Yüz ilin respublikasına kiminsə “demokratiya” dərsi keçmək istəyi tamamilə iflasa məhkumdur

AŞPA-nın Türkiyə ilə bağlı qərarı sübut edir ki, Avropa üçün islamofobiya həyat tərzinə çevrilib

Artıq hamıya gün kimi aydındır ki, Avropanın əsas siyasi istiqamətlərini müəyyən edən dairələr və ya şəxslər İslam dünyasına aid olan, xüsusən, “köhnə qitə”nin qonşuluğunda yerləşən, əhalisinin böyük əksəriyyəti müsəlman olan dövlətlərin tərəqqisini qətiyyən istəmirlər. Əgər belə olmasaydı, respublika kimi mövcud olduğu son yüz ilin ən yüksək inkişaf səviyyəsinə qalxmış Türkiyədəki son Konstitusiya islahatlarından narahat olmazdılar. Az qala 80 milyonluq ölkədə referendum iştirakçılarının yarıdan çoxunun bu islahatları dəstəkləməsi Avropada necə təşviş yaradıbsa, AŞPA “başbilənləri”  NATO-nun üzvü və Ağ evin regiondakı əsas müttəfiqi olan Ankaranın üstünə açıq və yersiz hücumlara keçiblər.

Əgər Avropa qurumlarını təmsil edən siyasətçilərin beyni islamofobiya zəhəri ilə çirklənməyibsə, onda nə üçün son 25 ildə işğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycanı eyni gözlə görür və münaqişənin həllində məhz bu iki dövlətin dil tapmasını məsləhət görürlər? İkili siyasi standartları tətbiq etməkdən utanmayan və usanmayan Avropa rəsmiləri və onların “ züytutanları” Krım münaqişəsi yaranan kimi Rusiyaya qarşı iqtisadi sanksiya kampaniyasına start verdilər. On illərdən bəri Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistanın isə sanksiyaya məruz qalmaması bir yana qalsın, heç açıq şəkildə işğalçı da adlandırılmır.

Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransının tribunasından bu həqiqətləri Avropanın və Qərbin bütün təmsilçilərinin qulağına çatacaq şəkildə ucadan və açıq tərzdə səsləndirmişdi. Çox təəssüf ki, hələ kimlərsə bu həqiqətləri eşitməzliyə vurmaqda davam edirlər. Ancaq hər bir haqsızlığın sona qədər davam etmədiyini hamı bilir.

Azərbaycanda Vətənə xəyanət edənlər, dövlət əmlakını oğurlayanlar, ictimai asayişi kobud şəkildə pozanlar, vətəndaşın şəxsi əmlakına ziyan vuranlar və ya hansısa konkret cinayət əməlində ittiham olunanlar azadlıqdan məhrum edilirsə, Avropanın bəzi qurumları vay-şüvən qaldıraraq, bütün dünyaya səs salırlar ki, ay haray, qoymayın, Azərbaycanda insan hüquqları pozuldu. Bir milyondan artıq azərbaycanlının bütün hüquqlarını əlindən alıb qaçqına, köçkünə çevirən, minlərlə azərbaycanlını sadəcə türk qanı daşıdığına görə məhv edən, minlərlə tarixi abidəni yerlə-yeksan edib, viran qoyan, Xocalı soyqırımı başda olmaqla, onlarca qətliam törədən Serj Sarkisyanın isə başı tumarlanır. Bu faktların mövcudluğunu bilə-bilə hansısa avropalının Azərbaycana və ya Türkiyəyə demokratiya dərsi keçmək istəyi sadəcə, ikili standart qərəzlilik deyil, həm də xəstəlik əlamətidir.

Bu gün hamı yaxşı bilir ki, Türkiyə beynəlxalq təşkilatlarla və digər dövlətlərlə bərabərhüquqlu münasibətin tərəfdarıdır və həmin prinsiplərə sədaqətini dönə-dönə sübut edib. Ancaq Avropa qurumları bu ölkənin parçalanmasına zəmin yaratmaq istəyən, hər gün bir polis məntəqəsinə, əsgəri bölümə, iaşə obyektinə, hətta təhsil müəssisəsinə belə hücumlar təşkil edib insan qanı tökən separatçıların cəzalandırılmasını insan hüquqlarının pozulması adlandırırlar. Bəs həlak olan polisin, şəhid edilən əsgərin, yaralanan mülki şəxsin hüquqları harada qaldı? Onlar da eyni ölkənin vətəndaşı deyilmi? Çox təəssüf ki, Avropada bu ikili standartları tətbiq edənlər öz arqumentlərinin həqiqət olduğuna inanırlar. Əgər inanmasaydılar, heç olmazsa, xəcalət çəkərdilər. Nəinki xəcalət çəkmirlər, heç elementar utanmaları da yoxdur.

Avropa Şurası Parlament Assambleyasının Türkiyədə 13 il əvvəl ləğv edilmiş monitorinqi bərpa etmək barədə qərarı təkcə Türkiyə və Azərbaycanda deyil, eləcə də beynəlxalq aləmdəki ikili standartlardan əziyyət çəkən ölkələrin hamısında ciddi narazılıq və narahatlıqla qarşılanır. Ekspertlərdən biri qeyd edir ki, Türkiyə ötən müddətdə böyük çətinliklərə baxmayaraq, özünün oturuşmuş demokratik cəmiyyətini qurub. Kiminsə kənardan baxıb buna qiymət verməsinə ehtiyac yoxdur. Ona görə də Avropa Şurası Parlament Assambleyasının bu qərarı heç bir məntiqə sığmır.

AŞPA-nın bu qərarının həmin təşkilatda islamofobiya meyillərinin qalib gəlməsinin göstəricisi olduğunu deyən politoloqlar vurğulayırlar ki, adətən, adıçəkilən monitorinqlər müxtəlif dairələrin mənafeyinə xidmət edir, müstəqil dövlətlərə təzyiq göstərmək və onların milli maraqlarına zərbə vurmaq məqsədi güdür.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev hələ iki il əvvəl dünyadakı mövcud proseslərin mahiyyətini və Azərbaycanın tutduğu xətti xarakterizə edən geniş məqalə yazmışdı. “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında, yaxud Azərbaycana münasibətdə ikili standartlar” adlı həmin məqalədə qeyd edilirdi ki, müasir dünyada böhranın böyüməsində digər dövlətlər və regionların mürəkkəb problemləri ətrafında qərar qəbul etmək hüququnu inhisara almaq istəyən Avropa institutları və təşkilatlarının rolu heç də az deyil.

Akademik xatırladırdı ki, bu gün belə Avropa institutlarının müstəqil dövlətlərə, xüsusilə Azərbaycana qarşı fəaliyyəti zamanı suveren dövlətə siyasi təzyiq metodu kimi insan hüquqları məsələsindən istifadə olunur. Süni böyüdülən problemlərin və ənənəvi alətlər dəstinin köməyi ilə dövlətin daxili işlərinə müdaxilə həyata keçirilir, əhəmiyyətli qərarların qəbulu təcrübəsində “ikili standartlar” tətbiq edilir.

Adıçəkilən məqalədə oxuyuruq: “Mən aşağıda Azərbaycanın bugünkü balanslı və müstəqil xarici siyasətinin xüsusiyyətlərini açmağa çalışacam. Elə burada qısaca vurğulamaq istəyirəm ki, iqtisadi inkişaf və dövlət quruculuğunda əldə olunan uğurlar Avropa strukturlarının ölkəmizə qarşı qərəzli münasibətlərinin səbəbi ola bilər. Hamıya çoxdan məlumdur ki, Prezident İlham Əliyev tərəfindən yürüdülən suveren və müstəqil siyasət, iqtisadi sərbəstlik öz geosiyasi məqsədlərini reallaşdırmaq üçün ölkəmizi qeyri-sabit görmək istəyən bəzi Qərb dairələrini qıcıqlandırır”.

Məqalədə deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev 12 oktyabr 2015-ci ildə Nazirlər Kabinetində çıxışı zamanı vurğulayıb ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. Biz öz yolumuzla gedirik. Bu, inkişaf, tərəqqi yoludur və biz bu yolda böyük uğurlara nail olmuşuq ...Müstəqil siyasətin aparılması bizə bir sıra problemlər yaradır. Çünki bu gün dünyada qütbləşmə prosesinin getdiyi aydın görünür. Böyük ölkələr öz təsir gücünü artırmaq istəyir və dünyada öz mövqeyi, heç kəsdən çəkinməyən müstəqil, prinsipial dövlətin olması, təbii ki, onları qıcıqlandırır. Lakin bu, bizi narahat etməməlidir... Çünki mənim üçün ən vacib olanı ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə də Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək. Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik.

Dövlət başçımızdan iqtibas gətirən akademik həmin sitata bir cümləlik şərh verir: “Azərbaycanın mövqeyi bundan ibarətdir və əgər onun tərəfdaşları bərabərhüquqlu əməkdaşlıq istəyirlərsə, bununla hesablaşmalıdırlar”.

Başqa bir məqama diqqət yetirək. Birləşmiş Millətlər Təşkilatının yaranmasının 70-ci ildönümü münasibətilə ABŞ Prezidenti Barak Obama Baş Assambleyada çıxışı zamanı Ukraynadakı vəziyyətə toxunaraq bildirib: “Biz biabırçı şəkildə ölkənin müstəqilliyinin pozulması və ərazi bütövlüyünün pozulduğu vaxt kənarda qala bilmərik”. Akademik Ramiz Mehdiyev yazır: “Bu hadisələr cənab Barak Obamanın hiddətinə səbəb olur. Amma nədənsə, Ermənistanın torpaqlarımızın 20 faizini işğalı nəticəsində 20 ildən artıq müddətdə Azərbaycanın ərazi bütövlüyünün pozulması faktı ABŞ Prezidentini hiddətləndirmir. Bu cür yanaşma nə dərəcədə düzgündür?”

Biz “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında, yaxud Azərbaycana münasibətdə ikili standartlar” adlı həmin məqalədə qeyd edilən arqumentlərin təsdiqini Azərbaycanla əlaqədar qondarma “siyasi məhbus” oyunu, Kristofer Ştrasserin monitorinqi, bununla bağlı AŞPA-da aparılan müzakirələr və digər bu kimi məsələlər zamanı açıq şəkildə gördük. Bəzən ortaya suallar çıxır ki, 2001-ci ildə Avropa Şurasının sıralarına daxil olan Azərbaycan 16 illik üzvlük dövründə nə əldə etmişdir? Hətta beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan Avropa Şurasından nə gözləmək olar?

Xatırladaq ki, hələ 2001-ci ilin yanvarında Strasburqda, Avropa Şurasının qərargahı qarşısında Azərbaycan bayrağının qaldırılması mərasimində çıxış edən ulu öndər Heydər Əliyev böyük siyasi müdrikliklə demişdi ki, biz Avropa Şurasına nə qədər lazımıqsa, Avropa Şurası da bizə o qədər lazımdır. Ulu öndər demək istəyirdi ki, bizə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli lazımdır, Avropaya isə öz enerji təhlükəsizliyinin təmin edilməsi. Odur ki, böyük dövlət xadimi Avropanın mərkəzində, açıq şəkildə demişdi ki, bu qurum nə zamansa bizim dövlət maraqlarımızın əksinə addım atarsa, öz maraqlarını bizim dövlət müstəqilliyimizdən üstün görmək istəyərsə, onda biz Strasburqdan çıxıb gedə bilərik. Çünki bizim dövlət maraqlarımız bütün inteqrasiyalardan üstündür.

Yəqin ki, Avropa rəsmiləri Azərbaycanın dövlət müstəqilliyinin həddən artıq kövrək olduğu illərdə bizim ümummilli liderimizdən eşitdikləri həmin tezisi unutmayıblar. Ona görə də başa düşməlidirlər ki, Azərbaycan artıq 2001-ci ildəki Azərbaycan deyil və biz Avropa Şurası üzvlüyünə daxil olanda yeganə problemimiz olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi üçün Avropadan görəcəyimiz dəstəyi nəzərdə tutmuşduq. Avropa strukturları isə nəinki bizim problemin həllinə kömək etmək istəmədilər, hətta bu münaqişədə Ermənistana haqq qazandırmağa da çalışdılar. Elə isə, Avropa strukturları mənim, bizim, bütövlükdə, 50 milyonluq azərbaycanlıların nəyinə lazımdır?

Bu gün fakt ondan ibarətdir ki, Avropa dairələrinin həyata keçirdiyi siyasət Ermənistanın işğalçılığına bəraət qazandırmaq, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək və onu Azərbaycandan uzaqlaşdırmaq məqsədi güdmüşdür. Deməli, məsələ aydındır. İşğalçını dəstəkləyən, beynəlxalq aləmin ən sədaqətli tərəfdaşlarından olan Azərbaycanın maraqlarını qorumağa cəhd etməyən Avropa strukturları bizə lazım deyil.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında