Ermənistanda “demokratik seçki şousu”

Əslində, gözlənilən nəticə idi. İllərdir Ermənistanda gedən proseslər, demokratik mühitin boğulması, Azərbaycanla sülh tərəfdarı olan qüvvələrin təqib edilməsi, Sarkisyan və komandasının erməni xalqını çapıb-talayan siyasətinə qarşı kütləvi etiraz edən əhalinin güc strukturları tərəfindən zorakılıqlara məruz qalması, etirazçıların gülləbaran edilməsi, ardı-arası kəsilməyən miqrasiya halları cəmiyyətin iqtidara nifrətini birə-beş artırmışdı. Belə olan təqdirdə hansısa azad, şəffaf seçkinin baş tutması yalnız sadə erməni vətəndaşının xəyalı ola bilərdi ki, Sarkisyan iqtidarı son seçkilərlərdə bu ümidləri də əlçatmaz etdi.

Məlumdur ki, Serj Sarkisyan 2008-ci ildə hakimiyyətə saxta seçkilər nəticəsində gəlib. Xalqı seçkinin nəticələrinə etiraz edəndə onları gülləbaran edən və onlarca vətəndaşının ölümünə səbəb olan hazırkı iqtidar bütün dünyanın gözü qarşısında müxalifətinə qarşı ən dəhşətli zorakılıqlardan çəkinmədi. Hərbi xuntanı xatırladan Sarkisyan rejiminin nə vaxtsa öz xoşu ilə gedəcəyini düşünənlər, əlbəttə ki, bu dəfə də yanıldılar. Elə bu səbəbdən də aprelin 2-də keçirilən seçkilərdə total saxtakarlıq müşahidə edilib. Hakim Respublika Partiyası qalib elan olunsa da, vəziyyət mürəkkəb olaraq qalır və müxalifət seçkilərin saxtakarlıqla keçirildiyini bildirir. Bu dəfə də Ermənistan siyasətində dəyişikliklər edilməsi, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni yanaşmaları təklif edən qüvvələr parlamentdən kənarda qaldılar.

Ermənistan əhalisinin əsas narazılıqlarından biri də separatçı Dağlıq Qarabağ klanının Ermənistan parlamenti üzərindəki nəzarətidir. Əvvəl R. Koçaryan, indi də S. Sarkisyan bütün saxtakarlıq və zorakılıqlara getdilər ki, hakimiyyəti əldən verməsinlər. Burada bir məsələ var ki, o, üçüncü dəfə prezident seçilə bilməsə də, ölkəsinin əsas qanununa edilən dəyişikliyə görə ən əsas səlahiyyət sahibi parlament və Baş nazir olacaq. Hazırda isə prezidentlik institutu, parlament və hökumət S. Sarkisyanın tam nəzarətindədir.

Beynəlxalq təşkilatların tövsiyələrinə məhəl qoymayan S. Sarkisyan hakimiyyətdən asanlıqla getmək istəmədiyini dəfələrlə nümayiş etdirmişdir. Bu dəfə isə o, parlamentdə təmsil olunacaq oliqarx “Tsarukyan” kimi idarəolunan müxalifət yaratdı. Onların isə hakimiyyətin dediyini təkrarlaması heç kəsə sirr deyil. Yəni S. Sarkisyanın istədiyi kimi məhz onlar parlamentdə təmsil olunacaq və yalançı müxalifət rolunu oynayacaqlar. Amma S. ­Sarkisyanı əsas tənqid edən iki müxalifət bloku parlamentdən kənarda qaldı. ­Halbuki həmin bloklar müxalifət adına keçirdikləri mitinqlərdə kifayət qədər etirazçı toplaya bilirdilər. Sarkisyan rejimi öz resurslarından istifadə edərək, daha doğrusu, saxtakarlığa əl ataraq, yenə də hakimiyyəti əlində cəmləşdirə bildi. Sabiq prezident Levon Ter-Petrosyan açıq şəkildə bir neçə dəfə bildirmişdi ki, Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmaq lazımdır. Azərbaycan və Türkiyə ilə düşmənçilik Ermənistanı uçuruma aparır. Ona görə də S. Sarkisyan iqtidarı onlarla müqayisədə xeyli konstruktiv görünən və mümkün kompromislərə gedə biləcək qüvvələrin parlamentə düşməsinə yol vermədi. S. Sarkisyan yaxşı anlayır ki, bu cür müxalifərin hakimiyyətə gəlmək ehtimalı daha güclüdür, onun və komandasının bu illər ərzində yalançı vətənpərvərlik şouları üzərində xalqı talan etməsi gec-tez üzə çıxacaq. Bu baxımdan Sarkisyan əlində olan inzibati metodlardan istifadə edərək seçkini saxtalaşdırdı. Bu minvalla onun hakimiyyətdə qalmaq üçün baş nazir postuna gəlməsi real görünür. Hazırda oliqarx Qeqork Tsarukyanın rəhbəri olduğu "Tsarukyan" bloku isə Respublika Partiyasından sonra ikincidir. Ölkədə kifayət qədər böyük nüfuza malik olan S.Ohanyan və L.Ter-Petrosyanın parlamentə buraxılmaması Sarkisyanın bu iki nüfuzlu şəxslə koalisiya hökuməti yaratmamaq niyyətindən irəli gəlir. Həmçinin, onları özünə kifayət qədər ciddi rəqib kimi görür. Bu iki şəxs parlamentə buraxılsaydı, Sarkisyanın devrilməsi labüd olardı. S. Sarkisyana “əl müxalifəti” lazım idi, onu da təşkil etdirə bildi.

Burada ən maraqlı məqamlardan biri də beynəlxalq təşkilatların Ermənistandakı seçkilərlə bağlı susqunluq nümayiş etdirməsidir. Necə olur ki, Azərbaycandakı hər bir prosesə müdaxilə etməyə cəhd göstərən, ölkəmizə qarşı sanksiyaların tərəfdarı olan Qərb ölkələri və beynəlxalq qurumlar Ermənistanda “baş tutan” seçkilər barədə kəskin bəyanatlar verməkdən çəkinirlər? Halbuki bütün videogörüntülərdə, fotolarda saxtakarlıq halları ilə bağlı yetərli faktlar mövcuddur. Burada bir daha bəzi beynəlxalq qurumların ikili standart yeritdiyi ortaya çıxır.

 Ertmənistandakı seçkilər barədə diqqəti çəkən başqa bir məqam isə terrorçuluğu təbliğ edən və nizamnaməsində Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları olan “Daşnaksütyun” kimi partiyanın parlamentə daxil olması olub. Doğrusu, bu partiyanın fəaliyyəti və məramı hakim Respublika Partiyasından heç nə ilə fərqlənmir. Sadəcə olaraq, bu, bir daha onu göstərir ki, 100 ildən çoxdur ki, etnik türklərə, müsəlmanlara kin-nifrət və terrorçuluq aşılayan və dəfələrlə bunu edən bir partiyanın nümayəndələri Ermənistanda parlamentə düşürlər. Azərbaycanla kompromisə maraqlı olan qüvvələr isə parlamentə buraxılmır. Belə mürtəce rejimə və siyasi mühitə sahib olan bir ölkədən konkret hansı demokratik addımlar gözləmək mümkündür ? Bax bu maraqlıdır.

Buradan bir daha aydın olur ki, Sarkisyan iqtidarı birbaşa olaraq separatizmi və terrorizmi dəstəkləyir və onların klanı cinayətkar ünsürlər, nüvə və narkotik qaçaqmalçılarına birbaşa dəstək verir. Seçkilərin isə Ermənistan iqtidarı üçün bir şou xarakteri daşıdığı əvvəlcədən bəlli idi. Nəticələrə diqqət yetirdikdə bunu açıq-aşkar görmək mümkündür. Hakim partiya ilə, idarə olunan, “əl müxalifəti”nin mümkün kompromisləri yalnız hakimiyyəti daha da möhkəmləndirmək və gözdən pərdə asmaq üçün düşünülmüş plandır. Bu ölkədə demokratiya adı ilə xalqa sırınan son seçki şousunun iflasa uğradığını isə indidən söyləmək mümkündür.

 Beləliklə, Ermənistan parlamentində partiya kimi yalnız hakim Respublika Partiyası və "Daşnaksütyun" təmsil olunmaq hüququ qazanıb. Respublika Partiyası seçicilərin 49,12 faizinin, "Daşnaksütyun" isə 6,57 faizinin səsini toplayıb. Blok qismində isə parlamentdə 27,32 faiz səs toplamış "Tsarukyan" və 7,77 faiz səs toplamış "Yelk" ("Çıxış") blokları təmsil olunacaq.

 Qeyd edək ki, parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. Beləliklə, əsas müxalif qüvvələr sayılan, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi və 1999-cu ildə parlamentdə atışmada öldürülən spiker Karen Dəmirçyanın oğlu Stepan Dəmirçyanın başçılıq etdiyi "Xalq" partiyasının birgə təmsil olunduğu blok (1,65 faiz) və sabiq müdafiə naziri Seyran Ohanyan, 1991-1992-ci illərdə Ermənistanın xarici işlər naziri olmuş Raffi Ovanisyan və 1998-2008-ci illərdə xarici siyasət idarəsinin rəhbəri vəzifəsini tutmuş Vardan Oskanyanın başçılıq etdiyi "Ohanyan-Raffi-Oskanyan" bloku (2,7 faiz), o cümlədən Azad Demokratlar Partiyası (0,94 faiz), Ermənistan Kommunist Partiyası (0,75 faiz), Erməni Dirçəlişi Partiyası (3,71 faiz) parlamentdən kənarda qalıblar.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında