Aprel döyüşləri – şanlı hərb tariximizin möhtəşəm səhifəsi

Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünün bərpası yolunda qarşıda duran vəzifəni şərəflə yerinə yetirməyə hazırdır!

Ermənistan ordusunun Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi təxribatdan bir il ötür. Məhz ötən il aprel ayının 1-dən etibarən ermənilər müxtəlif ölçülü minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan atəş açmaqla cəbhə xəttinin müxtəlif istiqamətlərindən yaşayış məntəqələrimizi, infrastruktur obyektlərimizi hədəf seçmiş, dinc əhaliyə ciddi ziyan vurmuşdular. Bu zaman təxribat nəticəsində dinc sakinlər həlak olmuş və yaralılar qeydə alınmışdı. Bununla belə, uğurlu əks-hücum əməliyyatı keçirmiş Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirməklə və minlərlə hektar ərazilərimizi nəzarət altına aldı və adını şanlı hərb tariximizə qızıl hərflərlə yazdırmağa müvəffəq oldu.

2016-cı il aprelin 2-də gecə saat 04:00-dan başlayaraq Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan hərbi hissələri Azərbaycan Silahlı Qüvvələrinin bütün cəbhəboyu mövqelərini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutaraq qoşunların təmas xəttində növbəti təxribata əl atmışdılar. Cəbhəyanı zonaya yaxın mülki əhalinin yığcam yaşadığı bir sıra məntəqələr, məcburi köçkün qəsəbələri də düşmən atəşinə məruz qalmışdı. Artilleriya atəşləri nəticəsində 2 sakin həlak olmuş, 10 nəfər yaralanmış, müxtəlif yaşayış məntəqələrində 10-dan çox ev dağıdılmış, əhalinin şəxsi təsərrüfatına və əmlakına xeyli ziyan dəymişdi. İşğal altında olan Dağlıq Qarabağda və digər ərazilərdə yerləşən Ermənistan hərbi birləşmələrinin fəallığını genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq və mülki əhalini müdafiə etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilmişdi. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində yerləşən hərbi birliklər qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı layiqli cavab tədbirləri həyata keçirmiş və qısa müddətdə erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti yarılmış, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri tam azad olunmuşdu.

Bu il aprelin 1-də Azərbaycan Ordusunun həmin möhtəşəm qələbənin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə keçirdiyi görüşdə Prezident İlham Əliyev bir il əvvəlki döyüşlər barədə danışarkən erməni təxribatına layiqli cavab verildiyini bir daha qeyd etmişdir. Ali Baş Komandan aprel döyüşlərini şanlı hərbi qələbəmiz olduğunu vurğulamış, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən tarixi qələbə kimi qiymətləndirmişdir.

 Aprel hadisələrini ermənilərin növbəti təxribatı kimi dəyərləndirən dövlət başçısı əlavə etmişdir ki, Ermənistana beynəlxalq təzyiq gücləndikcə onlar bu cür təxribatlara əl atırlar: “2014-cü ilin noyabr ayında da buna oxşar hadisə baş vermişdi. O vaxt da Azərbaycan Ordusu onlara tutarlı cavab vermişdir. Onların keçənilki təxribatı daha da genişmiqyaslı idi. Azərbaycan Ordusu öz doğma torpaqlarını müdafiə edərək uğurlu əks-hücum əməliyyatı keçirmiş və düşmənə sarsıdıcı zərbələr endirmişdir”. Prezident İlham Əliyev xüsusilə vurğulamışdır ki, əməliyyat nəticəsində minlərlə hektar Azərbaycan torpağı işğalçılardan azad edilmişdir, hazırda on minlərlə hektar torpaq sahəsinə nəzarət edirik. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağının dalğalandığını vurğulayan dövlət rəhbəri demişdir ki, bu döyüşlər xalqın və dövlətin heç vaxt işğalla barışmayacağını göstərmişdir və öz ərazi bütövlüyümüzü nəyin bahasına olursa-olsun bərpa edəcəyik.

Azərbaycan Ordusunun Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad etməsi, Füzuli rayonu istiqamətində yerləşən “Lələtəpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçirməsi böyük strateji qələbə olmuşdu. Belə ki, bu yüksəklikdən Azərbaycan yaxın əraziləri, Arazboyu cənub bölgəsini nəzarət altına götürmüş oldu.

Bu strateji mövqeyin geri qaytarılmasını şərh edərkən Azərbaycan Prezidenti İlham Əliyev aprel döyüşlərində Silahlı Qüvvələrimizin peşəkarlıq göstərdiyini xüsusi vurğulamaqla yanaşı, əlavə etmişdir ki, ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Təmas xəttinin dəyişdirildiyini xatırladan ölkə başçısı bildirmişdir ki, bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır: “Aprel döyüşləri, – mən bunu əvvəllər də qeyd etmişdim, – hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır”.

Prezident İlham Əliyevin sözlərinə görə, aprel döyüşləri bir daha onu göstərdi ki, Azərbaycan yaranmış vəziyyətlə barışmayacaq və xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Dövlət başçısı hərbçilərlə görüşdə beynəlxalq ictimaiyyətə bir daha mesaj göndərdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün həmişə olduğu kimi, birinci yerdə dayanan prioritet məsələdir.

Dövlətimizin başçısı hərbçilərlə görüşdə bir sıra mühüm bəyanatlar səsləndirmişdir. Bu gün Azərbaycan xalqının vahid amal ətrafında birləşərək ölkəmizi daha da gücləndirməli olduğunu vurğulayan Prezident İlham Əliyev əlavə etmişdir ki, öz ərazi bütövlüyümüzü bərpa etmək üçün müstəqilliyimizi daha da möhkəmləndirməli və ordumuzun gücünü daha da artırmalıyıq. “Mən əminəm ki, biz buna nail olacağıq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu xalqımız bu torpaqda yaşayıb, yaradıb, qurub, tikib. Biz Dağlıq Qarabağ bölgəsinin tarixini yaxşı bilirik. İndi XIX əsrdə ermənilərin oraya necə köçürülməsi barədə çox gözəl elmi əsərlər, kitablar yazılır”,– deyən ölkə başçısı bildirmişdir ki, artıq beynəlxalq aləm də indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yarandığını bilir. “İrəvan, Zəngəzur, Göyçə mahalları bizim tarixi torpağımızdır. Biz ədalətsizlik, böyük dövlətlərin siyasəti nəticəsində bu torpaqlardan məhrum olduq. Əlbəttə, biz bu tarixi bilməliyik. Bilməliyik ki, qondarma “Dağlıq Qarabağ qurumu”nun heç bir gələcəyi yoxdur”,–deyən Prezident İlham Əliyev Azərbaycanın başqa ölkələrin torpağına iddia etmədiyini xatırlatmış və əlavə etmişdir ki, Azərbaycan öz torpağında ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcək.

Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü göstərməklə yanaşı, həm də Prezident İlham Əliyevin uzun illərdir Silahlı Qüvvələrimizə göstərdiyi diqqəti, ordu-xalq birliyini və xalq-iqtidar birliyini nümayiş etdirdi. Məhz ordumuzun müasir silahlarla təchiz olunması, Ali Baş Komandanın diqqəti və xalqın yüksək dəstəyi sayəsində erməni təxribatının qarşısı yüksək peşəkarlıqla alındı və minlərlə hektar ərazi işğaldan azad edildi. Azərbaycan Ordusunun sarsıdıcı zərbə endirməsi nəticəsində Ermənistan 200-ə yaxın hərbçisini itirdi, çoxsaylı texnikadan məhrum oldu. Bundan başqa, aprel döyüşləri hərbi-strateji nöqteyi-nəzərdən böyük üstünlüklər verməklə yanaşı, həm də Azərbaycanın çox mühüm psixoloji qələbənin qazanmasında da önəmli rol oynadı.

 Düşmənə sarsıdıcı zərbələr endirməklə, ordumuz dünyaya nümayiş etdirdi ki, Azərbaycan işğal altında olan torpaqları azad etmək potensialına malik ölkədir. Aprel döyüşləri həm də ermənilərin ideoloji əsaslarını da sıfırladı. Prezident İlham Əliyev hərbçilərlə görüşdə bu məsələyə belə münasibət bildirmişdir: “Aprel döyüşləri demək olar ki, onların ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur”.

Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yolunun qonşularla münasibətləri tənzimləməkdən ibarət olduğunu vurğulayan Prezident İlham Əliyev bunun üçün işğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal çıxarılması xatırlatmışdır. Bu baxımdan aprel döyüşlərinin çox böyük təsiri olduğunu deyən dövlət başçısı əlavə etmişdir ki, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi, belə yüksək nəticələrə gətirib çıxarır.

Bu döyüşlər, həmçinin  Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 23 il əvvəl  təhlükəsiz yaşayışa imkan yaratdı. Cocuq Mərcanlı kəndinin azad edilməsi və bərpasına başlanılması Ermənistanda da ciddi müzakirə mövzusuna çevrilmişdir. Ermənilər Cocuq Mərcanlıda başlanmış bərpa işlərini geniş müzakirə edərək prezident Serj Sarkisyanı aprel döyüşləri barədə xalqa yalan məlumat verməkdə ittiham etmişlər. Ermənistan mətbuatı və sosial şəbəkə istifadəçiləri Azərbaycan Silahlı Qüvvələrinin növbəti hədəflərinin Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi olacağını yazır, Azərbaycan əsgərinin tezliklə bu ərazilərə qayıdacağını vurğulayırlar. Ermənilər sosial şəbəkələrdə yazırdılar ki, ötən il azərbaycanlıların aprel hücumundan sonra yaranmış qorxu hələ də canlarındadır. Statuslarda Prezident İlham Əliyevin Azərbaycan üçün lazımi addımlar atdığı vurğulanır, ərazilərin qaytarılması ilə bağlı işlər gördüyü bildirilir. Ermənilər buna misal kimi Cocuq Mərcanlı kəndini nümunə göstərir, Serj Sarkisyanı fəaliyyətsizlikdə ittiham edirlər. Qeyd etmək yerinə düşər ki, hazırda Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar hazırlıq işləri intensiv şəkildə həyata keçirilir. Kənddə köhnə əmlakların müəyyənləşdirilməsi və qiymətləndirilməsi, ərazilərin minalardan təmizlənməsi işləri görülür. Cocuq Mərcanlı kəndində yaşamaq istəyən ailələrin sayı da artmaqdadır.

Aprel döyüşləri göstərdi ki, istənilən vaxt Azərbaycan Ordusu işğal olunmuş ərazilərimizi azad etmək gücündədir. Bu reallığı Ermənistan hakimiyyəti də bilir. Ancaq problemləri günbəgün artan Ermənistan prezidenti Serj Sarkisyan konstruktiv mövqe tutmağa tələsmir. Mütəxəssislər deyirlər ki, S.Sarkisyan Ermənistan cəmiyyətinin narahatlığını azaltmağa çalışır və torpaqlarımızı işğal altında saxlamaqla Azərbaycandan Dağlıq Qarabağın statusunu qoparmağa can atır. Lakin rəsmi Bakı yaranmış status-kvonun qəbuledilməz olduğunu dəfələrlə bəyan etmişdir. Aprel döyüşləri də göstərdi ki, erməni işğalı uzun müddət davam edə bilməz və Dağlıq Qarabağ “donmuş” münaqişə deyil. Beynəlxalq aləm də əmin oldu ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyi olaraq qalır. ATƏT Minsk qrupu həmsədrlərinin fəallaşması, beynəlxalq ictimai rəydə münaqişənin tezliklə həlli ilə bağlı tələblərin səslənməsi də bunu bir daha sübut edir.

Bir sözlə, aprel döyüşləri bir daha nümayiş etdirdi ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmaq, Ermənistanın təxribatlarına dözmək niyyətində deyil və düşmənə layiqli cavab vermək əzmində və iqtidarındadır. Azərbaycan xalqı da əmindir ki, qələbə günü uzaqda deyil. Prezident İlham Əliyevin hərbçilərlə görüşündə dediyi kimi, Azərbaycan işğal edilmiş torpaqlara qayıdacaq: “Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”.

 İstər daxildə, istərsə xaricdə dəstək axtaran S.Sarkisyan və komandası anlamalıdır ki, haqq işi uğrunda mübarizə aparan Azərbaycan Ordusu hər zaman işğal olunmuş torpaqları azad etməyə qadir və hazırdır. Bu sadə həqiqəti ermənilər də gözəl bilirlər və rəsmi İrəvan yanlış addımlar atmaqda davam edərsə, Azərbaycan əsgərlərinin gücünü bir daha görmüş olacaqlar.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında