Beynəlxalq birlik ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına hüquqi-siyasi qiymət verməlidir

Azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından didərgin salınması  XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.  “Böyük Ermənistan” xülyası ilə yaşayan, bu məqsədə çatmaq üçün hər cür vasitələrə əl atan erməni şovinistləri zaman-zaman xalqımıza qarşı amansız soyqırımı  aktları törətmişlər. Bu dəhşətli faciələr  Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş qanlı qırğınların ən unudulmaz səhifələridir.

Azərbaycan xalqının həyatında faciəli hadisələr barədə tarixi həqiqətləri ilk dəfə ulu öndər Heydər Əliyev bəyan etmişdir. Ümummilli lider 1998-ci il martın 26-da Azərbaycanlıların Soyqırımı Günü haqqında fərman imzalamışdır. Bu sənəd uzun illər əvvəl baş vermiş hadisələr barədə əsl həqiqətləri açıqlamış, xalqın yaddaşını təzələmiş, onu öz tarixi köklərinə, mənəvi-əxlaqi dəyərlərinə, Vətənə məhəbbət duyğularına qaytarmışdır. Bu gün  möhtərəm Prezidentimiz İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya birliyinə olduğu kimi çatdırılması işi səylə davam etdirilir. Ulu öndərin 19 il əvvəl imzaladığı fərman isə bu işi daha tam və ardıcıl həyata keçirməyə imkan verir.  Ümummilli lider Heydər Əliyevin  26 mart 1998-ci il tarixli fərmanına əsasən qeyd edilən bu qətliam Azərbaycan xalqının və dövlətçiliyinin tarixində faciəli hadisələrin xalqın yaddaşında yaşadığının təzahürüdür. Bu gün ölkənin bütün regionlarında, təhsil, səhiyyə müəssisələrində, həmçinin  xaricdəki diplomatik nümayəndəliklərdə soyqırımı ilə bağlı tədbirlər keçirilir, bu dəhşətli hadisələrin qurbanlarının kütləvi dəfn olunduğu məzarlıqlar ziyarət edilir, onların ruhuna dualar oxunur.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə, genişmiqyaslı,  xüsusi qəddarlığına görə  yaddaşlara həkk olunmuş qanlı aksiyalar həyata keçirmişlər. Bakıdan başlanan bu vəhşiliklər respublikamızın müxtəlif bölgələrini və indiki Ermənistan ərazisindəki azərbaycanlı kəndlərini əhatə etmişdir. Yüzlərlə yaşayış məntəqəsi dağıdılaraq, yerlə-yeksan edilmiş, minlərlə azərbaycanlı tarixdə analoqu olmayan qəddarlıqla qətlə yetirilmişdir. Bu hadisələrin təşkilatçıları olan erməni daşnakları bütün vasitələrlə soyqırımının mahiyyətinin açılmasına, ona  layiq olduğu hüquqi-siyasi qiymət verilməsinə mane olaraq azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin qəsbkar torpaq iddialarını pərdələmişlər.

1918-ci ilin mart ayından etibarən “əksinqilabçı ünsürlərlə mübarizə” şüarı altında Bakı Kommunası tərəfindən, ümumən, Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq abidələrini, məktəbləri, xəstəxanaları, qəbiristanlıqları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Gözləri insan qanından doymayan ermənilər çirkin niyyətlərini – soyqırımı aktlarını respublikamızın bölgələrində də həyata keçirmişlər. Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və digər bölgələrdə yaşayan dinc əhali xüsusi amansızlıqla qətlə yetirlmişdir. Bu ərazilərdə  kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.

Tarixi məlumatlara görə, 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan  dədə-baba yurdlarından didərgin salınmışdır.Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülmuş, Şamaxıda 58 kənd dağıdılmış, 1653 qadın və 965 uşaq olmaqla, ümumilikdə 7 min nəfər məhv edilmişdir.  Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə-yeksan edilmişdir. İrəvan azərbaycanlılarının o zaman ermənicə nəşr edilən “Aşxadavor” (Əməkçi) qəzetinin 2 noyabr 1919-cu il tarixli nömrəsində dərc edilən müraciətində deyilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində azərbaycanlıların yaşadığı 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər öldürülmüşdür. Bu, erməni vəhşiliyini, soydaşlarımıza qarşı törədilən soyqırımını təsdiqləyən faktdır.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmiş, Nazirlər Şurası həmin il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiyanın mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırmasından sonra əsl həqiqət barədə dünya ictimaiyyətinə məlumat çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdır.

1919-cu və 1920-ci ilin mart ayının 31-i – iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin davam etdirilməsinə və sona çatdırılmasına imkan verməmişdir.

Tarixi faktlar da təsdiqləyir ki,  XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı soyqırımının qurbanı olmuş və deportasiyaya məruz qalmışdır. Deportasiya siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmişdir. Belə ki, 1948-53-cü illərdə SSRİ rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlı Ermənistandan çıxarılmışdır. Etnik təmizləmələrin yeni dövrü XX əsrin 80-ci illərinin sonlarına təsadüf etmişdir.

Ermənilər sovet rejimindən, xüsusilə keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun milli ayrı-seçkilik siyasətindən bəhrələnərək “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün soyqırımı aktlarını davam etdirmişlər. 1988-ci ildə ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlı öz tarixi torpaqlarından qovulmuşdur.

1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməmiş divan tutmuş və tarixdə analoqu olmayan soyqırımı törətmişlər. Azərbaycan tarixinə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələnmişdir. Ermənilərin Xocalıda azərbaycanlı əhaliyə qarşı törətdiyi qanlı qırğın bu gün dünyanın bir sıra ölkələrində soyqırımı aktı kimi tanınmışdır.

Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı qəsbkar hərəkətlərin nəticəsi olaraq, bu gün bir milyondan artıq soydaşımız erməni daşnakları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış, çətin şəraitdə yaşamağa məhkum edilmişdir. Ərazimizin 20 faizinin erməni silahlı qüvələri tərəfindən işğalı zamanı on minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.

Ümummilli lider Heydər Əliyevin başladığı siyasəti bu gün onun layiqli varisi –Azərbaycan Prezidenti İlham Əliyev dönmədən həyata keçirir. Dövlətimizin başçısı 1918-ci il mart hadisələrinə münasibət bildirərkən demişdir: “Azərbaycan hökuməti və vətəndaşları, xaricdə yaşayan soydaşlarımız qarşısında bu gün bir-biri ilə sıx bağlı olan iki mühüm vəzifə durur: ərazilərimizin işğaldan azad olunmasına, məcburi köçkünlərin öz doğma yerlərinə qaytarılmasına nail olmaq və azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, hiyləgər erməni təbliğatının saxta tezislərini ifşa etmək. Bu vəzifələrin həlli üçün biz işğalçı Ermənistana qarşı siyasi, hüquqi, iqtisadi, ideoloji təzyiq vasitələrindən istifadə etməli, bütün daxili və xarici imkanlardan bəhrələnməliyik. Ermənistan iqtisadi və hərbi potensial baxımından bizimlə rəqabət aparmaq gücündə deyildir”.

Son illər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərin miqyası daha da artmışdır. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər görmüşdür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə  ermənilərin soyqırımı aktları barədə məlumatların yayılması, habelə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığının bariz nümunəsidir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat  kampaniyası dünyanın müxtəlif ölkələrində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı barədə  real faktların foto və film sərgiləri, internet, beynəlxalq konfranslar və nümayişlər, o cümlədən aparıcı beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin keçirilməsi vasitəsilə çatdırılmasında böyük rol oynamışdır.  Kampaniya və buna oxşar təşəbbüslər dünyadakı ədalətsizliyi aradan qaldırmaqla, bəşəriyyətə sülh, əmin-amanlıq gətirir. “Xocalıya ədalət!” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Leyla xanım Əliyevanın Xocalı soyqırımının daha geniş miqyasda qeyd olunması təşəbbüsü bir sıra ölkələrdə dövlət səviyyəsində dəstəklənib.

Ümumiyyətlə, bu günədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində bu faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilmiş, kitablar nəşr olunmuş, filmlər çəkilmişdir.

Artıq beynəlxalq ictimaiyyət ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı və digər vəhşiliklərlə bağlı tam məlumatlandırılıb. Beynəlxalq ictimaiyyətin həqiqətləri bilməsi isə tarixi təhrif edən yalan məlumatların sürətlə yayılmasının və möhkəmləndirilməsinin qarşısını alır.

İlahə ƏLƏSGƏROVA,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yasamal rayon qeydiyyat şöbəsinin rəisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında