Ermənistanda parlament seçkiləri: analoqu olmayan rüsvayçılıq

Aprelin 2-də Ermənistanda keçirilmiş növbəti parlament seçkiləri də, əvvəlki seçki kampaniyalarında olduğu kimi, ciddi qanun pozuntuları və saxtakarlıqlarla yadda qaldı. Bunu hələ səsvermə günü istər seçkidə iştirak etmiş ayrı-ayrı partiya və blokların bəyanatlarından, istərsə də ölkənin Mərkəzi Seçki Komissiyasının parlament seçkilərinin nəticələri ilə bağlı bir gün sonra açıqladığı məlumatdan aydın görmək mümkündür.

Aprelin 3-də və 4-də ölkənin siyasi qüvvələri baş vermiş kütləvi pozuntularla bağlı bəyanatlar səsləndirdi, KİV-lər faktları ictimaiyyətə təqdim etdi. Erməni KİV-i budəfəki seçkini analoqu olmayan rüsvayçılıq adlandırmaqdan belə çəkinmir. Hətta İrəvanda səslərin yenidən hesablanması ilə bağlı çağırışlar da səslənməkdədir. Təbii ki, qanun pozuntularının və saxtakarlıq hallarının əsas müəllifi olan Ermənistan hakimiyyəti səslənən etirazları qulaqardına vurmaqla kifayətlənmək istəyir. Belə bir vaxtda beynəlxalq təşkilatlar da seçkilərdə kütləvi qanun pozuntularının olması iddiası ilə çıxış etməyə başlayıb.

Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının Ermənistanda keçirilən parlament seçkilərinin yekunları ilə bağlı ilkin bəyanatında deyilir: “Ermənistanda keçirilən parlament seçkiləri zamanı səslərin satın alınması, dövlət qulluqçularına və özəl şirkətlərin əməkdaşlarına təzyiqlər edilməsi ilə bağlı məlumatlar qeydə alınıb”.

 Bəyanatda bildirilir ki, bu faktlar cəmiyyətin seçkilərə olan inamını və etimadını azaldıb. Hüquqi və təşkilati dəyişikliklərə baxmayaraq, bu seçkilər ölkədə seçki prosesinin etibarlılığına olan şübhələri aradan qaldırmayıb: “Şikayətlərə baxılması proseduruna etimadsızlıq səbəbindən qanun pozuntuları ilə bağlı ictimaiyyətə məlumat vermək istəyi yoxdur. Məhkəmə orqanları, seçki idarəçiliyi orqanları və hüquq-mühafizə orqanlarının müstəqil olmaması və onların şikayətləri yoxlamaqla bağlı fəaliyyətləri hüquqi yardım göstərilməsi işinin effektivliyini azaldır. Media qurumlarının sahibləri tərəfindən media materiallarının yayımı məhdudlaşdırılıb. Bu, hökumətin fəaliyyəti haqqında vacib informasiyaların yayılmasına mane olur. Jurnalistlər bildiriblər ki, bu yaxınlarda baş vermiş zorakılıq halları və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması məsələsində problemlər onların işinə mane olur və onların təhlükəsizliyinin təmin edilməsinə problem yaradır".

 ATƏT DTİHB-in bəyanatında o da qeyd olunur ki, Ermənistanın beynəlxalq QHT-lərə seçkiləri müşahidə etməyə icazə verməkdən imtina etməsi ölkənin ATƏT qarşısındakı öhdəliklərinə ziddir.

Erməni mətbuatının yazdığına görə, artıq ölkənin Baş Prokurorluğu tərəfindən seçkilər zamanı təkrar səsvermə və digər saxtakarlıq halları ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluq yaradılmış işçi qrupuna seçki məntəqələrində qeydə alınmış 1000-ə yaxın qayda pozuntusu barədə məlumat daxil olub.

Müstəqil müşahidəçi Ayk Marutyan İrəvandakı seçki məntəqələrində ciddi pozuntuların olduğunu bəyan edərək bildirib ki, Mərkəzi Seçki Komissiyası tərəfindən seçki məntəqələrində kameralar quraşdırılmayıb. Bəzi seçki məntəqələrində müşahidə kameraları ümumiyyətlə işləməyib. Texniki qurğularda nasazlıq yaranmasını MSK sədri Tiqran Muçukyan da etiraf edib.

Müstəqil müşahidəçilər Ermənistanda seçkilərə hazırlıq zamanı 200-dən çox qanun pozuntusu aşkar ediblər. Məntəqələrdə seçki prosesi vaxtından gec başlayıb, səsvermə keçirilən otaqlarda ciddi nöqsanlar aşkarlanıb, bəzi məntəqələrdə seçkinin məxfi şəraitdə keçirilməsinə əməl olunmayıb. “Transparency International” antikorrupsiya mərkəzi də seçkilərdə ciddi qanun pozuntularının aşkarlanması ilə bağlı bəyanat verib. Mərkəzin proqram rəhbəri Varujan Oktanyan seçkilərdə inzibati resurslardan sui-istifadə monitorinqinin nəticələrini açıqlayarkən deyib ki, martın 13-dən 24-dək olan dövrdə seçkidən əvvəl seçici səslərinin satın alınması və ya rüşvət verilməsi ilə bağlı 100-dən çox fakt qeydə alınıb. Bu təşkilat İrəvanda və Ermənistanın daha 12 şəhərində araşdırmalar aparıb. V.Oktanyan qeyd edib ki, inzibati resurslardan sui-istifadə halları bütün ölkə daxilində aşkarlanıb.

Ermənistanın Kardzor kəndindəki 29/24 saylı seçki məntəqəsində "İrs" partiyasının üzvü bülletenlərin qutuya kütləvi atılması faktını qeydə alıb. "İrs" partiyasının mətbuat katibi Ovsep Xurşudyan "Armenia Today" saytına bildirib ki, bu proses kənd administrasiyasının rəhbəri Araik Matinyan tərəfindən təşkil edilir. Bu seçki məntəqəsinin üzvləri insidenti qeydiyyata almaqdan imtina ediblər.

“Armenia Today”ın digər məlumatında isə bildirilir ki, Ermənistanda yenidən sarı dövlət nömrə nişanlı mikroavtobuslarda adamların seçki məntəqələrinə "gətirilməsi" halları qeydə alınıb. "Mülki Cəmiyyət İnstitutu" QHT-nin xəbərinə görə, saat 09:45-10:45-də 9/27 və 9/28 saylı seçki məntəqələrinə 0858 sarı dövlət nömrə nişanlı mikroavtobuslarda adamlar qrup halında gətirilib. Bununla yanaşı, göstərilən təşkilat Seçki Məcəlləsinin digər pozulma hallarını da qeydə alıb.

Təbii ki, işğalçı ölkədə baş vermiş saxtakarlıq və pozuntular barədə daha çox fakt göstərmək olardı. Lakin elə bu faktlar da sübut edir ki, cinayətkarlığın baş alıb getdiyi, dövlət rəhbərliyi səviyyəsində terrorizmin dəstəkləndiyi bu ölkədə bundan yaxşı seçki keçiriləcəyini gözləməyə dəyməzdi.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında