Azərbaycan Ordusu güclənir, maddi-texniki bazası möhkəmlənir, ordumuz müasir texnika və silah-sursatla təchiz olunur, hərbçilərin xidmət şəraiti yaxşılaşır, hərbi hissələrdə və hərbi şəhərciklərdə yenidənqurma işləri aparılır. Ordumuzda döyüş qabiliyyəti, mənəvi-psixoloji durum, vətənpərvərlik ruhu çox yüksəkdir. Bunu aprel döyüşləri də göstərdi. Ermənistanın aprel təxribatına ordumuz layiqli cavab verdi. Bu döyüşlər tarixi qələbə idi.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı
Rəsmi Yerevan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı indiyədək irəli sürülmüş bütün təşəbbüslərin qarşısını almağa çalışmış, bütün mümkün vasitələrdən, o cümlədən cəbhə xəttində təxribatlar törətməkdən belə çəkinməmişdir. Faktlara müraciət edək:
1998-ci ildə Levon-Ter Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması, 1999-cu ildə Ermənistan parlamentinin gülləbaran edilməsi, 2014-cü ildə Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin danışıqlarından sonra ermənilər tərəfindən cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi və digər faktlar sübut edir ki, Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdükdə terrora və cəbhədə vəziyyəti gərginləşdirmək üçün müxtəlif metodlara əl atır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prinsipial mövqeyi, qətiyyəti, düşünülmüş, xalqın milli maraqlarına uyğun siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar Ermənistan rəhbərliyinin mürəkkəb vəziyyətə düşməsi ilə nəticələnmişdir. Ölkə Prezidentinin Vaşinqtonda Nüvə Sammiti çərçivəsində ABŞ rəhbərliyi, o cümlədən dövlət katibi Con Kerri, vitse-prezident Co Baydenlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılmışdır. ABŞ qəti şəkildə münaqişənin tezliklə həllinə tərəfdar olduğunu bildirmiş, həmçinin Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə etmişdir.
2015-ci ilin sonlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov da münaqişənin həlli ilə bağlı ilkin mərhələdə 5 rayonun azad edilməsi ilə bağlı təkliflə çıxış etmiş, bu məqsədlə həm Azərbaycana, həm də Ermənistana səfər etmişdir. 2016-cı il martın 10-da isə S. Sarkisyan Moskvaya dəvət olunmuş və ona münaqişənin həllinin zəruriliyi birmənalı şəkildə çatdırılmışdır. Həmçinin Fransa Prezidenti Fransua Olland da cəbhə xəttində vəziyyətin gərginləşməsinə dair aprelin 2-də yaydığı bəyanatda 2014-cü ilin oktyabrında Parisdə əldə olunmuş razılaşmalara sadiqliyini təsdiqləmişdir. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də münaqişənin həlli ilə bağlı qəti mövqe ifadə edirlər. Bundan əvvəl də həmsədrlər ən yüksək səviyyədə mövcud status-kvonun saxlanmasının mümkün olmadığı barədə bir neçə dəfə ümumi rəy bildirmişdilər. Bu isə beynəlxalq aləmə və dünyanın aparıcı dövlətlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının artıq çatdığı və bundan sonra mövcud status-kvonun saxlanmasının qeyri-mümkün olmasına dair açıq mesajlar idi.
2016-cı ilin aprelində Ermənistan rəhbərliyi çıxılmaz vəziyyətə düşdüyünü anlayaraq cəbhə xəttində növbəti təxribatını törətməklə və vəziyyəti gərginləşdirməklə Azərbaycanın diplomatik uğurlarını və beynəlxalq aləmin münaqişənin ədalətli həlli ilə bağlı mövqeyini neytrallaşdırmağa çalışmışdır. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirmiş, nəticədə Ermənistan silahlı qüvvələri 200-ə yaxın hərbçi, çoxsaylı texnika itirmiş, həmçinin 2000 hektara yaxın ərazi, o cümlədən Lələtəpə və Talış yüksəklikləri geri qaytarılmış, Silahlı Qüvvələrimiz on minlərlə əraziyə nəzarət etmək imkanı qazanmışlar.
Aprel döyüşlərində mənfur düşmən Azərbaycan Silahlı Qüvvələrinin gücünü bir daha gördü. Bütün dünya şahid oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə necə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərdi. Aprel döyüşləri öz ordusu haqqında yalanlar, miflər uyduran Ermənistanın təbliğatına ciddi zərbə vurdu, erməni cəmiyyətini sarsıtdı. Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa etdi. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki onlar o dəstəyə çox arxalanırdı və ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyyətini etiraf etdilər. Ermənistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini bu gün də hiss edir. Xocalı faciəsinin cinayətkarı Serj Sarkisyan hakimiyyəti və onun havadarları bilməlidirlər ki, Azərbaycan əsgəri heç zaman işğal faktı ilə barışmayacaq. Bu gün Azərbaycan Ordusunun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da çox yüksəkdir. Sülh danışıqları nəticə verməsə, əli silah tutan hər bir vətəndaşımız işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübarizəyə tam hazırdır. Aprel döyüşlərində hərbçilərimiz fərdi şücaətlər göstərməklə yanaşı, ordumuzun arsenalında olan ən son silahlardan, başqa sözlə desək, “beşinci nəsil” silahlardan istifadə edərək, son illərdə əldə olunan müasir silah sistemlərinə bacarıqla yiyələndiklərini nümayiş etdirdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi, birinci yerdə duran prioritet məsələdir.
Bir il bundan öncəki tarixə nəzər salaq. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi. Döyüş nəticəsində Goranboy rayonunun və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən tam təmizləndi. Horadiz şəhərinin erməni təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələtəpə” adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçdi. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri ermənilərdən tam azad olundu. Aprelin 3-dən başlayaraq Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində birtərəfli qaydada düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini dayandırdığını elan etdi. Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yoların nəzarətdə saxlanmasını təmin etdi. Hərbi əməliyyatlar zamanı 93 hərbi qulluqçusu həlak olub, bir Mi24 helikopteri vurulub və bir tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 20-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 340 döyüşçü öldürülüb və 500-dən artıq döyüşçü yaralanıb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 2016-cı il aprel ayının 6-da yayımladığı məlumatda da aprelin 2-dən etibarən intensivləşən Azərbaycan-Ermənistan silahlı münaqişəsi konteksində Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulması göstərilmişdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aprelin 19-da yayımladığı məlumata əsasən cəbhə bölgəsində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edildi. Növbəti gün aprelin 20-də yayımlanmış məlumatlarda isə qeyd edilib ki, yenə Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter tipli “DJİ PHAMTON” pilotsuz uçuş aparatı Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən xüsusi üsulla endirilərək ələ keçirilib. Aprelin 5-də 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisləri arasında əldə edildi. Azərbaycan Ordusunun silahlı qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirməyə başlamişdir.
Azərbaycan Ordusunun bölmələri aprel döyüşləri zamanı əməliyyatları həm cənubda – Lələtəpə, həm də şimalda -- Talış kəndləri istiqamətlərində əlavə qüvvə cəlb etmədən, əraziyə cavabdeh briqadaların iştirakı ilə aparıb. Bu, bir daha onu deməyə əsas verir ki, Azərbaycan Ordusu işğal altındakı ərazilərdə, özü də strateji yüksəkliklərdə mövqe tutmuş, orada illərdən bəri möhkəmləndirmə işləri aparmış düşməni kiçik qüvvə ilə darmadağın etməyi bacarmışdır.
Aprel döyüşlərinin əsas yekunlarından biri də düşmən üzərində hərbi və psixoloji üstünlüyə nail olmağımızdır. Bununla yanaşı, həmin döyüşlər Azərbaycanın daxilindəki milli həmrəyliyi, Qarabağ münaqişəsi məsələsində xalqın iqtidarla sarsılmaz birliyini dünyaya göstərdi. Düşünürəm ki, döyüş əməliyyatlarının bir daha təkrarlanacağı təqdirdə Azərbaycan Ordusu qısa müddətdə düşmənə ağır zərbələr endirərək respublikamızın ərazi bütövlüyünü təmin edəcək.
Ali Baş Komandanımızın sözü ilə desək, “bu gün Ermənistan rəhbərliyi öz təxribatçı fəaliyyətini davam etdirir. Aprel döyüşlərindən sonra bir müddət təşviş, qorxu içində idi. İndi elə bil ki, o stressdən bir qədər çıxmağa çalışır və yenə də cəfəng bəyanatlar verir, bizi hədələməyə, hansısa silahlarla qorxutmağa çalışır. Bizim buna gülməyimiz gəlir. Çünki onlar yaxşı bilməlidirlər və bilirlər, bu gün Azərbaycan Ordusu o qədər güclüdür ki, bu gün bizim o qədər güclü texnikamız, silah-sursatımız, müasir silahlarımız var ki, düşmənin istənilən strateji və hərbi obyektini məhv etməyə hər an hazırıq. Onlar bunu bilir və bilməlidirlər, elə bir strateji və hərbi hədəf yoxdur ki, biz onu məhv edə bilməyək. Biz sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq son illər ərzində aldığımız ən müasir, dünyanın ən müasir silahları bizə çox böyük imkan yaradır”.
Aprel döyüşləri Azərbaycan Ordusunun işğal altında olan bütün torpaqlarını istənilən an geri qaytarmaq gücündə olduğunu sübut etdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, aprel döyüşləri bizim şanlı tariximizdir. Biz həm Füzuli və Cəbrayıl rayonlarında, eyni zamanda, Ağdərə rayonunda bir çox strateji yerləri işğalçılardan azad etdik. Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi olan yerləri də qaytardıq. Biz indi Lələtəpə ərazisindən on minlərlə hektar torpağa nəzarət edirik. Erməni ordusu orada heç tərpənə də bilmir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq səviyyədə keçirilən görüşlərdə və aparılan müzakirələrdə Azərbaycanın ədalətli mövqeyinin daha çox dəstəklən-məsi, dövlətimizin başçısı cənab İlham Əliyevin qətiyyətli sözünün beynəlxalq aləmdə daha çox eşidilməsi iqtisadi çətinliklər məngənəsində sıxılan Ermənistanın çaşqınlığını və inamsızlığını artırmaqdadır.
Ölkə başçısı bu barədə fikirlərini bildirərkən demişdir: “Aprel döyüşləri zamanı Azərbaycan Ordusu sadəcə olaraq imkanlarının cüzi bir faizini nümayiş etdirmişdir. Bu, bir daha onu göstərir ki, aprel döyüşləri Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın”.
Aprel döyüşləri zamanı qazandığımız şanlı qələbə sübut etdi ki, Azərbaycan Silahlı Qüvvələri tez bir zamanda işğal altındakı bütün ərazilərimizi azad etmək gücündədir. Bu döyüşlər Azərbaycanın tarixində uğurlu hərbi qələbəmiz kimi qalacaq. Aprel döyüşləri bizim böyük tarixi qələbəmizdir. Bu döyüşlər zamanı Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi.
Dövlət başçımız xüsusi olaraq vurğulamışdır ki, aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanmış və ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş edilmişdir. Onların bir hissəsi Azərbaycana gətirilib. Sadəcə Ermənistan rəhbərlərindən fərqli olaraq, biz bunu təbliğat naminə nümayiş etdirmirik. Amma lazım gələrsə və vaxt gələndə, lazım bildiyimiz anda biz bir daha göstərəcəyik ki, nəyimiz var. Qoy, onlar bilsinlər ki, bu gün Azərbaycan Ordusu həm döyüş qabiliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminat baxımından dünya miqyasında güclü ordular sırasındadır.
Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır.
Nəticə olaraq onu qeyd etmək istərdim ki, aprel döyüşlərindən sonra beynəlxalq aləm bir daha əmin oldu ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. ATƏT-in Minsk qrupu həmsədrlərinin fəallaşması, beynəlxalq ictimai rəydə münaqişənin tezliklə həlli ilə bağlı tələblərin səslənməsi bunu bir daha sübut edir. Bir daha göründü ki, Azərbaycan işğal faktı, mövcud status –kvo ilə barışmaq, Ermənistan təxribatlarına dözmək niyyətində deyil və düşmənə layiqli cavab vermək əzmi və iqtidarındadır. Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, hər an torpaqları azad etmək iqtidarında olduğunu, habelə Azərbaycan əsgərinin vətənpərvər və qəhrəman obrazını nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycan xalqının həmrəyliyini, birliyini, hakimiyyətlə xalq arasında vəhdəti nümayiş etdirdi.
Aprel döyüşləri həm də Ermənistan cəmiyyətində gərginliyi artırdı, xalqla hakimiyyət arasında uçurumu daha da dərinləşdirdi.
Kamran Behbudov,
ADA Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.