Bütün sahələrdə dərin böhran yaşayan Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. İqtidar-müxalifət tərəfləri bir-birini təhdid edirlər. Bu çəkişmələrdən yorulan əhali isə problemlərinin həllini istəyir.
“Jamanak” qəzetinin məlumatına görə, keçmiş müdafiə naziri S.Ohanyan Ermənistan prezidenti Serj Sarkisyana bildirib ki, ordudakı özbaşınalıq, rüşvətxorluq və digər məqamlarla bağlı bütün faktları məhkəmə qarşısına çıxaracaq. Keçmiş müdafiə naziri, həmçinin deyib ki, Ermənistan ordusunda hərbi texnika, sursat və yanacaq çatışmazlığı indi də var. Onun istefaya göndərilməsi ilə də vəziyyət düzəlməyib. Ermənistan əhalisi də ölkədə yaxşıya doğru heç nə gözləmir. İnsanlar bitib-tükənməyən problemlərdən artıq yorulublar.
Ermənistanda parlament seçkiləri bax, belə bir gərgin şəraitdə keçirilib. Seçkilərin necə nəticələnəcəyi hələ əvvəldən bəlli idi. Bu, dövlət başçısı S.Sarkisyanın bəyanatlarından da açıq-aydın nəzərə çarpırdı. Belə ki, S.Sarkisyan öz uğursuz fəaliyyətini pərdələməyə çalışaraq ölkənin bütün problemlərini Azərbaycanla bağlayır, əsassız bəyanatlar verirdi. Guya Ermənistan “demokratiya adası”dır və onu hər tərəfdən “pis ölkələr”, o cümlədən də Azərbaycan əhatə edir. Qonşular bu dövlətin inkişafını əngəlləyir, blokadada saxlayır, iqtisadi tərəqqisinə maneələr törədirlər... S.Sarkisyan bütün bunların qarşılığında Azərbaycana hədə-qorxular gəlir, “İsgəndər” raketlərini işə salacağını bildirirdi. Əslində burada məsələ aydındır: S.Sarkisyan siyasi mövqeyinin sürətlə zəifləməsini, xalqının etimadını itirdiyini anladığından çıxış yolunu bu gün də Ermənistanda daxili auditoriyanı aldatmaqda, öz işğalçı siyasətini pərdələməkdə, bütün günahları Azərbaycanın üzərinə atmaqda görür. Bəli, onun tez-tez Dağlıq Qarabağa qanunsuz səfərlər etməsi, orada erməni ordusunun guya misli-bərabəri olmayan gücü barədə, necə deyərlər, odlu-alovlu danışması da məhz bir neçə gün bundan əvvəl saxtakarlıqla keçirilməsi gerçəkləşən parlament seçkisində qələbə qazanmağa hesablanmışdı.
Əslində isə erməni xalqı S.Sarkisyanın fitnəkarlığını yaxşı başa düşür, anlayır ki, Ermənistanın demokratiyadan, söz azadlığından, insan haqlarından, ordu quruculuğundan, sosial- iqtisadi inkişafdan belə heç bir söhbət gedə bilməz. Nə qədər ki, Ermənistanda S.Sarkisyanın kriminal xunta rejimi hökm sürür, regionda münaqişə davam edəcək, millətlər və dinlərarası münasibətlər gərginləşəcək.
Bəli, bu gün dərin sosial-iqtisadi böhran yaşayan Ermənistanda parlament seçkiləri ictimai-siyasi vəziyyətin böhran həddinə çatdığı, işğalçı ölkədə siyasi qüvvələrin bir-birini xəyanətdə ittiham etdiyi, hətta silahla hədələdiyi bir şəraitdə reallaşıb. Əlbəttə, belə vəziyyətdə ölkədə demokratik seçkidən söhbət gedə bilməz.
Parlamentdə yer uğrunda mübarizəyə qoşulan bloklardan üçü seçkinin nəticələri ilə razılaşmayıb. “Parlament seçkilərində ideoloji mübarizənin heç bir əhəmiyyəti yox idi. Burada güc metodundan istifadə ilə pul kisələrinin mübarizəsi gedirdi”, - Ermənistanın sabiq prezidenti Robert Koçaryan parlament seçkilərinin nəticələrini şərh edərkən belə deyib. Onun sözlərinə görə, əksər seçicilər elə çətin sosial vəziyyətdədir ki, puldan imtina edə bilməzdilər. Robert Koçaryan seçkilərdə səs vermədiyini vurğulayıb və bunu onsuz da nəticələrin saxtalaşdırılacağı ilə əsaslandırıb.
“Ria Novosti” agentliyi Ermənistan polisinə parlament seçkilərində səsvermə zamanı 176 qanun pozuntusu barədə məlumat verildiyini açıqlayıb. Bu faktlardan 32-si araşdırılmaya yönəldilib,121-i üzrə materiallar hazırlanıb və yoxlama aparılır. Ermənistan Baş Prokurorluğu isə parlament seçkilərində qanun pozuntuları barədə iki minə yaxın məlumatla tanış olub. Onlardan 392-də cinayət əlamətləri aşkarlanıb. Bunlar əsasən, bir seçicinin digər seçicinin yerinə səs verməsi, 115-i seçicinin öz iradəsini azad ifadə etməsinə maneçilik törədilməsi, 77-si səsvermə məxfiliyinin pozulması, 63-ü KİV nümayəndəsinin və müşahidəçinin işinə mane olunması, 5-i seçkiqabağı rüşvət paylanması və s. ilə bağlıdır. Prokurorluqdan bildirilib ki, təkrar səsvermə hallarının 6-sı üzrə cinayət işi başlanılıb, bir nəfər saxlanılıb.
Seçki məntəqələrində rüşvət vermə faktları da qeydə alınıb. Rüşvət paylayanlar əsas etibarılə hakim Respublika Partiyası ilə “Tsarukyan” blokunun təmsilçiləri olublar. Bundan başqa, səsvermə prosesində vətəndaşlar sərbəst şəkildə səs verə bilməyiblər.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının Ermənistanda keçirilən parlament seçkilərinin yekunları ilə bağlı ilkin bəyanatında deyilir ki, Ermənistan Baş Prokurorluğuna daxil olan faktlar cəmiyyətin seçkilərə olan inamının və etimadının azalmasından xəbər verir.
Sənəddə, eyni zamanda, qeyd olunur ki, hüquqi və təşkilati dəyişikliklərə baxmayaraq, bu seçkilər ölkədə seçki prosesinin etibarlılığına olan şübhələri aradan qaldırmayıb: “Şikayətlərə baxılması proseduruna etimadsızlıq səbəbindən cəmiyyətdə qanun pozuntuları ilə bağlı məlumat vermək istəyi yoxdur. Məhkəmə, seçki idarəçiliyi və hüquq-mühafizə orqanlarının müstəqil olmaması və onların şikayətləri yoxlamaqla bağlı fəaliyyətləri hüquqi yardımın göstərilməsi işinin effektivliyini azaldır. Media qurumlarının sahibləri tərəfindən media materiallarının yayımı məhdudlaşdırılıb. Bu, hökumətin fəaliyyəti haqqında vacib informasiyaların yayılmasına mane olur. Jurnalistlər bildiriblər ki, bu yaxınlarda baş vermiş zorakılıq halları və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə cəlb olunması məsələsində problemlər onların işinə mane olur və onların təhlükəsizliyinin təmin edilməsinə problem yaradır”.
Ölkənin sabiq baş naziri Qrant Baqratyan da seçkinin nəticələrinin obyektiv olmadığını bildirib. O, səsvermənin başladığı erkən saatlardan məntəqələrdə qanun pozuntuları ilə bağlı məlumatlar əldə etdiyini vurğulayıb. Eyni zamanda, diqqətə çatdırıb ki, biz hakimiyyətə gəlmək və Ermənistandakı mövcud vəziyyəti dəyişmək istəyirik. Ermənistanın normal, demokratik ölkə olması, insanların özlərini insan kimi hiss etmələri üçün bu oliqarxiya idarəçiliyindən qurtulmalıyıq. Amma nə qədər ki, seçkilər bu cür saxtakarlıqla, qeyri-demokratik şəraitdə keçiriləcək, haqq-ədalətin qələbəsindən danışmağa dəyməz.
Seçki məntəqələrində kütləvi saxtakarlıqların şahidi olduqlarını qeyd edən sabiq baş nazir, həmçinin insanların kütləvi şəkildə mikroavtobuslarla seçki məntəqələrinə daşındığını, bununla bağlı əllərində olan videogörüntüləri ictimaiyyətə təqdim etdiklərini də xatırladıb.
Müstəqil müşahidəçi Ayk Marutyan seçkilərin total qanun pozuntuları ilə baş tutduğunu, seçki məntəqələrində ciddi pozuntuların qeydə aldığını bəyan edib. Karusel üsulunun bütün ölkə boyu tətbiq olunduğunu, seçicilərə pul paylanıldığını, qutulara topa bülletenlər atıldığını, bir nəfərin eyni vaxtda bir neçə nəfərin yerinə səs verdiyini diqqətə çatdırıb. A. Marutyan, ümumiyyətlə, parlament seçkilərinə start verilməsindən dərhal sonra prosesdə ciddi qanun pozuntuları qeydə alındığını xatırladıb.
A. Marutyan daha sonra bildirib ki, bir çox seçki məntəqəsində kameralar Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən quraşdırılmayıb. Həmçinin bəzi məntəqələrdə müşahidə kameraları, ümumiyyətlə, işləməyib. Bununla yanaşı, seçki prosesi vaxtından gec başlayıb, məntəqələrdə seçkinin məxfi şəraitdə keçirilməsinə başdansovdu yanaşılıb.
Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Muçukyan da seçki məntəqələrində lazımi şəraitin olmamasını, texniki qurğularda nasazlığın yaranmasını etiraf edib.
Səsvermə prosesində qanun pozuntuları yuxarıda qeyd edilənlərlə kifayətlənməyib. Seçici siyahıları saxtalaşdırılıb. Səsvermə zamanı müşahidəçi ilə seçici arasında qarşıdurmalar yaşanıb. Ermənistan prezidenti Serj Sarkisyan, parlamentin sədri Qalust Saakyan və keçmiş prezident Levon Ter-Petrosyan səs verən zaman elektron aparat onların heç birinin barmaq izlərini tanımayıb.
Yeri gəlmişkən, Ermənistanda bir sıra partiyalar parlament seçkilərinin qanun pozuntuları ilə müşayiət olunacağını bildiklərini əvvəlcədən bəyan ediblər. Məsələn, “Əriklər ölkəsi” partiyası Ermənistanda, eləcə də dünyada yaşayan erməniləri parlament seçkilərinin nəticələrini tanımamaqla bağlı aksiyalara çağırıb. Partiyanın bu barədə yaydığı bəyanatda deyilir ki, hakimiyyət seçkilərin nəticələrini saxtalaşdıracaq. Bu siyasi kampaniya klan hakimiyyətinin qalmasına xidmət edir. Hamı başa düşməlidir ki, bu hakimiyyət öz kreslosunu itirmək istəmir.
Onu da xatırladaq ki, Ermənistanda keçirilən parlament seçkilərində qanun pozuntularının əsasən, təhsil müəssisələri tərəfindən törədildiyi bildirilir. Milli Konqresin sədri, sabiq prezident Levon Ter-Petrosyan ölkənin elm və təhsil naziri Levon Mkrtçyanın istefasını tələb edib. Bildirib ki, təhsil müəssisələri aprelin 2-də keçirilən seçkilərin saxtalaşdırılması prosesində birbaşa iştirak edib.
Seçkilərin saxtalaşdırılması fonunda ölkədə yeni etiraz aksiyalarının başlayacağı şübhəsizdir. Bu, əslində xalqın Sarkisyan idarəçiliyindən bezməsini göstərir. Qeyd edək ki, 2015-ci ilin dekabrında qəbul edilən konstitusiyaya dəyişikliklər Ermənistanın yarı prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçidini nəzərdə tutur. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə artırılıb. Ölkənin yeni prezidentini də yeni parlament müəyyənləşdirəcək və prezident sadəcə formal səlahiyyətlərə malik olacaq. Parlament seçkisi Ermənistan prezidenti Serj Sarkisyanın ikinci səlahiyyət müddətinin başa çatmasına 1 il qalmış keçirilir. Səlahiyyətləri başa çatdıqdan sonra Sarkisyan məhz baş nazir kimi ölkəni idarə etmək istəyir və bu səbəbdən parlament seçkilərini də saxtalaşdırıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.