Yüz il ərzində beynəlxalq hüquqi qiymətini almamış soyqırımı

 

 

 

 

 

 

 

 

 

 


“Şirvan” ləqəbli ingilis casusu ermənilərin silahlı terrorçu ( hərbi birləşmənin ) və separatçı qruplarının başında dayanan Stepan Lalayanın rəhbərliyi ilə
Şamaxı qəzasında 1918-ci il mart soyqırımında dağıdılmış yaşayış məntəqələri haqqında əlavə məlumatlar:

“Nəvahi kəndində 995 nəfər azərbaycanlı öldürülmüşdür ki, onlardan da 555 nəfəri kişi, 260 nəfəri qadın və 140 nəfəri uşaq idi. Yəhyalı kəndində 922 nəfər öldürülmüşdür ki, onlardan da 360 nəfəri kişi, 412 nəfəri qadın və 150 nəfəri uşaq idi. Baloğlan kəndində 535 nəfər öldürülmüşdür ki, onlardan 250 nəfəri kişi, 150 nəfəri qadın, 135 nəfəri uşaq idi. Kalva kəndində 500 nəfər öldürülmüşdür ki, onlardan 250 nəfəri kişi, 150 nəfəri qadın,100 nəfəri isə uşaq idi. Ağsu kəndində 500 nəfər öldürülmüşdür ki, onlardan 200 nəfəri kişi, 300 nəfəri qadın olmuşdur. Tircan kəndində 360 nəfər öldürülmüşdür ki, onlardan da 300 nəfəri kişi, 40 nəfəri qadın və 20 nəfər uşaq idi. Bağırlı kəndində 370 nəfər öldürülmüşdür ki, onlardan da 80 nəfəri kişi, 150 nəfəri qadın, 140 nəfər uşaq olmuşdur”.


 

Ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri beynəlxalq aləmdə öz siyasi-hüquqi qiymətini almamış soyqırımı tarixin açılmamış səhifələrindən biridir. Birinci dünya müharibəsindən, habelə Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər “Böyük Ermənistan” ideyalarını bolşevik bayrağı altında reallaşdırmağa başladılar. Etnik erməni olan və Britaniya hökümətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni millətçilərinin əməkdaşlığını təmin etmişdir.

 1918-ci ilin martında Bakıda siyasi vəziyyət gərgin idi. Baki Sovetinə keçirilən seçkilərdə “Müsavat”ın qələbə qazanması bolşevikləri və daşnakları ciddi narahat edirdi. S. Şaumyan başda olmaqla bolşevik qüvvələri, Erməni Milli Şurasının və “Daşnaksütyun” partiyasının rəhbərləri Bakıda azərbaycanlılara qarşı milli qırğına hazırlaşırdılar. Qırğının başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şayiə yaydılar ki, guya bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırımı başlandı. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirildi. Bundan başqa, "Qırmızı qvardiya" adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. Təpədən-dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək, onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır işgəncələrlə öldürülürdü.

Martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçərişəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da, artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. İçərişəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə" adlı quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyəni" yandırmış, "Açıq söz", "Kaspi", "Baku" qəzetləri redaksiyalarını dağıtmış, Təzəpir məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.

Mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox insan qətlə yetirildi. Bolşevik-daşnak dəstələrinin bu vəhşilikləri ancaq Bakı ilə bitmədi. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımını davam etdirmişdilər. 1918-ci ilin mart-aprel aylarında erməni zorakılıqlarından Azərbaycanın ən çox zərər çəkmiş bölgələrindən biri də Şamaxı qəzası olmuşdur.

1918-ci il martın birinci yarısında Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetinin daşnak hökuməti Şamaxıya çoxlu miqdarda hərbi sursat, top və pulemyotlarla silahlanmış üç minədək yalnız ermənilərdən ibarət qoşun dəstələri göndərdi. Martın 15-də Şamaxı şəhərində bu dəstə ilə müsəlmanlar arasında ilk atışma baş verdi.

Şamaxıdakı bütün millətlərin nümayəndələri erməni yepiskopunun hiyləsinə uyaraq, sülh şəraitində yaşayacaqlarına and içdilər. Bu hiyləyə inanan azərbaycanlı əhali öz gündəlik işləri ilə məşğul ikən Novruz bayramı ərəfəsində– martın 18-də qəfildən şəhərin bütövlükdə azərbaycanlılardan ibarət olan aşağı hissəsi cənubdan ermənilər, şimal şərqdən isə malakanlar tərəfindən mühasirəyə alınaraq, top və pulemyot atəşinə tutuldu. Bu vəhşiliklər bir necə gün davam etdi. Ermənilər evlərə soxulur, onların sakinlərini qarət edir, qətlə yetirir, sonra isə yandırırdılar.  Ermənilər və malakanlar yalnız Gəncədən silahlı dəstələrin köməyə gəlməsindən qorxuya düşərək şəhəri tərk etdilər. Gəncədən gələn silahlı dəstə onları təqib etdi. Lakin erməni qüvvələrinin onlardan qat-qat üstün olduğunu duyaraq təqibi dayandırdı və dörd gün sonra şəhərdən çıxdı. Geri qayıdaraq Şamaxını yenidən zəbt edən erməni quldur dəstələri bu dəfə əhaliyə daha qəddarlıqla divan tutdular. Şəhərdəki 12 məhəllə məscidi, 800 illik tarixə malik Cümə məscidi yandırıldı.

Şamaxı qəzasının 120 azərbaycanlı kəndindən 86-sı ermənilər tərəfindən qarət edildi, yandırıldı, dağıdıldı və qısa müddətdə 8027 nəfər azərbaycanlını qətlə yetirdi ki, onların da 2560 nəfəri qadın, 1277 nəfəri uşaqlar idi. Şamaxı qəzasında törədilmiş bu vəhşiliklərin əsas təşkilatçıları, Bakı şəhərində və Quba qəzasında olduğu kimi, Bakı Kommunasının erməni-daşnak başçıları S. Şaumyan, Q. Karqanov, S.Lalayan və başqaları idi.

AXC-nin təşkil etdiyi Fövqəladə İstintaq Komissiyanın qəbul etdiyi qərarda göstərilirdi ki, bu cəlladlar istintaqa cəlb edilərək, Azərbaycan xalqına qarşı törətdikləri vəhşiliklərə görə cavab verməlidirlər. Aprel işğalından sonra ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu vəhşiliklər unutduruldu, S.Lalayana və onun başçılıq etdiyi erməni vandallarına bəraət verildi, S. Şaumyan və Q. Korqanov isə uzun illər Azərbaycan tarixinin xalqımıza “ən əziz adamları” kimi yad etdirildi.

Yalnız illər sonra məhz ümummilli liderimiz Heydər Əliyev bu hadisəyə hüquqi-siyasi qiymət verərək, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il 26 mart tarixində 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmasını qərara almışdır.

Kamran BEHBUDOV,
ADA Universitetinin müəllimi, hüquq üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında