Azərbaycanda islami dəyərlərə, insanların inancına, dini icmaların fəaliyyətinə dövlət hər zaman böyük ehtiram və qayğı ilə yanaşır

Azərbaycan qədim tarixə, mədəniyyətə malik olan dövlətdir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasətin  uğurlu davamı özünü dövlət-din münasibətlərində də açıq şəkildə büruzə verib. Ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin birgə fəaliyyəti üçün yaradılmış şərait  artıq dünya birliyində də nümunəyə çevrilib. İndi dünya milli-etnik, dini, irqi ayrı-seçkilikdən uzaq durmağın nümunəsini Azərbaycan modelində görür.  Bu nümunə ölkə Prezidentinin mədəniyyət və din sahəsində beynəlxalq təşəbbüslərə göstərdiyi dəstək nəticəsində ərsəyə gəlmişdir.

Azərbaycanlılar hər zaman digər xalqların nümayəndələri ilə qardaşlıq, dostluq münasibətləri çərçivəsində birgə yaşamış, bu gün də yaşayır. Ölkəmizdə digər azsaylı xalqlara, onların adət-ənənələrinə, tarixinə hörmətlə yanaşılır və onların birgə fəaliyyəti üçün hər cür şərait yaradılmış və bu istiqamətdə ayrı-seçkilik nümayiş etdirilməyib. İslam dini ölkəmizdə təkcə ibadət ediləcək inanclar sistemi deyil, eyni zamanda, xalqımızın mədəniyyətinin tərkib hissəsidir. Dövlətimizin başçısı hər il  müsəlman bayramlarını dindarlar və müsəlman ölkələrinin səfirləri ilə birgə qeyd edir, özü və ailə üzvləri müqəddəs Kəbəni ziyarət etmişlər. Ölkədə dini təhsilin genişləndirilməsi, yenidən təşkil olunması istiqamətində ciddi addımlar atılmışdır. Yüzlərlə yeni məscidin inşası və ya köhnələrin bərpası həyata keçirilmişdir.

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə çoxlu sayda sərəncam imzalamışdır. Hazırda Azərbaycanda onlarca azsaylı xalqların nümayəndələrinin yaşaması, 2 mindən artıq məscidin, 12 kilsənin, 6 sinaqoqun fəaliyyət göstərməsi respublikamızın dünya üçün örnək olduğunu deməyə tutarlı əsasdır.

Dövlət başçısının tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda məscidlər yenidən qurulur və əsaslı şəkildə bərpa olunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, Heydər məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilmişdir. Bu ilin əvvəlinə Azərbaycanda məscidlərin sayı 2166-ya çatmışdır, halbuki sovet dövrü məscid statuslu tiklilərin sayı cəmi 17 idi. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur.

Ölkə rəhbəri, həmçinin Azərbaycan hakimiyyəti son illərdə Azərbaycanda İslamın qorunması və inkişafı, eləcə də İslam həmrəyliyinin gücləndirilməsi və dünyadakı islamofob dairələrə qarşı mübarizə sahəsində 50-dən artıq İslam dövlətləri başçısı sırasında həmişə xüsusi fəallığı ilə seçilmiş, Azərbaycan dövlətinə qarşı siyasət yürüdən bəzi xarici dairələrdən, rəsmi və qeyri-rəsmi ünsürlərdən fərqli olaraq, əsl İslam təəssübkeşliyi nümayiş etdirmişdir.

Ölkəmizdə dövlət – din münasibətlərinin yüksək səviyyədə inkişafı və isti münasibəti, təbii ki, Azərbaycanın inkişafını istəməyən şər qüvvələrdə qısqanclıq yaradır və onlar sanki pusquda dayanıbmış kimi, ictimai-siyasi sabitliyi pozmaq üçün müxtəlif bəhanələr axtarırlar. Bir çox hallarda inanclı insanlardan istifadə edib öz çirkin niyyətlərini həyata keçirmək istəyən radikal ünsürlər aprelin 12-də də  “din təəsübkeşləri”nin düyməsini basaraq, qanun keşikçilərinə və “Sovetski” adlanan ərazini abadlaşdıran insanlarla qarşıdurma yaratmağa cəhd etmişlər.

Son illər Bakı şəhərində aparılan abadlıq, yenidənqurma işləri geniş vüsət alıb. Dövlət başçısının tapşırığı ilə köhnə, yararsız, istifadə müddəti başa çatmış, qəzalı vəziyyətdə olan evlər sökülür, sakinlərə konpensasiya verilir və ya daha rahat mənzillərə köçürülür. Dövlət başçısının Bakı şəhəri ilə bağlı çox böyük təşəbbüsləri olmuş və uğurla həyata keçirilmişdir: Paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması, yol infrastrukturunun yenidən qurulması, nəqliyyat sistemin müasir tələblər səviyyəsində təşkili, körpülərin, keçidlərin tikintisi, şəhərin mərkəzinin köhnə, primitiv, qəzalı evlərdən təmizlənib “Qış bulvarı” kompleksinin salınması və s. Bunların nəticəsidir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən və beynəlxalq humanitar mərkəzlərindən birinə çevrilmişdir.

Keçmişdə “Sovetski” adlandırılan ərazidə aparılan işlər də paytaxtımızın abadlaşdırılması istiqamətində görülən işlərin davamıdır. “Sovetski”  adlanan ərazidə yaşayan insanlar da köhnə və qəzalı evlərdə qorxu altında yaşamaqdan təngə gəliblər. Təbii ki,  Azərbaycan dövləti öz vətəndaşlarının belə ağır və dözülməz şəraitdə yaşamasını  rəva görmür. Bunların əvəzində təmiz şəhər, rahat yollar, ekologiyanın yaxşılaşmasına töhfə verən yaşıl parklar, geniş mənzillər, dünyanın ən yeni memarlıq incilərini, böyük təhsil və ibadət komplekslərini təklif edir. Son illər ərzində Bakıda yüzlərlə məktəb, uşaq bağçası, mədəniyyət evləri yenidən qurulub, tikilib, təmir olunub. Belə ərazilərdə yerləşən məscidlər də yenidən qurulur. Dünyanın bütün ölkələrində belə bir təcrübə mövcuddur.

İslam mədəniyyətinin mərkəzləri olan Məkkə və Mədinədə, Kərbəla və Məşhəd kimi ziyarətgahlarda, digər müsəlman ölkələrinin aparıcı şəhərlərində hər il neçə-neçə köhnə dini tikili sökülür və onların yerinə yeni abad binalar ucaldılır. Qoy 30 il bundan qabaq Məkkə və Mədinədə peyğəmbər məscidini ziyarət edənlər söyləsinlər, orada hansı dəyişikliklər baş verib, hansı köhnə tikililər sökülərək, yerində necə müasir ziyarətgahlar yaradılıbdır. İndi bunlar təqdirəlayiq haldır, yoxsa qınanmalı?

Bu gün dünyanın hər yerində abadlıq, yenidənqurma işləri aparılır, hər şey müasir tələblər səviyyəsində qurulur. Dünənə qədər insanları  qane edən məişət normaları, yaşayış massivləri, nəqliyyat vasitələri, ictimai, dini, mədəniyyət bu gün onları qane etmir. Xüsusi tarixi mahiyyət kəsb edən tikililər, elm, mədəniyyət obyektləri, dini abidələr istisna olmaqla hər şey dəyişir, yenidən qurulur. Respublikamız da  müasir dünyanın bir hissəsi kimi öz inkişafını davam etdirir, beynəlxalq aləmə inteqrasiya edir və vətəndaşların rahat yaşamaları, sərbəst ibadət etmələri üçün bütün imkanlardan istifadə edir. Bu seçimi dəstəkləməmək, əlbəttə ki, həm dövləti, həm cəmiyyəti müasir inkişafdan süni yolla saxlamaq deməkdir.

Əfsuslar olsun ki, “din təəssübkeşliyi” adı ilə bu işlərə qəsdən mane olanlar da var. Belələri yalnız öz şəxsi mənafelərini düşünür, insanların rahat yaşamalarını qəbul edə bilmirlər. Çıxış yolunu isə inaclı insanları aldadaraq, onlara yanlış vədlər verərək aksiyalara  cəlb edir, radikal-ekstremist dəstələr yaradaraq qarşıdurma yaratmağa çalışırlar. Dövlət başçısının  İslam dəyərlərini həmişə yüksək tutması bu dəfə də radikal dini qruplaşmanın istəyini ürəyində qoydu və “din təəssübkeşləri”nin düyməsini basanlar öz niyyətlərinə çata bilmədilər.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında