Azərbaycan – Rusiya münasibətləri dostluq və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır

Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq ənənələri, ortaq tarix və mədəniyyət, bir-birinə qaynayıb-qarışan milyonlarla insanın taleləri bağlayır. Ötən 25 il ərzində bu qiymətli irsi qoruyub saxlamağa və artırmağa, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırmağa nail olunub.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik əlaqələrin qurulmasından indiyədək dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında 200-dən çox ikitərəfli sənəd imzalanıb, qarşılıqlı münasibətlər möhkəmlənib. Bu dövrdə iki ölkə arasında milli maraqlara cavab verən, beynəlxalq və regional təhlükəsizliyə xidmət edən qarşılıqlı əlaqələr modeli yaradılıb.

Xatırladaq ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər 1992-ci il aprelin 4-də Bakıda imzalanan müvafiq protokol əsasında qurulub. Həmin ildə Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd isə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilədir. Məhz bu müqavilənin imzalanmasından sonra iki ölkə arasında geniş əməkdaşlığın əsası qoyulub. Onu da qeyd edək ki, ulu öndərin 1997-ci il   iyul ayının 2-dən 4-dək Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin dəvətilə bu ölkəyə ilk rəsmi səfəri ikitərəfli münasibətlərin qurulmasında, inkişafında əhəmiyyətli tarixi hadisəyə çevrilib.

Onu da deyək ki, 2000-ci ildə Vladimir Putinin Rusiya Federasiyasının Prezidenti seçilməsi ilə bu ölkənin rəhbərliyi Azərbaycanla münasibətlərdə daha praqmatik vəzifələr və prioritetlər irəli sürməyə başlayıb. Əvvəlki dövrdən fərqli olaraq yalnız MDB çərçivəsində inteqrasiya məqsəd seçilməyib, eyni zamanda, hər iki ölkənin milli maraqları, məsələn təhlükəsizlik, iqtisadi inkişaf məsələləri daha mühüm önəm daşıyıb. Sonrakı dövrdə də Azərbaycan və Rusiya arasında sıx dostluq münasibətləri qurulması üçün əhəmiyyətli siyasi baza formalaşdırılıb.

Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Rusiyaya, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Dmitri Medvedevin Azərbaycana rəsmi və işgüzar səfərləri ikitərəfli münasibətlərin inkişafının sürətlənməsinə təkan verib.

Yüksək səviyyədə münasibətlərin dinamik şəkildə inkişaf etdirilməsinin bariz ifadəsi kimi son üç il ərzində həyata keçirilən qarşılıqlı səfərlərə də diqqət yetirmək istərdik. Belə ki, 2013-cü il avqust ayının 13-də Azərbaycana səfər edən Vladimir Putin azərbaycanlı həmkarı ilə siyasi problemləri və Dağlıq Qarabağla bağlı vəziyyəti müzakirə edib. Səfərin yekunlarına əsasən, neft və qaz hasilatı sahəsində əməkdaşlıq və iki dövlətin sərhədində avtomobil körpüsünün inşası ilə bağlı sazişlər imzalanıb. 2014-cü il fevral ayının 6-8-də Azərbaycan Prezidenti İlham Əliyev XXII Soçi Qış Olimpiadasının açılışı mərasimində iştirak edib. Həmin il avqustun 8-10-da Prezident İlham Əliyev Rusiyaya işgüzar səfər edib. Səfər çərçivəsində iki dövlət başçısı bir sıra ikitərəfli və regional məsələləri müzakirə ediblər. 2014-cü il sentyabrın 29-30-da dövlətimizin başçısı Həştərxan şəhərində Xəzəryanı ölkələrin IV sammitində, 2015-ci il mayın 8-9-da isə Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunan tədbirlərdə iştirak edib. 2015-ci il iyunun 12-13-də Rusiya Prezidenti Vladimir Putin Bakıda işgüzar səfərdə olub. Səfər çərçivəsində ikitərəfli qarşılıqlı münasibətlər və beynəlxalq məsələlər müzakirə edilib. Vladimir Putin, həmçinin ilk Avropa oyunlarının açılış mərasiminə qatılıb.  2016-cı il iyunun 20-də  Prezident İlham Əliyev Sankt-Peterburqa səfər edib. Rusiya Prezidenti ilə görüş zamanı ikitərəfli münasibətlərdə cari vəziyyət, humanitar əməkdaşlıq və Qarabağ probleminin həlli yolları müzakirə mövzusu olub. 2016-cı il avqustun 8-də isə Rusiya Prezidenti Vladimir Putin respublikamıza işgüzar səfər edib. Səfər dövründə Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçirilib.

Göründüyü kimi, ölkələrimiz arasında münasibətlər qarşılıqlı hörmətə, ərazi bütövlüyünün tanınmasına əsaslanır. Bu əlaqələrin qurulmasında, yüksələn xətlə inkişafında ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin xüsusi səyləri danılmazdır.

Xatırladaq ki, ötən 25 il ərzində Azərbaycan Rusiyanın strateji tərəfdaşına çevrilib. Hazırda Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında möhkəm dostluq əlaqələri mövcuddur. Bu əlaqələr ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət təsir göstərir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin  dövlətimizin başçısına ünvanladığı məktubda bu  barədə deyilir: “...Ötən iyirmi beş il ərzində biz Rusiya və Azərbaycan xalqlarını ənənəvi şəkildə bir-birinə bağlayan dostluq və qarşılıqlı hörmət münasibətlərini qoruyub saxlamağa, yeni, dövlətlərarası əsasda inkişaf etdirməyə nail olmuşuq.

Məzmunlu siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Moskva ilə Bakı regional və qlobal gündəliyin aktual məsələlərinin həllində səylərini əlaqələndirir, müxtəlif beynəlxalq strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir...”.

Son illər ərzində birgə səylər nəticəsində hər iki tərəf üçün mühüm önəm daşıyan bir sıra məsələlərin həll yolları tapılıb. Dövlət sərhədi barədə müqavilə imzalanıb, Samur transsərhəd çayının mühafizəsi və rasional istifadəsi məsələsi həll edilib, Xaçmaz rayonunun iki kəndində yaşayan Rusiya vətəndaşları ilə bağlı situasiya nizamlanıb. Xəzərin statusu ilə bağlı Moskva, Bakı və Astananın mövqelərinin yaxınlaşması prosesi faktiki olaraq başa çatıb.

Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdirilməsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mühüm yer tutur. Azərbaycan tərəfi ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın və şəxsən Prezident V.Putinin vasitəçilik səylərini yüksək qiymətləndirir.

Bu gün Moskvanın siyasi dairələri Azərbaycanın geostrateji rolunu dəqiq dəyərləndirir və başa düşürlər ki, iki dövlətin əməkdaşlıq münasibətlərinin uğurlu inkişafı Qafqaz-Xəzər regionunda sabitlik və təhlükəsizliyin mühüm amilidir.

Azərbaycan MDB ölkələri içərisində Rusiyanın əsas ticarət partnyorudur. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında sərbəst ticarət, hava əlaqəsi və hava nəqliyyatı sahəsində əməkdaşlıq, elektroenergetika sahəsində əməkdaşlıq prinsipləri, gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergiqoymanın aradan qaldırılması, qarşılıqlı ticarətdə vasitəli vergilərin tutulması prinsipləri, beynəlxalq avtomobil əlaqələri, iqtisadi əməkdaşlığın əsas prinsipləri və istiqamətləri, dəmir yolu nəqliyyatı ilə sərnişin və yük daşınmasının təşkili üzrə sazişlər imzalanıb.

Rusiyanın Azərbaycana ixrac etdiyi məhsullar sırasında əsas yeri maşınlar, nəqliyyat vasitələri və avadanlıqları, ərzaq, qara və əlvan metallar, ağac və kağız-sellüloz məmulatları, kimya məhsulları tutur.

Son illərdə ikitərəfli ticari-iqtisadi əlaqələr və investisiya əməkdaşlığı davamlı şəkildə inkişaf edib. Azərbaycan bazarında 600-dən çox, o cümlədən yüz faiz Rusiya kapitalı əsasında 200-ə yaxın və birgə müəssisə formatında 400-dən çox müştərək şirkət fəaliyyət göstərir. İndiyə qədər Rusiyadan Azərbaycana yönəldilən investisiyaların ümumi həcmi təqribən 1,4 milyard ABŞ dollarına bərabərdir.

Rusiya Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq göstərir. Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının təchizatının artırılması, bu sahədə birgə müəssisələrin təsis olunması tərəflər arasında aparılan müzakirələrin əsas mövzularındandır. Ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına sərbəst çıxarılması, eləcə də bu məhsulların həmin bazarlarda saxlanılması və reallaşması üçün Rusiya tərəfindən müvafiq imkanlar yaradılır. Azərbaycan-Rusiya ticarət dövriyyəsində kənd təsərrüfatı və qida məhsullarının payı vacib yer tutur. Həmçinin, aqrar elm sahəsində Azərbaycanın “Aqromexanika” Elmi-Tədqiqat İnstitutu ilə Rusiya Mexanikləşdirmə Elmi-Tədqiqat İnstitutu, eləcə də Azərbaycanın Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə K.İ.Skryabin adına Moskva Dövlət Baytarlıq Akademiyası arasında elmi-texniki əməkdaşlıq münasibətləri mövcuddur. İki ölkənin müvafiq qurumları arasında müxtəlif növ kənd təsərrüfatı bitkilərinin təcrübədən keçirilməsi və genetik materialın mübadiləsi üzrə əməkdaşlıq reallaşdırılır.

Rusiya Federasiyasının 70-dən çox subyektini təmsil edən müəssisələrin cəlb olunduğu regionlararası əlaqələr də getdikcə genişlənir. Rusiyanın 17 regionu ilə Azərbaycan arasında iqtisadi, mədəni və elmi-texniki əməkdaşlıq haqqında sazişlər imzalanıb. Son beş ildə 5 mindən çox iş adamının iştirakı ilə 30-dan artıq iqtisadi tədbir keçirilib. Yeri gəlmişkən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası hazırda  ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə öz töhfəsini verir. Azərbaycan və Rusiya Federasiyası, eləcə də onun əksər federal subyektləri arasında uğurlu əməkdaşlıq vardır. Rusiya Federasiyasının 4 subyekti ilə ölkəmiz arasında hökumətlərarası komissiya fəaliyyət göstərir, bir sıra subyektləri ilə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə sazişlər imzalanıb.

Rusiya şirkətləri Azərbaycanın neft-qaz layihələrində iştirak etməklə bir neçə beynəlxalq konsorsiumda paya malikdirlər. Rusiya Federasiyasının ayrı-ayrı vilayətləri, quberniyaları, muxtar respublikaları da Azərbaycanla iqtisadi əlaqələri gücləndirməkdə maraqlıdırlar. Son bir neçə ildə Rusiya regionları ilə Azərbaycan arasında 40-a yaxın bu cür əməkdaşlıq sazişi imzalanıb. Bu baxımdan Moskva, Həştərxan, Kurqan, Sankt-Peterburq, Saratov, Stavropol, Sverdlovsk, Yekaterinburq vilayət və şəhərləri, Dağıstan, Kalmıkiya və Tatarıstan respublikaları ilə qurulan iqtisadi əlaqələri xüsusilə qeyd etmək olar. Azərbaycanda Dağıstan və Tatarıstanın, habelə Ural iqtisadi regionunun nümayəndəlikləri fəaliyyət göstərir.

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında humanitar münasibətlər əsasən, humanitar sahədə əməkdaşlıq proqramları ilə tənzimlənir. İki ölkə arasında humanitar əlaqələrin demək olar ki, bütün aspektlərini tənzimləyən ikitərəfli saziş və müqavilələr, həmçinin hər iki ölkənin mədəniyyət nazirlikləri arasında hər il yenilənən əməkdaşlıq proqramları, təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında protokollar mövcuddur. Azərbaycan tərəfi mərkəzi federal hökumətlə yanaşı, RF-nin subyektləri ilə də humanitar sahədə sıx əməkdaşlıq edir.

Son bir neçə il ərzində iki ölkə arasında yüksək səviyyədə humanitar əməkdaşlığın mövcudluğunun göstəricisi, heç şübhəsiz, 2010-cu ildə Bakıda Azərbaycan-Rusiya Humanitar Forumunun və hər iki ölkə prezidentinin himayəsi altında 2011-ci ildən etibarən mütəmadi olaraq hər il Bakı beynəlxalq humanitar forumlarının keçirilməsidir. Bu tədbirlərdə hər iki ölkədən ən yüksək səviyyədə nümayəndə heyətlərinin iştirakı, müzakirə olunan məsələlərin əhatəliyi və aktuallığı, onun artıq ikitərəfli çərçivədən çıxaraq beynəlxalq müstəviyə keçməsi və beynəlxalq miqyasda qəbul edilmiş platformaya çevrilməsi Azərbaycan-Rusiya humanitar əlaqələrinin təkcə ikitərəfli deyil, həmçinin beynəlxalq səviyyədə humanitar əməkdaşlığın inkişafına verdiyi töhfənin bariz göstəricisidir.

Rusiya ilə Azərbaycan arasında mədəni irsin qorunub saxlanılması məsələsi də daim diqqət mərkəzində saxlanılıb. Məsələn, son 25 il ərzində  Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində knyaz Vladimirə abidə ucaldılıb,   Azərbaycanda, demək olar, bütün pravoslav kilsələri bərpa edilib. Dövlət vəsaiti hesabına Pravoslav Dini-Mədəniyyət Mərkəzi tikilib. Müqəddəs Mirodaşıyan Zövcələr Kafedral Kilsəsi bərpa edilib. Bütün bunlar isə iki ölkə arasında mövcud əlaqələrin səviyyəsi ilə yanaşı, həm də Azərbaycanda hökm sürən tolerantlıq və qarşılıqlı etimada söykənən mədəni əməkdaşlıq mühitindən xəbər verir. 

Azərbaycanla Rusiya arasında ortaq dil, təhsil və mədəniyyət məkanının möhkəmlənməsinə mühüm önəm verilir.   Humanitar sahədə qarşılıqlı əlaqələr prioritet olaraq inkişaf etdirilir. Faktlara nəzər salaq: Hazırda Bakıda rus dilində xeyli qəzet və jurnal nəşr olunur, çoxlu sayda rus dilində məktəb var, 15 minə yaxın Azərbaycan vətəndaşı Rusiyada təhsil alır. 2010-cu ildən Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. 2015-ci il sentyabrın 15-də İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılışı olub.

İyirmi beş il ərzində iki ölkə arasında qazanılan böyük uğurlar nikbinlik və əminlik yaradır ki, Rusiya-Azərbaycan münasibətlərinin bundan sonra da durmadan inkişaf etdirilməsi xalqlarımızın köklü maraqlarının və amallarının reallaşmasına, hər iki ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə şərait yaradacaq, Cənubi Qafqazda, habelə onun hüdudlarından kənarda sülhün və qarşılıqlı anlaşmanın dəstəklənməsinə müştərək töhfə olacaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında