Bu gün beynəlxalq aləmdə Azərbaycan həqiqətləri daha qətiyyətlə səsləndirilir

 

 

 

 

 

 

 

 

 

 


Mən birinci rübdə 7 xarici səfər etmişəm. Bu səfərlərin çox böyük əhəmiyyəti var. İlk növbədə, beynəlxalq konfranslarda mənim iştirakım ölkəmizin maraqlarının təmin edilməsi üçün çox böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, dünyanın iki mötəbər beynəlxalq tədbiri var – biri Davos Ümumdünya İqtisadi Forumu, hansı ki, siyasi və iqtisadi məsələləri diqqətdə saxlayır və dünyanın siyasi və iqtisadi elitası orada iştirak edir. İkincisi isə Münxen Təhlükəsizlik Konfransıdır, bu da daha çox təhlükəsizlik və siyasi məsələlərin müzakirəsinə həsr olunur. Hər iki mötəbər tədbirdə iştirak edərkən mən ölkəmizin mövqeyini, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasəti ilə bağlı mövqeyini dünya ictimaiyyətinə bir daha çatdırdım.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Yeni əsrin geridə qoyduğumuz bütün illəri müstəqil Azərbaycan dövlətinin hərtərəfli uğurları ilə yadda qalır. Həm yerli, həm də  xarici mətbuatda Azərbaycan həqiqətləri barədə söz açan politoloq və ekspertlər daha çox “hərtərəfli uğurlar”  ifadəsini qabardırlar. Ancaq məlum həqiqətdir ki, dövlətin və cəmiyyətin istənilən konkret sahədəki uğurları ayrılıqda xarakterizə ediləndə, daha  geniş məlumat əldə edə bilirik. Dövlətimizin xarici siyasətdə əldə etdiyi çoxsaylı uğur və nailiyyətlərin sırasına baxsaq, həmin fikrin təsdiqini görərik.

O da həqiqətdir ki, beynəlxalq aləmdəki siyasi analitiklər hansısa dövlətin siyasi-diplomatik fəaliyyəti barədə ən müfəssəl məlumatı politoloq və ya ekspertlərdən deyil, bilavasitə ölkənin birinci şəxsindən eşidərkən daha qətiyyətli və inamlı mülahizə irəli sürə bilirlər.  Azərbaycan Prezidenti İlham Əliyev məhz həmin arqumentə əsaslanan analitiklərə  daim geniş imkanlar yaradır. Belə ki, dövlət başçımızın həm ölkə daxilindəki tədbirlərdə, həm də beynəlxalq təşkilatların  tribunasından söylədiyi bütün nitqlər həmişə, hamı üçün maraqlı olur. Ona görə də bu qısa yazını məhz cənab Prezidentin son nitqlərindən birinə əsasən hazırladıq.

Dövlət başçımız müasir dünyanın diqqət mərkəzində olan bütün məsələlər barədə söz açarkən, Azərbaycanın daxili problemlərindən danışırmış kimi narahatlıq ifadə edir və beynəlxalq sülhə bizim verə biləcəyimiz töhfələri yada salır. Çünki Azərbaycan artıq beynəlxalq aləmin ən fəal üzvlərindən biri kimi öz qəti sözünü deyib və dünya ictimaiyyəti bu faktı birmənalı şəkildə qəbul edib. Ona görə də dövlət başçımız nəinki hər ilin, hətta hər ayın və həftənin Azərbaycan xarici siyasətinin uğurları ilə zənginləşdirilməsini təmin edə bilir. Keçirdiyi son tədbirlərdən birində “İlin əvvəlindən beynəlxalq fəaliyyətimiz də çox uğurlu olmuşdur” – deyən dövlət başçımız öz arqumentini ayrı-ayrı istiqamətlər üzrə əsaslandırır: “Davos İqtisadi Forumunda dövlət başçıları, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlərim, əlbəttə ki, bizim maraqlarımızı təmin edir. Mən 10 ildən çoxdur ki, Davos Ümumdünya İqtisadi Forumunda iştirak edirəm və o görüşlər əsnasında ölkəmiz üçün bir çox önəmli layihə həyata keçirilir. Əlbəttə, bizim bu tədbirlərdə iştirakımız, fəal rolumuz ölkəmizə rəğbəti, hörməti artırır və bu gün Azərbaycan beynəlxalq arenada çox etibarlı tərəfdaş kimi tanınır”.

Ulu öndər Heydər Əliyevin işləyib hazırladığı xarici siyasi kursumuzun əsas tərkib hissələrindən biri də təbii ki, Avropa  miqyaslı beynəlxalq təşkilatlarla hərtərəfli əməkdaşlığın genişləndirilməsidir. Ona görə də Prezident İlham Əliyev həmin sahəni daim diqqət mərkəzində saxlayır:  “Birinci rübdə Avropa Komissiyasına mənim uğurlu səfərim olub. Biz buna da çox böyük əhəmiyyət veririk. Çünki Avropa ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır, əsas investorlarımızdır və biz Avropa İttifaqı ilə uzun illərdir ki, səmərəli əməkdaşlıq aparırıq. Bu dəfə də Avropa qurumlarının rəhbərləri ilə bütün görüşlər çox səmimi, qarşılıqlı anlaşma şəraitində keçmişdir, bütün danışıqlar və söhbətlər qarşılıqlı hörmət əsasında aparılmışdır. Həm Avropa Komissiyasının rəhbərləri, həm mən bunu rəsmi çıxışlarda da qeyd etmişdik. Eyni zamanda, biz səfərdən dərhal sonra Avropa Komissiyası ilə yeni saziş üzərində danışıqlara başlamışıq və əminəm ki, bu danışıqlar tezliklə yaxşı nəticələrə gətirib çıxaracaqdır”.

Ancaq Azərbaycanın daha çox əməkdaşlıq və tərəfdaşlıq etdiyi “qütb”lərdən biri də İslam dünyasıdır. Gələn ay ölkəmizdə IV İslam Həmrəylik  Oyunları keçiriləcək, birinci rübünü başa vurduğumuz 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi ili” élan edilib, dövlət başçımız bu ilin geridə qalan aylarında  Pakistan İslam Respublikası, İran İslam Respublikası və Qətər Dövləti kimi müsəl-man ölkələrinə səfərlər edib. Prezident həmin səfərlərin hər birinin Azərbaycan üçün uğurlu olduğunu söyləyir: “Mənim rəsmi səfərlərim də olub. Pakistan İslam Respublikasına çox uğurlu səfərim olubdur. Pakistan bizim üçün çox yaxın, dost, qardaş ölkədir. Bilirsiniz ki, Dağlıq Qarabağ münaqişəsinə görə Pakistan Ermənistanla heç bir əlaqə qurmayıb, diplomatik əlaqələri yoxdur. Biz bu mövqeyi çox yüksək qiymətləndiririk. İkitərəfli əlaqələrimizin gündəliyi genişlənir, həm iqtisadi, siyasi, eyni zamanda, hərbi-texniki əməkdaşlıq da müzakirə mövzusudur və yaxşı nəticələr də var. Biz son 5 il ərzində İqtisadi Əməkdaşlıq Təşkilatına uğurlu sədrlik etmişik və Pakistanda bu təşkilatın zirvə görüşündə də bizim sədrliyimiz dövründə gördüyümüz işlərə yüksək qiymət verilmişdir”.

Prezidentin Qətər Dövlətinə  səfərinin uğurları isə bir qədər başqa prizmadan qiymətləndirilir. Daha doğrusu, dövlət başçımızın özü bu fikirdədir: “Biz Körfəz ölkələri ilə çox yaxın əlaqələr qurmuşuq. Qətər bizim üçün çox yaxın, dost  ölkədir. Qətərin Əmiri Azərbaycana səfər etmişdir, mən də cavab səfərim çərçivəsində çox uğurlu danışıqlar aparmışam, siyasi və iqtisadi, sərmayə qoyuluşu, birgə iqtisadi fəaliyyət sahələrində gələcək əməkdaşlıq çox geniş müzakirə edilmişdir”.

Hələ ötən il, Azərbaycan Prezidentinin təşəbbüsü ilə formalaşdırılan Azərbaycan – Rusiya Federasiyası – İran İslam Respublikası danışıqları  əməkdaşlığın  yeni formatı kimi dünyanın hər yerində maraqla qarşılanmışdı. Həmin formatın əsas iştirakçılarından olan İran İslam Respublikasına səfərindən danışan dövlət başçımız deyir: “İran İslam Respublikasına uğurlu səfərim də artıq ənənəvi xarakter daşıyır. Mən son bir neçə il ərzində İrana 3 dəfə rəsmi səfər etmişəm. İran Prezidenti də Azərbaycana müntəzəm olaraq rəsmi səfərlər edir. Mən son 3 il ərzində İran Prezidenti ilə 8 dəfə görüşmüşəm. İran bizim üçün dost, qardaş ölkədir, yaxın qonşudur. İranla əlaqələrimizin möhkəmləndirilməsi həm ölkəmizin maraqlarına xidmət edir, eyni zamanda, bölgə üçün də çox önəmlidir. Bu, bölgədə sabitliyi möhkəmləndirir və ikitərəfli formatda çox önəmli məsələlər müzakirə edildi. Yenə də bir çox sazişlər imzalandı və əvvəlki illərdə imzalanan sazişlər artıq həyatda öz əksini tapır. Əldə olunmuş bütün razılaşmalar icra edilir və həm ticarət dövriyyəsinin artırılmasında, – İranla bizim ticarət dövriyyəmiz təqribən 70 faiz səviyyəsində artmışdır, – eyni zamanda, nəqliyyat, energetika, logistika və digər sahələrdə çox uğurlu əməkdaşlıq aparılır”.

Yuxarıda qeyd etdiyimiz kimi, dövlət başçımız bu ilin əvvəlindən bəri yeddi dəfə xarici ölkələrə səfər edib. Prezident həmin yeddi səfərin sonuncusu barədə danışarkən bəzi xüsusi məqamları da yada salır. Məsələn: “Fransa dünyanın aparıcı ölkələrindən biridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, Minsk qrupunun həmsədridir. Bu səfər də çox uğurlu keçdi, Fransa-Azərbaycan dostluq əlaqələri bir daha təsdiqləndi. Mənə Fransada çox böyük hörmət göstərildi. Siyasi, iqtisadi, humanitar məsələlərin müzakirəsi göstərdi ki, Fransa-Azərbaycan əlaqələrinin artıq çox möhkəm dayaqları var. Bu ölkədə Azərbaycana çox böyük maraq var, orada Fransanın aparıcı biznes qurumları ilə keçirdiyim görüş, – bu görüş təqribən iki saata yaxın çəkdi, – göstərdi ki, doğrudan da, həm çox böyük maraq var, həm də bizim gördüyümüz işlərə çox yüksək qiymət verilir və Fransa şirkətləri Azərbaycanda böyük həvəslə fəaliyyət göstərirlər”.

Yada salınan bu faktlar sübut edir ki, Azərbaycanın yürütdüyü xarici siyasət kifayət qədər çoxşaxəli və uğurludur. Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir və Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Eyni zamanda, xarici ölkə rəhbərləri də Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər. Belə ki, bu ilin birinci rübündə yeddi dövlət başçısı Azərbaycana səfər etmişdir. Həmin  səfərlər bizim  ölkəmizə olan hörmətin əlamətidir. Dövlətimizin və Prezidentimizin beynəlxalq aləmdə olan hörmətinin, nüfuzunun nəticəsidir ki, bu ilin əvvəllində Azərbaycanda V Qlobal Forum keçirilmişdir. Bu da artıq dünya miqyasında önəmli beynəlxalq tədbirlərin sırasına daxil edilib. Bu forumda dünyanın 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət, hökumət başçıları iştirak etmişlər.

Ancaq Prezident İlham Əliyevin xarici siyasətimizin uğurları barədə danışarkən xüsusilə yada salmaq istədiyi başqa bir məqam da vardır: “Əslində, bu hadisə bizim dünyadakı rolumuzu əks etdirir. Bu da Amerika və Rusiya ordularının Baş Qərargah rəislərinin birinci görüşünün Bakıda keçirilməsi hadisəsidir. Hər iki ölkə Azərbaycanı birinci görüş üçün seçməklə həm bizə olan hörmətini növbəti dəfə ifadə edir, həm də bu, bizim rolumuzu əyani şəkildə sübut edir. Azərbaycan bu gün nəinki bölgə çərçivəsində, artıq dünya miqyasında etibarlı tərəfdaş, müstəqil, ləyaqətli ölkə kimi özünü təqdim edib. Əlbəttə ki, birinci rübdə beynəlxalq fəaliyyətimizdə bir çox digər önəmli hadisələr də baş vermişdir. Ancaq əsas məsələlər bundan ibarətdir”.

Diqqət yetirin, dövlət başçımız bu ilin əvvəlindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən birinə – Fransaya səfər edib, digər iki həmsədrin – ABŞ və Rusiyanın ən ali vəzifəli hərbçiləri isə qlobal problemlərin müzakirəsi üçün məhz Bakını seçiblər. Yəni, Dağlıq Qarabağ düyününün açılması istiqamətində atılan addımlar daha da intensivləşir. Dövlət başçımız həmin arqumenti bu şəkildə yada salır: “Baxmayaraq ki, Ermənistan danışıqlar prosesini hər vəchlə dayandırmağa, onu boykot etməyə çalışır, ancaq buna nail ola bilmir və nail ola bilməyəcək. Minsk qrupunun həmsədr ölkələri artıq bir neçə dəfə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Bu, əslində işğala son qoyulması deməkdir. Hesab edirəm, Ermənistana, onun işğalçı siyasətinə Minsk qrupu tərəfindən təzyiq daha da güclənməlidir ki, onlar beynəlxalq normalara riayət etsinlər və işğala son qoysunlar”.

İnanırıq ki, dövlət başçımızın yeritdiyi xarici siyasət və atdığı uğurlu addımlar nəticəsində beynəlxalq aləmin Ermənistana təzyiqləri də artacaq, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli də tezləşdiriləcəkdir.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında