Bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycanda bütün sahələrdə uğurlar əldə edilib. Bu nailiyyətlərin özülündə isə əsasını ulu öndər Heydər Əliyevin qoyduğu sabitlik və inkişaf xəttini Prezident İlham Əliyevin böyük uğurla davam etdirməsi dayanır. Məhz möhtərəm İlham Əliyevin gərgin və prinsipial fəaliyyəti nəticəsində respublikamız dünya dövlətləri sırasında layiqli yerini tutub və bu mövqeyimiz ilbəil möhkəmlənməkdədir.
Ölkəmizin hərtərəfli inkişaf və yeniləşmə yolunda qazandığı tarixi nailiyyətlərdə, heç şübhəsiz, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüskar fəaliyyətinin, əzmkar mübarizəsinin və humanistliyinin də böyük rolu var. Mehriban xanımın hələ Birinci vitse-prezident təyin olunmazdan öncə də Heydər Əliyev Fondunun prezidenti və Azərbaycanın birinci xanımı kimi ictimai, siyasi və mədəni sahədəki fəaliyyətini ölkə ictimaiyyəti yüksək qiymətləndirib.
Prezident İlham Əliyevlə yanaşı, Mehriban Əliyevanın da ardıcıl səylərinin nəticəsidir ki, Azərbaycanda millətlərarası və dinlərarası dialoq, multikulturalizm prinsipləri daim diqqət mərkəzində saxlanılır və bu sahədə də ölkəmiz dünya miqyasında böyük uğurlara imza atıb. Azərbaycan mədəniyyətinin, incəsənətinin beynəlxalq aləmdə təbliği işində Mehriban Əliyevanın misilsiz xidmətləri var.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanda “Avroviziya” müsabiqəsi, I Avropa Oyunları və digər çoxsaylı beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilib. Növbəti beynəlxalq idman yarışması gələn ay Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarıdır. Belə populyar və humanist tədbirlər ölkəmizə xarici aləmdə böyük nüfuz qazandırır.
Bütün bunlar onu deməyə əsas verir ki, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması onun xalqımızın yüksək rifahı və dövlətimizin daha da möhkəmlənməsi naminə respublikamızın daxili və xarici siyasətində, mədəni-ictimai həyatında daha böyük əzmkarlıqla fəaliyyət göstərməsinə əlverişli şərait yaradır. Mehriban xanımın bu təyinatdan sonra keçirdiyi görüş və müşavirələr, iştirak etdiyi mərasimlər, müvafiq dövlət qurumlarının işinə gətirdiyi canlanma bu mülahizəni bir daha təsdiqləyir.
Bu yaxınlarda Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun binasının əsaslı təmirdən sonra açılışında iştirak edib. Möhtərəm Mehriban xanımın bu mərasimdə iştirakı böyük məna kəsb edir. Daha doğrusu, Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti kimi ilk baş çəkdiyi, açılışında iştirak etdiyi yerlər sırasında Səhiyyə Nazirliyi müəssisəsinin olması onun bu sahəyə hərtərəfli, davamlı qayğısından xəbər verir.
İndi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda qadınlarımıza ən yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şərait var. Bu ciddi nailiyyətdir və bir daha sübut edir ki, Azərbaycanda səhiyyənin inkişafını, onun maddi-texniki bazasının gücləndirilməsini dövlət rəhbərliyi daim diqqət mərkəzində saxlayır. Son illərdə ölkədə səhiyyə xidmətinin müasir səviyyəyə çatdırılması, yeni tibb ocaqlarının inşası və mövcud tibb müəssisələrinin əsaslı bərpası bu baxımdan önəmli sosial inkişaf göstəricisidir.
Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən, səhiyyənin inkişafına da əsaslı təkan vermişdir. Qabaqcıl dünya standartlarına çatmaq yolunda davamlı addımlar atan Azərbaycan səhiyyəsinin nüfuzu son illərdə xeyli yüksəlmişdir. Prezident İlham Əliyevin bu sahənin ehtiyaclarına göstərdiyi diqqət və qayğı, uğurla həyata keçirilən dövlət proqramları, səhiyyə sistemində aparılan islahatlar bu sahəni hərtərəfli yeniləşmə yoluna çıxarıb. Tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz həyatımızda aydın hiss edirik. Görülən işlər əhalinin tibb müəssisələrinə inamını getdikcə artırır.
Səhiyyə sahəsində bir sıra layihələrin reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da müstəsna xidmətləri var. Birinci vitse-prezident kimi Mehriban xanımın səhiyyəmizin inkişafına da göstərdiyi diqqət və qayğının yeni mərhələyə daxil olması xüsusi qeyd edilməlidir. Bakıda və regionlarda mövcud tibb müəssisələrinin əsaslı təmirində, yenilərinin yaradılmasında, müasir səhiyyə ocaqlarının istifadəyə verilməsində Mehriban xanım Əliyevanın xeyirxah köməyi danılmazdır.
Diabetli, hemofiliyalı, fiziki cəhətdən qüsurlu uşaqların sağlamlığını daim diqqətdə saxlayan Mehriban xanımın bilavasitə himayəsi ilə Bakıda Talassemiya Diaqnostika Mərkəzinin, tələbatı ödəyəcək qədər ehtiyatı olan Qan Bankının yaradılması da milli səhiyyəmizin ciddi uğurlarındandır. Məhz Mehriban xanımın təşəbbüsü ilə diabetli uşaqlara pulsuz tibbi yardım göstərilməsi məqsədilə beynəlxalq təşkilatlarla əməkdaşlıq genişlənmişdir. Bununla yanaşı, ürək xəstəliklərindən əziyyət çəkən 1300 uşağın ölkə daxilində müalicəsinə, bir qismində isə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü və köməyi ilə ölkəmizdə çoxsaylı tibb müəssisələri tikilmiş, əsaslı təmir olunmuşdur. Mehriban xanım Əliyevanın 2012-ci il martın 7-də Milli Onkologiya Mərkəzinin yeni tikilmiş Uşaq Klinikasında olması da çağdaş səhiyyəmizin unudulmaz bir səhifəsinə çevrilmişdir. Bu da səbəbsiz deyil, çünki hər bir dövlətin əsas öhdəliklərindən biri də xalqın sağlam gələcəyini təmin etməkdir.
Ümummilli lider Heydər Əliyevin sosialyönümlü cəmiyyət yaradılması siyasətini Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, gələcəyimiz olan uşaqların sağlamlığına xüsusi əhəmiyyət verilir. Bu siyasətin gerçəkləşməsində Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın da böyük zəhməti var. Uşaqlara diqqət və qayğı, xüsusilə də onların sağlamlığı ilə bağlı məsələlər onun rəhbərlik etdiyi fondun fəaliyyətində prioritet istiqamətlərdən biridir.
Heydər Əliyev Fondunun səhiyyə sahəsində reallaşdırdığı layihələr sırasında “Talassemiyasız həyat”, “Diabetdən əziyyət çəkən uşaqlara qayğı” və digər sosial proqramlar da var. Məhz bu yeniliklərin sırasında Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasının istifadəyə verilməsi səhiyyənin ən ağrılı problemlərinin həlli istiqamətində atılan misilsiz bir addımdır. Bu klinika müasir təbabətin qlobal problemlərindən olan uşaqlarda onkoloji xəstəliklərin fəsadlarına qarşı mübarizədə çox mühüm funksiyanı yerinə yetirir.
Ölkəmizdə səhiyyənin inkişafı istiqamətində Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxsaylı və səmərəli layihələr bir həqiqəti ortaya qoyur: Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın timsalında səhiyyənin böyük hamisi, qayğıkeşi var. İxtisasca həkim olan Mehriban xanım humanist fəaliyyəti ilə həm bu peşəyə yüksək dəyər gətirir, həm də ölkəmizdə səhiyyənin dünya standartlarına uyğun inkişaf etməsi üçün köməyini əsirgəmir.
Mehriban xanım Əliyeva təkcə səhiyyəyə deyil, digər sahələrə də xüsusi qayğı ilə yanaşır. Dünya şöhrətli bu qadın liderin rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu günə kimi istər ölkə daxilində, istərsə də xaricdə çeşidli layihələr reallaşdırıb. Bu gün isə Mehriban xanım ölkəmizin Birinci vitse-prezidenti kimi istər səhiyyə, istərsə də digər sahələrin inkişafını diqqət mərkəzində saxlayır, sahənin problemlərinin həllinə dəstəyini əsirgəmir. Bu yüksək posta təyin olunduğu qısa bir zaman kəsiyində Mehriban Əliyevanın rəhbərliyi ilə keçirilən müşavirə və görüşlərdə müzakirə olunan məsələlər, verilən tapşırıqlar bu yöndə yeni perspektiv açır.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə bir sıra mühüm problemlərə toxunulub, onların həlli yolları müzakirə edilib. Mehriban xanım Əliyeva aidiyyəti qurumların rəhbərlərinə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün tapşırıqlar verib. Birinci vitse-prezidentin keçirdiyi ilk iclasın qaçqın və məcburi köçkünlərin problemlərinə həsr edilməsi onun bu ağrılı məsələyə xüsusi həssaslıqla yanaşdığını göstərir.
Bu il aprelin 3-də Mehriban xanımın ötən ilin aprel döyüşlərində yaralanmış bir qrup əsgər və zabitlə görüşü və “2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış əsgər və zabitlərinin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinin təqdim olunması mərasimi zamanı onun tapşırığına əsasən xüsusi işçi qrup yaradılıb. Bu qrupda çalışanlar həm əlillərin protez təminatını, həm də onlara texniki xidməti həyata keçirəcəklər.
Birinci vitse-prezidentin humanist missiyasına aid misalları çoxaltmaq da olardı. Dövlət başçısı İlham Əliyevin ən yaxın kömək-çisi və silahdaşı olan Mehriban xanım Əliyevanın ölkənin dinamik inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması, Azərbaycanın layiqli beynəlxalq imicinin formalaşdırılması sahəsində növbəti strateji planları artıq uğurla start götürüb. Mehriban xanım Əliyevaya bu tarixi missiyasının gerçəkləşməsində uğurlar diləyirik. Bununla yanaşı, biz hamımız həmin layihələrin reallaşması üçün Birinci vitse-prezidentə öz dəstəyimizi əsirgəməməliyik.
Kamaləddin QAFAROV,
Milli Məclisin deputatı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.