Avropa Şurası Parlament Assambleyasının Türkiyədə monitorinqi yenidən bərpa etmək barədə qərarı Azərbaycan ictimaiyyətinin də kəskin etirazına səbəb olub. AZƏRTAC Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsi müdirinin müavini Ərəstü Həbibbəylinin bununla bağlı məqaləsini təqdim edir. Məqalədə həmin ədalətsiz və qərəzli qərarın nədən qaynaqlandığına, Avropanın bəzi beynəlxalq qurumlardan Türkiyəyə, bütövlükdə İslam dünyasına, o cümlədən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməsinə və bu kontekstə cəmiyyətimizi düşündürən digər aktual problemlərə münasibət bildirilir.
Günümüzdə baş verən hadisələr bir daha göstərir ki, Avropa orta əsrlər təfəkküründən irəli gedə bilməyib. Müasir dövrdə Avropanın modernləşmə və qloballaşma nüvəsi hesab olunmasına baxmayaraq, hadisələrin təhlili göstərir ki, bu cür yanaşma yalnız Qərb dəyərlərinin bütün dünyaya vahid şablonlar çərçivəsində tətbiqinə əsaslanır. Hazırda özününkü olmayanların özgə hesab olunması və bu özgələrin müstəqil qərar və seçimlərinə hörmət edilməməsi Avropanın orta əsr təfəkküründən doğur. Belə ki, orta əsrlərdə “Qoca qitə” sakinləri yalnız xristian dəyərlərə inanır və bu dəyərlərdən kənarda heç nəyi qəbul etmirdilər. Avropa “xristianlıq qalası” hesab olunurdu və bu məkanda ən böyük düşmən və ya rəqib kimi müsəlman türkləri görürdülər.
Əsrlər keçsə də, bu təfəkkürün dəyişmədiyini demək mümkündür. Belə ki, son illər yerli əhalisi sürətlə qocalan Avropa ölkələri miqrant axınını öz gələcəkləri üçün əsas çağırış hesab edirlər. Miqrantların əksəriyyətinin müsəlman ölkələrdən olması Avropanı orta əsrlərdə olduğu kimi, yenidən İslam dünyası ilə qarşı-qarşıya qoyub. Sadəcə hazırda insan haqları, demokratik dəyərlər, tolerantlıq, dini və etnik dözümlülük kimi prinsipləri özünə şüar edən Avropa xristian olmayanlara münasibətdə bu prinsipləri yaddan çıxarır.
Azərbaycan da müstəqillik illəri ərzində Avropada müəyyən qüvvələr tərəfindən idarə olunan dairələrin əsassız ittihamları ilə qarşılaşır. Ən acınacaqlısı isə odur ki, bir sıra hallarda beynəlxalq və dövlətlərarası münasibətlərdə Avropa təsisatları dövlətlərin suveren hüquqlarına hörmət etmirlər. Hazırkı dünya nizamının, BMT-nin əsas şərti bütün dövlətlərin suveren hüquqlarına qarşılıqlı hörmət olmalıdır. Lakin, təəssüf ki, Qərbin özünün yaratdığı bu dünya nizamında bəzən dövlətlərin müstəqil siyasət yeritmək, öz xalqının tələblərinə və istəyinə uyğun yaşamaq hüququna hörmət edilmir. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyənin yenidən monitorinq altına alınması ilə bağlı qəbul etdiyi qərar da bu qəbildəndir. Həm Türkiyə, həm Azərbaycan dəfələrlə Avropanın yerli xüsusiyyətləri nəzərə almadan vahid şablon standartların tətbiq olunması nəticəsində əsassız ittihamlarla qarşılaşmışlar. Ən narahatedici məqam isə odur ki, Avropa qurumlarının bu tələbləri səslənərkən müstəqil ölkələrin əhalisinin əksəriyyətinin rəyi ümumiyyətlə nəzərə alınmır.
Qeyd etməliyik ki, müstəqil dövlətlərin əhalisinin əksəriyyətinin dəstəklədiyi suveren hüquqlarına hörmət edilməməsi Avropa qurumlarının özünün gələcəyi üçün olduqca aktual çağırışdır. Bir faktı xatırlatmaq da yerinə düşər. Bu yaxınlarda Macarıstan hökuməti Budapeştdə fəaliyyət göstərən Corc Sorosa məxsus universitetin bağlanması ilə bağlı qərar qəbul edib. Macarıstan hökumətinin ölkənin milli maraqlarını nəzərə alaraq qəbul etdiyi bu qərar ölkənin suveren hüququ və daxili işidir. Bu qərardan sonra Avropanın bütün təsisatlarında qərarın siyasiləşdirilməsi, demokratiyadan geri çəkilmə, insan hüquq və azadlıqlarının qorunması kimi məsələyə aid olmayan geniş bir kampaniya başlanıb. Buna suveren dövlətin daxili işlərinə müdaxilədən başqa bir ad vermək mümkün deyil. Belə görünür ki, Avropa xalqlarından etnik mənşə baxımından fərqlənən və son illər öz xalqının istəklərinə uyğun müstəqil siyasət yeridən Macarıstan da özgə dəyər daşıyıcısı kimi qəbul olunur və bütün böhtan kampaniyalarının əsasında məhz bu faktor dayanır.
AŞPA-nın qəbul etdiyi “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı qətnamə də Avropanın türkofobiya düşüncəsindən irəli gəlir. Bu qurumun insan hüquqları, demokratiya və qanunun aliliyinə hörmətlə bağlı “dərin narahatlıqlar” “qaneedici şəkildə aradan qaldırılmayanadək” Türkiyəyə münasibətdə monitorinq prosedurunu yenidən bərpa etmək qərarı son illər regionda və dünyada güclü müstəqil siyasət yeridən qardaş Türkiyəyə qarşı siyasi təsir aləti və şantaj vasitəsi kimi qiymətləndirilməlidir.
Bu ədalətsiz və qərəzli qərarı daha geniş mənzərənin bir hissəsi kimi nəzərdən keçirmək lazımdır. Şübhəsiz, bu qərar həm Avropanın “xristian klubu” anlamında öz daxilində, həm də qonşuları ilə əlaqələrində baş verən proseslərin nəticəsidir. AŞPA-nın bu qərarında son zamanlar Avropada Türkiyəyə qarşı formalaşmış münasibət aydın şəkildə hiss olunur və bu da əslində həmin qərarın insan hüquqları, demokratiya kimi meyarlar əsasında deyil, sırf siyasi, hətta deyərdim ki, geosiyasi mülahizələr əsasında qəbul edildiyini göstərir.
Türkiyə 1949-cu ildən Avropa Şurasının üzvü və onun yaradıcılarından biridir. Türkiyənin Avropa Şurası ilə dərin əməkdaşlığı çərçivəsində bir çox siyasi islahatlar həyata keçirilib ki, bunun da nəticəsində 2004-cü ildə AŞPA Türkiyənin monitorinq prosedurundan çıxarılması haqda qərar qəbul edib. Eyni zamanda, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu AŞPA-nın prezidenti kimi fəaliyyət göstərib. Əlbəttə ki, bütün bunlar Türkiyənin qurum daxilindəki nüfuzu, onun fəaliyyətinə verdiyi töhfənin göstəriciləridir.
Demokratik standartlara uyğunluq baxımından Türkiyə Avropa ölkələrindən heç də geri qalmır. Əlbəttə, bütün bunlara baxmayaraq, onun hələ də Avropa İttifaqına qəbul edilməməsi ayrıca bir mövzudur. Son referenduma gəlincə, 2016-cı ilin iyulunda baş vermiş dövlət çevrilişi cəhdi və eyni zamanda, terror hücumlarının artması Türkiyə dövlətçiliyinin və suverenliyinin müdafiəsi, əhalinin təhlükəsizliyinin təmin edilməsi baxımından bir sıra addımların atılmasını zəruri edirdi. Belə bir şəraitdə, əhalinin istəyinə uyğun olaraq, dövlətin gələcək inkişaf yolunu müəyyən edən referendumun ən yüksək səviyyədə təşkili Türkiyə hakimiyyətinin demokratik ənənələrə sadiqliyinin sübutudur. Türkiyənin terrorçu kimi qəbul etdiyi şəxslərə “siyasi mühacir” statusu verən Avropa ölkələrinin bu məsələyə münasibəti isə ciddi suallar doğurur. Maraqlıdır ki, bir müddət əvvəl işğalçı Ermənistanda total korrupsiya və ciddi seçki pozuntuları şəraitində keçirilmiş parlament seçkilərində açıq-aşkar saxtakarlıq və qayda pozuntuları olsa da, Avropa qurumları belə sərt qərarlar qəbul etmədilər.
Beləliklə, fikrimizcə, Avropada türkofobiya meyilləri yalançı demokratiya pərdəsi altında gizlədilir. Avropa insan hüquqları, demokratiya kimi məsələlərdə standartları müəyyən etmək, digərlərini qiymətləndirmək hüququnu artıq itirib. Öz daxilində ultramillətçilik, şovinizm, islamofobiya kimi meyillərə qarşı mübarizə aparmaqda çətinlik çəkən, müxtəlif maraqlar çərçivəsində ayrı-ayrı ölkələrə fərqli yanaşan, ikili standartları rəhbər tutan Avropa bu məsələlərdə rəy vermək səlahiyyətinə malik olmamalıdır. Avropa dünyanı özününkü və özgələrə böldükcə bəşəriyyət daim böyük təhdidlər və problemlərlə üzləşəcək. Türkiyəyə qarşı Avropa qurumlarının bu yanaşması qərəzlidir və Azərbaycan bu ədalət mübarizəsində daim qardaş ölkənin yanındadır.
Ərəstü Həbibbəyli,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
xarici əlaqələr şöbəsi müdirinin müavini
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.