Qarşımızda duran əsas vəzifələrdən biri son əsrdə xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik.
Heydər Əliyev
Ümummilli lider
XX yüzilliyin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı müxtəlif dövrlərdə ermənilər tərəfindən həyata keçirilmiş mütəmadi qırğınlar mahiyyətinə görə məhz soyqırımı aktı olmuşdur. Aralıq dənizindən Qara dənizə, oradan isə Xəzər dənizinə qədər çox geniş coğrafiyada torpaqlara birbaşa yiyələnmək və mifik “Böyük Ermənistan” yaratmaq iştahına düşən erməni millətçiləri niyyətlərinin tarixi və hüquqi əsası olmadığından buna yalnız fiziki müdaxilə yolu ilə nail olmağa çalışmışdılar.
Birinci dünya müharibəsi cəhbələrində, xüsusilə Qafqaz cəhbəsində baş verən dəyişikliklər prosesində ermənilər niyyətlərini müxtəlif qütblərdə dayanan dövlətlərin marağına uyğunlaşdıraraq, yaranan tarixi fürsətdən istifadə etməyə çalışmışdılar. Məsələn, təbəəsi olduqları Osmanlıya qarşı vuruşan ermənilər Rusiya dövlətinə xidmət göstərərək, Türkiyə daxilində ikinci cəbhə açmaq, əvəzində bu ərazilərdə muxtar dövlətçiliyi qurmaq məqsədi güdürdülər. Rusiya mütləqiyyəti dövründə reallaşdıra bilmədikləri bu arzunu onlar bolşevik hakimiyyətinin ilk aylarında rəsmiləşdirdilər: Sovet Rusiyası Xalq Komissarları Sovetinin “Türkiyə Ermənistanı” haqqında 1917-ci il 29 dekabr tarixli dekreti meydana çıxdı.
Həmin dekretlə bolşeviklər “ermənilərin hamisi” olduqlarını və bununla da çar Rusiyasının siyasətini təkrar etdiklərini göstərdilər. Bu sənədin arxasında ermənilərin yaşadıqları türk torpaqlarında rus himayəsində oyuncaq erməni dövləti qurmaq və gələcəkdə həmin əraziləri Rusiyaya ilhaq etmək məqsədi dururdu. Lakin Birinci dünya müharibəsinin Rusiyası üçün ağır siyasi nəticələri ermənilərin iddia etdikləri “Türkiyə Ermənistanı” planlarını puça çıxardı. 1917-ci il Oktyabr çevrilişindən sonra Rusiyada hakimiyyətə gələn bolşeviklər 1918-ci il martın 3-də Brest-Litovsk müqaviləsi ilə Osmanlı dövlətinin 1877-1878-ci illərə qədərki sərhədlərini tanıyaraq, əslində, “Türkiyə Ermənistanı” haqqında 29 dekabr 1917-ci ildə elan olunmuş dekretdən imtina etdiklərini bildirdilər. Bundan sonra erməni millətçiləri öz dövlətlərini məhz Qafqazda yaradılmasını cinayət fəaliyyətlərinin əsas məqsədi kimi seçdilər. Təbii ki, həmin dövlətin yaradılması qonşu torpaqlar (Azərbaycan və Gürcüstan əraziləri) hesabına təmin olunmalı idi. Ermənilərə bu niyyətlərinin həyata keçirilməsinə bir sıra amillər şərait yaradırdı. İlk növbədə, Birinci dünya müharibəsi dövründə rus ordusu ilə paralel olaraq, onun tərkibində Osmanlı dövlətinə qarşı vuruşan könüllü erməni silahlı dəstələrinin cəhbədən qayıdaraq Cənubi Qafqazda cəmləşməsi, gələcək hərbi qarşıdurmalar baxımından ermənilərə çox böyük üstünlüklər verdi. İkincisi, 1917-ci il fevral inqilabdan sonra erməni siyasi təşkilatları açıq fəaliyyətə keçdilər və onların nümayəndələri Cənubi Qafqazın bütün seçkili orqanlarında təmsil olundular ( azərbaycanlılarla və gürcülərlə yanaşı). Üçüncüsü, 1915-1916-cı illərdə erməni silahlı dəstələrinin Şərqi Anadoluda dinc türk-müsəlman əhalisinə qarşı törətdikləri soyqırımına cavab olaraq Osmanlı hökumətinin gördüyü tədbirlər nəticəsində böyük sayda erməni Cənubi Qafqaza köçdü. Həmin nəhəng axının harada gəldi yox, məhz İrəvan quberniyasının ərazisində yerləşdirilməsi nəticəsində bu yerlərdəki erməni əhalisi qısa müddətdə dəfələrlə artdı. Bu proses erməni qaçqınları ilə birgə Qafqaz cəhbəsindən qayıdan erməni silahlı dəstələri tərəfindən yerli müsəlman əhalisinin zorla öz torpaqlarından qovulması ilə müşayiət olunurdu (1917-ci il Qafqaz təqviminin məlumatına görə, İrəvan quberniyasında müsəlmanların sayı 423123 nəfər idi).
Beləliklə, ermənilər Cənubi Qafqazda gələcək dövlətləri üçün ərazilərin təmizlənməsinə başladılar. “1918-ci ilin mart ayına qədər İrəvan quberniyasının qarət olunmuş və tərk edilmiş müsəlman kəndlərinin siyahısı” adlı sənəddə göstərilir ki, İrəvan, Sürməli, Üçmüədzin, Yeni Bəyazid qəzalarında ermənilər tərəfindən dağıdılan və məhv edilən müsəlman kəndlərinin ümumi sayı 199 təşkil edir. Zaqafqaziya Seyminin müsəlman fraksiyasının 1918-ci il aprelin 10-da keçirilən iclasında Seymin üzvü Mir Hidayət Seyidov məruzəsində geyd edirdi ki, İrəvan quberniyasında iki ay bundan əvvəl müsəlmanlara qarşı ermənilərin və erməni hərbi hissələrinin həyata keçirdiyi əməliyyatların məqsədi həmin əraziləri qaçqın ermənilər üçün təmizləmək və yeni Ermənistan dövləti yaratmaqdır. Ümumilikdə, 1918-ci ilin yanvarından may ayına kimi, yəni türk qoşunları İrəvan quberniyasına daxil olana qədər, burada ermənilər tərəfindən 300-dən çox müsəlman kəndi dağıdılmış, onların əhalisi isə qətllərə və zorakılıqlara məruz qalmışdı.
1918-ci ilin mayında keçmiş İrəvan quberniyasının ərazisində Ararat Respublikasının yaradılması hadisəsini onun ilk baş naziri Hovanes Kaçaznuni belə qiymətləndirirdi: “Biz Ermənistanın sahibləri olmalı idik. Əks-halda, onu birdəfəlik itirə bilərdik”. Müstəqilliyi elan olunan Ararat Respublikasının nə ərazisi, nə də paytaxtı vardı. 29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhərini Ararat Respublikasına güzəştə getdi. Şuranın üzvü Fətəli xan Xoyski Ermənistanla Azərbaycan arasında sərhəd məsələləri barədə şuranın üzvləri ilə Ermənistan Milli Şurasının üzvləri arasında aparılan danışıqlar haqqında məlumat verdi. Fətəli xan öz məruzəsində ermənilərin özlərinin siyasi mərkəzlərini yaratmaq üçün Aleksandropol türk ordusu tərəfindən tutulduqdan sonra İrəvanın Ermənistana güzəştə getməsinin qaçılmaz olduğunu bəyan etdi. Bu məsələ ilə bağlı Milli Şuranın üzvləri Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Ələkbər Ağa Şeyxülislamov və Məhəmməd Məhərrəmov çıxış edərək İrəvanın Ermənistana güzəştə gedilməsinin tarixi zərurət, lakin qaçılmaz acı bir həqiqət olduğunu qeyd etdilər. Şuranın iclasında iştirak edən 28 nəfər üzvündən 16 nəfəri bu təklifin lehinə səs verdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı F. X. Xoyski İrəvan və ətrafındakı torpaqların ermənilərə verilməsi barədə Milli Şuranın 29 may 1918-ci il tarixli qərarından dərhal sonra xarici işlər naziri Məhəmməd Həsən Hacınskiyə verdiyi rəsmi göstərişdə yazırdı: “Biz ermənilərlə bütün mübahisələri bitirdik, onlar ultimatumumuzu qəbul edəcəklər və müharibəni dayandıracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.
1918-ci il iyunun 1-də Tiflisdə keçmiş canişin sarayında Həsən bəy Ağayevin sədrliyi ilə Müsəlman Milli Şurasının üçüncü iclası keçirildi. Həmin iclasda şura üzvləri İrəvanın Ermənistana güzəştə gedilməsi məsələsi və qaçqınlara köməyin təşkili ilə əlaqədar İrəvana xüsusi nümayəndə heyətinin göndərilməsinin vacibliyi məsələsini qaldırdılar. Təklif qəbul edildi və M.H.Seyidov, B.Rzayev və M.Y.Cəfərovdan ibarət nümayəndə heyətinin İrəvana göndərilməsi qərara alındı. Çox maraqlıdır ki, Milli Şuranın iyunun 7-də keçirilən növbəti iclasında İrəvana göndəriləcək nümayəndə heyəti barədə çox qızğın mübahisə getdi. Bu mübahisələr zamanı İrəvan quberniyasından olan nümayəndə Bağır Rzayev bəyan etdi: “Mən əminəm ki, İrəvan quberniyasına sizlərdən heç kim getməyəcək. Oraya biz irəvanlılar mən və Seyidov gedəcəyik. Sizdən bir şeyi xahiş edirik: Öz Azərbaycanınızın müstəqilliyini təmin edib, bizi – Ermənistan Respublikasının ərazisində qalanları yaddan çıxarmayın”.
İrəvandan olan nümayəndənin narahatlığı təsadüfi deyildi. Sonrakı hadisələr bunun əsaslı olduğunu sübut etdi. Belə ki, 1918-ci ilin iyunun 4-də Batumda Osmanlı dövləti ilə Ararat Respublikası arasında bağlanan müqaviləyə əsasən, sonuncunun ərazisi 9 min kvadratkilometr müəyyən edildi. Bu, İrəvan quberniyası ərazisinin təxminən üçdə bir hissəsini təşkil edirdi (1917-ci il Qafqaz təqviminin məlumatına görə, İrəvan quberniyasının ümumi sahəsi 23194,79 kvadratverst idi).
Ermənistanın sərhədlərinə Yeni Bəyazid qəzası (Basarkeçər adlanan cənub-şərq qismi istisna olmaqla), İrəvan qəzası (Qəmərli-Gərnibasar, Uluxanlı-Zəngibasar və Vedibasar istisna olmaqla), Üçmüədzin qəzası (Sərdarabad istisna olmaqla) və Aleksandropol qəzası (qəza mərkəzi Aleksandropol istisna olmaqla) daxil oldu. Beləliklə, yeni yaradılan Ermənistan Respublikası Göyçə gölü ilə Osmanlı dövlətinin yeni sərhədləri arasındakı dar dağlıq ərazini əhatə edirdi. Ermənilərə verilən Azərbaycan ərazisinin əhalisi cəmi 321 min nəfər idi ki, onun da 230 minini erməni, 80 minini türk-müsəlman, 11 minini isə digər xalqların nümayəndələri təşkil edirdi.
Müvafiq müqaviləyə əsasən, Ermənistan höküməti öz ərazisində yaşayan müsəlman əhalisinin təhlükəsizliyini, inkişafını, ana dilində təhsil almaq, dini ayinlərin sərbəst icrasına şərait yaratmaq haqqında öhdəliklər götürürdü. Bəhs olunan müqaviləni tamamlayan III əlavədə bütün yuxarıda göstərilən öhdəliklər təfərrüatı ilə təsbit edilir və qeyd olunurdu ki, “Ermənistan hökuməti öz hesabına ibtidai və orta təhsil verən müsəlman məktəbləri açacaqdır”. Lakin sonrakı hadisələr göstərdi ki, müstəqil erməni dövlətində hakimiyyətə gələn “Daşnaksütyun” partiyası keçmiş İrəvan quberniyasının ərazisində yaşayan müsəlman əhalisinə qarşı soyqırımı siyasətini dövlət səviyyəsində həyata keçirməyə başladı. Bu cinayətlərin sarsıdıcı mənzərəsini yaradan onlarca teleqram, məktub və digər sənədlər bu gün Azərbaycan Respublikasının arxivlərində saxlanılır. Həmin sənədlərin toplanmasında və dünya ictimayyətinə çatdırılmasında ilk tədbirlər hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə görülmüşdü.
Milli Şuranın 1918-ci il iyunun 13-də keçirildiyi iclası ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlar barədə İrəvandan gələn həyəcanlı xəbərlərə həsr olunmuşdu. Şura üzvü İbrahim ağa Vəkilov oradakı müsəlman qaçqınların acınacaqlı vəziyyətləri ilə əlaqədar olaraq onlara kömək məqsədilə 150 min manat vəsait buraxmağı təklif edir. İ. Vəkilovun təsirli nitqindən sonra məlum olur ki, İrəvan quberniyası ərazisində dolaşan ac-yalavac müsəlman qaçqınların sayı 150 min nəfərə çatmışdır. Ona görə də təcili olaraq qaçqınlara ərzaq, geyim və təsərrüfat malları ilə köməklik göstərilməsi təklif olunur. Natiq öz sözlərini zərər çəkmişlərin sayı və dağıdılmış 206 kəndin adlarını sadalamaqla bitirmişdi. Milli Şuranın müvafiq qərarında İrəvan dairəsində qaçqınlara paylamaq üçün tezliklə nümayəndələr vasitəsi ilə pul vəsaiti göndərilməsi, Erməni Milli Şurasının imkan daxilində aclıq çəkən müsəlmanlara ərzaq yardımı olunması qeyd edilmişdi. Türk ordusu komandanlığından isə xahiş edilirdi ki, İrəvan qaçqınlarına ərzaqla yardım göstərsin və müsəlmanların öz doğma kəndlərinə qayıtmalarına kömək üçün tutarlı göstərişlər versin. Beləliklə, yeni yaradılan erməni dövləti götürdüyü öhdəliyin əksinə olaraq, həm Azərbaycan Xalq Cümhuriyyətinə olan iddialarından əl çəkmədi, həm də Batum müqaviləsinin imzalanmasından dərhal sonra Azərbaycan Xalq Cümhuriyyətinin sərhədlərini pozaraq yeni-yeni Azərbaycan torpaqlarının işğalına başladı. Məhz buna görə də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin başçısı F. X. Xoyski 1918-ci il iyulun 31-də o zaman İstanbulda danışıqlar aparan Azərbaycan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə belə bir göstəriş vermişdi: “Əgər ermənilər əldə olunmuş razılığı pozaraq Qarabağla bağlı iddia qaldırsalar, İrəvanın onlara güzəştə gedilməsindən imtina et”.
(ardı var)
İlqar NİFTƏLİYEV,
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun
aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.