Azərbayсan Ordusu düşmənə sarsıdıсı zərbə endirməyə hər an hazırdır!

 

 

 

 

 

 

 

 

 

 


Prezident İlham Əliyev: Aprel döyüşləri nətiсəsində Füzuli, Сəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş  ərazilərində bu gün Azərbayсan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki,  Azərbayсan xalqı və dövləti heç vaxt  işğalla barışmayaсaq,  öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun  bərpa edəсəkdir.



Bu gün Ermənistan сəmiyyəti sarsıntı, təşviş içindədir. Artıq vəziyyətə daha praqmatik baxımdan yanaşan qüvvələr açıq-aydın bildirirlər ki,  əgər Azərbayсan ilə münasibətlər yoluna qoyulmasa, Ermənistanın  gələсəyi yoxdur.  Mən bunu dəfələrlə demişəm ki, Ermənistanın bir ölkə kimi bundan sonra da yaşaması üçün yeganə yol qonşularla  münasibətləri tənzimləməkdir.  Bunun  üçün də  yeganə yol var. Bu  yol ondan  ibarətdir ki, bizim  işğal  edilmiş torpaqlarımızdan işğalçı  qüvvələr qeyd-şərtsiz və dərhal çıxmalıdır.

İlham Əliyev
 Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı


Azərbaycan Dağlıq Qarabağ münaqişəsində status-kvonu qoruyub saxlamağa çalışan və bununla münaqişəni öz xeyrinə həll etmək üçün vaxtı hər vəchlə uzadan Ermənistan qoşunlarına 2016-cı ilin aprelində təmas xəttində ağır zərbələr vurdu. Aprel döyüşlərində qazandığımız hərbi qələbələr Azərbaycanda ordu quruculuğunun yüksək peşəkarlıqla davam etdirilməsinin mükəmməl nəticələrini ortaya qoydu.

 Ümumiyyətlə, son bir neçə il ərzində iyirmidən çox hərbi şəhərciyin tikilməsi və yenidən təmir olunması bir daha onu sübut edir ki, bu gün Azərbaycan Ordusuna məxsus hərbi hissələrin hamısı dünyanın güclü ölkələrinin hərbi hissələri səviyyəsindədir. Son illər  ərzində ordumuzun maddi-texniki təminatı sürətlə inkişaf edib. Ölkəmiz dünyanın ən qüdrətli dövlətlərindən  onlarca döyüş təyyarəsi, 100-dən çox hərbi və nəqliyyat vertolyotu, hava hücumuna qarşı müxtəlif müasir sistemlər almışdır. Müxtəlif ölkələrdən alınmış ən müasir tanklar, zirehli maşınlar, artilleriya qurğuları da düşmənin istənilən hədəfini məhv etmək üçün ideal fürsət yaratmışdır.  Ən müasir pilotsuz uçuş aparatları, həm kəşfiyyat, həm də döyüş üşün lazım olan texnikaların alınması sürətlə davam edir.

Bildiyimiz kimi, “Dördgünlük müharibə” 2016-cı  il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə idi. Bu münaqişə zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini düşməndən azad edib, Füzuli rayonu istiqamətində yerləşən  “Lələtəpə” kimi tanınan strateji yüksəkliyə nəzarəti ələ keçiriblər. Döyüşlər nəticəsində, Azərbaycan Ordusu Ağdərə-Maqadiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.

Dördgünlük müharibədə ermənilərin generalı da daxil olmaqla yüksək çinli hərbi qulluçuları məhv edildi. Düşmənin hərbi manevrlərinin bütün təmas xətti boyu təxribatlarının qarşısı alındı və geri oturduldu. Aprel döyüşlərində Azərbaycan bütün hərbi kontingenti ilə hazır vəziyyətə gətirilsə də, bu potensialın heç beşdə birini nümayiş etdirmədən erməni silahlı qüvvələrini, sözün həqiqi mənasında darmadağın etdi.

Düşmən son iyirmi ildə ilk dəfə olaraq bütün parametrlərdə Azərbaycanın üstün mövqeyə malik olduğunu etiraf etdi. Bunu hətta quldur Sarkisyan rejiminin yüksək çinli məmurları belə dilə gətirməkdən çəkinmədilər. Xüsusilə, Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən müdafiə olunması, bir sıra dövlətlərin Azərbaycana xüsusi dəstək nümayiş etdirməsi erməniləri qıcıqlandırmaqla yanaşı, onların bu illər ərzində diplomatik fəaliyyətinin də kəsərsizliyini sübut etdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar martın 31-də bir qrup hərbçimizlə görüş keçirdi. Ali Baş Komandan görüş zamanı geniş nitq söyləyərək, ordumuzun aprel qələbələrinin Azərbaycanın hərb tarixinin uğurları olduğunu qeyd etdi. Aprel döyüşlərinin bizim şanlı hərbi qələbəmiz olduğunu bildirən dövlət başçısı Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalandığını, ordumuzun əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib olduğunu qeyd etdi.

Həqiqətən də Milli Ordumuzun bugünkü durumunun yüksək səviyyədə olmasını biz ötən il baş verən aprel döyüşləri zamanı bir daha müşahidə etdik. Əslində, bu,  Azərbaycan dövlətinin həm hərbi qüdrətinin, eyni zamanda, diplomatik  fəaliyyətinin təntənəsi idi.

Bu məsələdə dövlətimizin prinsipial mövqeyi Prezident İlham Əliyevin bütün çıxışlarında öz əksini tapmışdır. Dövlət başçımız Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə fikirlərini bildirərkən həmişə xüsusi vurğulamışdır ki, bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Bu, aksiomdur və bu, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Budur, münaqişənin həlli yolları. Bunun başqa yolu ola bilməz. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq. Bütün bu fikriləri dövlət başçımız hər dəfə həm daxili auditoriyanın, həm də beynəlxalq təşkilatların, düşmən dövlətin nəzərinə çatdırır.

Dövlət başçısı bütün çıxışlarında ötən ilin aprel döyüşlərinin xalqımızın qəhrəmanlıq tarixində böyük yeri olduğunu vurğulayaraq, bunu milli birliyimizi təmin edən əsas dönüş nöqtələrindən biri hesab edir. Prezident ötən  müşavirələrdə də ermənilərin vahimə içində olduğunu, müxtəlif yollarla döyüşlərdən yaxa qurtarmaq istədiyini və bu məsələlərdə onların Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciətləri barədə də qəti fikirlərini dilə gətirdi: “Hesab edirəm ki, 2016-cı il münaqişənin həlli ilə bağlı çox önəmli il olmuşdur. Çünki qarşı tərəf – Ermənistan təşviş içində idi, vasitəçilərdən xahiş edirdi ki, tezliklə bu döyüşlər başa çatsın və onlar danışıqlar prosesinə qayıtmağa hazır olduqlarını bildirmişlər. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, onlar müxtəlif beynəlxalq təşkilatlara, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etmişlər. Baxmayaraq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələ ilə heç bir əlaqəsi yoxdur. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına bu vaxta qədər rəhbərlik etmiş şəxslər sadəcə olaraq, böyük siyasi səhv buraxaraq ermənipərəst mövqe və qəbuledilməz fikirlər ifadə etmişlər. İndi biz hamımız onların aqibətinin necə olduğunu yaxşı bilirik. Yəni, aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik.”

Prezident “N” saylı hərbi hissənin yeni hərbi şəhərciyinin açılışındakı çıxışında da aprel döyüşlərindəki qələbələrimizə toxunaraq bildirib ki, keçən ilin aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad edildi. O ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Minlərlə hektar torpaq işğaldan azad edildi. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar.

Aprel döyüşlərini bizim böyük hərbi qələbəmiz kimi dəyərləndirən ölkə rəhbəri hər zaman qeyd edib ki,  uzun illər Ermənistan öz ordusu haqqında mif yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Ermənistan öz acı məğlubiyyətini etiraf etmək istəməsə də məcburdur ki, etiraf etsin. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bəzi yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hərbçilərimizlə görüşü zamanı Ali Baş Komandan onu da bir daha  diqqətə çatdırdı ki, aprel döyüşləri zamanı biz sadəcə olaraq imkanlarımızın cüzi bir faizini nümayiş etdirdik. Bu, Ermənistanın təxribatı idi. İndi bəziləri müxtəlif versiyalar, fərziyyələr irəli sürürlər ki, Azərbaycan əməliyyat keçirməyi planlaşdırırdı, o da sonra dayandırıldı və sair. Birincisi, biz nəyi etmək istəmişiksə, onu da etmişik. Əks-hücum əməliyyatında qarşımızda hansı hədəflər durmuşdusa, biz o hədəflərə də çatdıq. Bu gün hərbçilər və beynəlxalq mütəxəssislər bilirlər ki, əldə etdiyimiz strateji mövqelər tamamilə vəziyyəti dəyişdirib. Əgər aprel döyüşləri zamanı genişmiqyaslı əməliyyat keçirmək fikrində idiksə, biz öz hərbi potensialımızdan istifadə edərdik. Bunlar sirr deyil. Burada hər şey beynəlxalq monitorinq altındadır. Bilirlər ki, bizim uzaqmənzilli raketlərimizin, pilotsuz döyüş aparatlarımızın gücü nədən ibarətdir. Biz onlardan demək olar ki, istifadə etmədik. Amma əgər istifadə etsək, işğal olunmuş torpaqlarda düşmənin daşı-daş üstdə qalmayacaq. Bunu onlar bilsinlər və özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın. Bundan əlavə, Ali Baş Komandan bildirdi ki, aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanmışdır və ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş edilmişdir.

Beləliklə, Azərbaycanın yalnız sülhə əsaslanan siyasət yeritməsi münaqişənin silahsız həll olunması üçün göndərilən missiyaların və qurumların sülh çağırışlarına əhəmiyyət verməsi özünü göstərdi. Dövlətimiz bütün bu çağırışları nəzərə aldı, halbuki, haqlı tərəf biz idik. Zərəçəkən tərəf kimi hələ də haqqımız təmin olunmayıb və aprel döyüşləri bizim üçün, əslində, gözəl fürsət idi. Lakin biz dünyanın bir sıra dövlətlərinin və beynəlxalq qurumların sülh çağırışlarını nəzərə aldıq.  Prezident İlham Əliyev bu barədə bildirib ki,  biz həmişə olduğu kimi, konstruktiv mövqe tuturuq, haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq normaları da həmçinin. Tarixi həqiqət də bizim mövqeyimizi möhkəmləndirir. Hərbi güc də, iqtisadi potensial da, siyasi nüfuz da bizdədir. Yəni, biz məsələni istədiyimiz kimi həll edəcəyik. Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik. Aprel döyüşləri bu istiqamətdə çox önəmli tarixi addım olmuşdur. Biz öz siyasətimizi davam etdirəcəyik, ölkəmizi gücləndirəcəyik, ordumuza daim yüksək diqqət göstəriləcəkdir.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında