Azərbaycan təhlükəsizlik orqanları öz vəzifələrini layiqincə yerinə yetirirlər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir ki, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun.

Heydər ƏLİYEV
Ümummilli lider


Azərbaycanın təhlükəsizlik orqanlarının peşə bayramı gününün təsis edilməsi ilə əlaqədar ulu öndər Heydər Əliyevin 20 il bundan əvvəl – 23 mart 1997-ci ildə imzaladığı tarixi sərəncam öz qaynağını 1919-cu ilin 28 mart tarixindən alır.

Müasir, qloballaşan, sərhədlərin şəffaflığının artdığı dünyada təhlükəsizlik fərdi, ictimai və milli çərçivə və hətta, bu müstəvidən çıxaraq bəşəri dəyər və əhəmiyyət kəsb etməkdədir. Cəmiyyətin inkişafı nəticəsində hasil olan ümdə dəyərlər sırasında yaşamaq, azadlıq, bərabərlik və mülkiyyət hüquqları ilə yanaşı, hər bir şəxsin, xalqın və dövlətin təhlükəsiz şəraitdə təkamül və inkişaf hüququ mövcuddur. Milli və dövlət təhlükəsizliyi anlayışlarının idrakı və açıqlanması göstərir ki, bu bəşəri fenomen mühüm olduğu qədər mürəkkəb və çoxşaxəlidir. Belə ki, müxtəlif dövrlərdə ayrı-ayrı alimlər, nəzəriyyəçilər və praktiklər tərəfindən bu anlayışın tam şəkildə açıqlanması üzrə tədqiqatlarında əksər hallarda ya təhlükəsizliyi təmin etmək üçün istifadə olunan vasitələr, ya da təhdidlərlə bağlı məsələlər ön plana çıxarılır.

Araşdırmalar göstərir ki, dövlət təhlükəsizliyi xalqın və ölkənin əsas həyat və fəaliyyət sistemlərinin sabit, dayanıqlı və ardıcıl inkişafını təmin edən mühit kimi dəyərləndirilə bilər. Bu mənada, dövlət maraqları baxımından milli və beynəlxalq müstəvidə qüvvələr nisbətinin vahid paradiqma çərçivəsində ahəngdar şəkildə nəzərə alınması miqyas etibarilə böyük olmayan, lakin mühüm geosiyasi və strateji mövqeyə malik Azərbaycan dövləti üçün həyati əhəmiyyət kəsb edir.

Şərqdə ilk demokratik dövləti elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hələ bir əsr bundan əvvəl dövlətçilik institutlarının təsis olunması və inkişafı istiqamətində mühüm işlər görmüşdür. Bu mənada, Azərbaycan təhlükəsizlik orqanlarının təməlinin məhz o dönəmdə yaradılması tarixi əhəmiyyətə malik hadisədir. Məlum olduğu kimi, 1919-cu il mart ayının 28-də hərbi nazir Səməd bəy Mehmandarovun imzası ilə Hərbiyyə Nazirliyinin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılmışdır ki, bu tarix Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan Respublikasında hər il təhlükəsizlik orqanlarının yaranması günü kimi qeyd olunur.

Ötən əsrin bütün təlatüm və ziddiyətlərinin Azərbaycan xalqının yaddaşında və taleyində buraxdığı iz təhlükəsizlik orqanlarının çətin və mürəkkəb tarixində də öz əksini tapmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu və sovet dövrünün başlanması ilə təhlükəsizlik orqanlarının milli dövlətçilik maraqlarının müdafiəsi və qorunması missiyası o vaxt fövqəldövlət olan Sovet İttifaqının siyasi ideoloji mənafelərinin təmin edilməsi və mühafizəsi vəzifələri ilə əvəzlənmiş və nəticədə bu orqanların kadr tərkibi də məhz bu istiqamətdə formalaşdırılmışdır.

Yalnız 1950-ci illərin ikinci yarısından başlayaraq, Azərbaycan təhlükəsizlik orqanlarında milli kadr potensialının gücləndirilməsi, sözün əsl mənasında, azərbaycanlaşdırma prosesinin geniş vüsət alması mümkün olmuşdur ki, bu da ilk növbədə ümummilli lider Heydər Əliyevin o dönəmdə təhlükəsizlik orqanlarında fəaliyyəti ilə bağlıdır. Dahi şəxsiyyət Heydər Əliyev gözəl bilirdi ki, təhlükəsizlik orqanlarının kadr potensialının gücləndirilməsi ilk növbədə gələcəkdə bu qurumun fəaliyyət prioritetlərinin düzgün müəyyənləşdirilməsinə, xalqın maraqlarının ön plana keçməsinə xidmət edəcəkdir.

Ulu öndər Heydər Əliyevin 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövr, bütövlükdə azərbaycançılıq məfkurəsinin formalaşdırılması, təhlükəsizlik sahəsində isə kökə, yaddaşa dönüşün həlledici dövrü olmuşdur. Məhz bu dönəmdə neçə-neçə azərbaycanlı gənc Heydər Əliyev nümunəsindən ruhlanaraq və bilavasitə onun dəstəyi ilə taleyini təhlükəsizlik orqanları ilə bağlamış, SSRİ-nin müxtəlif şəhərlərində bu istiqamətdə təhsil almağa göndərilmiş və daha sonra rəhbər vəzifələrə irəli çəkilmişdir.

SSRİ-nin süqutu və Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə təhlükəsizlik orqanlarının tarixində tamamilə yeni kəşməkəşli bir dövr başlanmışdır. Beynəlxalq və ictimai münasibətlərdə bütün oturuşmuş stereotiplərin qırılması, bir tərəfdən azadlıq arzusu ilə müstəqilliklərini elan edən yeni dövlətlərin yaranması, digər tərəfdən isə dünyada baş verən inteqrasiya və qloballaşma kimi ziddiyyətli proseslər Azərbaycanın müstəqil dövlət kimi inkişafı üçün yeni təhdidlər yaradırdı. Bütün bu amillərlə yanaşı, Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı, daxildə ictimai-siyasi səbatsızlıq və idarəetmə böhranı bu təhlükələri vətəndaş müharibəsi, milli fəlakət, yenidən müstəqilliyin itirilməsi və hətta məhvolma səviyyəsinə çatdırmışdır.

Yalnız ulu öndər Heydər Əliyevin tarixi xilaskarlıq missiyası Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı və ictimai inkişafın konturlarını cızaraq, bu istiqamətdə fəaliyyət üçün münbit zəmin yaratdı. Ən mühüm istiqamətlərdən biri də, şübhəsiz, dövlət təhlükəsizliyinin etibarlı təmin olunması, gənc müstəqil dövlətimizə qarşı yönəlmiş daxili və xarici təhdidlərin zərərsizləşdirilməsi idi. Bununla bağlı ümummilli lider Heydər Əliyev deyirdi: “Keçmiş dövrlərdə, sovet hakimiyyəti vaxtında Azərbaycanın təhlükəsizlik təşkilatı ümumi sovet hökumətinin qərarlarını və göstərişlərini yerinə yetirməklə məşğul idi. İndi müstəqil Azərbaycanda ölkəmizin təhlükəsizlik təşkilatı xalqımızın milli mənafelərini təmin etmək vəzifəsini daşıyır... Məlum olan budur ki, Azərbaycan Respublikasına xarici ölkələrin kəşfiyyat orqanlarının marağı günü-gündən artır. Onların qarşısını almaq, Azərbaycanın milli mənafelərini qorumaq üçün təhlükəsizlik təşkilatı daha da fəal işləməlidir”.

XX əsrin 90-cı illərinin ortaları və ikinci yarısı Azərbaycan dövləti üçün, həqiqətən, taleyüklü dövr olmuşdur. İctimai-siyasi sabitliyin əldə edilməsi, dövlətçiliyimiz üçün təhlükə mənbəyi olan pozucu qüvvələrin zərərsizləşdirilməsi və cinayətkarlığın qarşısının alınması, sürətli siyasi və iqtisadi islahatların həyata keçirilməsi, müstəqilliyimizin möhkəm hüquqi bazasının yaradılması, ilk Konstitusiyanın qəbul olunması, ordu quruculuğunun həyata keçirilməsi, bütövlükdə, işlək dövlət idarəçilik mexanizminin formalaşdırılması, Azərbaycanın uğurlu neft strategiyasının həyata keçirilməsi, ölkəmizin təcrid vəziyyətindən çıxaraq, beynəlxalq münasibətlərin nüfuzlu iştirakçısına çevrilməsi – ­bütün bu proseslər qısa, lakin məzmunca son dərəcə zəngin tarixi dövr ərzində müdrik dövlət xadimi və fenomenal siyasətçi Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilmişdir.  

Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının, bu sahədə fəaliyyətin strateji istiqamətlərinin qanunverici, təşkilati və ideoloji əsasların yaradılması da məhz bu illərə təsadüf edir. Dövlət təhlükəsizliyinin təmin olunmasının forma və üsulları, bu istiqamətdə taktiki və strateji hədəflərin müəyyən olunması, bir tərəfdən Azərbaycanın yerləşdiyi coğrafiya, digər tərəfədən isə bütövlükdə beynəlxalq münasibətlərdə mövqelərimizin müəyyən edilməsi məhz bu dövrdə baş vermişdir.

11 sentyabr 2001-ci il hadisələrindən sonra dünyada artan beynəlxalq terror təhdidi qarşısında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın birincilər sırasında beynəlxalq aniterror koalisiyasına qoşulması və eyni zamanda, bütün bu illər ərzində Qərbin və Şərqin maraqlarının uzlaşdırılması üzərində qurulan balanslaşdırılmış xarici siyasətin həyata keçirilməsi Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasının əsas amillərindən hesab olunur.

Xarici xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq və təxribat fəaliyyətinin qarşısının alınması, terrora, qaçaqmalçılığa və mütəşəkkil cinayətkarlığın müxtəlif növləri ilə mübarizə, informasiya təhlükəsizliyinin təmin olunması, kadr hazırlığı kimi təhlükəsizlik orqanlarının qarşısında duran əsas vəzifələr hər zaman ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur.

Azərbaycan təhlükəsizlik orqanlarının tarixində yeni dövr ulu öndərin layiqli davamçısı, Heydər Əliyev siyasi xəttini uğurla, müasir dünyanın tələblərinə uyğun şəkildə və yaradıcılıqla davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin 2003-cü ildə Azərbaycana rəhbərlik etməsi ilə başlandı. Ölkə həyatının bütün sahələrində bu illər ərzində inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid baş vermiş Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni quruculuğunda çox böyük nailiyyətlər əldə olunmuş, dövlətimizin beynəlxalq mövqeləri və nüfuzu daha da möhkəmlənmişdir. Ölkəmiz regionun lider dövlətinə çevrilmiş, BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdir.

Təkcə onu demək kifayətdir ki, sivilizasiyalararası qarşıdurmanın gücləndiyi hazırki dünyada Azərbaycan sülh, əməkdaşlıq və mədəniyyətlərarası dialoq məkanına, multikultural dəyərlərin yorulmaz carçısına çevrilmişdir.

Bu gün dövlət başçısının yürütdüyü düşünülmüş, məqsədyönlü və praqmatik siyasi kurs nəticəsində ölkəmizin gündən-günə genişlənən mənafe miqyasına və inkişaf tempinə uyğun olaraq təhlükəsizlik orqanlarının da maddi texniki bazası, kadr potensialı, təşkilati imkanları möhkəmlənir.

Məlum olduğu kimi, dünya praktikasında xüsusi xidmət orqanlarının təşkili baxımından ümumən iki model mövcuddur. Birinci model bu orqanların bir struktur daxilində birləşməsini, ikinci model isə onların ayrı-ayrılıqda müstəqil qurum şəklində qarşılıqlı əlaqədə dövlət maraqları baxımından vahid hədəf uğrunda fəaliyyətini nəzərdə tutur.

Tarixi təcrübə göstərir ki, uzun illər boyu – həm sovetlər dönəmində, həm də postsovet məkanında birinci yanaşma daha geniş yayılmış, praktikada sistemli xarakter almışdır. Lakin müasir dünyada milli təhlükəsizliyə yönələn təhdidlərin həm forma, həm də məzmun etibarı ilə daha mürəkkəb səciyyə alması, adekvat olaraq bütün çağırış və hədələrə uyğun olaraq mütəhərrikliyin və keyfiyyətin artırılması baxımından yeni yanaşmaların tətbiqi zərurətini önə çıxarmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 14 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin yaradılması məhz bu tarixi zərurətdən doğan çox müsbət və mütərəqqi addımdır. Bu, həm də regional və beynəlxalq müstəvidə Azərbaycanın getdikcə artan iqtisadi və siyasi qüdrətinin göstəricisidir.

Şübhəsiz, bu gün xüsusi xidmət orqanlarının fəaliyyətində daha geniş və dərin ixtisaslaşmaya, klassik təsəvvürlərin əksinə olaraq və informasiya qarşıdurmasında, intelektual mübarizədə üstünlük qazanmağa ciddi ehtiyac olduğu bir zamanda bu qurumların peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi dövlət təhlükəsizliyinin təmin edilməsi sahəsində yeni nailiyyətlərin və uğurların əldə edilməsinə zəmin yaradacaqdır.

Müşahidə və araşdırmalar göstərir ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən fəal hüquq-mühafizə siyasətinə öz əməli fəaliyyəti ilə töhfələr verməyə çalışan Dövlət Təhlükəsizliyi Xidməti cəmi il yarım ərzində Azərbaycanın maraqlarının qorunması və ölkəmizin müxtəlif səpkili təhlükələrdən hifz olunması, eləcə də müasir xüsusi xidmət orqanı meyarının yüksəldilməsi istiqamətində gördüyü tədbirlər geniş ictimaiyyət tərəfindən dərin rəğbətlə qarşılanır.

Kəşfiyyat-pozuculuq, beynəlxalq terrorizm, ekstremizm, dini radikalizm və transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri ilə mübarizədə Dövlət Təhlükəsizliyi Xidmətinin ölkəmizin hüquq-mühafizə və digər aidiyyəti dövlət orqanları ilə çiyin-çiyinə, birgə əldə etdiyi nailiyyətlər Azərbaycanın mənafelərinin keşiyində ayıq-sayıqlığın və mübarizliyin əyani sübutudur.

Möhtərəm Prezident cənab İlham Əliyev ötən ilin sentyabrında MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının Bakıda keçirilən iclasının iştirakçılarını qəbul edərkən demişdir: “Biz hamımız mürəkkəb regionda yaşayırıq, dünya dəyişir, təhlükələr artır. Terrorçu təşkilatlar olduqca təhlükəli silah növlərinə, texnologiyalara yol tapırlar və bütün bunlar, əlbəttə ki, böyük təhlükə doğurur. Yaxın Şərqdə praktiki olaraq nəzarətdən çıxmış hadisələr, Avropa paytaxtlarında, Yer kürəsinin digər regionlarında terror hücumları, gərginliyin artması – bütün bunlar günümüzün reallıqlarıdır. Biz real aləmdə yaşayırıq və təhlükələrə adekvat reaksiya verməli, onları qabaqlamalıyıq. Buna görə də hər bir ölkə, əlbəttə ki, xüsusi xidmətlərin fəaliyyətindən ötrü zəruri şərait yaratmaq üçün öz potensialından maksimum istifadə etməyə çalışır. Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət yetiririk”.

Təhlükəsizlik orqanlarının əməkdaşları öz peşə bayramlarını ruh yüksəkliyi və gələcəyə inamla qeyd edirlər. Qəti əminik ki, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz qarşıda duran bütün vəzifələrin öhdəsindən bundan sonra da əzm və ləyaqətlə gələcəkdir. 

Rövşən Əzizov,
hüquq elmləri üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında