Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun güсünü göstərən qələbədir!

 

 

 

 

 

 

 

 

 

 

 


Biz ərazi bütövlüyümüzü, əlbəttə ki, bərpa edəсəyik. Dağlıq Qarabağ Azərbayсanın ayrılmaz hissəsi kimi, Azərbayсanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələсəkdə də ölkəmizin tərkibində olaсaq...

Azərbayсan Ordusu o qədər güсlüdür ki, bu gün bizim o qədər güсlü texnikamız, silah-sursatımız, müasir  silahlarımız var ki, düşmənin istənilən strateji və hərbi obyektini  məhv etməyə  hər an  hazırıq.  Onlar bunu bilir və bilməlidirlər, elə bir strateji və hərbi  hədəf yoxdur ki, biz onu məhv edə bilməyək.

İlham Əliyev
 Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı


“Bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır. Aprel döyüşləri, – mən bunu əvvəllər də qeyd etmişdim, – hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün, həmişə olduğu kimi, birinci yerdə duran prioritet məsələdir”. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordumuzun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbiçimizlə keçirdiyi görüş zamanı səsləndirdiyi bu fikirlər hər birimizdə işğal altında olan ərazilərimizin azad olunacağına böyük inam yaradıb. Azərbaycan Silahlı Qüvvələri artıq işğalçı Ermənistana öz gücünü göstərmək məcburiyyərində qaldı və düşmənə ağır zərbə vurmağa qadir olduğunu təsdiqlədi. Məlum faktdır ki, bu gün  Azərbaycan Ordusu həm döyüş qabiliyyəti, vətənpərvərlik ruhu, həm də maddi-texniki təminat baxımından dünya miqyasında güclü ordular sırasındadır.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və  inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədə formalaşmışdır. Bir mərkəzdən  idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu  gündən-günə daha da mətinləşir, döyüş qabiliyyətini artırır və işğal altında olan torpaqlarımızı azad etməyə qadir olduğunu nümayiş etdirir. Hazırda ölkəmiz  NATO standartlarına uyğunlaşmış modern bir ordusunun olması ilə də diqqəti cəlb edir.

Respublikamızın ərazisinin 20 faizinin işğal altında olması, həmçinin ölkəmizin ərazi bütövlüyünə qarşı yönəlmiş xarici təcavüz və terrorizmin nəticəsi olaraq, Azərbaycan dövləti təhlükəsizlik sisteminin möhkəmləndirilməsini və dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır. Azərbaycan hazırda regionda ən böyük hərbi potensialı olan ölkədir. Bölgədə ilk mötəbər beynəlxalq müdafiə sərgisi də məhz Bakı şəhərində keçirilmişdir.

Hər bir ölkənin müdafiə siyasətinin uğurla həyata keçirilməsi üçün bir sıra mühüm şərtlər mövcuddur. Belə şərtlərdən biri də müdafiə sənayesinin inkişaf etdirilməsi, ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsi, dünyada mövcud olan ən qabaqcıl təcrübə və texnologiyalar əsasında yeni istehsal müəssisələrinin yaradılması, müdafiə təyinatlı məhsulların istehsalının artırılması və bu sahədə xaricdən asılılığın azaldılmasıdır.

Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində  ordu quruculuğu sahəsindəki bu problem aradan qaldırıldı. Bu sırada dövlət başçısının sərəncamı ilə 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti mühüm yer tutur. Nazirliyin tabeliyinə verilən müəssislərdə qısa müddətdə yenidənqurma işlərinin aparılması, son illərdə həmin müəssisələrin maşın və avadanlıq parkının yenilənməsi məqsədilə dünyanın inkişaf etmiş ölkələrindən ən son texnoloji avadanlıqların alınıb quraşdırılması Ali Baş Komandanın bu sahənin inkişafına verdiyi xüsusi önəmi bir daha göstərir. İndiyədək bu müəssisələrdə müxtəlif istehsal sahələri formalaşdırılıb və  Silahlı Qüvvələrin müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla təmin olunmasına əlverişli şərait yaradıb. Bütün bunların nəticəsi olaraq, Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlıq edir.

Qürurverici haldır ki, bu gün Azərbaycanın hərbi sənaye kompleksi tam formalaşmaq üzrədir. Hazırda respublikamız Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Ölkəmizdə son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Bütün bunlar Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsidir. Ölkəmizin istehsalı olan hərbi məhsullara xarici ölkələrdən də sifarişlər gəlir ki, bu da Azərbaycanın mühüm uğurlarından biridir.

Nazirliyin fəaliyyəti dövründə min addan çox müdafiə təyinatlı məmulatın və onların ehtiyat hissələrinin istehsalı geniş vüsət almışdır. Bunlardan universal və tank pulemyotlarını, tank əleyhinə əl qumbaraatanını, müxtəlif millimetrlik minaatanları və onlar üçün minalı atəş yığımlarını, pilotsuz uçuş aparatlarını, mina təsirinə davamlı zirehli texnikaları, BTR və BRDM tipli zirehli texnikaların təkmilləşdirilməsini və s. göstərmək olar. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar 2009-cu ildən etibarən 15 beynəlxalq sərgidə nümayiş etdirilmiş və böyük maraqla qarşılanmışdır. Bütün bunlar Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğunun inkişafına diqqət və qayğısının bariz nümunəsidir.

Yerli silah-sursat istehsalnın  davamlı olaraq artırılmasına baxmayaraq, ölkəmiz inkişaf etmiş dövlətlərdən  ən müasir silahların alınmasını da prioritet vəzifə kimi qarşıya qoyub. Çünki  həmin ölkələrin, xüsusilə İsrailin, Pakistanın, Rusiyanın  hərbi-sənaye kompleksi çox inkişaf edib. Onların silahları, hərbi texnikaları dünyada böyük tələbata malik olan avadanlıqdır. İsraildən Azərbaycanın silah, hərbi-texnika alması ölkəmizin müdafiə və təhlükəsizliyi üçün çox mühüm əhəmiyyət daşıyır. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanın ərazisinin 20 faizi işğal altında olan problemi var. Torpaqlarımızın hərbi yolla azad olunması prosesi başlayarsa, həmin silahlar bizim böyük üstünlüyümüzdür.

Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan, mükafatlar təqdim edən, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün sərəncamlar imzalayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.  Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına əlverişli şərait yaradıb. Bu gün Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur.

Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordularından biridir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi davamlı sürətdə təkmilləşdirilir, hərbi hissələr ən müasir hərbi texnika ilə təchiz olunur, yüksək şəraitə malik hərbi şəhərciklər, döyüş poliqonları yaradılır. Bütün bunların nəticəsidir ki, hazırda torpaqlarımızı düşməndən azad etməyə qadir, yüksək döyüş ruhuna malik ordumuz formalaşıb. Bu, özünü uğurlu aprel döyüşləri zamanı əyani şəkildə təsdiqlədi.

Prezident İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbiçimizlə keçirdiyi görüşdə də əsgər və zabitlərimizin yüksək döyüş ruhunda olmasını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağı dalğalanır, azad olunmuş on minlərlə hektar torpaq sahəsinə ordumuz nəzarət edir.

Bu döyüşlər göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü nəyin bahasına olursa–olsun bərpa edəcəkdir. Artıq bu döyüşlər də təsdiqlədi ki, Azərbaycan Ordusu olduqca peşəkardır və əsgər və zabitlərimizdə hərbi vətənpərvərlik hissi yüksək səviyyədədir. Məhz bunun nəticəsində də Silahlı Qüvvələrimiz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu döyüşlər xalqımızın qəhrəman, mərd, igid, Vətənin bir qarışı uğrunda canını qurban verməyə hazır olduğunu bir daha təsdiqlədi. Bu qələbədə əsas rol oynayan amillərdən biri də “Xalq-iqtidar” həmrəyliyinin sıx vəhdəti oldu.

Artıq Ermənistan tərəfi dərk etməyə başlayıb ki, uzun illər ərzində öz ordusu haqqında miflər yaratmağın daha faydası yoxdur. Çünki aprel döyüşləri bu mifləri, əfsanələri, şişirtmələri darmadağın etdi. Dövlətimizin başçısı hərbçilərlə görüşü zamanı da bu məsələni diqqətə çatdırmışdır: “Aprel döyüşləri, demək olar ki, onların ideoloji əsaslarını dağıtdı. Bu gün Ermənistan cəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki, əgər Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur. Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla münasibətləri tənzimləməkdir. Bunun üçün də yeganə yol var. Bu yol ondan ibarətdir ki, bizim işğal edilmiş torpaqlardan işğalçı qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır. Bu baxımdan bu döyüşlərin çox böyük təsiri oldu. Bu təsir bu gün də özünü göstərir. Bu döyüşlər Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, son illər ərzində ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi, ordumuzun döyüş potensialının gücləndirilməsi, bax, bu nəticələrə gətirib çıxarır”.

Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun gücündən şoka düşmüş ermənilər beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət etmiş və az qala yalvarıb-yaxarmışlar ki, döyüşlər tezliklə dayandırılsın. Bundan sonra Ermənistan tərəfi dərk etməyə başlamışdır ki, Azərbaycan ilə münasibətlər yoluna qoyulmasa, onların gələcəyi yoxdur. Erməni politoloqları da etiraf edirlər ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yolları qonşularla münasibətləri tənzimləmək, işğalçı qüvvələrini Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarmaqdır.

Prezident, Ali Baş Komandan İlham Əliyev hərbçilərlə görüşü zamanı bir daha qətiyyətlə bildirmişdir ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi Azərbaycanın tərkibində həmişə olub, bu gün də onun tərkibindədir, gələcəkdə də ölkəmizin tərkibində olacaq.  “Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında