Azərbaycan-Qazaxıstan dostluğu ulu öndər Heydər Əliyevin siyasi kursu üzrə davam və inkişaf etdirilir

 

 

 

 

 

 

 

 

 

 


Bu gün Qazaxıstan və Azərbaycan fəal inkişaf edən iki müstəqil dövlət kimi əməkdaşlığın ikitərəfli formatını möhkəmləndirir. Nursultan Abişeviçin bugünkü səfəri, apardığımız danışıqlar, imzalanmış sənədlər ölkələrimiz arasında olduqca möhkəm əlaqələrin mövcudluğunu sübut edir. Biz qarşılıqlı siyasi fəaliyyəti fəal inkişaf etdirir, həm rəsmi səfərlər, həm də beynəlxalq tədbirlər çərçivəsində çox tez-tez görüşürük. Söhbət etmək və münasibətlərimizin inkişaf yollarını müəyyənləşdirmək üçün həmişə vaxt tapırıq. Biz beynəlxalq strukturlarda fəal əməkdaşlıq edir, bir-birimizə həmişə qarşılıqlı dəstək oluruq.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 Bakı, 3 aprel 2017-ci il



Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər heç vaxt və heç bir halda pozulmayıb, əksinə, biz tariximizin, mədəniyyətimizin, dinimizin yaxınlığını qeyd etmişik və münasibətlərimizi bu etimad əsasında qurmuşuq. Müstəqilliyi bərpa etdikdən sonra biz Heydər Əliyevlə birlikdə bunun bünövrəsini yaratmışıq və indi həmin işi davam etdiririk… Mən Bakı şəhərinin necə inkişaf etdiyini, daha da gözəlləşdiyini görürəm. Yeni paytaxt quran insan kimi mənim üçün bu, aydındır, bunun necə başa gəldiyini bilirəm. Şəhər gözəlləşir, çünki bu, ölkənin simasıdır. Hər gələn paytaxtı, ölkəni görür, həmçinin Azərbaycan da inkişaf edir. Mən bir daha qeyd edirəm ki, biz yaxın qonşularıq və biri-birinə etibar edən dostlarıq.

Nursultan NAZARBAYEV
Qazaxıstan Respublikasının Prezidenti

 Bakı, 3 aprel 2017-ci  il


Dost və qardaş ölkə olan Qazaxıstanın dövlət başçısının respublikamıza səfəri ərəfəsində və səfərdən sonra hər iki ölkənin kütləvi informasiya vasitələrində  bu münasibətlər haqqında kifayət qədər müsbət fikirlər səsləndirildi. Əksər qələm sahibləri qeyd etdilər ki, Azərbaycan və qazax xalqları türkdilli  olmaqla yanaşı, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındır. Hər iki xalq Çar imperiyası və Sovet İttifaqı dönəmində vahid mərkəzdən idarə olunub. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onların 130 mini Qazaxıstan vətəndaşıdır. Orada yaşayan soydaşlarımız  elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə çalışırlar. Onlar  ölkənin  ictimai-siyasi həyatında yaxından iştirak edirlər. 1990-ci illərdən etibarən Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında, rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıb.

Ölkələrarası siyasi-diplomatik   münasibətlərin tarixinə gəlincə isə, qeyd etməliyik ki, Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci il tarixində yaradılıb. Azərbaycan Prezidenti Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşlərindən biri 19 oktyabr 1994-cü ilə təsadüf edib. Türk dövlətləri başçılarının ikinci zirvə görüşündə iştirak edən Heydər Əliyev və Nursultan Nazarbayev görüşərək iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər. Görüş zamanı Azərbaycan-Qazaxıstan münasibətlərini həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli şəkildə qurmaq haqqında qərar qəbul edilib.

Məhz həmin qərarların icrası nəticəsində Azərbaycanla Qazaxıstan strateji tərəfdaş  ölkələrə çevrilib. Ölkələrimiz  beynəlxalq arenada birgə fəaliyyət göstərir və əməkdaşlıq edirlər. Məhz bu cür strateji yanaşmanın nəticəsidir ki, Azərbaycan və Qazaxıstan arasında bu illər ərzində heç bir problem yaşanmayıb, Xəzərin hüquqi statusu ilə bağlı ölkələr qısa müddətdə razılığa gələ biliblər. Azərbaycan və Qazaxıstan bir sıra nəqliyyat layihələrinin həyata keçirilməsi üzrə də əməkdaşlıq edirlər.  Qazaxıstan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün bərpası şərti və   yalnız sülh yolu ilə həllinin tərəfdarıdır.

Bu mühüm faktlardan əlavə bizim xalqlarımızı bir-birinə daha etibarlı tellərlə bağlayan başqa bir tarixi fakt da vardır. Belə ki, hələ kommunist ideologiyasının  güclü  dövründə öz təsirli və nüfuzlu sözünü deyən dahi türk oğlunun – Heydər Əliyevin 1986-cı ildə Kremlin Qazaxıstan siyasətinə qarşı  tutduğu prinsipial mövqe bu gün qazax xalqının yaddaşında yaşayır. Belə ki, Heydər Əliyev Qazaxıstanda uzun illər hakimiyyətdə olmuş etnik türk çoxluğunun nümayəndəsi Dinmühəmməd Kunayevin yerinə rus millətindən olan  Gennadi Kolbinin  birinci şəxs təyin edilməsinə sərt şəkildə etiraz etmiş, qazax xalqının layiqli övladları arasında respublikaya başçılıq edə biləcək yetərincə istedadlı və qabiliyyətli kadrların olduğunu bildirmişdi.   Sonralar həyat sübut elədi ki, Heydər Əliyevin bütün dahiyanə fikir və ideyaları kimi, Qazaxıstanda istedadlı milli kadrlar olması barədə bəyanatı da tam əsaslı olmuşdur: həmin dövrdə bu respublikaya rəhbər seçilən Nursultan Nazarbayev indiyədək  müstəqil  Qazaxıstana   uğurla başçılıq etməkdədir.

Maraqlıdır ki, bu arqumenti, daha doğrusu, tarixi faktı Azərbaycan Prezidenti İlham Əliyev də öz qazaxıstanlı həmkarına “Heydər Əliyev” ordenini təqdim edərkən yada saldı: “Heydər Əliyev” ordeni Azərbaycan dövlətinin ali mükafatıdır və mənə çox xoşdur ki, bu gün həmin mükafatı Heydər Əliyevin böyük dostu və Azərbaycan xalqının, Azərbaycanın dostu Nursultan Abişeviç Nazarbayevə təqdim edirəm. Nursultan Abişeviç, bu, həm də ona görə rəmzi xarakter daşıyır ki, Siz uzun illər boyu Heydər Əliyev ilə dostluq etmisiniz və onunla birlikdə işləmisiniz. Siz Sovet dövründə də həmişə ünsiyyət saxlayırdınız. Atamın söhbətlərindən xatırlayıram ki, sizin aranızda həmişə çox səmimi və yaxın münasibətlər olub. Ölkələrimizin müstəqilliyi dövründə də sizin aranızda həmişə xüsusi münasibətlər olub. Bunu bizim vətəndaşlar da bilirdi və indi də bilirlər, MDB məkanında da bunu bilirlər. Əslində, Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin əsasını siz ikiniz qoymusunuz”.

Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin adını daşıyan ordenə layiq görülməsi və həmin ordeni bilavasitə Heydər Əliyevin varisinin əlindən alması, üstəlik, Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövlətinin bütün dünyada sözü keçən qüdrətli respublikaya çevrilməsi uzun onillər boyu dünya siyasətinin hər üzünü görmüş ağsaqqal  Prezidenti həyəcanlandırdı və riqqətə gətirdi: “Mən çox həyəcanlıyam, ölkənizin bu cür ali ordenini Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir. Məni çox riqqətə gətirən odur ki, bu orden Heydər Əlirza oğlu Əliyevin adını daşıyır. Mən Heydər Əliyev ilə 25 il ərzində – 1979-cu ildən onun ömrünün sonuna qədər tanış idim. Bütün bu illər ərzində onu yaxından tanımışam. Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində olanda mən ona güvənirdim, onun dəstəyini hiss edirdim. İndi, bu il isə siz də, biz də müstəqilliyin, ölkələrimiz arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyini qeyd edirik. Bu, çox rəmzi məna daşıyır. Mən o vaxt Heydər Əliyevlə bərabər razılaşdığımız işləri faktiki olaraq davam etdirirəm. Bizim bugünkü danışıqlarımız, görüşlərimiz onu göstərir ki, biz onun başladığı işi uğurla davam etdiririk. Heydər Əliyev, əlbəttə, öz ölkəsinin və xalqının müstəsna patriotu, Azərbaycanda qan tökülməsinə son qoymuş və bugünkü Azərbaycanın əsasını yaratmış qeyri-adi və böyük insan idi. Bu, bizim münasibətlərimizin daha da möhkəmlənməsinin əlamətidir. Mən belə bir ordenin laureatı adını böyük şərəflə daşıyacağam”.

Xatırladaq ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev aprelin 2-də və 3-də  Azərbaycanda rəsmi səfərdə olmuş, bir sıra  görüşlər keçirmiş,  mühüm sənədlər imzalanmışdır. Sənədlərin imzalanmasından sonra Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev mətbuata verdikləri bəyanatlarda ölkələrarası münasibətlərin səviyyəsini xarakterizə edən çox maraqlı faktlara toxunmuşlar. Məsələn, Azərbaycan Prezidenti İlham Əliyev  deyib ki,  Nursultan Abişeviçin bugünkü səfəri, apardığımız danışıqlar, imzalanmış sənədlər ölkələrimiz arasında olduqca möhkəm əlaqələrin mövcudluğunu sübut edir: “Bu da bizim münasibətlərimizin səmimiliyinin yaxşı göstəricisidir. Fürsətdən istifadə edərək, bir daha Nursultan Abişeviçi və bütün qardaş Qazaxıstanı dünya siyasətinin ali strukturuna – BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik etmək istəyirəm. Bu, dünya ictimaiyyətinin Qazaxıstana münasibətinin göstəricisi, Qazaxıstanın uğurlarının, eləcə də onun beynəlxalq və qlobal işlərdə rolunun tanınması deməkdir. Əminəm ki, BMT Təhlükəsizlik Şurasının üzvü kimi Qazaxıstanın fəaliyyəti sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə yönələcək. Əminəm ki, bu qurumda onun işi uğurlu olacaq. Həmçinin Azərbaycanın təmsil olunmadığı beynəlxalq strukturlarda Azərbaycanı dəstəklədiyinizə görə təşəkkür etmək istərdim”.

Ötən ilin aprelində Ermənistanın siyasi və hərbi rəhbərliyinin törətdiyi təxribatlar nəticəsində yaranmış aprel döyüşlərinin ildönümü günlərinə təsadüf edən İlham Əliyev – Nursultan Nazarbayev görüşündə məhz Dağlıq Qarabağ münaqişəsinin də müzakirə edilməsi tamamilə gözlənilən idi. Həmin məsələyə münasibət bildirən dövlət başçımız öz bəyanatında dedi: “Bu gün biz, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar məsələləri müzakirə etdik. Mən Nursultan Abişeviçə nizamlanma məsələsində indiki vəziyyət barədə məlumat verdim. Bizim mövqeyimiz indicə imzalanmış Birgə Bəyannamədə də əksini tapıb. Mən bu mövqeyə görə minnətdaram. Münaqişə beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların, ilk növbədə, Ermənistan qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində nizamlanmalıdır. Qərar suverenlik, beynəlxalq miqyasda tanınmış sərhədlər və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində qəbul olunmalıdır və nizamlanmanın bu əsas bəndləri bu gün imzalanan Bəyannamədə əks olunub. Bu, münaqişələrin nizamlanması üzrə Qazaxıstanın prinsipial mövqeyinin daha bir göstəricisidir. Münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanmalıdır. Bu, həmçinin Qazaxıstanın ölkəmizə münasibətinin təcəssümüdür”.

“Dünən axşam və bu gün səhər məhdud və geniş tərkiblərdə görüşlərdə biz bütün məsələlər kompleksini müzakirə etdik”- deyən Qazaxıstan Prezidenti qeyd etdi ki, əlbəttə, prezidentlər görüşərkən regional təhlükəsizlik, ümumi təhlükəsizlik problemlərini müzakirə etməyə bilməzlər və bununla əlaqədar Qazaxıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvi kimi əsas diqqətini, əlbəttə, bizim regionumuza və Suriyaya, Əfqanıstan da daxil olmaqla Mərkəzi Asiya regionuna yönəldəcək. Bununla əlaqədar bir daha qeyd edə bilərəm ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Qazaxıstan bizim səs verdiyimiz Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qətnamələrə, yəni, beynəlxalq münasibətlərin hamılıqla qəbul olunmuş normalarına əsaslanır: “Biz istərdik ki, burada sülh olsun və məsələ sülh yolu ilə həll edilsin. Biz bu yolda əlimizdən gələni edirik, necə deyərlər, hamıya məsələnin sülh yolu ilə həll olunmasını təklif edirik. Yeri gəlmişkən, bu, həm Ermənistan, həm də Azərbaycan xalqlarının, eləcə də, bizim hamımızın maraqlarına cavab verir. Hamımız bir yerdə yaşayırıq. Biz ticarət etməli, yaşamalı və inkişaf etməliyik”.

Ali qonaq əlavə etdi ki,  bizim eyni tariximiz, mədəniyyətimiz, dilimiz, ümumi köklərimiz var və bu da bizi yaxınlaşdırır: “Qazaxıstan ilə Azərbaycan arasında həll edilməmiş heç bir problemin, münaqişəli vəziyyətlərin olmaması əməkdaşlıq üçün bütün yolları üzümüzə açır. Şəxsən mən danışıqlardan, uğurlardan çox razıyam. Əlbəttə, bu, Azərbaycan tərəfinin dəstəyi ilə mümkün olub”.

Bəli, Azərbaycanla Qazaxıstan arasında həll edilməmiş heç bir məsələnin olmaması tərəfdaşlığın ən ali göstəricisidr. Bu münasibətlərin ali səviyyəyə qalxmasının təməlində isə, yuxarıda qeyd etdiyimiz kimi, Heydər Əliyev siyasi müdrikliyi dayanır.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında