Əgər bütün tariximizi götürsək, Azərbaycan heç vaxt indiki qədər güclü olmamışdır. Bizim uğurlu siyasətimiz, regional təşəbbüslər, enerji, nəqliyyat layihələri geniş mənada beynəlxalq əməkdaşlığı formalaşdırır. Biz beynəlxalq əməkdaşlığa öz fəlsəfəmizi gətirmişik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş xarici siyasət kursu, 2017-ci ilin əvvəlindən bir-birinin ardınca müxtəlif ölkələrə rəsmi səfərləri ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi çoxvektorlu, balanslı və tarazlaşdırılmış xarici siyasət kursunun sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq uğurlu davamından xəbər verir. Azərbaycanın getdikcə yüksələn reytinqi bir daha təsdiqləyir ki, xarici siyasətimizin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. Bu siyasi kurs respublikamızın ikitərəfli formatda ayrı-ayrı dövlətlərlə yüksək səviyyədə qarşılıqlı münasibətləri ilə yanaşı, beynəlxalq təşkilatlarda da mövqelərimizi gücləndirir.
Dövlət başçısının bu ilki xarici səfərlərinin coğrafiyasına nəzər salsaq, Azərbaycanın çoxşaxəli və uğurlu xarici siyasət apardığının şahidi olarıq. Bu, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsində böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti son üç ay ərzində 7 dəfə xarici səfərdə olub. Ölkəmiz mötəbər Davos Forumunda və Münxen Konfransında ləyaqətlə təmsil olunub. Bu, dünyanın həm biznes, həm də siyasi elitasının respublikamıza olan inam və etimadından xəbər verir. Dövlət başçımızın Avropa Komissiyasına uğurlu səfəri xüsusi qeyd olunmalıdır. Bu səfər çərçivəsində Avropa Komissiyası ilə Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlara start verildi.
Təbii ki, bu səfər və həmin vaxt keçirilən görüşlər siyasi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, bu danışıqların aparılması üçün layihəni Azərbaycan tərəfi təqdim etmiş və sənəd qəbul edilmişdir. Yaxın vaxtlarda danışıqlarda daha fəal proses başlanacaq və tezliklə bu mühüm əhəmiyyətli saziş bağlanacaq. Bu görüş və imzalanacaq saziş Avropa İttifaqı və Avropa Parlamenti tərəfindən ölkəmiz haqqında yayılan qeyri-obyektiv məlumatlara son qoyacaq.
2016-cı ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin üzvləri ilə görüşündə səsləndirdiyi fikirləri xatırlatmaq yerinə düşərdi. Dövlətimizin başçısı Avropa İttifaqı ilə münasibətlərə çox böyük maraq göstərdiyini və bu münasibətlərin genişləndirilməsinin vacib olduğunu bildirməklə yanaşı, Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı bir sıra qeyri-obyektiv addımların atılmasının qəbuledilməz olduğunu vurğulamışdır. Prezident kifayət qədər sərt və prinsipial şəkildə Avropa Parlamentinin Azərbaycanla bağlı tez-tez yalan dolu qərarlar qəbul etdiyini nümayəndə heyətinin diqqətinə çatdırmış, bütün bunların əsassız olduğunu tutarlı faktlarla sübut etmişdir. Qeyd olunmuşdur ki, bütün bunlarda əsas məqsəd Azərbaycan haqqında beynəlxalq aləmdə qərəzli fikir formalaşdırmaqdır. Ölkə başçısı bu görüşdə Azərbaycanın demokratik prinsiplərə böyük önəm verən ölkə olduğunu, insan hüquq və azadlıqlarının qorunmasının daim dövlətin diqqət mərkəzində saxlanıldığını, müstəqil mətbuatın, azad sözün, fərqli fikrin bildirilməsi, mitinqlərin keçirilməsi üçün hər cür şərait yaradıldığını faktlarla əsaslandırmışdır. Respublikamızın rəhbəri məqsədli şəkildə Prezidentin adından olmayan məsələlərin hallandırılmasının yolverilməz olduğunu, bunun Azərbaycan–Avropa münasibətlərinə mənfi təsir göstərəcəyini bəyan etmişdi.
Azərbaycan Prezidentinin bu mövqeyi dövlətçilik, milli maraqlarımızın qorunması və xaricdən Azərbaycanın daxili işlərinə qarışmaq, bizə kimlərinsə hökm, göstəriş vermək kimi yanaşmasının qəbuledilməzliyi barədə xəbərdarlıq idi. Bütün bunların fonunda Prezident İlham Əliyevin Avropa Komissiyasına səfəri böyük önəm kəsb edirdi.
Azərbaycan Prezidentinin xarici ölkələrə səfərləri və nüfuzlu beynəlxalq tədbirlərdə iştirakı, keçirdiyi görüşlər ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi, əməkdaşlığın artırılması ilə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində də mühüm rol oynayır.
Ölkə rəhbərinin Fransaya rəsmi səfəri də bu baxımdan diqqət mərkəzində olmuşdur. İlk növbədə, ona görə ki, Fransa bizim üçün Avropanın yürsək reytinqli iki dövlətindən biri kimi olduqca əhəmiyyətlidir. Eyni zamanda, Fransa Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Bütün bunlar Fransanı ölkəmiz üçün önəmli edən amillərdəndir. Bunlarla yanaşı, bu, ikitərəfli əlaqələrin, diplomatik münasibətlərin qurulmasına həsr olunan rəsmi səfər idi. Bu, bir faktdır ki, Fransa Avropa və dünya siyasətində xüsusi çəkisi olan dövlətlərdəndir.
Fransanın siyasi rəhbərliyi, biznes dairələri Azərbaycan Prezidentinin bu səfərini yüksək qiymətləndirmişlər. Bu, dövlətimizin başçısının Fransanın aparıcı şirkət rəhbərləri ilə görüşləri zamanı da özünü büruzə vermişdir. Qeyd edək ki, hazırda Azərbaycanda 50-dən artıq fransız şirkəti fəaliyyət göstərir. Bununla yanaşı, əslində, Prezident İlham Əliyevin Fransa səfərinə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Fransanın rolunun artırılması kontekstində qiymət vermək daha düzgün olardı. Çünki Avropanın Fransa kimi güclü bir dövlətinin münaqişənin nizamlanmasında iştirak etməsi müəyyən taktiki yeniliklər üçün şərait yarada bilər.
Ötən ay Bakıda V Qlobal Forum keçirilməsi, tədbirdə 40-dan çox fəaliyyətdə olan və sabiq dövlət, hökumət başçılarının iştirakı Azərbaycanın dünya birliyində reytinqinin getdikcə yüksəlməsindən xəbər verir. Bu nüfuzlu forumun ölkəmizdə keçirilməsi Azərbaycanın nəinki bölgədə, artıq dünya miqyasında önəmli ölkəyə çevrilməsinin bariz nümunəsidir.
Artıq 25 ildir ki, dünyanın inkişaf etmiş dövlətlərilə diplomatik əlaqələr quran Azərbaycan bu gün söz sahibinə çevrilmişdir. Özünü demokratik dövlət kimi təsdiqləyən respublikamızla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə artır. Bunu Prezident İlham Əliyevə Almaniya Federativ Respublikasının Federal Kanslerinin, Rusiya Federasiyası, Ukrayna, Fransa, Hindistan, Misir Ərəb Respublikası prezidentlərinin, həmçinin Çin Xalq Respublikası Sədrinin diplomatik münasibətlərin yaradılmasının 25 illiyi ilə əlaqədar göndərdikləri təbrik məktubları da təsdiqləyir. Qeyd olunur ki, bu müddət ərzində qarşılıqlı siyasi etimad daim dərinləşmiş, əməkdaşlığın müxtəlif sahələrində səmərəli nəticələr əldə olunmuş, beynəlxalq və regional məsələlər üzrə sıx qarşılıqlı fəaliyyət davam edir.
Münaqişələrlə zəngin, maliyyə və iqtisadi böhranın dərinləşdiyi il kimi tarixdə qalan ötən il də Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı və diplomatiyamızın inkişafı baxımından unudulmaz olmuşdur. Ölkəmiz BMT və onun ixtisaslaşmış təsisatları ilə əməkdaşlığa xüsusi önəm vermişdir. Bunu faktlar da təsdiqləyir. Ötən ilin iyununda Azərbaycan BMT Baş Assambleyasında keçirilmiş səsvermədə iştirak edən 184 üzv dövlətdən 176-nın səsini qazanmaqla 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilmişdir. Bildiyimiz kimi, BMT Baş Assambleyasından sonra 120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatı ən böyük beynəlxalq platformadır. Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının ötən il sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin yekun sənədində 2019-cu ildə XVIII Zirvə toplantısının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bu, çox böyük siyasi əhəmiyyət daşıyır. Çünki Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. 2019-2022-ci illər ərzində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək.
Ötən ilin sonunda Haaqa şəhərində 192 dövlətin iştirakı ilə keçirilən Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatın üzv dövlətlərinin XXI konfransında Azərbaycan ilk dəfə olaraq, təşkilatın İcraiyyə Şurasının 2017–2019-cu illər üzrə üzvlüyünə seçildi. Ölkəmizin namizədliyi konfransda iştirak edən dövlətlərin yekdil dəstəyini qazanıb. Bununla yanaşı, ötən il ölkəmiz, həmçinin Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilmişdir. Ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi bununla yekunlaşmır. Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun inkişaf etdirilməsində mühüm platforma olan BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi də etmişdir.
Azərbaycanın xarici siyasət xəttində müsəlman ölkələri ilə əlaqələrimizin möhkəmləndirilməsi prioritet təşkil edir. Ölkə başçısının bu ilin əvvəlində Qətərə, Pakistana, İran İslam Respublikasına səfərlərinin əsasını da müsəlman dövlətləri ilə əməkdaşlığın genişləndirilməsi təşkil etmişdir. Bir aydan sonra Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərəfəsində belə səfərlər siyasi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanda İslam həmrəyliyi üçün çox böyük işlər görülür və ölkəmiz bu istiqamətdə töhfələr verir. Yaxın vaxtlarda 57 ölkəni təmsil edən 3 mindən çox idmançının, minlərlə rəsmi nümayəndənin Azərbaycana gəlməsi böyük siyasi hadisədir. Dövlətimizin başçısı da bu hadisəni yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bizim üçün böyük şərəfdir. Bunu İslam ölkələrinin Azərbaycana olan hörmətinin və inamının təzahürü kimi vurğulayan ölkə başçısı, eyni zamanda, ölkəmiz üçün böyük məsuliyyət olduğunu bildirmişdir: “Biz bütün qonaqları qəbul etməyə hazırıq, onları səbirsizliklə gözləyirik. Qeyd etdiyim kimi, bu Oyunlarda 57 ölkənin idmançıları iştirak edəcəklər və bu, Oyunların tarixində bir rekorddur. Biz buna çox sevinirik. Eyni zamanda, minlərlə rəsmi nümayəndə, qonaq ölkəmizə gələcək. Əminəm ki, qonaqların ölkəmizlə, onun reallıqları ilə, bizim qədim tariximizlə tanış olmaq üçün imkanları olacaqdır. Bunu İslam aləmi də qiymətləndirir. İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin dəfələrlə bizim siyasətimizə ən yüksək qiymət verməsi də bunun nəticəsidir”.
İslam Həmrəyliyi Oyunları ölkəmizin potensialını növbəti dəfə göstərəcək, eyni zamanda, İslam həmrəyliyinə də böyük töhfə verəcək. Dünyanın hazırkı mürəkkəb və münaqişələrlə dolu olan bir dönəmində buna böyük ehtiyac var. Bu Oyunlar təkcə idman yarışı deyil, eyni zamanda, bütün İslam aləmini bir araya gətirəcək siyasi hadisədir. Ölkəmiz daim müsəlman aləmində birliyin möhkəmləndirilməsinə, gücləndirilməsinə çalışıb. Prezident İlham Əliyevin dediyi kimi, bu, bizim ailəmizdir. Biz bu ailənin üzvüyük. Ona görə, biz istəyirik ki, bu ailədə əmin-amanlıq, inkişaf olsun, müharibələrə, münaqişələrə son qoyulsun.
Azərbaycan qədim tarixə, mədəniyyətə, İslam ənənələrinə malik olan bir dövlətdir. Milli- mənəvi dəyərlərimiz, sərvətimiz olan mədəniyyətimiz qürur mənbəyimizdir. Tarixi-dini abidələrimiz də Azərbaycanın qədim müsəlman diyarı olduğunu təsdiqləyir. Cəmi 25 ildir ki, müstəqil dövlət kimi yaşayan, inkişaf etmiş dövlətlərlə əlaqələr quran və dünyada söz sahibinə çevrilən Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bunu ötən ilin aprel döyüşləri də göstərdi. Bu döyüşlərin ən mühüm nəticəsi ondan ibarətdir ki, 23 il işğal altında olan Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüş münaqişənin həlli dövründə dönüş, işğal altıında olan ərazilərimizə Böyük qayıdışın başlanğıcı kimi qiymətləndirilir. Dördgünlük müharibədən sonra Azərbaycanın danışıqlar masasında da mövqeyi kifayət qədər gücləndi. Bu döyüşün sayəsində biz təmas xəttində strateji yüksəkliklər əldə edib cəbhə xəttində üstünlüyə nail olmuşuq.
Dördgünlük müharibə Ermənistanın ideoloji əsaslarını sarsıtdı. Həmin hadisədən sonra Ermənistan əhalisi hələ də sarsıntı və təşviş içərisindədir. Aprel döyüşlərinə qədər Ermənistan hakimiyyətində belə bir düşüncə var idi ki, onlar Azərbaycandan üstündürlər və münaqişənin nizamlanmasında heç bir güzəştdən söhbət gedə bilməz. Amma bu hadisədən sonra Ermənistanın daxilində formalaşan bir neçə siyasi qüvvə açıq-aşkar bəyan etdi ki, Ermənistanın inkişafı Azərbaycanla münasibətlərin normallaşmasından asılıdır. Nə qədər ki Azərbaycanla münasibətlər normallaşmayıb, Ermənistanın inkişafından söhbət gedə bilməz. Bu, bizim gücümüzün artmasının, reytinqimizin yüksəlməsinin nəticəsidir.
Aprel qələbəsini parlaq qələbə kimi dəyərləndirən dövlətimizin başçısı ərazi bütövlüyümüzün danışıqlar mövzusu olmayacağını bir daha bəyan etmişdir: “Biz öz səylərimizi davam etdirəcəyik. Dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Bölgədə vəziyyət bizim xeyrimizə işləyir. İqtisadi, hərbi potensial da aydındır ki, bizim tərəfimizdədir. Keçən ilin aprel hadisələri bunu bir daha göstərdi. Ona görə biz daha da güclü olmalıyıq, daha da güclənməliyik və bunu edirik”.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.