Fransa seçim qarşısında

Fransa prezidentini seçir. İlk turda Emmanuel Makronun qalib gəldiyi bildirilir. İkinci turda mərkəzçi Makron “Milli Cəbhə” Partiyasının lideri Marin Le Penlə Yelisey Sarayı uğrunda mübarizə aparacaq. Bundan sonra necə olacaq? Fransanın ifrat radikallaşmasından narahat olan siyasi qüvvələr Makrona səs verməyə çağırırlar. Yaxın keçmiş də təsiqləyir ki, ilk turda qalib gəlmiş namizəd növbəti turu da uğurla başa vurur.

Maraqlıdır, mütərəqqi Fransanın heç də az olmayan hissəsini neofaşist Marin Le Penə səs verməyə hansı amillər vadar etdi? Səbəblər müxtəlifdir, amma bir sıra politoloqlar səbəbi əyalətlərdə axtarmağı məsləhət görürlər. Analitiklər düşünürlər ki, əyalətlərdə siyasi mənzərəyə, ölkənin gələcəyinə baxışlar həmişə fərqli olur və şəhər-əyalət qarşıdurmasını telekommunikasiya mühiti də səngidə bilmir. Buna görə də, Parisdən uzaqlaşdıqca Marin Le Penin tərəfdarlarının sayının artması yerli politoloqlarda təəccüb doğurmur. Ancaq məsələnin qəribə və təzadlı tərəfi ondadır ki, mühacirlərin və terrorçuların hədəf seçmədiyi əyalətlərdə Marin Le Pen dəstəklənir.

Amma səbəblər tək əyalətlərlə yekunlaşmır. Fransa politoloqları populistlərin önə çıxmalarını seçicilərin ənənəvi partiyalardan yorulmaları ilə də əlaqələndirirlər. Ultrasağçı Marin Le Penin və ultrasolçu Jan-Lyuk Melanşonun hərəyə təqribən 40 faiz səs toplamaları bu reallığı təsdiqləyir. Le Penin və Melanşonun Fransanın Avropa Birliyi və NATO-dan çıxmaları barədə səsləndirdikləri bəyanatlardan seçicilərinin narahatlıq keçirməmələri 5-ci Respublikada sistemə qarşı olanların sayında ciddi artımın olduğunu göz önünə gətirir. Uzun illərdir formalaşmış sistemə qarşı çıxanlara səs verməklə fransızların heç də az olmayan hissəsi ənənəvi partiyalara mənfi münasibət göstərdiklərini nümayiş etdirirlər.

Əlbəttə, Avropanı vahid görmək istəyənlər Fransada yaranmış vəziyyətdən əndişələnməyə bilməzlər. Axı, birinci turun nəticələri göstərdi ki, səslərin təqribən 60 faizini toplamış namizədlərdən üçü Rusiya ilə yaxınlaşmanın və rəsmi Moskvaya tətbiq olunmuş sanksiyaların ləğv edilməsinin tərəfdarı olduqlarını bəyan etmişdilər. Fransalı politoloqlar qeyd edirlər ki, bu məsələdə ilk baxışdan bir-birilərinə zidd görünən ultrasağçı Marin Le Pen, ultrasolçu Jan-Lyuk Melanşon və sağçı siyasətçi, keçmiş baş nazir Fransua Fiyon ortaq məxrəcə gəldilər. İkinci turda Le Pen üstünlük qazanarsa, o zaman Avropa qitəsində titanik geosiyasi silkələnmələrin baş verəcəyi heç kimdə şübhə doğurmur. Amma Emmanuel Makronun birinci turda qalib gəlməsi Fransanın radikal istiqamətə yan almayacağına olan ümidləri artırır. Çünki cənab Makron bir sıra vacib məsələlərdə ümumavropa siyasi baxışları çərçivəsində hərəkət edəcəyini bildirir. Bu isə, Fransanın Avropa Birliyi və NATO ilə münasibətlərində yürüdəcəyi siyasətində fərqli olsa da, sərt dönüş etməyəcəyi deməkdir.

Fransanın Avropada “qalması” üçün isə Makronun ikinci turda qalib gəlməsi lazımdır. Siyasi analitiklər əmindirlər ki, ikinci turda da Makron qalib gələcək. Niyə məhz Emmanuel Makron? Mütəxəssislər 2002-ci il seçkilərini xatırlayırlar. Həmin prezident seçkilərinin ikinci turunda mühafizəkar Jak Şirak və “Milli Cəbhə”nin lideri, Marin Le Penin atası Jan Mari Le Pen üz-üzə gəlmişdilər.  O zaman Jak Şirak təqribən 82 faiz səs toplayaraq prezident seçilmişdi. Analitiklərin və sosioloji sorğuların nəticələri göstərir ki, bu dəfə də Makron ultrasağçı Marin Le Penə qalib gələcək. Digər namizədlər–sağçı Fiyon və solçu Amon da bu məsələdə mərkəzçi namizədə kömək edəcəklər. Belə ki, hər iki namizəd tərəfdarlarını Emmanuel Makrona səs verməyə çağırırlar. Sağçılar və solçular təcavüzü dəstəkləyən siyasi qüvvənin hakimiyyətə gəlməsini Fransa üçün böyük təhlükələrə yol açacağını düşünürlər. Bu təhlükənin baş verməməsi üçün Makron mayın 7-də keçiriləcək ikinci turda qalib gəlməlidir.

İkinci turun nəticəsinin artıq məlum olduğunu nəzərə alan politoloqlar Fransada növbəti mübarizənin iyun ayında başlayacağını bildirirlər. Məhz iyunun 11-də və 18-də fransızlar seçki məntəqələrinə gedərək parlament təmsilçilərini seçəcəklər. Bəs bu seçkilərdə də  Makron uğur qazanacaqmı? Bu suala birmənalı cavab vermək çətindir. Siyasi müşahidəçilərin sözlərinə görə, parlament seçkilərində qalib gəlmək üçün yerlərdə kök salmış partiya strukturlarının fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də, politoloqlar yeni yaradılmış “İrəli!” Mərkəzçi Hərəkatına bel bağlayan E. Makronun parlament seçkilərində çətinliklərlə üzləşəcəyini proqnozlaşdırırlar.  Ultrasolçu Jak-Lyuk Melanşonun lideri olduğu “Fəth edilməyən Fransa” hərəkatının da regionlarda zəif təmsil olunduğu bildirilir. Millətçi Marin Le Penin hərəkatı isə regionlarda uzun müddətdir fəaliyyət göstərsə də, parlament seçkilərində həmişə uğursuz çıxış edir. Siyasi müşahidəçilər bu uğursuzluğu Fransa siyasi sisteminin özünəməxsus xüsusiyyəti ilə əlaqələndirirlər. Belə ki, “Milli Cəbhə”nin namizədləri ikinci turda sistemdənkənar radikallara qarşı birləşmiş ənənəvi partiya nümayəndələrinə daim məğlub olurlar.

Bəs iyun ayında keçiriləcək parlament seçkiləri də istisna olmayacaq ki? Siyasi analitiklər konkret proqnoz verməkdə çətinlik çəkirlər. Məsələ ondadır ki, indiki prezident seçkilərində ənənəvi partiyaların ciddi zərbə alması vəziyyəti mürəkkəbləşdirir. Bununla belə, Fransa mətbuatı ilk turun nəticələri elan edildikdən dərhal sonra Emmanuel Makronun parlament seçkilərinə hazırlaşması barədə məlumat verir. O bildirir ki, parlament seçkilərində uğur qazanmaq üçün tərəqqipərvər qüvvələrlə geniş koalisiya formalaşdırmaq niyyətindədir. Buna nail olacaqmı? Cavabı yaxın vaxtlarda biləcəyik.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında