Azərbaycanın enerji siyasəti: Keçmişdən bu günə böyük uğurlarla

Müasir dövrdə beynəlxalq aləmdə ən aktual məsələlərdən biri də enerji daşıyıcıları uğrunda dünya ölkələrinin rəqabətidir. Bu rəqabətdə üstünlük qazanmaq, təbii ki, dünyada müəyyən dərəcədə söz sahibi olmağa, həmçinin dövlətlərin öz iqtisadi, siyasi, eləcə də hərbi gücünün artırılmasına təsir göstərir.

ABŞ-ın Enerji İnformasiya İdarəsinin 2013-cü ildəki məlumatına görə Azərbaycanın Xəzər dənizində 1,5 trilyon kubmetr qaz, 6,8 milyard barrel neft ehtiyatları vardır. Milli səviyyədə çox zəngin sərvət hesab oluna bilən bu rəqəmlər təbii ki, qlobal anlamda da böyük mahiyyət kəsb edir. Bu gün regionun ən güclü dövləti olan Azərbaycan öz enerji tələbatını tam olaraq daxili imkanlar hesabına ödəyir. Məhz buna görə də Azərbaycanın dünya enerji məkanındakı yeri getdikcə artır. Dünyanın bir sıra nüfuzlu dövlətləri, xüsusən Avropa İttifaqı ölkələri Azərbaycanın enerji siyasətindən bəhrələnməyə can atırlar. Cənubi Qafqazın karbohidrogen ehtiyatları ilə zəngin dövləti olan Azərbaycan Respublikası da müstəqilliyini bərpa etdikdən bir qədər sonra – 1994-cü ildən bu günə qədər həmin ehtiyatlardan səmərəli istifadə etməklə, regional və beynəlxalq səviyyədə dünya dövlətləri ilə enerji sahəsində əməkdaşlığa maraq göstərir.

Azərbaycanın ən böyük siyasi dividentlərindən biri də regionda və dünyada balanslaşdırılmış siyasət yeritməsidir. Məhz bu amil ölkəmiz üçün geniş iqtisadi imkanlar açır. Dünyada silahların susmadığı, siyasi, etnik, dini zəmində intriqaların genişləndiyi bir məqamda Azərbaycan kimi etibarlı tərəfdaşı olmaq bütün ölkələrə sərf edir. Bu illər ərzində ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı çox ciddi addımlar atılmışdır. Bunu dünya iqtisadi ekspertləri də dəfələrlə etiraf etmişlər.

 Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra qarşıya qoyduğu prioritetlərdən biri də düzgün enerji strategiyasının qurulması idi. Bu minvalla dünyanın qabaqcıl ölkələri ilə energetika sahəsində qarşılıqlı faydalı münasibətlərin yaradılmasına başlanıldı və əsas məqsəd dünya enerji məkanında yüksək yerlərdən birini tutmaq idi. Bunun bir sıra səbəbləri var idi. Səbəbləri şərtləndirən amillərdən birincisi o idi ki, müstəqilliyin ilk illərində Azərbaycan ciddi böhran keçirirdi və həmin vaxt enerji ehtiyatlarının işlənilməsi üçün müasir texnologiyaların tətbiqinə ehtiyac duyulurdu. O zaman xarici dövlətlərlə neft-qaz layihələrinin işlənilməsi bu problemlərin qismən həlli demək idi.

İkincisi, Azərbaycan o dövrdə Ermənistanın hərbi təcavüzünə məruz qalmış və torpaqlarının 20 faizi işğal edilmişdi. Buna görə də xarici dövlətlərin Azərbaycan ilə enerji və iqtisadi münasibətlərə cəlb olunması, enerji müqavilələrinin bağlanması, ölkəyə investisiyaların cəlb olunması onun suverenliyinə əlavə təminat idi. Növbəti olaraq qeyd edək ki, bu günədək davam edən Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycan özünə bu yolla beynəlxalq tərəfdaşlar qazanmışdır. Eyni zamanda, hazırda davam edən əsas problemlərdən biri olan Xəzərin hüquqi statusu məsələsində də Azərbaycan xarici ölkələri neft-qaz layihələrinin işlənilməsinə cəlb edərək həmin dövlətlərin dəstəyini qazanmaq şansı əldə etmişdir. Nəhayət, sonda dünyanın aparıcı dövlətləri ilə enerji siyasətinin qurulması həmin ölkələr tərəfindən Azərbaycanın beynəlxalq təhlükəsizlik və iqtisadi əməkdaşlıq sisteminə inteqrasiyasına yardım göstərmələrinə şərait yaratmaq imkanı vermişdir.

Məhz bu amillərdən irəli gələrək Azərbaycan Respublikasının həyata keçirdiyi enerji strategiyası öz müsbət nəticəsini göstərdi. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın neft sənayesinin inkişafında yeni dövrün əsasını qoydu. Müqavilənin imzalanmasından və layihələrin işlənməsindən (Bakı-Tbilisi-Ceyhan əsas neft və Bakı-Tbilisi-Ərzurum qaz ixracı kəmərləri) keçən müddət ərzində Azərbaycan qarşıya qoyduğu məqsədlərə, demək olar ki, nail oldu.

Bunun nəticəsidir ki, Avropa ölkələri tərəfindən Azərbaycan ilə əməkdaşlığa maraq artdı və müasir dövrdə reallaşan yeni neft və qaz müqavilələrinin imzalanması və layihələrin icrası üçün mühüm təməl rolunu oynadı. Bunun da əsas təzahürü 2006-cı ilin noyabrında Brüsseldə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması oldu.

Prezident İlham Əliyev Azərbaycanın enerji siyasəti barədə danışarkən qeyd etmişdir ki, biz bu illər ərzində ölkəmizin strateji maraqlarını təmin edən nəhəng layihələri həyata keçirmişik. Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı, Bakı-Tbilisi-Ərzurum qaz kəməri 2007-ci illərdə istifadəyə verilmişdir. İndi ölkəmizi və bölgəmizi bu layihələrsiz təsəvvür etmək mümkün deyil. Bu layihələr nəinki ölkəmizi gücləndirir, həm də xalqımıza xeyir gətirir. Eyni zamanda, bu layihələr bölgədə yerləşən ölkələr üçün də xeyir gətirir, regional əməkdaşlığı dərinləşdirir, bölgədə, regionda sabitliyi möhkəmləndirir və əlbəttə ki, Azərbaycanın bu sahədə liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. Biz bəziləri üçün əfsanə kimi görünən layihələri problemsiz və maneəsiz həyata keçirdik.

Məlum olduğu kimi, Avropada enerji daşıyıcılarına tələbat gündən-günə artır. Avropa ölkələri həmin tələbatı ödəmək üçün Azərbaycan ilə bu sahədə əməkdaşlığa can atır. Məhz buna görə də uzun illər Azərbaycan qazının Avropaya nəqli istiqamətində davam edən müzakirələr ən etibarlı yol olan Trans-Anadolu qaz kəməri (TANAP) marşrutunun seçilməsi ilə nəticələnmişdir. 2011-ci il oktyabrın 25-də Türkiyənin İzmir şəhərində “Azərbaycan Respublikasının hökuməti və Türkiyə Respublikasının hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” saziş imzalanmışdır. 2012–ci il iyunun 26-da isə İstanbul şəhərində “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” saziş imzalanmış və 2012-ci il noyabrın 20-də Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər iki müqavilə ratifikasiya olunmuşdur. TANAP layihəsinin inşasında məqsəd Azərbaycanın “Şahdəniz” yatağının ikinci fazasından hasil olunan təbii qazın Avropa bazarlarına nəqlinin təmin edilməsi idi. 

TANAP layihəsinin davamı olaraq, Azərbaycandan ixrac olunan qazın Avropaya nəqli istiqamətində bir sıra yollar (“NABUCCO", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri) və SEEP (Cənubi-Şərqi Avropa boru kəməri) təklif olunsa da, nəticədə 2013-cü ildə “Şahdəniz” Konsorsiumu Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik Qaz Kəməri layihəsini (Trans-Adriatik Pipeline (TAP)) seçmişdir. Məlum olduğu kimi, 2013-cü ilin dekabrın 17-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə bp şirkəti arasında “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi, həmçinin Azərbaycan qazının Qərbə nəqlini nəzərdə tutan tranzit ölkələr arasında “Cənub” qaz dəhlizinin həyata keçirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. İmzalanma mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir ki, “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Ölkə rəhbəri bu müqaviləni “XXI əsrin müqaviləsi” adlandırmışdır.

Təbii ki, çoxları üçün əlçatmaz, xəyal kimi görünən bu beynəlxalq layihələrin təşəbbüskarlarından və fəal tərəfdaşlarından biri də məhz Azərbaycan oldu. Hazırda bütün bu uğurların sayəsində Azərbaycanın müstəqil enerji siyasəti, enerji diplomatiyası formalaşmışdır.  

Bu gün isə Azərbaycan  yeni bir qlobal layihəni – “Cənub” qaz dəhlizini icra edir. “Cənub” qaz-dəhlizi Azərbaycanın enerji siyasətində mühüm mərhələdir. Bunu hətta dövlət başçısı da çıxışında bildirmişdir: “ Mən tam açıq deyə bilərəm ki, əgər Azərbaycan bu layihənin icrası ilə bağlı liderlik keyfiyyətlərini ortaya qoymasaydı, bu layihə heç vaxt icra edilməzdi. Mən şəxsən bu layihə ilə bağlı ona yaxın beynəlxalq konfransda, tədbirdə iştirak etmişəm. Bu tədbirlərdə əlbəttə ki, öz sözümü demişdim, təkliflərimi irəli sürmüşdüm. Yəni, konkret danışmışdım, sadəcə olaraq formal yox, konkret nə kimi işlər görülməlidir. Qərar qəbul etdik ki, biz bunu özümüz öz gücümüzə, dost, qonşu ölkələrlə birlikdə edəcəyik və bunu edirik. Ondan sonra bu simpoziumları, konfransları keçirənlər də bizə qoşuldular, əlbəttə ki, bu da məqbul bir haldır. Biz bunu alqışlayırıq. Əməkdaşlıq formatı nə qədər çox genişlənərsə, bizim üçün bir o qədər yaxşıdır. Lakin bir daha onu demək istəyirəm ki, “Cənub” qaz dəhlizi bu gün ancaq Azərbaycanın liderliyi hesabına icra edilir. Bunu bu işlərlə tanış olan hər kəs təsdiq edə bilər. Təsadüfi deyil ki, Azərbaycanın bu işdə liderliyi, fəal və əsas rolu ötən ilin fevralında Bakıda keçirilən ikinci “Cənub” qaz dəhlizi Məşvərət Şurasının yekun sənədində də göstərilib.”

Azərbaycanın bu nəhəng layihədə liderliyini təsdiqləyən Prezident İlham Əliyev daha sonra əlavə edir ki, bu, əlbəttə ki, uzunmüddətli maraqlarımızı təmin edəcək. Bu layihənin icrasından sonra həm maliyyə imkanlarımız böyük dərəcədə artacaq, eyni zamanda, Azərbaycan regional əməkdaşlıq, enerji təhlükəsizliyi baxımından indikindən daha çox, daha böyük önəm daşıyan ölkə olacaq.  Təsadüfi deyildir ki, Prezident İlham Əliyev bu layihəni Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna layihələrdən biri kimi dəyərləndirmişdir.  Bu nəhəng layihə Azərbaycanla yanaşı, eyni zamanda, Avropanın da enerji təhlükəsizliyini təmin edən mühüm layihələrdəndir. Bu baxımdan dövlət başçısı çıxışında vurğulamışdır ki, biz enerji siyasətimizin təkmilləşdirilməsi istiqamətində növbəti addımlar atdıq. “Cənub” qaz dəhlizinin icrası uğurla davam etdirildi. Baxmayaraq ki, neft gəlirlərimiz üç-dörd dəfə azaldı, biz xaricdən kreditlər aldıq, eyni zamanda, daxili vəsait hesabına “Cənub” qaz dəhlizi və “Şahdəniz-2” layihələrinin icrası ilə bağlı bütün lazımi addımları atdıq. Deyə bilərəm ki, “Şahdəniz-2” layihəsi üzrə, -- bu gün “Şahdəniz” dünya miqyasında ən böyük qaz-kondensat yataqlarından biridir, -- işlərin 90 faizi artıq tamamlanıb və gələn il tamamilə başa çatacaq. TANAP layihəsinin böyük hissəsi icra edilib və “Cənub” qaz dəhlizinin digər seqmentləri istiqamətində də işlər gedir. Biz keçən il Bakıda “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının ikinci toplantısını keçirdik. O toplantıda iştirak edən bütün ölkələr, Avropa Komissiyası, Amerika Birləşmiş Ştatları və “Cənub” qaz dəhlizinin bütün üzvləri qəbul edilmiş bəyanatda Azərbaycanın liderliyini bir daha göstərmişlər. Biz bu layihənin lideriyik, təşəbbüskarıyıq, aparıcı qüvvəsiyik. Biz o layihəni bütün dostlarımızla, tərəfdaş ölkələrlə və beynəlxalq təşkilatlarla birlikdə icra edirik.

Beləliklə, Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illiyində qazandığı uğurları xarakterizə edərkən xüsusilə enerji siyasətinin, enerji diplomatiyasının üzərində dayanmadan şərh bildirmək mümkün deyil. Bu diplomatiyanın uğurları sayəsində indi Azərbaycan regionun ən güclü dövlətinə çevrilmiş, beynəlxalq təşkilatlar və qonşu dövlətlər tərəfindən hesablaşılan məqama yüksəlmişdir.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında