Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları beynəlxalq hüquqi qiymətini almalıdır

 

 

 

 

 

 

 

 

 

 

 

 


Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Heydər Əliyev
Ümummilli lider


Özlərini məzlum, əzilmiş və “soyqırımına məruz qalmış” xalq kimi göstərməyə çalışan ermənilər hər il  aprelin 24-nün, guya onlar üçün kədərli gün olduğunu bildirirlər. Artıq beynəlxalq aləmdə işğalçı dövlət kimi tanınan Ermənistanın və başda qatil prezident Serj Sarkisyanın soyqırımı şousu  onlar üçün ənənə halı alıb. Neçə illərdir ki, beynəlxalq aləmə sübut etmək istəyirlər ki, onlar güya türklərin törətdiyi soyqırımına məruz qalıblar. Ancaq tarixi saxtalaşdırmağa belə cəhd etsələr də, hələ ki, buna nail ola bilməyiblər. Söz yox ki, bəzi ermənipərəst dairələr bu işdə onlara havadarlıq edir, ancaq bu da bir nəticə verməyib. Çünki ermənilərin özlərinin türklərə və azərbaycanlılara qarşı amansız soyqırımı törətmələri barədə kifayət qədər faktlar var. Bu gün Azərbaycanın 20 faiz ərazisinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması da bunu təsdiqləyir.

Əzəli Azərbaycan ərazilərində məskunlaşmış ermənilər zaman-zaman öz məkrli niyyətlərini reallaşdırmaq,  “dənizdən – dənizə dövlət” yaratmaq niyyətlərini həyata keçirmək məqsədilə tarixi saxtalaşdırmağa çəhd etmiş, bu yolda minbir oyundan çıxmışlar. Onlar bununla, guya qədim xalq olduqlarını təsdiqləmək istəyirlər. Tarixi faktlar da sübut edir ki, o zaman Zaqafqaziyada ermənilərin etnik çoxluq təşkil etdiyi bölgə olmayıb. Hətta bunu bəzi erməni tədqiqatçıları da təsdiqləyirlər. Erməni tədqiqatçı Z.Korkodyanın yazdığına görə,  indiki Ermənistan ərazisində əvvəllər mövcud olmuş İrəvan quberniyasının Zəngəzur və Qazax-Dilican qəzalarında, Tiflis quberniyasının Lori-Pəmbək (Borçalı mahalı) qəzasında 2310 yaşayış məntəqəsindən 2 mini azərbaycanlılara mənsub olmuşdur.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları qəddarlığına və amansızlığına görə faşistlərin törətdiyi əməllərdən  heç nə ilə  fərqlənməyib. Bir çox qətliamlarda ermənilər qəddarlıqlarına görə, hətta faşistləri də kölgədə qoymuşlar. Son iki yüz ildə xalqımıza qarşı  dəfələrlə kütləvi qırğınların törədilməsi də bunu təsdiqləyir. XIX əsrin əvvəllərindən başlayaraq məqsədli şəkildə Cənubi Qafqaza köçürülən ermənilər havadarlarının köməyi ilə yerli əhalini – azərbaycanlıları yaşadıqları dədə-baba torpaqlarından didərgin salmış,  minlərlə yaşayış məntəqəsini yerlə-yeksan etmişlər. Bunun da nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olmuşdur.

Tarixi araşdırmalar da təsdiqləyir ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımının əsas məqsədi əzəli Azərbaycan torpaqlarını işğal etmək və bu ərazilərdə erməni dövləti yaratmaq olub. Sonra isə tarixi faktları saxtalaşdıraraq, guya həmin ərazilərin ermənilərə məxsus olması barədə beynəlxalq aləmdə rəy formalaşdırmaq, müxtəlif yollarla  həmin əraziləri daha da genişləndirərək, “Böyük Ermənistan” yaratmaq arzusundadırlar. Ermənilərin bu çirkin niyyətlərinin qismən də olsa, reallaşmasında Çar Rusiyasının və bəzi Qərb dövlətlərinin müstəsna rolu olmuşdur.

1905-1906, 1918-1920, 1948-1953-cü illərdə xalqımıza qarşı törədilən soyqırımı aktları 1988-ci ildə davam etdirildi. Bu qətliamlarda İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndi talan edilmişdir. Statistik məlumatlara əsasən, demək olar ki, 1905-1907-ci illərdə baş verən hadisələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə aparılsa da, sonradan bu qətliamlar açıq şəkildə davam ­etdirilmişdir.

Ermənilər tərəfindən törədilmiş qanlı cinayətlər, qəddarlıq və qətliam xalqımızın yaddaşında silinməz iz qoyub. Yalnız milli mənsubiyyətinə görə on minlərlə dinc azərbaycanlı məhv edilmiş, evləri yandırılmış, insanlar diri-diri oda atılmışdır. Bunlarla yanaşı, milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər, qəbiristanlıqlar və digər tikililər yerlə – yeksan edilmişdir. Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilən soyqırımı xüsusi qəddarlığına görə yaddaşlarda qalmışdır. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.

1918-ci il mayın 28-də  Azərbaycan Demokratik Respublikasının yaradılması da qurbansız ötüşməyib. ADR-in Nazirlər Kabinetinin sədri F.X.Xoyskinin xarici işlər naziri M.H.Hacınskiyə yazdığı məktub da bunu təsdiqləyir. “Ermənilərlə biz bütün mübahisələrə son qoymuşuq. Onlar ultimatumu qəbul edib müharibə ilə qurtaracaqlar. Biz ermənilərə İrəvanı güzəştə getdik. Cənubi Qafqazda 3 suveren respublikanın yaranması və müttəfıqlərin köməyi ilə Ermənistan ərazisi 1 milyon 510 min nəfər əhali ilə (795 min erməni, 575 min müsəlman, 140 min digər xalqlar) 17 min 500 ingilis kvadrat mili həcmində olur”.

Bununla kifayətlənməyən ermənilər heç bir şeyə məhəl qoymadan “Böyük Ermənistan” yaratmaq  ideyası ətrafında Gürcüstanın tərkibində olan Axalkalaki, Borçalı, Azərbaycanın Qarabağ, Naxçıvan, Gəncə quberniyalarının cənub hissəsinə iddia irəli sürürlər.

Sovet hakimiyyəti dövründə də azərbaycanlılara qarşı soyqırımı gizli şəkildə davam etmişdir. 1930-cu illərdə kollektivləşmə adı altında indiki Ermənistanda yaşayan  azərbaycanlılar daşnaklar tərəfindən sürgünlərə məruz qalmışdır. “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” SSRİ Nazirlər Sovetinin sədri İ.Stalin tərəfindən imzalanmış 1947-ci il 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarları xalqımıza qarşı sovet hökumətinin qəbul etdiyi ən ədalətsiz qərarlardan idi. Bu qərarlar -- bir ölkə daxilində yaşayan və Konstitusiya qanunu ilə bərabərhüquqlu hesab edilən iki xalqdan birinin xeyrinə olmaqla, xalqımıza qarşı əsl repressiya siyasəti idi. Ermənistanda yaşayan 100 min azərbaycanlı öz dədə-baba torpaqlarından  deportasiya olundu. Guya həmin insanlar Mil-Muğan düzündə pambıqçılığın inkişafı üçün köçürülmüşdülər. Dağ yerində yaşayan, ömründə pambıq əkməyən insanların pambıqçılığı inkişaf etdirməsi qeyri-mümkün idi. Əslində, bu qərar azərbaycanlıları birbaşa ölümə məhkum etmək idi.

Ümumiyyətlə, 1948-ci ildən 1980-ci illərə qədər Ermənistanda yaşayan azərbaycanlılara qarşı gizli etnik təmizləmə siyasəti aparılmış və həmin dövrdə Ermənistanda yaşayan, təhsil alan, işləyən azərbaycanlılara  təzyiqlər göstərilmiş, onların dədə-baba yurdlarından didərgin salınmaları məqsədilə xüsusi qəddarlıq həyata keçirilmişdir.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktının uzun illər araşdırılmaması, ona hüquqi-siyasi qiymət verilməməsi nəticəsində xalqımız milli ayrı-seçkiliyin qurbanı olmuşdur. Ulu öndər Heydər Əliyev bu hadisələrə münasibət bildirərkən demişdir: “Biz tarixin cürbəcür mərhələlərində belə hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bunların nəticəsində də 1988-ci ildə Ermənistan Azərbaycana artıq hərbi təcavüz edibdir. O dövrdə Ermənistan ərazisində qalmış azərbaycanlılar qısa müddətdə Ermənistandan zorla çıxarıldılar”.

Yalnız 1997-ci il dekabrın 18-də ulu öndər Heydər Əliyev tarixi ədaləti bərpa edərək 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisində tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalamışdır. Bu fərmanda həm çar Rusiyası və həm də Sovet hakimiyyəti illərində Qafqazda xalqımıza qarşı törədilmiş ədalətsizliyə siyasi qiymət verilirdi: “Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ – mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları öz doğma tarixi – etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi – mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir”.

Fərmanda erməni şovinist dairələrinin və M.S.Qorbaçov başda olmaqla, keçmiş SSRİ rəhbərliyinin xalqımıza münasibətdə törətdikləri cinayətkar siyasətlə yanaşı, o illərdə Azərbaycana rəhbərlik edənlərin öz xalqının taleyinə biganəliyi və zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da kəskin tənqid olunurdu.

XX əsrin 80-ci illərinin axırı və 90-cı illərinin əvvəllərində isə Azərbaycan Respublikası ərazisində 1 milyon nəfərdən çox azərbaycanlını öz doğma torpaqlarında məcburi köçkün və qaçqın həyatı yaşamağa məruz qoymuşlar. Bunun nəticəsidir ki, XIX əsrin əvvəllərində əhalisinin 85 faizi, XX əsrin əvvəllərində isə 39-40 faizindən çoxu azərbaycanlılardan ibarət olan indiki Ermənistan Respublikasında bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Tarixi faktlar da sübut edir ki, indiki Ermənistan ərazisində yaşayan ermənilərin çoxu yerli əhali deyil, sonradan gələnlərdir.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına yenə də ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verilmişdir. Ümummilli lider  tərəfindən 1998-ci il mart ayının 26-da imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” fərman, demək olar ki, yuxarıda göstərilən sənədin davamı olmaqla bərabər, orada irəli sürülmüş məsələləri daha dərindən təhlil və ətraflı əks etdirirdi. Bu fərmanlar öz vətənlərində soydaşlarımıza qarşı həyata keçirilmiş soyqırımı və deportasiya siyasəti tarixləri ilə bağlı məsələlərin öyrənilməsi və erməni qəddarlığının ifşası üçün təhlilə geniş imkan yaratdı.

Təəssüf ki, dünya birliyi ermənilərin işğalçılıq siyasətini davam etdirməsinə, atəşkəsi mütəmadi olaraq pozmasına, cəbhəboyu ərazilərdə təxribatlar törətməsinə hələ də göz yumur, ikili standartlardan əl çəkmirlər. Bu da Ermənistanı daha da quduzlaşdırır. Bundan istifadə edən  ermənilər bu gün də məkrli məqsədlərinin həyata keçməsinə çalışırlar. Beynəlxalq birliyə də məlumdur ki, ermənilər  Qarabağ problemi başlayandan bəri Azərbaycanda 20 mindən çox insanı qətlə yetirmiş, 1 milyon adamı soyqırımına və deportasiyaya məruz qoymuş, faktla sübuta yetirilmiş 40-a yaxın terror əməliyyatı həyata keçirmiş və Azərbaycan torpaqlarının 20 faizini işğal etmişlər. Bu faktlar da ermənilərin qəddar, amansız, terrorçu olduqlarını bir daha təsdiqləyir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında