtdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin nizamlanması istiqamətində çoxtərəfli danışıqlara başlandı. Xalqımızın ən ağrılı yeri olan bu münaqişənin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun həlli və ərazi bütövlüyümüzün təmin olunması üçün bütün imkanlardan istifadə edildi. Ulu öndər  böyük humanist, sülhsevər şəxsiyyət idi. Ona görə də münaqişənin həllində dinc yola, beynəlxalq birliyin dəstəyinə üstünlük verdiyini dəfələrlə bəyan etmişdir. Məhz bu məqsədlə Ermənistan prezidenti Robert Koçaryanla 20-dən artıq görüş keçirmişdir. Bütün danışıqlarda ilk növbədə Azərbaycanın milli maraqlarını qorumuş və Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olduğunu, ondan heç vaxt imtina edilməyəcəyini qəti şəkildə bildirmişdir.

Ulu öndər problemin həlli ilə bağlı dünyanın aparıcı dövlətlərinin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri–Rusiya, Fransa və ABŞ prezidentləri ilə də dəfələrlə görüşlər keçirmiş və bu görüşlərdə Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunması kəskin pislənilmişdir. Ümumiyyətlə, ulu öndər bütün xarici səfərlərində Ermənistanın işğalçılıq siyasətini təkzibolunmaz faktlarla ifşa etmişdir.

Bu gün hər bir azərbaycanlı fəxrlə deyir ki, ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Bütün ruhu, varlığı ilə öz xalqına, elinə-obasına bağlı olan ümummilli lider həmişə milləti, Vətəni fikirləşmiş,  müstəqilliyimizin əbədiyyətə çevrilməsi naminə çalışmışdır. “Azərbaycanın dövlət müstəqilliyi sarsılmaz və dönməz olacaqdır” – deyən ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini ölkəmizin müstəqilliyinə, xalqımızın rifahına həsr etmişdir.

Ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləyir.

Mirkazım KAZIMOV,
Milli Məclisin deputatı,
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında