Qərbin öz hüdudlarından kənarda axtardığı “demokratiya”

Aprelin 16-da qardaş Türkiyədə keçirilən referendumun nəticələrini “qoca qitə”  heç cür həzm edə bilmir, Avropa Birliyinin  rəsmiləri onun nəticələrinin legitimliyini şübhə altına alan mövqe nümayiş etdirirlər. Onlar yaxşı başa düşürlər ki, artıq Türkiyə bundan sonra daha da möhkəmlənmək və qüdrətli bir dövlətə çevrilmək yolunu  seçib.  Bax, həzm edilə bilməyən bu həqiqətdir.

Qardaş ölkənin son illər regionun problemlərinin həlli istiqamətində yürütdüyü müstəqil siyasət “qoca qitə” təmsilçilərini  artıq çoxdan rahatsız etmişdi. Bu müstəqilliyi əngəlləməyin yollarının axtarışında olan “demokratlardan” türk xalqının seçiminə başqa münasibət gözləmək də mümkün deyildi. Bu gün başqasından demokratik dəyərlərə əməl etməyi tələb edən Avropa Birliyi  təmsilçiləri tarix üçün heç də böyük olmayan bir zaman kəsiyində bütün dünyaya necə qan uddurduqlarını nə tez unutdular? Biz onların unutqanlığına imkan verməməli, kim olduqlarını hər an yadlarına salmalıyıq. Həyatın elə qanunları var ki, onları dəyişmək heç kimə müyəssər olmur. Bunlardan biri də genlərlə bağlıdır. Böyük rus alimi N.İ. Vavilov demişkən “Genlər heç vaxt yanlışlığa yol vermir -- onları aldatmaq mümkün deyil”.

Bəli, bu gün Avropanın qardaş Türkiyəyə ədalətsiz  münasibəti bu deyimin nə qədər əsaslı olduğunu bir daha sübut edir. Millətlərin xisləti dəyişmir – erməni xisləti kimi. İşğal etmək, başqalarını əzib özünə tabe etdirmək, özündən asılı vəziyyətdə saxlamaq – bax, budur Qərb demokratiyasının kökündə dayanan dəyərlər. Bu gün özlərini elə aparırlar ki, sanki ötən əsrdə bütün dünyanı işğal edərək öz müstəmləkəsinə çevirən və bu zaman yüz minlərlə insanı sorğusuz-sualsız qətlə yetirən, 80 milyondan çox insanın məhvi ilə nəticələnən iki cahan savaşını törədən bunların babaları olmayıb. Bəşəriyyəti o qanlı cinayətlərə sürükləyənlərin genlərini daşıyanlar bu gün   babalarının  yolunu daha sivil bir şəkildə - demokratiya pərdəsi altında davam etdirirlər. Onlar başqalarına qadağan etmək istədiklərini özlərinə aid etmirlər. Sərhədlərindən kənarda görmək istədikləri demokratiya  isə onların şəxsi maraqlarına xidmət etməlidir. Ortada olan əsl həqiqət məhz budur.

Yoxsa türk xalqı öz seçimini edib “əvət” deyibsə, bundan belə əndişələnmək nə deməkdir? Xalq seçimini edib! Bəs sizlər necə seçirsiniz? İngilislər bir il öncə Avropa Birliyindən çıxmağa “hə” dedilər. Bəs nə üçün yığışıb bunun qarşısını öz evinizin içində ala bilmədiniz? Viran qalan Yaxın Şərqdən imdad diləmək üçün rezin qayıqlarda batıb məhv olmaqdan qorxmayaraq  sizlərə pənah gətirmiş o qurbanlarınızı nə üçün itlərlə, tikanlı məftillərlə qarşılayırsınız? Bu gün əhalisi 500 milyonu keçən “qoca qitə” 5 milyona yaxın qaçqını qəbul edib yerləşdirməkdə niyə acizlik göstərir? Türkiyənin böyük çətinliklə saxladığı və Avropaya kütləvi axınının qarşısını aldığı o qaçqınlara yardımdan da imtina etdiniz.

Bu gün Avropa Birliyinin yaratdığı dəyərlər sökülür. Onun üç dayağından biri  olan Böyük Britaniya bu qurumu tərk etdi. İkinci dayaq – Fransa da belə bir addım atmaq  barədə fikirləşir. Almaniya isə bu ağır yükü tək çəkmək iqtidarında deyil. Bu gün Avropa Birliyi iqtisadi çətinliklər içində çabalayır. Üzv ölkələrin çoxunda maliyyə durumu ağır vəziyyətdədir, xarici borc ümumi daxili məhsulu üstələyir. Belə bir acınacaqlı vəziyyətdə  onun Türkiyəni özündən itələməsi təəccüb doğurur. Bu birlik suda batmazdan öncə kimlərdənsə qisasını almağı unutmayan imkansızı xatırladır...

Hazırda Avropa Birliyi öz dəyərlərini itirir və faktiki olaraq türk, müsəlman düşmənçiliyinə yuvarlanır, deyənlər yanılırlar. O, çoxdan bu yolun yolçusudur. Türkiyəni minbir bəhanələrlə neçə illərdir ki, Avropa Birliyinin qapıları arxasında saxlamaq nə demək idi? Hər kəs çox gözəl başa düşürdü ki, bu bir oyundur. Əsl həqiqət  isə bu idi ki, onlar nə Türkiyə kimi qüdrətli tərəfdaşdan imtina edə bilirdilər, nə də onu üzv qəbul etmək istəyirdilər. Sadəcə, qorxur və qorxduqları üçün oynamaq zorunda qalırdılar.  Bu gün  də Şərqlə Avropanın arasında yerləşən bu qüdrətli dövlətin sürətli inkişafı  onun əleyhdarlarını qorxudur. Onlar qorxurlar ki, Türkiyə bu birliyə üzv olduqdan sonra tezliklə Avropa ölkələrində yaşayan türklərin sayı on milyonlarla artacaq.

Bütün bunlara görə qardaş  xalqın Türkiyə dövlətinin qüdrətinin artırılmasına yönəlmiş seçimi “qoca qitə”də belə qıcıq yaratdı. Onlar Türkiyədən imtina edə bilməzlər – bu mümkün deyil. Bu səbəbdən də, 13 il bundan öncəki start vəziyyətinə qayıdıb, Türkiyənin bu quruma üzvlük məsələsini yenidən qeyri-müəyyən bir vaxta qədər uzatmaq yolunu tutdular.

Avropa bir həqiqəti anlamalıdır ki, hazırda Türkiyənin ona ehtiyacından daha çox, onun Türkiyəyə ehtiyacı var. Bu gün Türkiyəyə yönəlmiş bu haqsızlıq, həm də Azərbaycana qarşıdır. Bu səbəbdən biz türk qardaşlarımızın yanında olmalı və haqqı, ədaləti müdafiə etməliyik.

Fikrət Yusifov,
iqtisad elmləri doktoru,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında