Prezident İlham ƏLİYEV: Azərbaycan heç vaxt öz torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcək!

 

 

 

 

 

 

 

 

 

 

 

 


Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və Azərbaycan torpağı kimi dünya birliyi tərəfindən tanınır, tanınacaq və Azərbaycan torpağı kimi tam şəkildə Azərbaycan dövlətinə inteqrasiya edəcəkdir. Ona görə biz elə çalışmalıyıq ki, münaqişənin həlli tam olsun. Azərbaycanın suverenliyi tam şəkildə təmin edilsin. Əlbəttə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində olmalıdır, başqa variant nəzərdən keçirilmir və biz bu varianta nail olmaq üçün çalışmalıyıq.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan  dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran prioritet vəzifələrdən biri də xarici siyasət kursunu  düzgün müəyyənləşdirmək,  eyni zamanda, öz milli maraqlarını qorumaq və bölgənin aparıcı dövləti statusunu saxlamaq olmuşdur. Digər tərəfdən, bölgədə maraqları olan bütün dövlətlərlə, habelə qonşularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq kriteriyalarından çıxış edərək, yenicə qazanılmış müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsində beynəlxalq təşklatlarla əlaqələri  genişləndirmək də dövlət siyasətinin əsasını təşkil etmişdir.

Coğrafi baxımdan Qərb ilə Şərqin qovuşduğu, dünyanın aparıcı dövlətlərinin maraqlarının kəsişdiyi bölgədə yerləşən Azərbaycan üçün xarici siyasətin düzgün seçilməsi ölkənin müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində başlıca amillərdən biridir. Azərbaycan kifayət qədər mürəkkəb, eyni zamanda, strateji əhəmiyyətli bölgədə yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən öz milli maraqlarını qorumaq və bölgənin aparıcı dövləti statusunu saxlamaq, digər tərəfdən  regionda maraqları olan bütün dövlətlərlə, habelə qonşularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini tənzimləmək tələb olunurdu.

Ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri, deyərdim ki, başlıcası düzgün xarici siyasətin müəyyənləşdirilməsi olmuşdur. Ulu öndərin zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq, düzgün xarici siyasət yürütməsi nəticəsində həm Azərbaycanın bölgədə aparıcı dövlət olması faktı reallığa çevrilər, həm də region, Avropa və Asiya qitələri üçün mühüm əhəmiyyət kəsb edən nəqliyyat infrastrukturunun, yeni enerji layihələrinin təməli qoyulardı. Bundan əlavə. Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan torpaqları qaytarılar, ata-baba yurdlarından didərgin salınan soydaşlarımız geri dönərdilər. Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayarkən, andiçmə mərasimində dediyi sözlər də bunu təsdiqləyir: “İşğal, qaçqınların vəziyyəti respublikanın ictimai-siyasi, mənəvi vəziyyətini gərginləşdirmişdir. Bizim ən əsas vəzifəmiz respublikanı müharibə vəziyyətindən çıxarmaq, işğal olunmuş torpaqların hamısını geri qaytarmaq, Azərbaycanın  ərazi bütövlüyünü, müstəqil respublikanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, yurd-yuvasından didərgin salınmış soydaşlarımızı öz doğma yerlərinə qaytarmaqdır. Əmin ola bilərsiniz ki, mən bütün səylərimi səfərbər edib Azərbaycan xalqının istədiyinə nail olacağam”.

Həmin vaxt Azərbaycan bütün cəbhə boyu silsilə məğlubiyyətlərə məruz qalır və  torpaqlarını itirirdi. Heydər Əliyevin respublikaya rəhbərliyindən sonra orduda vahid komandanlıq yaradıldı və qeyri-qanuni silahlı dəstələr ləğv edildi. Füzuli rayonunun Horadiz və digər yaşayış məntəqələri Azərbaycan Ordusunun hücumları sayəsində azad olundu.

Yeri gəlmişkən, qeyd edim ki, hazırda Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar görülən işlərin təməli də məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasi kursunun nəticəsidir. Çünki həmin vaxt Azərbaycan Ordusu erməni silahlı qüvvələrini Cocuq Mərcanlıdan da qovub çıxarmışdı. Lakin Füzuli rayonundakı Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan Cocuq Mərcanlıda yaşamaq təhlükəli idi. Ötən il aprelin əvvəlində başlanan dördgünlük müharibədə Azərbaycan Ordusu erməni silahlı qüvvələrinə elə ciddi zərbələr vurdu ki, düşmən əsgərləri böyük itki verərək, canlarını güclə qurtardılar.

Bu hadisələrdən bir il keçməsinə baxmayaraq,  Ermənistan tərəfi hələ də özünə gələ bilməyib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-cil 25 yanvar tarixli sərəncamı işğalçı Ermənistan dövlətinə daha bir zərbə oldu. Çünki bu sərəncamdan sonra doğma yurdlarından didərgin salınmış soydaşlarımızın isti ocaqlarına qayıdışının əsası qoyuldu. Möhtərəm Prezidentimizin həyata keçirdiyi düşünülmüş xarici siyasət kursu bu qayıdışın davamlı olacağına hər birimizdə böyük inam yaradıb.

...Heydər Əliyev prezidentlik fəaliyyətinə başlayan kimi münaqişənin nizamlanması istiqamətində çoxtərəfli danışıqlara başladı. Xalqımızın ən ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun həlli üçün bütün imkanlardan istifadə etdi. Ulu öndər münaqişənin həllində dinc yola, diplomatik danışıqlara, beynəlxalq birliyin dəstəyinə üstünlük verdiyini dəfələrlə bəyan etmişdir.

ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin  səmərəsizliyi Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa danışıqlar zərurətini ortaya qoydu. Ermənistan prezidenti Robert Koçaryanla 20-dən artıq görüş keçirən Heydər Əliyev bütün danışıqlarda Azərbaycanın milli maraqlarını layiqincə qorumuş və Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu, ondan heç vaxt imtina edilməyəcəyini qəti olaraq bildirmişdir.

Ulu öndər problemin həlli ilə bağlı dünyanın aparıcı dövlətlərinin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri–Rusiya, Fransa və ABŞ prezidentləri ilə də dəfələrlə görüşlər keçirmiş və bu görüşlərin nəticəsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması təsdiqlənmiş, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunması pislənilmişdir.

Məhz ümummilli lider Heydər Əliyevin uğurlu xarici siyasəti sayəsində beynəlxalq ictimaiyyətdə bu problemə olan münasibət Azərbaycan həqiqətlərinə uyğun olaraq dəyişdiyindən münaqişənin əsl mahiyyəti düzgün dərk edilməyə başlanıldı və tədricən Azərbaycan bu məsələ ilə əlaqədar öz mövqeyini möhkəmləndirdi. Bununla bir daha dünya ictimaiyyətinə sübut olundu ki, bu, Azərbaycan dövlətinin və xalqının bir nömrəli problemidir və buna da uyğun diqqət olmalıdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə bəlli olduqdan sonrra BMT-nin Təhlükəsizlik Şurası tərəfindən münaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin Ermənistan silahlı qüvvələrindən azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə 4 qətnamə (1993-cü il 30 aprel tarixli  822 nömrəli, 29 iyul tarixli  853 nömrəli, 14 oktyabr tarixli  874 nömrəli, 11 noyabr tarixli 884 nömrəli) qəbul edilmişdi.

Məhz ulu öndərin fəaliyyəti nəticəsində 1994-cü ilin may ayında atəşkəsə nail  olunmuş, Azərbaycanın iqtisadi cəhətdən möhkəmləndirilməsinə, müdafiə qabiliyyətinin artırılmasına imkan yaradılmışdı. ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər görülmüşdür. Xalqımızın ümummilli lideri Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan  prezidenti ilə 25, ATƏT rəhbərliyi, Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçiləri ilə 200-dən və 80 ölkənin dövlət başçıları ilə
500-dən çox görüş keçirmişdir.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını dövlət siyasətinin prioritetinə çevirdi. Ölkə başçısı  ilk gündən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, sülh yolu ilə nizamlanmasına üstünlük verdiyini bəyan etdi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması zərurətini qəti şəkildə bildirdi: “Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Keçən il ATƏT də bu məsələ ilə bağlı öz ciddi sözünü demişdir--status-kvo qəbuledilməzdir. Bu, aksiomdur və bu, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Budur, münaqişənin həlli yolları. Bunun başqa yolu ola bilməz. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin istər prezidentlikdən əvvəlki dövrdə– Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan Parlamenti daimi nümayəndə heyətinin rəhbəri kimi, istərsə də prezidentlik dövründə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəsarətli çıxışları Azərbaycanın dünyadakı siyasi nüfuzunun daha da artmasında əhəmiyyətli rol oynamışdır. Respublikamızın rəhbəri həm rəsmi, həm də qeyri-rəsmi görüşlərdə, nüfuzlu beynəlxalq tədbirlərdə Ermənistanı təcavüzkar dövlət kimi ifşa etmiş, qətiyyətli mövqeyi ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ haqqında, qondarma Dağlıq Qarabağ problemi  barədə dünya birliyində obyektiv rəy formalaşdırmış, həmin münaqişəyə düzgün siyasi qiymət verilməsi və onun həlli yolunda mühüm addımlar atmışdır.

Azərbaycanın beynəlxalq aləmdəki reytinqinin getdikcə artması göz qabağındadır. Ölkəmizin 155 dövlətin dəstəyi ilə  BMT Təhlükəsizlik Şurasına qeyri- daimi üzv seçilməsi  çox böyük siyasi hadisə oldu. Ölkəmizin bu quruma qeyri-daimi üzv seçilməsi beynəlxalq aləmdə artan nüfuzumuzun göstəricisidir. Bu, respublikamızın müstəqillik tarixində əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Bu uğurun müstəqilliyin bərpasının 20-ci ildönümündə əldə edilməsi təsadüfi deyil. Belə ki, Azərbaycan, ötən 20 il ərzində dinamik  inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan, beynəlxalq birliyə töhfələri ilə dünya ictimaiyyətinin rəğbətini qazanmış və bunun nəticəsi olaraq, dünyanın ən nüfuzlu qurumunun qeyri-daimi üzvlüyünə seçilmişdir. Onu da qeyd edək ki, Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən ilk ölkə olmuşdur Həmin uğurun yaddaqalan məqamlarından biri də odur ki, ölkəmiz bu tarixi qələbəni BMT-nin təsis edildiyi gün–oktyabrın 24-də əldə etmişdir. Dünyanın 155 dövlətinin ölkəmizin namizədliyinin lehinə səs verməsi Azərbaycanın beynəlxalq aləmdə artan çəkisinin, ərazi bütövlüyü və sərhəd toxunulmazlığının bir daha təsdiqlənməsi deməkdir.

Azərbaycanın digər beynəlxalq qurumlarla fəal əməkdaşlığı da ölkəmizin sülh tərəfdarı və münaqişənin nizamlanmasında beynəlxalq hüququn norma və prinsiplərinə üstünlük verməsində də öz təsdiqini tapmışdır. Bu, bir sıra nüfuzlu beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmaları barədə qəbul etdikləri qətnamələrdə də özünü büruzə verib. Məlum olduğu kimi, dünyanın aparıcı beynəlxalq təşkilatları münaqişənin nizamlanmasında  Azərbaycanın mövqeyini müdafiə edir. BMT Təhlükəsizlik Şurasının məlum  4 qətnaməsindən əlavə, 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatı,  İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurası bizim mövqeyimizi dəstəkləmişdir. Son illər ərzində dövlət başçısının düşünülmüş siyasi strategiyası nəticəsində Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qətnamələr qəbul etmişdir.

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ Azərbaycan diplomatiyasının səyləri nəticəsində hamımızın münaqişələrin alovlandığı və qanlı toqquşmaların çoxaldığı çətin və mürəkkəb il hesab etdiyimiz 2016-cı ildə də nüfuzlu beynəlxalq  təşkilatların gündəliyinə daxil edilərək, müzakirə mövzusu olmuşdur. Ölkəmiz üzv olduğu bütün  beynəlxalq təşkilatların tribunalarından istifadə edərək, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. BMT Baş Assam-bleyasının 71-ci sessiyasının gündəliyində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət və GUAM ərazisində həlli uzadılmış münaqişələr kimi gündəlik maddələri saxlanılır. İslam Əməkdaşlıq Təşkilatının ötən il aprelin 10-15-də İstanbulda dövlətimizin başçısının iştirakı ilə keçirilmiş 13-cü sessiyası ölkəmizin maraqlarına cavab verən bir sıra qərarların qəbul edilməsi ilə yadda qaldı. Bu mövqe İstanbul Zirvə toplantısında, həmçinin iyulun 8-9-da NATO-nun Varşavada keçirilmiş Zirvə toplantısında üzv dövlətlərin qəbul etdiyi yekun kommunikenin 24-cü paraqrafında da öz əksini tapdı. Tədbirin iştirakçısı olan dövlət və hökumət başçıları Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəklədiklərini bir daha vurğuladılar, Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həllini dəstəklədiklərini ifadə etdilər.

Qoşulmama Hərəkatına üzv ölkələrin sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin, oktyabrın 18-19-da İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Daşkənd şəhərində keçirilən 43-cü sessiyasında da Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn bu prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həllini dəstəklədikləri bildirildi.

İl ərzində beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş qərar və qətnamələr Azərbaycanın ədalətli mövqeyini və münaqişənin həllinin siyasi-hüquqi əsaslarını daha da gücləndirmişdir. ATƏT-in həmsədr dövlətlərinin təmsilçilərinin iştirakı ilə ötən il Vyanada və Sankt-Peterburqda  keçirilmiş Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərində də artıq  Ermənistan prezidentnin zəifliyi və aciz durumda olması özünü açıq şəkildə büruzə vermişdir. Bu görüşlər ötən ilin aprelində cəmi 4 gün davam edən müharibədən sonra baş tutmuşdu. Həmin döyüşlərdə  Azərbaycan Ordusundan layiqli cavab aimış işğalçı dövlətin prezidenti Serj Sarkisyan əvvəlki ərköyünlüyünə son qoydu. Artıq dərk etdi ki, bu ərköyünlüyü, beynəlxalq hüququn normalarına hörmətsizliyi və işğalçılıq siyasətindən əl çəkməməsi  Ermənistana baha başa gələcək. Azərbaycan Ordusu bir qarış da olsun ərazisini işğal altında qoymayacaq. Bunu aprel müharibəsi də təsdiqlədi. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla silahlanaraq qarşıya qoyulan tapşırıqları həll etmək iqtidarındadır.

Azərbaycan Prezidenti İlham Əliyevin Dağıq Qarabağla bağlı mövqeyi artıq dünya birliyinə də bəllidir: “Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Kimsə bunu gözləyirsə, əbəs yerə gözləməsin. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır”.

Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında