Azərbaycanla Avropa İttifaqı arasındakı tərəfdaşlıq əlaqələri yeni mərhələyə qədəm qoyur

 

 

 

 

 

 

 

 

 

 

 


Dövlətimiz bu gün müstəqil, dostcasına və proqnozlaşdırıla bilən bir siyasət yürüdür. Bu, bir daha onu sübut edir ki, Azərbaycan Avropa üçün inamlı və güclü tərəfdaş ola bilər. Bu gün Avropa strukturları, institutları ilə Azərbaycanın əlaqələri məhz bu amil üzərində qurulub və əminəm ki, bu, əlaqələrimizin inkişafının möhkəm təməli olacaqdır.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin ölkəmizə səfəri və aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə tərəfləri maraqlandıran əksər məsələlərin əhatəli şəkildə müzakirə edilməsi Qafqazda marağı olan dövlətlərin və beynəlxalq qurumların diqqətindən yayınmadı. Bu səfər və dövlət başçımızın Avropa İttifaqı nümayəndə heyətini böyük hörmət və ehtiramla qəbul etməsi növbəti dəfə sübut etdi ki, Avropanın Azərbaycana inanılmış tərəfdaş kimi baxması da, Azərbaycanın Avropa miqyaslı qurumlarla əməkdaşlığa verdiyi önəm də günün reallığıdır.

Xatırladaq ki, H. Salberin Bakı səfəri çərçivəsində aparılan danışıqlar tərəflərin ilk müzakirələri deyildir. Belə ki, bu il fevralın 6-da Brüsselə rəsmi səfər edən Azərbaycan Prezidenti İlham Əliyev orada Avropa İttifaqının ali nümayəndələri ilə geniş müzakirələr aparmış və səfərin sonunda bildirilmişdi ki, bu müzakirələr bizim əməkdaşlığımızın yeni mərhələsini yaradacaq. Dövlət başçımız Herbert Salberi qəbul edərkən də həmin məsələlərə qayıtmağı məqsədəuyğun sayaraq dedi ki, onun Brüssel səfəri zamanı səmərəli görüşlər keçirilmiş və maraqlı müzakirələr aparılmışdı.

 Brüsseldə Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişin hazırlanmasına start verildiyini deyən dövlətimizin başçısı həmin sənədin əməkdaşlığımızın daha da inkişaf etdirilməsində mühüm addım olacağını deyib. Prezident ümidvar olduğunu bildirib ki, bu istiqamətdə işlər fəal şəkildə davam etdiriləcək və sənəd vaxtında yekunlaşdırılacaq. Eyni zamanda, Prezident xatırladıb ki, işlərin yekunlaşması danışıqlar prosesinin gedişindən asılı olacaq. Tərəflərin yekdil fikri belədir ki, Azərbaycan ilə Avropa İttifaqı arasında uzun illərdən bəri yaxşı tərəfdaşlıq əlaqələri qurulub, əməkdaşlığımızın əsas istiqamətləri müəyyənləşdirilib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşündən sonra onlar birgə bəyanatla çıxış etmiş və Azərbaycanın beynəlxalq aləmdəki bədxahlarına mesaj ola biləcək fikirlər səsləndirmişlər. Məsələn, “Müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimiz Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır” – deyən Donald Tusk xatırlatmışdı ki, biz enerji sahəsində etibarlı və strateji tərəfdaşlığımıza əsaslanaraq, işbirliyimizi daha da artırmaq istəyirik: “Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bizim “Cənub” qaz dəhlizini tamamlamaq üçün ortaq öhdəliyimiz var. Bu, faktiki olaraq hər iki tərəf üçün əsas prioritetdir”.

Avropa İttifaqını Azərbaycanın əsas ticarət tərəfdaşı və onun ən əsas investorlarından biri adlandıran Donald Tusk bu əməkdaşlığın perspektivindən əmin olduğunu dilə gətirmişdi: “Qarşıdakı illərdə biz ticarət əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik. Biz əməkdaşlığımızın gücləndirilməsinin Azərbaycan iqtisadiyyatının müasirləşdirilməsinə və şaxələndirilməsinə necə kömək edəcəyini müzakirə etdik. Azərbaycan üçün, həmçinin Dünya Ticarət Təşkilatı ilə bağlı danışıqlarda irəliləyişə nail olmaq rəqabətədavamlı biznes mühitinə yol açacaq və bu da iqtisadi inteqrasiyanı irəliyə aparacaq”.

 “Enerji sahəsindəki əməkdaşlıq əlaqələrimizin vacib sahəsidir. Biz “Cənub” qaz dəhlizi layihəsinin inkişaf etdirilməsi üçün uğurla əməkdaşlıq edirik. Bu, hazırda Avropada həyata keçirilən ən böyük infrastruktur layihələrindən biridir” – deyən Azərbaycan Prezidenti mətbuat üçün verdiyi bəyanatda adıçəkilən iqtisadi layihənin möhtəşəmliyini sübut edən faktları da dilə gətirmişdi: “Həmin layihə 40 milyard dollardan artıq vəsaitin sərmayə kimi qoyulmasını tələb edir. “Cənub” qaz dəhlizi enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir. Şaxələndirilmə dedikdə mən yalnız marşrutları deyil, o cümlədən mənbələri də nəzərdə tuturam. Azərbaycanın nəhəng qaz ehtiyatları var və ölkəmiz Avropa bazarı üçün yeni alternativ təbii qaz mənbəyidir. Mən cənab prezidentə məlumat verdim ki, “Cənub”qaz dəhlizinin həyata keçirilməsi, layihənin bütün dörd seqmenti uğurla irəliyə doğru gedir və ümidvarıq ki, əlavə səylərlə biz bu layihənin icrasını sürətləndirəcəyik”.

Dövlət başçımızın Brüssel səfəri zamanı Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlər də müzakirə edilmiş və bildirilmişdi ki, Azərbaycan torpaqlarının 20 faizi uzun illərdir işğal altındadır. Bütün humanitar prinsipləri, beynəlxalq hüquq normalarını pozan Ermənistan BMT Təhlükəsizlik Şurasının 1990-cı illərin əvvəlində qəbul olunan və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini icra etmir. Azərbaycan Prezidenti demişdir: “Əfsuslar olsun ki, işğal 20 ildən çoxdur davam edir və bu işğala heç bir bəraət qazandırmaq olmaz. Mən cənab prezidentə çox minnətdaram ki, o, öz şərhlərində ölkəmizin ərazi bütövlüyünə bir daha dəstəyini vurğuladı”.

 Yuxarıda qeyd etdiyimiz kimi, bizim Avropa İttifaqına üzv dövlətlərlə də əməkdaşlıq sahəsində yaxşı təcrübəmiz var. Onların 9-u, yəni üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlığa dair imzalanmış sazişləri var. Prezidentin fikrincə, “Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmalar üçün yaxşı əsasdır”.

Bu gün artıq yüksək səviyyədə olan Azərbaycan – Avropa İttifaqı münasibətlərinin tarixçəsinə diqqət yetirərkən görürük ki, bu əməkdaşlığın təməli hələ müstəqilliyimizin ilk illərində qoyulsa da, mühüm sənədlər sonrakı illərdə imzalanmışdır. Məsələn, 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi 1996-cı ildə imzalanmışdı. Həmin sənəd siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə etmişdir. O dövrdən etibarən Avropa İttifaqının Azərbaycana yardımlarının miqyası və həcmi tədricən artmağa başlamışdır. 1998-ci ildə Avropa İttifaqı Azərbaycana xüsusi elçisini təyin etmiş, 2000-ci ildə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyi yaradılmışdır. 2003-cü ilin iyul ayında isə Avropa İttifaqı Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin etmişdir. Artıq üç ildir ki, cənab Herbert Salber həmin vəzifəni tutur.

Çoxsaylı qarşılıqlı səfərlər və səmərəli müzakirələr Azərbaycan – Avropa İttifaqı əməkdaşlığına dövri olaraq yeni çalarlar əlavə edir, əlaqələrin daha da sıxlaşdırılmasını təmin edir. Məsələn, Xarici İşlər Nazirliyinin elektron resurslarında oxuyuruq ki, 2015-ci ilin may ayında Şərq Tərəfdaşlığı üzrə Riqa Zirvə toplantısı zamanı Azərbaycan Avropa İttifaqı ilə ikitərəfli münasibətlərin hüquqi çərçivəsini yeniləyəcək Strateji Tərəfdaşlıq haqqında saziş layihəsini həmin quruma təqdim etmişdir. Tərəflər sözügedən saziş layihəsi üzrə ilkin məsləhətləşmələri uğurla başa vurmuş və Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurası ötən il noyabrın 14-də keçirilmiş iclasında Aİ və üzv ölkələri adından Azərbaycan Respublikası ilə hərtərəfli saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat vermişdir.

Təbii ki, istənilən beynəlxalq təşkilatla olduğu kimi, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində də bizim əsas problemimiz olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi daim gündəlikdə olur. Çünki həmin münaqişənin həll olunmaması regionda sabitliyin və rifahın artırılmasına maneçilik törədir. Odur ki, münaqişənin həllinin asanlaşdırılması üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərini dəstəkləmək və tamamlamaq xüsusi nümayəndə Herbert Salberin mandatı kimi Avropa İttifaqı tərəfindən müəyyən edilmişdir.

Qurum rəhbərliyinin bu münaqişə ilə bağlı qərarı belədir ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləyir. Eləcə də bu quruma üzv olan ölkələr Dağlıq Qarabağ adlı seperatçı respublikanı tanımırlar.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında