Cəbrayıl qəzasının türk-müsəlman əhalisinə qarşı ermənilərin soyqırımı

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan xalqının tarixində artıq soyqırımı kimi siyasi və hüquqi qiymətini almış faciəli hadisələr öz başlanğıcını XIX əsrin əvvəllərindən götürür. Rusiya və İran arasında imzalanmış Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə ermənilər məskunlaşdırılmağa başlanılmış, Qafqazın cənubunda Ermənistan dövlətinin yaradılması kursu yeridilmişdir. Eyni zamanda azərbaycanlıların öz qədim torpaqlarından, ata-baba yurdlarından qovulması, deportasiya prosesi həyata keçirilmişdir. Bu gün soyqırımı və deportasiya hadisələrinin xronoloji ardıcıllıqla yaddaşımızda bərpası faciələrimizin miqyasını və dəhşətlərini hərtərəfli hiss etməyə imkan verir.

Heydər ƏLİYEV
Ümummilli lider


Erməni vəhşiliyinin şahidi olmuş ərazilərdən biri də tarixi Cəbrayıl qəzasıdır. 1918-1920-ci illərdə ermənilər Azərbaycanın bir sıra digər bölgələrinə olduğu kimi, Cəbrayıl (Qaryagin) qəzasına da iddia irəli sürərək, onu silah gücünə ələ keçirməyə çalışmış, qəzanın türk-müsəlman əhalisinə qarşı kütləvi vəhşiliklər törətmişdilər. 1917-ci ilə dair Qafqaz təqviminə görə, Cəbrayıl qəzasında 89584 nəfər müsəlman, 21755 nəfər erməni, 1601 nəfər pravoslav, 472 nəfər sektant, 104 nəfər başqa dinlərə mənsub insanlar yaşayırdılar. Göründüyü kimi, qəza əhalisinin mütləq əksəriyyəti Azərbaycan türklərindən ibarət idi. Qafqaz təqvimində, həmçinin qəzada 46 kürdün yaşadığı qeydə alınmışdı.

1917-ci ilin sonlarında erməni quldur dəstələrinin Azərbaycanın Zəngəzur və Şuşa qəzalarında dinc müsəlman-türk əhaliyə qarşı kütləvi vəhşilikləri Qaryagin qəzası kəndlərindən də yan keçmədi. Mövcud anarxiya və hakimiyyətsizlikdən istifadə edən erməni quldur dəstələri bu ərazilərdən bütün müsəlman əhalisini qovub çıxarmaqla silah gücünə “Böyük Ermənistan” iddialarını gerçəkləşdirməyə başladılar. Bu məqsədlə Şuşa və Zəngəzur qəzaları ilə yanaşı, Cəbrayıl qəzasının dağlıq ərazisində yerləşən erməni kəndləri də sürətlə silahlandırılır, ermənilər arasında yerli türk əhaliyə qarşı güclü təbliğat aparılırdı. Qəzada yerləşən rus ordusunun qarnizonunun və sərhəd mühafizə dəstələrinin əsgər və zabitləri bölgəni tərk edərkən bütün silah-sursatı ermənilərə buraxır, bu da azərbaycanlı əhali arasında təbii olaraq vahimə və təşviş yaradırdı. Lakin Cəbrayıl qəzasında ermənilərin sayca azlıq təşkil etməsi ilk vaxtlar onları daha tədbirli olmağa vadar edirdi. Onlar məkrli və hiyləgər siyasət yürüdərək, qonşu müsəlmanlarla sözdə  dinc-yanaşı yaşamaq istədiklərini ifadə edirdilər.

Müqayisə üçün qeyd edək ki, o zaman Şuşa qəzasında 92, Zəngəzur qəzasında 84 erməni kəndi var idisə, Cəbrayıl qəzasında 174 kəndin cəmi 32-də ermənilər yaşayırdılar. Qəzanın 15 kənd cəmiyyətinin yalnız 3-ü erməni kəndlilərindən ibarət idi. Yeri gəlmişkən, həmin hadisələr zamanı bu 32 kənddən heç biri zərər görməmiş, yandırılmamış və qarət edilməmişdir. Bunu Gəncə qubernatoru, polkovnik Vəkilovun quberniyanın qəzalarında vəziyyətlə bağlı Azərbaycanın daxili işlər naziri X.Xasməmmədova 19 fevral 1919-cu il tarixli məruzəsi də təsdiq edir. Qəzada ziyan görmüş kəndlərin hamısı azərbaycanlılar yaşayan kəndlər olmuşdur. Qaryagin qəzasında azərbaycanlılar yaşayan kəndlərin əksəriyyəti düzən ərazidə yerləşdiyindən, ermənilər bu kəndlərə hücum etməyə cəsarət etməmiş, yalnız dağətəyi və dağlıq zonada yerləşmiş kəndlər erməni hücumlarına məruz qalmışdı.

1918-ci ilin sonlarına qədər Cəbrayıl qəzasında erməniləri Azərbaycan kəndlərinə hücumdan çəkindirən mühüm amil, heç şübhəsiz, həmin dövrdə  Şuşa və Cəbrayıl qəzalarında türk qoşunlarının mövcudluğu  idi. Həmin dövrdə Gəncə quberniyasının müxtəlif yerlərində, o cümlədən Qaryagin qəzasında türk zabitlərinin başçılığı altında könüllü silahlı dəstələr təşkil edilmişdi. Düzdür, türk qoşun hissələrinin Azərbaycana gəlməsindən əvvəl də Şuşa,  Qaryagin və Zəngəzur bölgələrində azərbaycanlıların müxtəlif özünümüdafiə dəstələri fəaliyyət göstərirdi. Lakin pis silahlanmış bu kiçik dəstələr getdikcə artan və mütəşəkkil xarakter daşıyan erməni təcavüzkar separatizminin qarşısını almaq iqtidarında deyildi. Xüsusilə türkün canına susamış cəllad Andranikin Zəngəzura gəlməsindən sonra  bütün Qarabağda hərbi şərait kəskin pisləşdi. Cavanşir və Şuşa qəzalarında erməni kəndlərinin tərksilah edilməsinə başlanılsa da, bu işi tam başa çatdırmaq mümkün olmadı. Ayrı-ayrı erməni kəndlərində silahlı dəstələr qalmaqda idi. Bölgəyə başqa yerlərdən silahlılar gəlməkdə idi.

Qüvvələr nisbətinin ermənilərin xeyrinə dəyişməsi ilə, Qarabağdakı Azərbaycan-türk qoşunlarının qarşısına qoyulan məqsədə nail olmaq mümkün olmadı. 1918-ci ilin payızında türk qoşunları Azərbaycanı tərk etdi.

Qarabağ hərəkatının davam etdiyi müddət ərzində bölgənin şərq tərəfində– Cəbrayıl qəzasında nisbi sakitlik yaranmışdı. Bu, bir tərəfdən ermənilərin əsas qüvvələrinin Qafqaz İslam Ordusuna qarşı döyüşlərə cəlb edilməsi, digər tərəfdən isə bu istiqamətdə ikinci cəbhənin açılmasından ehtiyat etmələri ilə əlaqədar idi. Əslində, ermənilər bu müddətdə sayıqlıq göstərərək güc toplayır, qonşu müsəlman kəndləri üzərinə hücumlara hazırlaşırdılar. Şuşa və Cəbrayıl qəzalarının ermənilərini qonşu Zəngəzur qəzasında azərbaycanlılara qarşı  vəhşiliklər törədən Andranikin “uğurları” xüsusən daha çox ruhlandırırdı. Zəngəzurda 1918-ci il ərzində Andranikin başçılığı ilə azğınlaşmış erməni dəstələri 115 kəndi dağıtmış, 10 mindən çox dinc türkü qətlə yetirmiş və ya yaralamışdılar. Təkcə öldürülənlərin sayı, tam olmayan məlumatlara görə 7729 nəfər təşkil etmişdi. Əslində, bu rəqəmlər Zəngəzurda baş verən faciəni tam əhatə etmirdi, ölən və yaralanan azərbaycanlıların sayı daha artıq idi. Zəngəzur qətliamından sonra qaçqın düşmüş 50 min nəfərədək müsəlman əhalinin çoxu qonşu Cəbrayıl qəzasında sığınacaq tapmışdı.

Türk qoşunlarının bölgəni tərk etməsi və müttəfiq orduların gəlməsi ilə Andranikin hərəkətləri daha amansız xarakter almağa başladı. Zəngəzuru türklərdən təmizləməyə nail olan bu erməni quldur başçısının indi məqsədi öz bəd əməllərini Şuşa, Cavanşir və Cəbrayıl qəzalarında da davam etdirmək və bununla da Qarabağ ərazilərini Azərbaycandan qoparmaq idi. Əslində, ermənilərin təcavüzkarlığının genişlənməsinin bir səbəbi də ingilis komandanlığının ikili siyasəti idi. Bir tərəfdən, Tomson Andranikin hərəkətlərini məsuliyyətsizlik kimi dəyərləndirir, digər tərəfdən isə onun nümayəndəsi Hibbon Andraniklə görüşündə Zəngəzur qəzasının beşdə dörd  hissəsinin onun idarəçiliyinə verildiyini bəyan edirdi. İngilislərin bu ikibaşlı siyasətini Gəncə qubernatoru M.Vəkilov da müşahidə edirdi. Azərbaycanın daxili işlər nazirinə göndərdiyi 10 fevral 1919-cu il tarixli teleqramında rəhbərlik etdiyi quberniyanın ərazisində ermənilərin törətdikləri vəhşilikləri səciyyələndirən qubernator göstərirdi ki, ermənilər səfərbər olunmaqda davam edirlər və Böyük Britaniya nümayəndələri tərəfindən açıq-aşkar dəstək görürlər. Müsəlmanlara qarşı hücumlar nəinki dayanmır, əksinə, daha da kəskin xarakter alır.

Türk qoşunlarının bölgəni tərk etməsindən, xüsusən 1918-ci ilin dekabrından sonra Cəbrayıl qəzasının dağlıq zonasında, Şuşa qəzasının cənub-şərqində (Dizaq bölgəsində) də vəziyyət gərginləşdi, erməni silahlılarının azərbaycanlılar yaşayan kəndlərə hücumları geniş vüsət almağa başladı. Bu barədə qəza rəisi Mahmudbəyovun teleqramlarında, FTK komissiyasının üzvü H.Mixaylovun məruzəsində, eləcə də digər sənədlərdə müfəssəl məlumatlar öz əksini tapmışdır.
1918-ci il dekabrın 2-də Arakül və
digər kəndlərin silahlı erməniləri Xələfli, Aşıq Məlikli, Tatar və Şıxlar kəndlərinə hücum etmiş, 10-a qədər evi yandırmış və dağıtmış, 2 qadını və 6 kişini yaralamış, 1919-cu ilin yanvarında Düdükçü kəndinə od vurmuş, kəndin mülkədarı Cümşüd Vəzirovun və başqalarının təsərrüfatlarını dağıtmışdılar. Lakin bütün bunlara baxmayaraq Cəbrayıl qəzasının müsəlmanları ermənilərə qarşı heç bir hərəkətə yol vermir, yalnız özlərini və öz əmlaklarını onların hücumlarından qorumağa çalışırdılar. Qəzada bu dövrdə ermənilərə qarşı hər hansı hüquq pozuntusu baş verməmişdi. Hadrutu özlərinin qərargahına çevirən ermənilər sürətlə silahlanır və silah-sursat sarıdan ciddi korluq çəkən qonşu müsəlman kəndlərinə hücum etməyə hazırlaşırdılar.

Ermənilərin Cəbrayıl və Şuşa qəzalarının  müsəlman kəndlərinə qarşı vəhşilikləri haqqında FTK-nın materiallarında çoxlu faktlar mövcuddur. I polis sahəsinin Düdükçü kəndi iki hissədən–erməni və türk hissəsindən ibarət idi. Kənd ermənilər yaşayan Edilli, Ağbulaq, Kəmrəçuğ kəndləri ilə əhatələnmişdi. Ermənilərin təzyiqləri nəticəsində Düdükçü kəndinin azərbaycanlı əhalisi bütün var-yoxunu ermənilərin öhdəsinə buraxaraq, Qarabulağa və ətraf türk kəndlərinə sığınmışdı.

1918-ci il avqustun sonlarında Cilən, Banazur, Zamzur, Arakül, Daşbaşı, Şahyeri, Mülküdərə kəndlərinin erməni silahlı quldurları qəflətən qonşu müsəlman kəndinə – Məzrəyə hücum etmiş və 6 kişini qətlə yetirmişdilər. Müdafiə olunmaq imkanı olmayan məzrəlilər kəndi tərk edərək qaçmağa məcbur olmuş, kəndə girən ermənilər hər şeyi tar-mar edərək yandırmışlar. Həmin kəndin erməniləri səhər tezdən qəflətən Aşıq Məlikli kəndinə də hücum etmiş, kəndi atəşə tutmuşdular. Kəndin bir sakini ölmüş, üçü yaralanmışdı. Kənddən qaçanların bütün varidatını ermənilər talamış, sonra isə kəndə od vurmuşdular.

Bu rayonun erməni hücumlarından ən çox ziyan çəkmiş  kəndlərindən biri də Sirik kəndi olmuşdur. 1918-ci ilin avqustunda erməni silahlı quldur dəstələri kəndi atəşə tutmuş, təşvişə düşən siriklilər hər şeyi ataraq qaçmağa məcbur olmuşdular. Kəndə soxulan yaraqlılar 11 kişini, 10 qadını, 14 uşağı qətlə yetirmiş, 2 kişini yaralamış, 10 ev və binanı yandırmış, 11-ni dağıtmışdılar. Müsəlmanların bütün əmlakı, mal-qarası ermənilər tərəfindən ələ keçirilmişdi. Müsəlmanlar yaşayan qonşu Tatar kəndinin əhalisinin də aqibəti siriklilər kimi olmuşdu. Ermənilər Eyvatlı kəndini atəşə tutaraq, Hüseyn Allahverdi oğlunu öldürmüş, müsəlmanların əmlakını, mal-qaranı zəbt edərək aparmışdılar. Kəndə hücum zamanı ermənilər dinc sakinləri qorxutmaq üçün: “Çıxın gedin, yoxsa hamınızı qıracağıq”, – deyə qışqırırdılar.

Qarabulağa qonşu kəndlərdə (Dizak rayonu) də ermənilər insanlığa sığmayan hərəkətlər törətmişdilər. 1918-ci ilin avqustunda Şuşa qəzasının Məmmədkənd, Sus, Çartaz, Quzumkənd kəndlərinin erməni yaraqlı quldur dəstələri müsəlmanların yaşadığı Divanalılar kəndini mühasirəyə alaraq, kənd sakinlərini qıracaqları ilə hədələmiş, Andranikin adından onlardan tələb etmişlər ki, sakinlər erməni hökumətini tanımalı, bütün silahları təhvil verməli və general Andranikə müəyyən miqdarda at və araba verməlidirlər. Ümidsiz vəziyyətdə qalan sakinlər onların bütün tələblərini yerinə yetirməli olmuşdular. Həmin günün axşamı azərbaycanlı əhali ermənilərin gecə onlara hücum edəcəklərini bildikdən sonra bütün əmlaklarını qoyaraq kənddən qaçmağa məcbur olmuşdu. Ermənilər yolda onlara çataraq atəşə tutmuş, üç nəfər həlak olmuş, qalanları qaçaraq canlarını qurtarmışdır.

1918-ci ilin payızında Hadrut dərəsinin Hadrut, Sur, Kəmrəçuğ, Təcasir, Quşçular kəndlərinin erməniləri Doşulu kəndinə silahlı basqın edərək, Andranikin adından sakinlərindən kəndi tərk etməyi tələb etmiş, sonra isə onların bütün əmlakını yandırmışdılar. 1918-ci ilin dekabrında Hoğa, Tuğ, Çirmuz  kəndlərinin silahlı erməniləri Gövşatlı  kəndində hücuma keçərək kəndi atəşə tutmuş, üç sakini öldürmüş, birini isə yaralamışlar. Digər kəndlilər qaçmağa müvəffəq olsalar da bir müddətdən sonra geri qayıtdıqda, kəndin bütün evləri darmadağın edilmiş, sakinlərin var-dövləti talan edilmişdi.

1919-cu ilin yanvarında Qarabağ bölgəsində erməni təcavüzkarlığının yeni, daha amansız fazası başladı. Azərbaycan hökumətinin münaqişəni dinc yolla nizamlamaq cəhdlərinə baxmayaraq Ermənistan hökuməti və bölgənin aqressiv separatçı qüvvələri bu qəzalardan azərbaycanlı əhalini tamamilə deportasiya etmək niyyətlərindən əl çəkmədilər. Daşnak hökuməti Zəngəzura yeni qüvvələr gətirərək buradakı hərbi üstünlüyünü  daha da möhkəmləndirməyə nail oldu. Ermənilərin təcavüzkarlıq hərəkətlərinin qarşısını almaq, dinc əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan hökuməti Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzaları hüdudlarında müvəqqəti general-qubernatorluq təsis etdi. Qarabağ general-qubernatorluğu yaradıldıqdan sonra Cəbrayıl qəzasında vəziyyət bir qədər düzəldi.

Bu dövrdə Cəbrayıl qəzasında ictimai-siyasi və iqtisadi vəziyyəti ağırlaşdıran amillərdən biri də  Zəngəzur və başqa yerlərdən deportasiya olunmuş və qəzanın düzən və Arazboyu kəndlərində sığınacaq tapmış qaçqınların vəziyyəti idi. Onsuz da çox çətin vəziyyətdə olan bölgə əhalisi öz soydaşlarını darda  qoymamış, onların vəziyyətini  qismən də olsa yüngülləşdirmək üçün bütün imkanlarını səfərbər etmişdi. 1919-cu ilin yanvarına olan məlumata görə Zəngəzurdan Cəbrayıl, Cavanşir, Şuşa qəzalarına 40 min qaçqın gəlmişdi. Azərbaycan Himayəçilik Nazirliyinin Qaryagində qaçqınlara yardım üçün xüsusi məntəqəsi təşkil edilmiş, sığınacaq yaradılmışdı. Erməni silahlı qüvvələri 1920-ci il yanvarın üçüncü ongünlüyündə Zəngəzurdan Şuşa istiqamətində hücuma keçərək, yolboyu bütün kəndləri dağıtmış, əhalisini qovmuşdular. 1919-cu il noyabrın 23-dən  (Tiflisdə Azərbaycan-Ermənistan danışıqları başlayan gündən) sonra 40-dan çox müsəlman kəndi dağıdılmışdı. Bu da öz növbəsində qaçqınların yeni dalğasının yaranmasına gətirib çıxarmışdı.

Bütün 1919-cu il və 1920- ci ilin üç ayı ərzində Ermənistan nizami qoşunlarının və yerli erməni silahlı dəstələrinin dinc müsəlmanlara  qarşı həyata keçirdikləri hərbi əməliyyatlar Zəngəzurun azərbaycanlılardan tamamilə təmizlənməsi ilə nəticələndi. Azərbaycan hökumətinin vəziyyəti sabitləşdirmək üçün atdığı sosial-diplomatik və hərbi addımlar da bir nəticə vermədi. Zəngəzurun işğalını başa çatdıran ermənilər Şuşa və Cəbrayıl qəzalarını da ələ keçirmək üçün geniş hərbi əməliyyatlara başladılar. 1920-ci il yanvarın ortalarından başlayaraq, ermənilər Cəbrayıl qəzasının kəndlərinə hücuma keçmiş, Xanlıq kəndinə yaxınlaşmışdılar. Ermənilərin hücumları haqqında Cəbrayıldan, Qarabulaqdan Azərbaycan parlamentinə, hökumətinə və qəzetlərə parlamentin üzvü C.Sultanovun, Cəbrayılda məktəb müfəttişi işləyən H.Axundzadənin, Zəngəzur və Cəbrayıl qəza rəislərinin və başqalarının göndərdikləri teleqram və məktublarda artıq Cəbrayıl qəzası üçün real təhlükə barədə məlumatlar öz əksini tapmışdı.

Yalnız Azərbaycan hökumətinin  gördüyü əlavə hərbi tədbirlər ermənilərin Cəbrayıl və Şuşa qəzalarına doğru irəliləməsinin qarşısını aldı. Cəbrayıl istiqamətində Dondarlı, Xanlıq, Müsəlmanlar, Qoçaz kəndləri ətrafında müdafiə mövqeləri möhkəmləndirildi, hissələr arasında rabitə yaradıldı, yerli əhalidən partizan dəstələri təşkil edildi. Azərbaycanın digər bölgələrindən Qarabağa əlavə hərbi bölmələr və  könüllülər dəstəsi  göndərildi. Bu tədbirlər nəticəsində Dondarlı kəndi yaxınlığında ermənilərə ciddi zərbə vurulmuş, düşmən geri oturdulmuşdu. Qələbənin əldə edilməsində Cəbrayıl qəzasının müxtəlif kəndlərindən təşkil edilmiş könüllü dəstələrin də böyük rolu olmuşdu. Yerli əhalidən ibarət dəstələrin təşkilinə türk zabiti Xəlil paşa rəhbərlik edirdi.

Lakin ermənilər hərbi yolla Cəbrayıl və Şuşa qəzalarını ələ keçirmək planlarından vaz keçmədilər. Bu istiqamətdə düşmən geniş hazırlıq işləri  aparır, hətta qonşu İran ərazisində erməni hissələrinin təlim keçməsi barədə xəbərlər gəlirdi. General-qubernator X.Sultanovda olan məlumata görə, Ararat Respublikası Təbrizdə yaşayan varlı Tumanyan vasitəsilə sərhədboyu xanları satın alırdı ki, Zəngəzurda hərbi əməliyyatlar başladıqda ermənilər Araz çayı  üzərində yerləşən Maralyan, Xudafərin və Ağbənd postlarından keçərək Zəngəzur və Cəbrayıl qəzalarına hücum etsinlər. Ermənistan hökuməti bölgəyə əlavə hərbi hissələr göndərərək, genişmiqyaslı hücum əməliyyatına hazırlaşırdı. Cəbrayıl qəzasının erməni kəndlərində, Qarabulaq nahiyəsinə yaxın erməni kəndlərində (Dizak bölgəsində) yerli ermənilərin quldur dəstələri sürətlə silahlandırılırdı. Qarabulaq nahiyəsi üçün əsas təhlükə mənbələrindən biri Hadrut, Tuğ, Toğavart, Mardakert, Xotsabert və ətraf erməni kəndləri idi.

1920-ci ilin martında – Novruz bayramı günlərində ermənilər əvvəlcədən planlaşdırdıqları kimi, Qarabağda və Zəngəzurda genişmiqyaslı hərbi əməliyyatlara başladılar. Martın 23-də Əskərana, Xankəndinə, Tərtərə, Şuşaya eyni vaxtda hücum başlandı. Cəbrayıl rayonunda ermənilər hücuma keçərək iki  əsgərimizi öldürdülər. Hadrutda da onlar müsəlman kəndlərinə bir neçə dəfə hücum etdilər. Qarabulaq-Ağdam yolu yenidən bağlandı. Lakin ermənilərin Qaryagini (Qarabulağı) ələ keçirmək cəhdləri baş tutmadı. Ermənilər bu istiqamətdə böyük itki verərək geri  çəkildilər. Qələbənin əldə edilməsində yerli əhalinin Milli Ordu hissələrinə hərtərəfli yardımı da mühüm rol oynamışdı. Azərbaycan Ordusu ermənilərin ilk hücumlarını dəf etsə də, əlavə qüvvələrin gəlməsi hesabına  ermənilər martın sonu – aprelin əvvəllərində hərbi və  strateji üstünlüyü ələ keçirərək, Zəngəzur və Şuşa qəzalarında bir sıra müsəlman kəndini (Əliyanlı, Müsəlmanlar, Muradxanlı, Qaraimanlı, Qubadlı, Dondarlı və s.) yenidən ələ  keçirdilər.

Cəbrayıl qəzasında da vəziyyət ağır olaraq qalırdı. Zəngəzurdan hücuma keçən ermənilərlə Şuşa ətrafında vuruşan ermənilərin birləşməsi ilə Cəbrayıl qəzasının itirilməsi təhlükəsi yaranmışdı. Xüsusən Cəbrayıl-Qarabulaq-Ağdam yolunun ermənilər tərəfindən müntəzəm atəşə tutulması Azərbaycan qoşunları arasında rabitənin kəsilməsinə, qəzaya əlavə hissələrin gətirilməsinə mane olurdu. Qəzaya yeni qaçqınlar ordusunun gəlməsi buradakı sosial-iqtisadi vəziyyəti daha da ağırlaşdırırdı. Belə şəraitdə Azərbaycan Ordusunun aprel ayı ərzində apardığı hərbi əməliyyatlar nəticəsində erməni silahlı qüvvələri Cəbrayıl qəzası ərazisindən Zəngəzura sıxışdırılmışdı.

Qarabağın qəzalarında sovet hakimiyyəti bərqərar olduqdan sonra da erməni kəndləri özlərini Ararat respublikasının ərazisi hesab edir, bu kəndlərdəki silahlı dəstələr azərbaycanlıları terror etməkdə davam edirdilər. Hadrut, Tuğ, Tağavert və qonşu kəndlərdə Tevanın, Ter-İonessyanın quldur dəstələri Zəngəzurda fəaliyyət göstərən Dronun, Njdenin qoşunları ilə əlaqədə fəaliyyət göstərir, nahiyənin azərbaycanlı əhalisi üçün təhlükə mənbəyi olaraq qalırdılar.

Kamran İSMAYILOV,
 tarix üzrə fəlsəfə doktoru,
AMEA-nın A.A.Bakıxanov adına  Tarix İnstitutunun aparıcı
elmi işçisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında