Müasir texniki vasitələr də Serj Sarkisyanın günahsız insan qanına batmış barmaq izlərini tanımadı

Ermənistanda növbəti seçki rüsvayçılığı

Aprelin 2-də Ermənistanda keçirilmiş parlament seçkiləri (erməni politoloqları bunu “seçki şousu” adlandırırlar)  bu ölkədə siyasi böhranı daha da dərinləşdirib. Onsuz da işğalçı ölkədə vəziyyət getdikcə pisləşirdi. Serj Sarkisyan rejiminin əlindən təngə gəlmiş narazı kütlənin etiraz aksiyaları səngimək bilmir. İşsizlikdən, korrupsiyadan,  aclıq və səfalətdən əziyyət çəkən əhali kütləvi surətdə ölkəni tərk edir, ordudakı özbaşınalıq, yoluxucu xəstəliklərin baş alıb getməsi və əsgər ölümü gəncləri də hərbi xidmətdən imtina həddinə çatdırıb. Hakimiyyəti uzun müddət əlində saxlamaq üçün min bir dona girən S.Sarkisyan və ətrafının parlament seçkilərində hansı oyundan çıxacağı qabaqcadan məlum idi. Ona görə də siyasi ekspertlər və ictimai-siyasi xadimlər seçkinin gərgin, qalmaqallı və kütləvi saxtakarlıqla  keçəcəyi barədə qabaqcadan fikirlər səsləndirmişdilər. Bunu, əsasən onunla əlaqələndirirdilər ki, Serj Sarkisyanın ikinci  prezidentlik səlahiyyətinin bitməsinə bir il vaxt qalır.

Serj Sarkisyan və onun komandası qarşıdakı bir il ərzində bütün vasitələrdən istifadə edərək növbəti illərdə də ölkəyə nəzarəti öz əlində saxlamaq niyyətindədir. Ona görə də nəyin bahasına olursa-olsun, parlament seçkilərində  mandatın böyük hissəsini əldə etmək iddiasındadır. Məlum olduğu kimi, 2015-ci ilin dekabrında  qəbul edilən Konstitusiyaya dəyişikliklər Ermənistanın prezident üsul-idarəsindən parlament üsul-idarəsinə keçidini nəzərdə tuturdu. Dəyişikliklərə əsasən, prezidentin səlahiyyətləri azaldılmış, baş nazir və parlamentin səlahiyyətləri isə artırılmışdır. Ölkənin yeni prezidentini də yeni parlament müəyyənləşdirəcək və prezident sadəcə formal səlahiyyətlərə malik olacaq. Buna görə də Serj Sarkisyan parlamentə nəzarəti ələ alaraq, prosesləri öz bildiyi kimi idarə etmək fikrindədir.

Ermənistanda parlament seçkiləri  ərəfəsində baş verən proseslər, hakim partiyanı dəstəkləyənlərin müxalif qüvvələrə qarşı silahlı hücumları, müxalifətin fasiləsiz etiraz aksiyalarına çağırışları seçkidə vəziyyətin ağır olacağından, siyasi gərginliyin, qarşıdurmanın daha da artacağından xəbər verirdi. Müstəqil müşahidəçilər  seçkilərə hazırlığın vəziyyəti ilə tanış olarkən 200-dən çox ciddi qanun pozuntusu aşkarlamış, özbaşınalığın və zorakı halların şahidi olmuşlar. “Transparency International” Antikorrupsiya Mərkəzi də seçkilərə  hakimiyyətin diktəsi ilə  hazırlıq işlərinin görülməsi barədə bəyanat vermişdi. Mərkəzin proqram rəhbəri Varujan Oktanyan seçkilərdə inzibati resurslardan sui-istifadə monitorinqinin nəticələrini açıqlayarkən demişdir ki, martın 13-dən 24-dək aparılan araşdırma zamanı seçici səslərinin satın alınması və ya rüşvət verilməsi ilə bağlı 100-dən çox fakt qeydə alınıb. Bu təşkilat İrəvanda və Ermənistanın daha 12 şəhərində apardığı monitorinq zamanı  inzibati resurslardan sui-istifadə hallarının baş alıb getdiyini bildirmişdi. Oktanyanın fikrincə, hüquqpozmalar  bütün ölkə daxilində adi hala çevrilib.

Parlament seçkiləri bütün ölkə ərazisində, ümumilikdə 2009 seçki məntəqəsində keçirilib. Səsvermədə beş partiya – hakim Respublika, Kommunist, Daşnaksütyun, “Azad demokratlar” və “Erməni dirçəlişi” partiyaları, həmçinin dörd siyasi blok –“Yelk”, Ermənistan Milli Konqresi, “Ohanyan-Raffi-Oskanyan” və “Tsarukyan” blokları iştirak edib.

Müşahidəçlərin yaydıqları bəyanatlarda bildirlir ki, seçkidə kütəvi saxtakarlığın qabaqcadan planlaşdırıldığı səsvermə zamanı özünü açıq şəkildə büruzə verdi. Bu, ilk növbədə seçki məntəqələrində veb-kameraların quraşdırılmamasında  özünü göstərdi. Beynəlxalq müşahidəçilərin diqqətini cəlb etmək üçün bəzi seçki məntəqələrində quraşdırılmış müşahidə kameraları isə işləməyib. Hakimiyyət seçkilərdə obyektivliyin tam təmin olunması naminə, guya yenilik tətbiq edildiyini və seçki məntəqələrinin əl izləri ilə qeydiyyat aparan cihazla təmin oldunduğunu iddia edir. Bu cihazların gözdən pərdə asmaq və demokratik seçki mənzərəsi yaratmaq xatirinə quraşdırıldığı Serj Sarkisyanın həyat yoldaşı ilə birlikdə səsvermə zamanı açıq şəkildə özünü büruzə verdi. Ermənistanda keçirilən seçkilərdə ilk dəfə istifadə olunan əl izləri ilə qeydiyyat aparma sistemi prezident Sarkisyanın iç üzünü bir daha açıb. Hətta müasir texniki vasitələr də Serj Sarkisyanın günahsız insan qanına batmış barmaqlarını qəbul etməyib.

Qaydaya görə, səverməyə gələn hər bir seçici ilk növbədə barmağını həmin aparatın müvafiq yerinə yaxınlaşdırmalı və bununla da səsverməyə gələnin barmaq izləri tanınmalıdır. Ancaq S.Sarkisyan on barmağının hamısını ayrı-ayrılıqda aparata yaxınlaşdırsa da, onun barmaq izləri tanınmayıb. Cihaz əlləri  insan qanına batmış cəllad, qatil prezidentin barmaqlarını qəbul etməyib. Maraqlı orasıdır ki, S.Sarkisyanla birlikdə səsverməyə gələn həyat yoldaşının barmaq izlərini həmin cihaz tanıyıb, ancaq xeyli cəhd olunsa da, Sarkisyanın barmaq izləri cihaz tərəfindən tanınmayıb. Təbii ki, o, pərt olsa da, sifətindəki riyakarlıq və qəddarlıq cizgiləri ilə bunu ört-basdır etmək istəyib. Sonra  pasportunu seçki komissiyasına  təqdim edib və talon alaraq səs verib.

Ancaq bu maraqlı mənzərə jurnalistlərin diqqətindən yayınmayıb. Rusiyalı jurnalistin “Niyə aparat sizin barmaq izlərinizi tanımaq istəmədi”–sualına Sarkisyan  “Bu, mənim səlahiyyətlərimə aid deyil”–deyə cavab verməklə kifayətlənib.

Səsvermə zamanı məntəqələrdə kütləvi davalar və qarşıdurmalar da müşahidə olunub. Əvvəlcədən hazırlanmış bülletenlər hakimiyyət nümayəndələrinin öyrədilmiş adamları tərəfindən hakim Respublika partiyasının xeyrinə qutulara atılarkən müşahidəçi tərəfindən lentə alınıb. Lakin hakimiyyət təmsilçiləri onun telefonunu əlindən alaraq sındırıblar. Seçki məntəqələrində saysız-hesabsız qanun pozuntusu və saxtakarlıqlar barədə faktlar əldə edən müxalifət nümayəndələri bildiriblər ki, texniki qurğularda yaranmış nasazlıq bilərəkdən planlaşdırılıb. Çünki bu yolla  seçki məntəqələrində  baş verən sui-istifadə halları, habelə saxtakarlıqlar diqqətdən kənarda qalacaqdı. Belə nöqsanları qeydə alan müşahidəçi və media əməkdaşları təzyiqlərlə üzləşiblər. Saxtakarlıq o həddə çatıb ki, hətta MSK sədri Tiqran Muçukyan da bunu etiraf etiraf etmək məcburiyyətində qalıb. O, bunu, guya seçki məntəqələrində texniki qurğularda yaranmış nasazlıqla əlaqələndirib.

Yerli kütləvi informasiya vasitələrinin yazdılarına görə Ermənistan Baş Prokurorluğunda yaradılmış işçi qrupuna seçki məntəqələrində qeydə alınan minə yaxın qayda pozuntusu barədə məlumat daxil olub. Məsələn, bir seçicinin cibindən qabaqcadan hazırlanmış və hakim partiyanın xeyrinə səs verilmiş 14 bülleten çıxıb.  Bir sıra seçki məntəqələrində bir kabinədə 4-5 seçici səs verib. İlkin araşdırmalar zamanı seçkilərdə 141 halda təkrar səsvermənin baş verdiyi qeydə alınıb. Bununla yanaşı, seçki məntəqələrində seçiciləri pulla ələ almaq, səsverməyə gələnlərə  rüşvət verməklə onları hakim Respublika partiyasının xeyrinə səs verməyə məcbur etmə faktları da qeydə alınıb. Müşahidəçilərin rəylərində bildirilir ki, seçicilər sərbəst şəkildə səs verə bilməyiblər. Saxtakarlıqlara etiraz edən müşahidəçilər seçki komissiyanın üzvləri və digər nümayəndələr tərəfindən hücuma məruz qalıblar. Bəzi məntəqələrdə isə onları döyərək, zorla məntəqədən çıxarıblar.

Ermənistanın tanınmış ictimai-siyasi xadimləri bu seçkini Sarkisyanın növbəti “seçki oyunu” adlandırıblar. Hətta  işğalçı ölkənin birinci prezidenti Levon Ter-Petrosyan seçki məntəqələrində işin təşkilini kolxoz işinə bənzədib.

Hazırda Ermənistanda vəziyyət gərgin olaraq qalır. Müxalifət nümayəndələri seçki saxtakarlığının və zorakılığın baş alıb getdiyi ölkədə siyasi böhranın daha da dərinləşdiyini bəyan edərək xalqı itaətsizliyə və üsyana çağırıblar. Bu barədə yayılan bəyanatda qeyd edilir ki, Ermənistanda  yaxşıya doğru heç nə gözlənilmir,  Serj Sarkisyan hakimiyyəti ölkəni öz maraqlarına uyğun idarə edir. Bu da ölkəni vətəndaş müharibəsi həddinə çatdırıb.

“İrs” partiyası Ermənistanda və dünyada yaşayan erməniləri parlament seçkilərinin nəticələrini tanımamaqla bağlı aksiyalara çağırıb. Partiyanın yaydığı bəyanatda deyilir ki, hakimiyyət seçkilərin nəticələrini öz xeyrinə saxtalaşdırır və bununla da növbəti illərdə də ölkəyə nəzarəti öz əlində saxlamaq istəyir. Bu siyasi kampaniya  Serj Sarkisyan hakimiyyətinin qalmasına xidmət edir. Ona görə də hamımız bir yerdə bu zorakılığın qarşısını almalı, hakimiyyətə layiq olduğu yeri göstərməliyik.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında