Azərbaycanda söz, fikir və məlumat azadlığı yüksək səviyyədə təmin edilir

3 May Ümumdünya Mətbuat Azadlığı Günüdür

 

 

 

 

 

 

 

 

 


Bütövlükdə söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir.

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Gündən-günə qüdrətlənən, beynəlxalq aləmin aparıcı subyektlərindən birinə çevrilən gənc müstəqil Azərbaycan dövləti təkcə sosial-iqtisadi sahədə deyil, eləcə də cəmiyyətin daha da demokratikləşdirilməsi istiqamətində kifayət qədər uğurlar qazanmışdır. Dövlətimizin bu qədər nailiyyətlərə imza atmasının bir səbəbi ulu öndər  Heydər Əliyevin işləyib hazırladığı  siyasi kurs və həmin xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidirsə, digər səbəbi də dünya miqyasında mövcud olan  mütərəqqi  məzmunlu  fəaliyyət birliklərinin  hamısına qoşulmağımızdır. Bu gün ölkəmiz özündə bəşəri dəyərləri ehtiva edən bütün beynəlxalq müqavilə, pakt və konvensiyalara qoşulub.

Əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə töhfə vermək məqsədilə formalaşdırılmış  sənədlərdən biri də Vindhuk müqaviləsidir. Xatırladaq ki, həmin müqavilə azad və müstəqil informasiya vasitələrinə yardımçı olmaq məqsədi ilə bütün dünya dövlətlərinə mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağıran sənəddir. Bu sənəd 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda  regional seminara toplaşmış jurnalistlər tərəfindən qəbul edilmişdir. Bununla əlaqədar BMT Baş Assambleyası 1993-cü ildə  həmin  tarixi Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək barədə qərar qəbul etmişdir. O vaxtdan bəri hər il mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur. Bu gün münasibətilə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, ifadə azadlığının inkişaf perspektivləri müzakirə edilir, mətbuatın müstəqilliyinin təmin olunması, senzuranın ləğvi, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və digər məsələlər araşdırılır.

BMT-nin qəbul etdiyi bu qərar "Ümumdünya insan hüquqları bəyannaməsi"nin 19-cu maddəsində göstərilmiş fikir və ifadə azadlığı hüquqlarına istinad edir. Həmin maddədə yazılır : “Hər bir insan əqidə azadlığı və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir: bu hüquqa maneəsiz olaraq öz əqidəsində qalmaq azadlığı və istənilən vasitələrlə və dövlət sərhədlərindən asılı olmayaraq, informasiya və ideyalar axtarmaq, almaq və yaymaq azadlığı daxildir”.

Bu gün tam qətiyyətlə deyə bilərik ki, Azərbaycan Respublikası nəinki Avropada, hətta bütün dünyada əsas insan hüquq və azadlıqlarının,  həm də söz və mətbuat azadlığının ən yüksək səviyyədə qorunduğu ölkələrdən biridir. Ümumdünya Mətbuat Azadlığı Günü Azərbaycanda da geniş qeyd edilir. Müstəqil Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Azərbaycan dövləti azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün daim zəruri addımlar atır. Azərbaycan əhalisinin, təxminən, 80 faizinin internetə çıxışı olan azsaylı ölkələrdəndir.  Bu isə dövlətin azad sözə, müstəqil mətbuata verdiyi sərbəstliyin, göstərilən qayğının təzahürüdür.

Bir neçə konkret faktı yada salaq. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin ölkədə  hakimiyyətə qayıdışından sonra yeni tipli medianın formalaşması və möhkəmlənməsi üçün dəfələrlə ciddi tədbirlər həyata keçirilmiş, KİV-lər üzərindən dövlət nəzarətinin götürülməsi və azad mətbuatın inkşafı üçün əlverişli mühit yaradılmağa başlanmışdır. Ulu öndər Heydər Əliyevin “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı ilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarənin ləğvindən və “Kütləvi informasiya vasitələri haqqında” Qanunun qəbulundan sonra ölkə mətbuatının inkişafında yeni dövr başlanmışdır.

Nəinki mətbuat təmsilçilərinin, həmçinin çoxmilyonlu oxucuların da yadından çıxmayıb ki, qəzet redaksiyalarının  “Azərbaycan” nəşriyyatına olan borclarının ləğv edilməsi, onların  maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin müxtəlif dövlət mükafatları ilə, o cümlədən orden və medallarla təltif olunmaları dahi öndərin mətbuatın inkişafına göstərdiyi diqqətin tərkib hissəsidir.  Azərbaycan jurnalistlərinin 2003-cü ilin martında keçirilən  I Qurultayında Mətbuat Şurasının yaradılması bu sahədə pərakəndəliyin aradan qaldırılmasına müsbət təsir göstərmiş, bir qədər sonra Jurnalistlərin Peşə Kodeksinin qəbul edilməsi isə media qurumları arasında problemlərin həllində mühüm rol oynamışdır.

Sevindirici haldır ki, ümummilli liderin cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, ölkə mətbuatına göstərdiyi qayğı da Prezident İlham Əliyev tərəfindən  uğurla davam etdirilir. Milli mətbuatımızın hər 5 ildən bir yubileylərinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamları bu sahəyə olan diqqət və qayğının bariz nümunəsidir. 2005-ci ildən “Əməkdar jurnalist” fəxri adı bərpa edilmiş, çoxsaylı həmkarlarımız fəxri adlara, orden və medallara layiq görülmüşlər. 

Prezident  sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” mətbuat – dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin bu sahədəki siyasətini tam mənada ifadə edən baza rolunu oynayır.  Həmin sənəd əsasında 2009-cu il aprelin 3-də “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” dövlət başçımızın fərmanı bu istiqamətdə atılmış mütərəqqi addımlardan biridir.  Həmin fondun  əsas məqsədi  azad medianı inkişaf etdirmək, onu dəstəkləmək, mətbuatın maddi-texniki bazasının, o cümlədən mediada çalışan jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərməkdir.

KİVDF-nin yaradılmasını  böyük məmnunluqla qarşılayan, bir çox hallarda bayram kimi qəbul edən mətbuat təmsilçiləri daha bir neçə ildən sonra dövlətin elə bir qayğısını gördülər ki, indiyədək  ölkələrin heç birində o miqyaslı dövlət qayğısı qeydə alınmamışdır. Belə ki, Prezident İlham Əliyevin sərəncamı əsasında ayrılan vəsaitlə jurnalistlər üçün 156 mənzilli yaşayış binası tikildi və həmin ev 2013-cü il iyulun 22-də – bilavasitə Mətbuat Günü  qələm sahiblərinə təhvil verildi.  Elə həmin gün dövlət başçımız jurnalistlər üçün tikiləcək 255 mənzilli növbəti yaşayış binasının təməlini qoydu. Növbəti  binadakı mənzillər də  bu  yaxınlarda   məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan həmkarlarımıza paylanacaq.

Sonda bir məqamı da yada salaq.  Belə ki, mayın 1-də keçirilən rəsmi dövlət tədbirlərinin birində də bizim – yəni mətbuatın dövlət qayğısı ilə əhatələndiyini özündə əks etdirən fikirlər eşitdik. Həmin gün hələ 2003-cü ildə “Biz neft kapitalını insan kapitalına çevirəcəyik!” – deyə elmə, təhsilə, tərəqqiyə xüsusi önəm verəcəyini söyləyən Prezident İlham Əliyevin səyləri nəticəsində  paytaxtın Səbail rayonunda müasir Avropa standartlarına cavab verən Bakı Ali Neft Məktəbinin yeni kampusu istifadəyə verildi. Kampusun açılışında çıxış edən dövlət başçımız ətrafdakı yaraşıqlı bina və qurğulara nəzər salaraq  dedi: “ Burada belə gözəl neft məktəbi, idman şəhərciyi, Su İdmanı Sarayı yaradıldı, bax, o binalar jurnalistlər üçün tikilmişdir. Hesab edirəm ki, bu da nadir təşəbbüsdür. Heç bir başqa ölkədə dövlət jurnalistlər üçün bina tikmir. Bu binalarda yaşayan və yaşayacaq jurnalistlər müxtəlif mətbu orqanların nümayəndələridir, burada mənzillərin bölgüsü də püşkatma yolu ilə aparılıb, yəni, ədalət və obyektivlik tam təmin edilib”.

İttifaq MİRZƏBƏYLİ,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında