İslam həmrəyliyi - zamanın tələbi, milyonların arzusu

Bir müddət əvvəl paytaxtda “2017- İslam Həmrəyliyi ili” çərçivəsində Qafqaz Müsəlmanları İdərəsi, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövət Komitəsi, AMEA və Bakı Multikulturalizm Mərkəzinin birgə təşkil etdiyi “İslam həmrəyliyi - zamanın çağırışı” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda səslənən fikirlər, eləcə də yekunda qəbul edilən müraciətin mətni, sözün əsl mənasında, məni olduqca ciddi düşüncələrə çəkdi...

 “Azərbaycanda multikulturulazim dəyərləri” filminin nümayişindən sonra xarici ölkələrin dövlət və hökumət rəsmilərinin, Bakıda akkreditə olunan diplomatların, beynəlxalq təşkilatların nümayəndələrinin, parlament üzvü olan həmkarlarımın, elm və din xadimlərinin dəvət olunduğu konfransın iştirakçılarına dövlətimizin başçısı cənab İlham Əliyevin təbriki oxundu. Təbrikdə konfransın keçirilməsi üçün məhz Bakının seçilməsində təşkilatçıların  doğru seçim etdikləri vurğulanırdı: "Azərbaycanda bu səpkidə bir çox beynəlxalq tədbir keçirilib. Bunun davamı olaraq bu il İslam Həmrəyliyi Oyunları keçiriləcək. İslam həmrəyliyi olduqca vacib amildir və bununla bağlı ciddi addımlar atılmalıdır. Ümidvaram ki, bugünkü konfrans da İslam aləminə öz töhfəsini verəcək"

 Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla dövlət başçımızın təbrikini oxuyandan sonra konfrans üç dildə- Azərbaycan, rus və ingilis dillərində öz işinə başladı. "İslam həmrəyliyi ili" multikulturalizm ideyalarının və dinlərarası dialoq ənənələrinin məntiqi davamıdır", "İslam həmrəyliyi terrorizm, islamofobiya və radikalizm əleyhinə mübarizədə", "Heydər Əliyev siyasətində İslam həmrəyliyi", "İslam həmrəyliyinin Azərbaycan modeli və onun elmi-praktiki inkişaf perspektivləri" və digər mövzularda çıxışların hər biri bu gün dünyanın taleyinə biganəliyə son qoymağa həyacan dolu çağırış idi.

Müzakirəyə çıxarılan mövzular bir zərurəti ortaya qoyurdu: İslama, eləcə də digər dinlərə mənsubiyyətindən asılı olmayaraq, bütün xalqlar, dövlətlər arasında həmrəyliyə böyük ehtiyac var. Dünyanın ziddiyyətlər içində boğulduğu və İslam aləmində insanların kütləvi ölümü ilə nəticələnən fəlakətlərin baş verdiyi şəraitdə Bakıda həmrəylik təşəbbüsünün irəli sürülməsi bəşəriyyətin bir müsəlman övladı kimi mənim də arzularımın ifadəsinə çevrilmişdi.

Əslində, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin İslam Həmrəyliyi ili elan edilməsi XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələbinə cavab verən QLOBAL çağırışdır. Bu çağırış mühüm tarixi əhəmiyyət daşımaqla bərabər, həm də dünyəvi dəyərlərə tapınan, tolerant bir müsəlman dövlətinin beynəlxalq siyasətdə tanınan liderlərdən biri olan Azərbaycan Prezidentinin İslam ölkələri arasında ziddiyyətlərin aradan qaldırılmasına, həmrəyliyin formalaşdırılmasına yönələn son dərəcə müdrik və səmimi təşəbbüsdür.

Sivil beynəlxalq əməkdaşlığa, beynəlxalq hüquq normalarına, demokratik dəyərlərə hörmətə söykənən Azərbaycan Prezidentinin  bu qlobal çağırış təşəbbüsü dünyanın sabitliyi, təhlükəsizliyi və dünya müsəlmanlarının bir araya gəlib qanlı qarşıdurmalara son qoymaq kimi yüksək amallara xidmət edir. Ona görə də bu çağırışı yalnız dinə bağlı, İslam daxilində məzhəblərarası, təriqətlərarası sülhün bərqərar olması ilə məhdudlaşdırmaq olmaz. Digər bir tərəfdən, bu, həm də müsəlman ölkələri arasında iqtisadi, siyasi, psixoloji, mənəvi sahələrdə özünüqoruma və müqavimət hissinin gücləndirilməsi naminə edilən ­QLOBAL çağırışdır.

 Ölkəmizdə belə beynəlxalq konfransların keçirilməsi həm də Azərbaycanın tarixən İslam sivilizasiyasının əsas mərkəzlərindən biri kimi dünyada İslam ölkələrinin həmrəyliyi və islami dəyərlərin təbliği istiqamətində əsaslı işlər görəcəyinə əminlik yaradır. Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş edib. Ölkəmizdə İslam dininin mahiyyəti, məqsəd və məramları bütün dövrlərdə qənaətbəxş sayılıb. Eyni zamanda, İslam dininin çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın və multikultural mühitin yaranmasında müstəsna rolunu danmaq olmaz.

 Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirməklə yanaşı, bütün dünyada İslam həmrəyliyinin gücləndirilməsi, beynəlxalq səviyyədə İslam dəyərlərinin müdafiəsi üçün fəal iş aparır. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ISESCO kimi aparıcı təşkilatların fəal üzvüdür, onların nüfuzunun yüksəldilməsinə, İslam mədəniyyətinin inkişaf etdirilməsi və dünyada yayılması işinə öz dəyərli töhfələrini verir.

  Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir və bu siyasət bilavasitə milli maraqlara söykənir. Dövlət başçısının həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır və bunun sayəsində Azərbaycan dünyanın tolerant dövlət modeli kimi nümunə göstərilir.

 Dünya siyasi, iqtisadi müstəvidə gedən proseslər qarşısında sanki çaş-baş qalıb. Siyasi tendensiyaları müəyyənləşdirən aktorların hadisələrə ikili standartdan yanaşması Şərqin faciələr burulğanından qurtulmasına imkan vermir. Bir çox müsəlman ölkələrində uzun illərdir davam edən siyasi-hərbi, sosial-iqtisadi, eləcə də mənəvi problemlərin dərinləşməsi silahlı qarşıdurmalara, lokal müharibələrə səbəb olur və bu qlobal məsələ kimi dünyanın zəka sahiblərini narahat etməyə bilmir.

 Televiziya ekranlarından müsəlman ölkələrində gedən qanlı-qadalı münaqişələrdən epizodlar göstərəndə, ilk növbədə, bir insan kimi ürəyim ağrıyır. Fələstində, İraqda, Əfqanıstanda, bir vaxtlar sabitliyin hökm sürdüyü Suriya və Liviya kimi ölkələrdə milyonlarla sadə insan müharibənin dəhşətlərindən əziyyət çəkir, yadelli əsgərlərin və ya araqızışdıranların hücumuna məruz qalır, isti ocağından, yurd-yuvasından çıxmağa məcbur edilir. Qadınlar, yeniyetmə qızlar təcavüzə məruz qalır, məscidlər talan edilir, yüz minlərlə insan müharibənin gətirdiyi “ölümə məhkum olur”.

Biz elə bir zamanda yaşayırıq ki, baş verən prosesləri qiymətləndirmək və təhlil etmək üçün yetərincə informasiya əldə edə bilirik. Reallığı, tam dəqiq olmasa da, ona ən yaxın şəkildə dərk edirik. Bu günün reallıqları isə həqiqətən könlümüzü dağlayır. Bu gün İslam coğrafiyası dünya ərazisinin beşdəbir hissəsini əhatə edir. Savaş ocaqlarının,  qanlı müharibələrin, XXI əsr üçün ağıla belə gəlməyən amansız edam və qətlləri, terror hadisələrinin çox hissəsi də onların “payına” düşür. Hiddət və bəzən acı gülüş  doğuran da odur ki, əksər hallarda bunu İslam dininin, İslam fundamentalizminin nəticələri deyib dünyanı İslama qarşı çevirməyə çalışırlar. Əslində isə İslam hümmətini müsəlman olmayan siyasət aktorlarının əlində olan İslam qılıncı ilə parçalayırlar. İslam aləminin faciəsi burdadır ki, bunu dərk etsə belə, çarəsini düşünmür. Çünki şəxsi mənafelər ümummilli, İslami mənafedən çox güclüdür. Ona görə də Yaxın Şərq, tarixin bir çox mərhələlərində olduğu kimi, bu gün də bir sıra beynəlxalq və regional güclərin dünyaya hökmranlıq etmək uğrunda amansız mübarizəsinin qurbanına çevrilir.

 Bombaların, güllələrin yağışı altında fəryad edən müsəlman uşaqlarını, analarını, qanı tökülən cavanları, dağıdılan şəhər və kəndləri görəndə insanı dəhşət bürüyür.

 Dini fərqləri düşmənçilik həddinə çatdırmaqla insanlar daha çox parçalanır, əzab-əziyyətlə üzləşir, doğma torpaqlarından didərgin düşürlər, qanlı terror aktları bu ölkələrdəki sabitliyə çox böyük zərbə vurur.

 Əlbəttə, belə qanlı qarşıdurmaların daha çox müsəlman ölkələrində baş verməsi təəssüf hissi doğuran faktlardır. Niyə? Nə üçün? Nə səbəbə? Bu kimi sualların bir cavabı məlum xarici dairələrin öz maraqlarını müsəlman cəmiyyətlərində həyata keçirmələridirsə, bir cavabı da İslama etiqad edən insanlar arasında daim parçalanmanın mövcud olmasıdır. Bu parçalanmaya əsas səbəblərdən biri  məzhəb ayrı-seçkiliyidir ki, bu gün İslamın ən ağrılı problemi olaraq qalmaqdadır. Hiddət doğuran gerçəklik ondan ibarətdir ki, bir çox hallarda müsəlmanlar, hətta milli kimliklərini də unudaraq məzhəb kimliklərini önə çəkirlər. Əlbəttə, belə olan halda İslam hümmətinin birliyini istəməyən və bu birliyi özləri üçün təhlükə mənbəyi hesab edən xarici dairələr məzhəb ayrı-seçkiliyini körükləyir, qanlı qarşıdurmalar bitmək bilmir, meydanlarda, insanların gur olduğu yerlərdə, hətta Allah evi hesab etdiyimiz  məscidlərdə qanlı terrorlar baş alıb gedir. Bu faktların hamısı İslamın zəifləməsinə, eyni bir əqidənin daşıyıcılarının bir-birinə nifrətinə, nəticədə İslam dünyasının geriləməsinə səbəb olan acı həqiqətlərdir.

Halbuki, İslam dünyası əsrlər boyu yalnız siyasi-hərbi cəhətdən deyil, eyni zamanda, elm, mədəniyyət, incəsənət, tibb, fəlsəfə kimi müxtəlif sahələrdə dünyanın mərkəzi olmuşdur. Tanınmış Yaxın Şərq mütəxəssisi Daniel Pipes bir məqaləsində müsəlmanların özlərinə inamına belə bir şərh vermişdir: “Bu, özünə inamı təmin edən amillərdən biri də İslamın ilk altı əsrində müsəlmanların əldə etdiyi böyük nailiyyətlərin xatirəsidir. Bu dövrdə İslam mədəniyyəti ən qabaqcıl dünya mədəniyyətinə çevrilmişdi və müsəlmanlar ən yaxşı səhiyyə standartlarına, ən yüksək elmi nailiyyətlərə sahib idi. Elmi-texniki tədqiqat mərkəzlərinin çoxu müsəlmanların nəzarətində idi. 715-ci ildə müsəlmanlar Qərbdə ­İspaniyadan Şərqdə Hindistana qədər uzanan imperiya yaratmışdılar.”

Bütün bu reallıqlar prizmasından baxanda, Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsi humanist və sülhsevər bir təşəbbüs olmaqla bərabər, həm də ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisidir. Bununla müstəqil Azərbaycan həm də həmrəylik, birlik, əməkdaşlıq hərəkatının əsas hərəkətverici qüvvəsinə çevrilir. Mən qəti əminəm ki, bu sərəncam müasir dünyada həmrəylik ideallarına böyük çağırışlar doğuracaqdır. Azərbaycanda sağlam dövlət – din münasibətlərindən qaynaqlanan bu təşəbbüs dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək. Ən əsası, İslam dünyasında sülhün, əmin-amanlığın təmin olunmasında və möhkəmlənməsində mühüm rol oynayacaq.

Onu da unutmaq olmaz ki, Azərbaycanda sağlam dövlət – din münasibətlərinin əsasını müstəqillik dövründə ulu öndər Heydər Əliyev qoyub. Məhz bu böyük dövlət xadiminin xidmətləri sayəsində ölkəmizdə İslami dəyərlər bərqərar olmağa başladı. Əgər müstəqilliyin ilk illərində Azərbaycanda cəmi 17 məscid var idisə, bu gün onların sayı 2000-i ötür.

 Etiraf etməliyik ki, müstəqillik illərində ayrı-ayrı vaxtlarda ölkəmizdə dini ekstremizmə cəhdlər də az olmamışdır. Lakin dinimizlə ayaqlaşmayan zərərli dini baxışların heç biri Azərbaycanda öz istəyinə çata bilmədi. Cəmiyyətimizdə xurafatdan, cəhalətdən, radikalizmdən uzaq olan sağlam dini münasibətlərin formalaşması nəticəsində Azərbaycan bu gün dünyada vəhdət namazının qılındığı nadir ölkədir. Bu onu göstərir ki, İslam dininə etiqadın ən düzgün modeli Azərbaycanda bərqərar olmuşdur. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin qətiyyətlə inkişaf etdirdiyi bu model, xüsusən məzhəblərarası etimad mühiti bütün müsəlman dövlətləri üçün nümunədir. Tam qətiyyətlə deyirəm ki, dünyəvi, sivil dövlətdə İslam dininə etiqadın bundan mütərəqqi modeli hələ ki, mövcud deyil.

Dünyada İslam dövlətlərinin mədəni dəyərlərini müdafiə edən  ISESCO təşkilatı məhz bu göstəriciləri əsas götürərərk, 2009-cu ildə Azərbaycanın paytaxtı Bakını “İslamın mədəniyyətinin paytaxtı adlandır”dı. İSESKO Baş Katibliyi Aparatının rəhbəri Əhməd Səid bunu belə şərh edirdi: “ISESCO Avropada təkcə Azərbaycan dövlətinin şəhəri olan Bakını İslamın paytaxtı adlandırır”.

 Bu, bir daha onu göstərir ki, ulu öndərimiz Heydər Əliyevin və ­Prezidentimiz İlham Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdikləri siyasət bu gün Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan, sözün həqiqi mənasında, öz nüfuzundan və təcrübəsindən bəhrələnərək müsəlman ölkələri arasında da birləşdirici və barışdırıcı missiyanın daşıyıcısı olan bir ölkəyə çevrilib. Prezident İlham Əliyevin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsi haqqında” sərəncamı da İslam həmrəyliyinin bərqərar olmasında Azərbaycanın bu missiyanı daşımaqda israrlı olduğunu təsdiqləyir.

Ona görə “İslam Həmrəyliyi – Zamanın çağırışı” adlı Beynəlxalq konfransın iştirakçıları yekdil şəkildə qəbul etdikləri müraciətdə təsbit etdilər ki, sivilizasiyalar, dinlər və mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanda mövcud olan ənənələr, multikulturalizm ideyaları və dini-mədəni mühitin inkişafına göstərilən dövlət dəstəyi olduqca yüksək təqdirə layiqdir. “Ölkə başçısı İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması faktının özü - XXI əsrdə bəşəriyyətin mənəvi ehtiyac duyduğu və zamanın tələblərinə cavab verən qlobal çağırışdır. Bu dəvətin məqsədi İslami həmrəyliyi lokal çərçivədə deyil, ümumbəşəri problemlər kontekstində geniş müzakirəyə çıxarmaqdır. Zəmanəmizin narahat gündəm yaşadığı, Şərqlə Qərbin kəskin ziddiyyətlərlə qarşılaşdığı bir dönəmdə Azərbaycan dövləti bütün dünyaya özünün sülhpərvər ruhunu, dialoq aparmaq mədəniyyətini, İslam dininin mənəvi dəyərlərini və mütərəqqi mahiyyətini bəyan edir. Bu qərar – müdrik siyasət nümunəsi, yüksək alicənablıq təzahürüdür və biz əminik ki, İslami həmrəylik ideyasının müəllifi olan dövlət rəhbəri İlham Əliyev bu çağırışı ilə öz dövrünün siyasi mütəfəkkiri adlanmağa layiqdir".

 Konfrans iştirakçıları müasir dövrdə multikulturalizm və İslam həmrəyliyi ideyalarının əhəmiyyətini vurğulayaraq, dini radikallıq, məzhəb ayrı-seçkiliyi, ksenofobiya, antisemitizm və islamofobiya təzahürlərinə qarşı dünya ictimaiyyətini, dövlət, elm və din xadimlərini birgə əməkdaşlıq etməyə, belə faktların qarşısının alınması üçün daha fəal olmağa çağırdılar, din pərdəsi arxasında zorakılıq və vandalizm hallarını, tarixi abidələrin məhv edilməsini, müqəddəs kitabların, məbədlərin və dini atributların təhqir olunmasını, digər dini və irqi dözümsüzlük hallarını qətiyyətlə pislədilər.

Müraciətdə terrorizm, onun bütün təzahürləri, insanlara qarşı hər hansı digər zorakılıq halları, ekstremizm qətiyyətlə pislənir. Konfans iştirakçıları dünyada mövcud olan bütün münaqişələrin, o cümlədən Ermənistan – Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdar olduqlarını bəyan etdilər.

Müraciətdə deyilir: "Dinlərarası münasibətlərin inkişafı və tərəqqisi naminə regionun aparıcı dini liderlərinin birgə görüşlərinin təşkil olunmasını, özəlliklə bölgədə sülhün bərqərar olmasında əvəzsiz xidmətləri olan Moskva və Bütün Rusiya Patriarxı Kirill Zati-müqəddəsləri və Ümumgürcüstan Patriarxı II İliya Zati-müqəddəslərinin, eləcə də digər dini konfessiya rəhbərlərinin səmərəli təcrübəsini dəstəkləyir və gələcəkdə davam etdirilməsini arzu edirik. Biz – Beynəlxalq Konfrans iştirakçıları Azərbaycanın dövlət rəhbəri tərəfindən 2017-ci ilin "İslam Həmrəyliyi ili" elan edilməsini alqışlayır, bu ideyanın dünya ictimaiyyəti üçün xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, daha geniş təbliğ edilmək məqsədilə dünyanın bir çox ölkəsində və beynəlxalq qurumlarda müvafiq tədbirlər keçirilməsini və informasiya dəstəyinin təmin olunmasını vacib hesab edirik".

Təsadüfi deyil ki, Azərbaycanda aparılan çoxmədəniyyətli dialoq artıq dünya miqyasında müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi tanınır. Ölkədə yaşayan bütün etnoslar arasında təşəkkül tapmış qarşılıqlı qardaşlıq münasibətinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsi bizim ümumi və çox zəngin tarixi təcrübəmizdir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımından çox müxtəlif olan Azərbaycanda indiyədək dini və milli zəmində heç bir qarşıdurmanın baş verməməsi də elə burada formalaşmış multikultural dəyərlərə bağlı həyat tərzinin məntiqi nəticəsidir.

Şübhəsiz, multikulturalizm öz-özlüyündə dünyanın və bəşəriyyətin ümumi sərvətlərindən biri kimi hamımız üçün istinad nöqtəsi olmalıdır. İslam həmrəyliyi isə onun tərkib hissələrindən biri kimi çıxış edir. Ona görə də bugünkü beynəlxalq ictimai-siyasi vəziyyət, müsəlman ölkələrinin daxilində gedən proseslər bizi bu məsələni daim diqqət mərkəzində saxlamağa sövq edir. Digər tərəfdən, hesab edirəm ki, bu gün İslam ölkələrinə yönələn qəsdlərin ölkəmizdən yan keçəcəyini düşünmək, bir növ, sadəlövhlük olardı. Bu mənada Azərbaycanı da öz maraqlarına uyğun idarə etmək üçün canfəşanlıq göstərən müəyyən qüvvələrin qeyri-sağlam niyyətlərinə tutarlı cavab olaraq belə bir mühüm təşəbbüsün irəli sürülməsini hamımız üçün real olan təcavüzkar çağırışların önlənməsi, İslam dininə sitayiş edən ölkələr və xalqlar üçün ortaq dəyərlərin qorunub saxlanması, həmçinin bizə qarşı baş qaldıra biləcək təhlükələrdən sığortalanmaq yolunda mühüm addım kimi qəbul etmək lazımdır.

Bu il ərzində bu ideya ətrafında konkret proqramlar çərçivəsində ən müxtəlif təbəqələrin nümayəndələri ölkəmizdə təşkil olunması nəzərdə tutulan çoxsaylı tədbirlərdə öz mövqelərini ifadə etmək imkanı əldə edəcəklər. Əminəm ki, nəticə etibarilə Azərbaycan bununla təkcə İslam ölkələrinin deyil, həm də xristian dünyasının rəğbətini qazanmış olacaq.

Lakin burada vacib bir məqama diqqət yetirmək lazımdır. Bu gün bizim həmrəylik çağırışımızı dünyanın digər hissəsinə qarşı çağırış kimi də qəbul edənlər ola bilər. Düşünürəm ki, biz bu ideya ətrafında təkcə xaos, ziddiyyət, müharibələr və məzhəb qarşıdurmasına sürüklənmiş İslam dünyasının yox, dünyadakı vəziyyəti dəyişmək, sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyəti olan dövlətlərin, xalqların, müxtəlif dinlərin nümayəndələrini cəlb etməyə çalışmalıyıq. Onların özünü İslam dünyasının içərisindən gələn təşəbbüsə dəstək vermək və ona yönəlmiş qəsdlərin qarşısının alınması istiqamətində bir yerdə olmağa təşviq etməliyik.

Prezident İlham Əliyevin irəli sürdüyü bu təşəbbüs hər zaman olduğu kimi, bu dəfə də özünün hədəflərinə çatacaq və Azərbaycan İslam dünyasını birləşdirmək, ona qarşı yönəlmiş qəsdləri zərərsizləşdirmək və bütövlükdə özünü dünyaya sülh və əmin-amanlıq carçısı olan ölkə kimi təqdim etmək imkanlarını bir daha ortaya qoyacaqdır.

Azərbaycanda bir ay sonra IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu Oyunların özü İslamdakı həmrəyliyə həsr olunur. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Oyunların əhəmiyyətini belə açıqladı: “Bu il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu da bütün müsəlman ölkələrini bir-biri ilə daha da sıx birləşdirmək üçün tərəfimizdən irəli sürülən önəmli təşəbbüsdür. Bu gün bütün müsəlman ölkələri birlik, həmrəylik nümayiş etdirməlidirlər. Əminəm ki, gələn ay keçiriləcək Oyunlar həm böyük idman bayramı olacaq, həm də bizim dostluğumuzu əks etdirəcək. Bütün müsəlman ölkələri 10 gün ərzində Bakıda öz təmsilçiləri vasitəsilə bir-biri ilə sıx əlaqələr quracaq, bir-birinin əlini sıxacaqlar. Biz Bakıdan bütün dünyaya nümayiş etdirəcəyik ki, İslam aləmi birdir və bizim birliyimiz bizim gücümüzü artırır”.

Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud də bu Oyunların yüksək əhəmiyyət daşıdığını vurğulayaraq deyir: “Bu Oyunlar dövlətlərimizin idmançıları arasında həmrəyliyi təşviq etmək, qardaşlıq və dostluq münasibətlərini gücləndirmək üçün İslam dünyasının övladlarını bir yerə toplayacaq... Heç şübhəsiz, bu Oyunlar nəcib əxlaq və əsil dəyərlərlə yanaşı, yarışmaq, dözümlülük və yüksək çalışqanlıq ruhu ilə seçilən müsəlman idmançının düzgün və ideal simasını göstərmək üçün əlverişli fürsətdir”.

İslamda həmrəylik deyəndə, ilk növbədə, İslamın daxilində müxtəlif məzhəblər arasında həmrəylik yada düşür. Doğrudur, bu da önəmlidir. Lakin cənab Prezident bu qərarla yalnız İslam daxilindəki dini məzhəb həmrəyliyi məsələsini qarşıya qoymur. Dövlət başçısı İlham Əliyevin 2016-cı ili “Multikulturalizm ili”, onun məntiqi davamı kimi 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi bütün dünyaya “Bir-birimizə qarşı dözümlü olmağı, hörmətlə yanaşmağı, həmrəy olmağı, dinlər və məzhəblər arasında dialoq qurmağı bacaraq” çağırışıdır. Bunun ən gözəl örnəyi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın dövlət-din münasibətləri modelinin digər dövlətlər tərəfindən öyrənilməsi və tədqiqi olardı. Arzuladığımız İslam həmrəyliyi yolunda bu böyük bir xəzinədir.

Ümummilli lider Heydər Əliyev Şərqlə Qərb arasında körpü rolunu oynayan ölkəmizin iki qitə arasında barışdırıcı missiyasının əhəmiyyətinə diqqət çəkərək deyirdi: “Biz Avropa qitəsinə daxilik. Amma, eyni zamanda, Avropa ilə Asiya arasında biz öz ölkəmizdə, öz xalqımızın tarixində, milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün indiyə qədər lazımi işlər görmüşük”. Fəxrlə deyə bilərik ki, ulu öndərin bütün fikir və ideyaları kimi, bu dünyagörüşü də Prezident İlham Əliyev tərəfindən zamanın tələbinə uyğun və ustalıqla davam etdirilir. Artıq Azərbaycan dünyada istər mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi, istər tolerantlığın, multikultural dəyərlərin inkişafı, istərsə də müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi istiqamətində mühüm rol oynamaqdadır.

 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi təkcə İslam aləmində deyil, bütün dünyada məhz həmrəyliyin xilaskarlıq missiyasını yerinə yetirə biləcəyinə diqqət yönəltməsi baxımından mühüm əhəmiyyətə malikdir. Əslində, bununla Azərbaycan Prezidenti nəzərə çarpdırır ki, dünyanı həmrəylik xilas edəcək. Bütün dünyanın diqqəti həmrəyliyə yönəlməlidir. Bu mənada bəşəriyyətin xilası kimi həmrəyliyin gündəmə gətirilməsi Azərbaycanın dünyada xilaskarlıq missiyasının yerinə yetirilməsinə öz töhfəsini verməsi mənasını ifadə edir.

Xalqımızın zəngin milli-mənəvi dəyərlərinə böyük həssaslıqla yanaşan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu dəyərlərimizin qorunması istiqamətindəki fəaliyyəti də xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyeva hər zaman Azərbaycan həqiqətlərini beynəlxalq tədbirlərdə ən yüksək tribunalardan xarici ölkə nümayəndələrinin diqqətinə çatdırıb. Heydər Əliyev Fondu ISESCO ilə yaxından əməkdaşlıq edir və birlikdə uğurlu layihələr həyata keçirir. Fondun elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirdiyi layihələr yüksək qiymətləndirilir.

“İslam həmrəyliyi” ideyasının diqqət mərkəzinə çəkilməsi həm də dünyanın bir çox ölkələrində “islam” anlayışına birtərəfli və yanlış münasibət bəslənilməsinə aydınlıq gətirilməsinə də çağırışdır. Bu mənada İslamı əsassız olaraq terrorla əlaqələndirməyin, məqsədli şəkildə islamofobiya meyillərini yaymağın dünyaya sülh yox, qarşıdurma, böhran gətirdiyini diqqət mərkəzinə çəkmək, dialoqa, sülhə, həmrəyliyə, qarşılıqlı etimada çağırmaq mühüm bəşəri missiyadır. Heç şübhəsiz, Azərbaycan multikulturalizm sahəsində olduğu kimi, İslam həmrəyliyi istiqamətində də öz örnəyini meydana qoyacaqdır.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam həmrəyliyinə çağırışı intibah ideallarına, İslam coğrafiyasında olan xalqların və ölkələrin iqtisadi, elmi, mədəni əməkdaşlığına, eyni zamanda İslam dininin irəli sürdüyü bərabərlik, ədalət, mənəviyyat, insanpərvərlik ideyalarına real çağırışları diqqət mərkəzinə çəkməyə xidmət edir. Bu gün Azərbaycan dünya, eləcə də müsəlman dövlətlərinə nümunə ola biləcək bir ölkədir.

İslam dini, sözün həqiqi mənasında, tolerant və eyni zamanda, həmrəyliyə malik olan bir dindir. Lakin hər dinin içərisində olduğu kimi, bəzən İslamda da elə məzhəblər olur ki, bu dinin ümumi prinsiplərinə uyğun gəlməyən müddəalarla çıxış edirlər. Çalışırlar ki, məzhəb ixtilaflarını siyasi ixtilaflara çevirsinlər. Əslində, məzhəb fərqi dini fərqdir. Bunu siyasi alət kimi əldə bayraq edənlərin əsas qayəsi din pərdəsi altında bütün ixtilafları qızışdırmaq və İslam ölkələrini bir-birinə, eləcə də xristian ölkələrinə qarşı qaldırmaqdır.

 Prezidentimiz bütün mənfi təsirlərin qarşısını almaq, dinlər arasında haradasa həmahənglik, birlik yaratmaq məqsədilə bu təşəbbüsü qabardıb. İnanıram ki, görülən və görüləcək tədbirlər sözügedən problem məsələyə yaxşı mənada dayaq olacaq. Bir daha deyirəm, dini yox, məzhəbçilik ideyalarını inkişaf etdirib İslam ölkələrini bir-birindən ayırma cəhdlərinə son qoyulmalıdır. Cənab Prezidentimizin zəngin təcrübəsi və bütün dinlərin əsl mahiyyətini yaxşı bilməsi bu məsələlərə öz töhfəsini verəcək.

Azərbaycan bütün imkanlarını təkcə özünün yox, din qardaşlarının, dünya dövlətlərinin və xalqlarının mənafeyi üçün istifadə edir. Ölkəmiz sülh, sabitlik və dialoq məkanı kimi qəbul olunmaqdadır. Ona görə multikulturalizmin də, İslam həmrəyliyinin də Azərbaycan modeli kimi oturuşmuş anlayışları mövcuddur. Artıq heç bir sivil dövlət və mütərəqqi bəşəriyyət Azərbaycanın bu haqda daha çox danışmağa və təşəbbüs irəli sürməyə mənəvi haqqı olan və o təşəbbüsləri reallaşdırmaq imkanlarını ortaya qoymağa malik bir ölkə olduğuna şübhə ilə yanaşa bilməz.

 Lakin hər bir ideyanın reallaşması əməli fəaliyyətə bağlıdır. İslam həmrəyliyi ideyasını irəli aparmağın mümkünlüyünə hər kəsi inandırmaq çətin olsa da, bunun vacib olduğunu sübut etmək üçün səmərəli işlər görmək lazımdır.

 Mən dəfələrlə Qafqaz Müsəlmanları İdarəsinin sədri ­Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətinin üzvü olaraq xarici ölkələrdə keçirilən beyəlxalq konfranslarda iştirak etmişəm. Möhtərəm Şeyx həmişə öz çıxışlarında İslama qarşı haqsız ittihamlara öz münasibətini bildirib, müsəlman dünyasının üzləşdiyi böyük iztirablardan söhbət açıb. Eyni zamanda, təzadlı dünyanın fəlakətləri içində doğma Qarabağımızın faciəsini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bəli, Qarabağ itkisi və onun həlli məsələsinin yubanması özü elə İslam dünyasına sarsıdıcı zərbədir.

 Bununla yanaşı, islam həmrəyliyi ideyası yalnız müsəlman ölkələri ilə məhdudlaşmır. Müsəlman ölkələri çərçivəsində həmrəylik bir-birinə dəstəkdir, yardımdır. Azərbaycan dövlətinin bu prosesdə fəaliyyəti göz önündədir. Həm iqtisadi cəhətdən, həm də müsəlman əhalisinin say etibarilə Azərbaycan bəzi müsəlman ölkələrindən fərqlənsə də, istənilən müsəlman ölkəsində baş verən təbii fəlakətlər zamanı öz yardımını əsirgəməyib. Eyni zamanda, Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti də müsbətdir. Azərbaycan İslam həmrəyliyindən bir addım belə geri çəkilməyib. BMT Təhlükəsizlik Şurasında, AŞ PA, ATƏT-də və digər qurumlarda İslama qarşı hər hansı bir basqı olduqda Azərbaycan dərhal öz kəskin mövqeyini bildirib.

Həmrəyliyi yalnız məişət, məscid səviyyəsində təbliğ etmək olmaz. Biz bunu qlobal səviyyədə görməli və bu istiqamətdə də işimizi qurmalıyıq. Bu təşəbbüsün bizim üçün, İslam dünyası üçün nə qədər əhəmiyyətli olmasını göstərmək bu baxımdan xeyirlidir. Biz, eyni zamanda, sivilizasiyaların təmas xəttində yerləşirik. Ona görə də bu işdə rolumuz daha böyük olacaq. Elə müsəlman ölkəsi var ki, ətrafında yalnız müsəlman dövlətləridir. Biz isə xristian dininə mənsub dövlətlərlə, hətta torpağımızın 20 faizini işğal etmiş ölkə ilə həmsərhədik. İşğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsini dini savaş fonunda təqdim etməyə çalışır. Azərbaycan isə bəyan edir ki, dini münaqişə fonunda qarşıdurma olsaydı, Azərbaycan qonşu Rusiya Federasiyası, Gürcüstan dövləti ilə strateji tərəfdaş olmazdı.

Dövlət – din və milli ideologiya münasibətlərinin Azərbaycan modeli xalqımıza və ölkəmizə sabitlik, daha böyük uğurlar vəd edir. Maarifçilik mövhumat və cəhalət dərdinin ən böyük dərmanıdır. Məhz dərin elmi dərketmə, əsl maarifçilik gerçək İslam dəyərləri ilə fanatizm və mövhumatı əsaslı şəkildə fərqləndirməyin mahiyyətini ortaya qoyub dini baxışlar haqqında obyektiv qənaətləri cəmiyyətə çatdıra bilər. Təəssüf ki, bir çox Avropa ölkələrində törədilən islamofobiya hallarına qarşı o ölkələrin yazıçıları və alimlərinin reaksiyası hələ ki, yox dərəcəsindədir. Çox hallarda süni şəkildə yaradılan dinlərarası qarşıdurmalar, “müsəlman kütləsi” anlayışı, acınacaqlı miqrasiya axınları və buna qarşı mübarizə özünün real bədii ədəbiyyatını, kinofilmini yaratmamışdır.

 Ekspertlərin fikrincə, illərdən bəri müharibə ocaqları sönməyən Əfqanıstanda, İraqda, Suriyada, Yəməndə trilyonların hesabına aparılan qanlı döyüşlərin əvəzinə həmin vəsaitlə bu ölkələrdə məktəblər, universitetlər, teatrlar, konservatoriyalar, muzeylər, bağçalar tikilib istifadəyə verilsəydi, indi hərb əhvali-ruhiyyəsi, radikal qarşıdurmalar çoxdan bitmişdi.

 İnanıram ki, “İslam Həmrəyliyi ili” beynəlxalq ictimaiyyətin diqqətini müsəlman dünyasının mənəvi zənginliyinə, İslam sivilizasiyasına doğru yönəldəcəkdir. 2017-ci il dünya dövlətlərinin İslam ölkələri ilə dialoqu və həmrəyliyinə layiqli töhfələr verə biləcəkdir. “İslam həmrəyliyi” çağırışı geniş mənada beynəlxalq aləmdə dialoq və həmrəylik anlayışlarını real hərəkata çevirəcəkdir.

 Qlobal miqyasda sülh və əməkdaşlığa, sivilizasiyalararası dialoqa böyük töhfə verən Azərbaycan bu sahədə yeni fəaliyyət mərhələsinə qədəm qoyur və respublikamız İslam həmrəyliyinin ideya və real fəaliyyət mərkəzinə çevrilir. Elə Azərbaycanın paytaxtında 53 ölkədən 300-dək nümayəndənin, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimlərinin, siyasətçilərin, elm adamlarının, siyasi ekspertlərin iştirak etdiyi "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" V Qlobal Bakı Forumu da bu fikri təsdiqləyir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın açılış mərasimində iştirak etdikləri forum Azərbaycan həqiqətlərinin təbliğində və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rola malik çox mühüm və əlverişli platformadır.

Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı, yazıçı-dramaturq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında