Mehriban ƏLİYEVA: Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir

 

 

 

 

 

 

 

 

 

 


Əminəm ki, birgə səylərimizlə IV İslam Həmrəyliyi Oyunları uğurla keçiriləcək, Azərbaycanın tarixində növbəti bir qələbə kimi qalacaq. Bu Oyunlar həm böyük idman bayramına çevriləcək, həm də müsəlman aləmində dostluq, həmrəylik, qardaşlıq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək. 

Mehriban ƏLİYEVA
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti


 Ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlər kimi, IV İslam Həmrəyliyi Oyunlarına da çox ciddi və hərtərəfli hazırlıq işləri aparılmışdır. İdmançıların, məşqçilər qrupunun, rəsmi nümayəndə heyətlərinin və həmin günlərdə turist kimi ölkəmizə üz tutan əcnəbilərin təhlükəsizliyinin təmin edilməsi məsələsi isə bütün hazırlıq işlərindən əvvəl və ən yüksək səviyyədə nəzərə alınmışdır. IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin aprelin 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən iclasında bu məsələlər növbəti dəfə və daha müfəssəl şəkildə, ən incə detallar da daxil olmaqla, müzakirə edilmişdir.

“ Biz gərək əmin olaq ki, paytaxtımız Oyunların açılışına və keçirilməsinə tam şəkildə hazırdır, bütün lazımi tədbirlər görülüb, addımlar atılıb, yarışların keçirilməsi ilə bağlı və bütün istiqamətləri əhatə edən tədbirlər planı cavabdeh strukturlar tərəfindən yerinə yetirilir” – deyə  gündəlikdəki məsələnin mahiyyətini  açıqlayan Mehriban xanım Əliyeva  son illər Azərbaycanın paytaxtında bir sıra böyük beynəlxalq idman yarışlarının  – həm Avropa, həm də dünya çempionatlarının  keçirildiyini yada saldı: “Ümumi rəyə görə bu tədbirlər təşkilati baxımdan çox yüksək səviyyədə hazırlanır və keçirilir. 2015-ci ildə Bakıda birinci Avropa Oyunları böyük uğurla keçirilmişdi. Bu Oyunlar Avropanın Olimpiya tarixində yeni səhifə açmışdı. Ümumi rəyə görə, Azərbaycan dövləti birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil etmişdir. Ümidvaram ki, IV İslam Həmrəyliyi Oyunları da mükəmməl hazırlanmışdır və keçirilmiş Oyunlar kimi tarixdə qalacaqdır”.

Natiq xatırlatdı ki, Azərbaycan müsəlman aləminin ayrılmaz hissəsi olaraq  bütün İslam ölkələri ilə əlaqələrini dostluq, qardaşlıq, qarşılıqlı hörmət əsasında qurur və bu sahədə böyük uğurlara nail olub: “ Hesab edirəm ki, bütün müsəlman aləminin bir araya gəlməsi, dostluq, qardaşlıq, sülh, əməkdaşlıq amilləri ətrafında birləşməsi həm böyük bir idman bayramına çevriləcək, həm də müsəlman aləmində, müsəlman ölkələri arasında olan əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verəcəkdir”.

IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xatırlatdı ki, hazırda toplaşdığımız tədbir Təşkilat Komitəsinin son iclasıdır: “Gərək biz əmin olaq ki, bütün məsələlərə diqqətlə yanaşmışıq və Oyunların ölkəmizdə uğurla keçməsinə tam şəkildə hazırıq. Məqsədimiz IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda ən layiqli səviyyədə keçirilməsidir. Bunun üçün bütün şərait var. Dövlət tərəfindən dəstək var. Təşkilat Komitəsi çox uğurla çalışıb, komanda var, könüllülər hazırdır. Əminəm ki, ölkəmizin zəngin, şanlı tarixində növbəti mühüm nailiyyəti əldə edə biləcəyik”.

Müzakirələrdə  çıxış edən gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov xatırlatdı ki,  ölkəmizdə və ölkədən kənarda keçirilmiş bir sıra qlobal tədbirlər -- “Eurovision” mahnı müsabiqəsi, Azərbaycan muğamının qorunması və təbliği, bəşəriyyətin qeyri-maddi irs siyahısına daxil olması, Sivilizasiyalar Alyansının Qlobal Forumu, xüsusilə də birinci Avropa Oyunları məhz Mehriban xanım Əliyevanın  rəhbərlik etdiyi Təşkilat Komitəsinin fəaliyyəti nəticəsində çox yüksək səviyyədə reallaşıb.

“Birinci Avropa Oyunları nəinki bizim, hətta bütün dünya ictimaiyyətinin yaddaşında ən möhtəşəm şəkildə təşkil edilmiş idman tədbiri kimi qalacaq” – deyən nazir əlavə etdi ki, belə düşünməyə tamamilə haqqımız var: “Oyunların Təşkilat Komitəsi Prezident İlham Əliyevin 2015-ci il 18 sentyabr tarixli sərəncamı ilə yaradılıb və 2015-ci il noyabrın 1-də Sizin tapşırığınıza əsasən İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi fəaliyyətə başlayıb. Əməliyyat Komitəsində 16 ölkəni təmsil edən 100 xarici və 1400 yerli mütəxəssis çalışır. Artıq qeyd edildiyi kimi, Oyunların açılış və bağlanış mərasimlərində, o cümlədən idman tədbirləri zamanı yardım göstərmək üçün 8 mindən çox könüllü səfərbər etmişik. İşçi qüvvəsinin və könüllülərin təlim prosesi başa çatmaq üzrədir. Bundan əlavə, Əməliyyat Komitəsinin tərkibində müxtəlif sahələrdə təxminən 14 minə qədər podratçı çalışır”.

“Oyunlar ərəfəsində və dövründə asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək daxili işlər orqanlarının fəaliyyətinin koordinasiyası məqsədilə 2017-ci ilin yanvar ayında Əməliyyat Qərargahı, habelə 30 yarış və qeyri-yarış obyektini əhatə edən 15 köməkçi qərargah yaradılıb. Bütövlükdə, daxili işlər orqanlarından bu mühüm əhəmiyyətli beynəlxalq tədbirə cəlb ediləcək şəxsi heyətin sayı 12 min nəfər olacaq. Onlardan da 252-si qadın əməkdaşlarımızdır”-- deyə məruzə edən daxili işlər naziri Ramil Usubov əlavə etdi: “Həmin dövrdə ingilis dili kurslarını bitirmiş bayır xidmətinin 1000-dən çox əməkdaşının müvafiq biliklərinin artırılması istiqamətində əlavə tədbirlər də görülüb. Asayişin qorunmasında iştirak edəcək əməkdaşların professional hazırlığının, o cümlədən etik davranış səviyyəsinin daha da yüksəldilməsi, əcnəbilərlə rahat ünsiyyət qurmaq bacarığına yiyələnməsi məqsədilə onlar üçün xüsusi treninqlər təşkil edilib”.

 Nazir qeyd  etdi ki, su, hava və dəmir yolu nəqliyyatında, avtovağzallarda, Bakı Metropolitenində, neft kəmərlərində, kommunikasiya vasitələrində və digər strateji obyektlərdə təhlükəsizlik tədbirləri və diplomatik nümayəndəliklərin mühafizəsi digər hüquq-mühafizə və təhlükəsizlik orqanları ilə birgə, yəni əlaqəli şəkildə təşkil olunur: “Sonda əmin etmək istəyirəm ki, bu möhtəşəm beynəlxalq tədbirlə bağlı cənab Prezidentin və Sizin bütün tələb və tapşırıqlarınız daxili işlər orqanları və Daxili Qoşunlar tərəfindən tam yerinə yetiriləcək, ictimai asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunacaq”.

Oyunların təhlükəsizlik məsələləri ilə bağlı daha müfəssəl məlumat verən Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov vurğuladı ki, biz Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi və Oyunların Təşkilat Komitəsi ilə birlikdə, xüsusən də bu Oyunların Təşkilat Komitəsinin Təhlükəsizlik Departamentinin nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində təhlükəsizlik tədbirlərini həyata keçiririk. Oyunlar zamanı istifadə ediləcək idman, məşq, qeyri-idman obyektlərinin siyahıları tərtib olunub. Bu siyahıları bizə Oyunların Təşkilat Komitəsinin Təhlükəsizlik Departamenti təqdim edib. Bu obyektlərin hamısına baxış keçirilib. Daxili İşlər Nazirliyi və digər qurumlarla buraxılış rejimini həyata keçirmək üçün texniki mühafizə və videonəzarət avadanlıqlarının quraşdırılması və mühafizə planlarının hazırlanması işlərinə başlanılıb.

Xidmət rəisi əlavə etdi: “Bakı Olimpiya Stadionunda Oyunların açılış və bağlanış mərasimləri zamanı havaya qaldırılacaq helikopterlərin təhlükəsizlik uçuşu ilə əlaqədar “Silk Way Helicopter” şirkəti və Təşkilat Komitəsinin Mərasimlər Departamenti ilə müvafiq hazırlıq işləri aparılır. IV İslam Həmrəyliyi Oyunlarının təhlükəsizliyi ilə bağlı mühafizə tədbirlərinə Xüsusi Dövlət Mühafizə Xidmətindən 700 hərbi qulluqçu, o cümlədən 100 qadın hərbi qulluqçu cəlb olunub. Aprel ayında onlarla təlim toplanışları keçirilib, buraxılışa nəzarət avadanlıqlarından - “X-RAY” və metalaxtarandan istifadə etmək bacarıqlarını təkmilləşdirmək məqsədilə kurslar təşkil edilib”.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev  çıxış edərək dedi ki, IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə aprel ayında, hazırda ərəb ölkələrində keçirilən bütün turist sərgilərində bizim bütün təmsilçilərimiz vasitəsilə Oyunlar haqqında geniş məlumat yayılır və bu proses Oyunlar zamanı da davam etdiriləcək. Eyni zamanda, “Euronews” və “CNN” telekanallarında müvafiq reportajların yayımlanması haqqında razılıq əldə olunub. “Baku Guide” kitabçasının xüsusi buraxılışı təmin olunub və bütün mehmanxanalara çatdırılacaq.

Nazir Azərbaycanın daha öncə əldə etdiyi idman nailiyyətlərini qürurla xatırlayaraq, xüsusi əminlik hissi ilə ümid etdiyini bildirmişdir ki, bu möhtəşəm idman yarışlarında idmançılarımız bayrağımızı ən uca zirvəyə qaldıracaq, himnimizi tez-tez səsləndirəcək və İslam Həmrəyliyi Oyunlarında təkrarolunmaz tarixi uğura imza atacaqlar.

Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimlinin verdiyi məlumatlar da Oyunlara hazırlıq prosesi baxımından xüsusi əhəmiyyət kəsb edirdi: “Qeyd edim ki, Oyunların müvafiq təhlükəsizlik səviyyəsinin təmin edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən Bakı şəhərinin bəzi avtomobil yollarının müvəqqəti bağlanılması nəzərdə tutulub. Bununla əlaqədar “Koroğlu” HUB-da fəaliyyət göstərən marşrutların işində müvafiq dəyişikliklərin edilməsi zərurətinin yaranması gözlənilir. Qeyd olunanları nəzərə alaraq, Bakı Nəqliyyat Agentliyi tərəfindən “Koroğlu” HUB-un dayanacaqlarının digər ərazilərdə yerləşdirilməsi və dayanacaqların yerlərinin dəyişdirilməsi bir daha planlaşdırılıb və işlənilib”.

Baş direktor əlavə etdi ki, qeyd edilən məsələlərdən əlavə digər təşkilati və texniki tədbirlər də həyata keçirilir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin inzibati binasında müvafiq dövlət qurumlarının və Əməliyyat Komitəsinin nümayəndələrindən ibarət Nəqliyyat Əməliyyat Mərkəzinin təşkili işləri aparılır. Oyunlar zamanı nəqliyyatın ümumi mərkəzləşdirilmiş idarəetməsi məhz burada aparılacaq.

Müzakirələri yekunlaşdıran Mehriban xanım Əliyeva  qeyd etdi ki, Təşkilat  Komitəsi Oyunların hazırlığına çox ciddi yanaşıb, artıq böyük iş görülüb. Bugünkü iclasımız da onu göstərir ki, ölkəmiz və paytaxtımız Oyunların qəbuluna və ən yüksək səviyyədə keçirilməsinə tam hazırdır: “Biz “dünya standartlarına uyğun” kəlməsindən tez-tez istifadə edirik. Mənə elə gəlir ki, biz son illər artıq Azərbaycanın standartlarını yaratmışıq… Yəni, artıq beynəlxalq aləmdə Azərbaycanın bu sahədə imici formalaşıb. Bizə müraciət edən beynəlxalq qurumlar əmindirlər ki, Bakıda, Azərbaycanda keçirilən böyük beynəlxalq tədbirlər doğrudan da bütün tələblərə - həm təhlükəsizlik tələblərinə, həm də təşkilati tələblərə cavab verəcək”.

Birinci vitse-prezidentin sonda səsləndirdiyi bir arqument də var idi ki, onu nəinki ölkəmizin bütün əhalisi, hətta dünyanın hər yerində yaşayan soydaşlarımızın hamısı böyük məmnuniyyətlə təsdiqləyərdi: “Mən çox şadam ki, bizim artıq formalaşmış komandamız var”.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında