Azərbaycan daha bir mötəbər tədbiri uğurla başa vurdu

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan yerləşdiyi regionda sabitləşdirici amil rolunu oynayır. Bizim təşəbbüslərimiz regional əməkdaşlıq, proqnozlaşdırılabilmə və regionumuzda təhlükəsizlik tədbirlərinin güclənməsinə yönəldilib. Lakin biz adada yaşamırıq və sərhədlərimizdən kənarda, bilavasitə qonşuluğumuzda mövcud olan vəziyyət bizdə narahatlıq doğurur.

İlham Əliyev
 Azərbaycan Respublikasının Prezidenti 


Azərbaycan növbəti vacib tədbirə ev sahibliyi etdi. Belə ki, paytaxtımızda fəaliyyətdə olan və sabiq prezidentlərin, o cümlədən tanınmış ictimai-siyasi xadimlərin iştirak etdiyi V Qlobal Bakı Forumu keçirildi. Yüksək səviyyədə təşkil olunmuş forum böyük maraq doğuran və müzakirələrə yol açan bir sıra qlobal məsələlərə dair əhatəli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış simaları bir araya toplayan tədbirdir. Artıq ənənə halını almış belə tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasını təsdiqləməklə yanaşı, həm də ölkəmizin bəşəriyyətin hazırda daha çox ehtiyac duyduğu sivilizasiyalar və mədəniyyətlər arasında mühüm müzakirələr platformasına çevrildiyini bir daha nümayiş etdirdi.

Bu il keçirilən V Qlobal Bakı Forumuna 56 ölkədən 300 nəfərədək nümayəndə, o cümlədən müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində mühüm rolu olan çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər qatılmışdılar. “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumun açılış mərasimində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etmişdir.

Azərbaycanın artıq bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini vurğulayan ölkə başçısı əlavə etmişdir ki, bu tədbirlərin beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi baxımından böyük əhəmiyyəti var. Azərbaycanın gənc ölkə olduğunu xatırladan Prezident İlham Əliyev nəzərə çatdırmışdır ki, Azərbaycan ötən il müstəqilliyinin bərpasının 25 illiyini qeyd etdi. Azərbaycanın beynəlxalq və regional fəaliyyəti, bütün regiona müsbət təsir göstərən təşəbbüskarı olduğu müxtəlif layihələr onun dünyaya təqdim edilməsi üsullarından biridir. Bakı Qlobal Forumu kimi böyük beynəlxalq tədbirlərin də həmin fəaliyyətin bir hissəsi olduğunu vurğulayan dövlət başçısı əlavə etmişdir ki, Azərbaycan yerləşdiyi regionda sabitləşdirici amil rolunu oynayır. “Bizim təşəbbüslərimiz regional əməkdaşlıq, proqnozlaşdırılabilmə və regionumuzda təhlükəsizlik tədbirlərinin güclənməsinə yönəldilib. Lakin biz adada yaşamırıq və sərhədlərimizdən kənarda, bilavasitə qonşuluğumuzda mövcud olan vəziyyət bizdə narahatlıq doğurur”,- deyən Prezident İlham Əliyev fəlakətli miqyas almış miqrant böhranının dünyanın müxtəlif regionları arasında anlaşmanın azalmasına səbəb olduğunu açıqlamışdır. Miqrant böhranının əsas səbəbinin ölkələrin daxili işlərinə kənardan siyasi və hərbi müdaxilənin olduğunu deyən ölkə başçısı belə hesab etdiyini də açıqlamışdır ki, bu, Yaxın Şərq dövlətləri ilə bağlı düşünülməmiş siyasətin nəticəsidir.

Prezident İlham Əliyev dünyanın müxtəlif regionlarında miqrant böhranı ilə bağlı siyasi elitalar arasında radikallaşma meyillərinin artmasının da narahatlıq doğurduğunu bildirmişdir. Onun sözlərinə görə, miqrantların üz tutduğu ölkələrdə siyasi elitanın radikallaşması nəticəsində də seçki kampaniyaları zamanı ən cəlbedici siyasi şüarlar milliyətçi və antimiqrant ruhuna çox yaxın olur. “Biz son aylar və illər ərzində bunun şahidi oluruq və bu, artıq bir tendensiyaya çevrilib ki, həmin tendensiya vəziyyətin inkişafını əvvəlcədən müəyyən edir”, -deyən dövlət başçısı hesab etdiyini də açıqlamışdır ki, qlobal gündəlikdə duran mühüm məsələlərdən biri həmin tendensiyanın istiqamətini dəyişdirməkdir. Özgələşdirmənin və siyasi qarşıdurmanın, habelə sivilizasiyalararası dialoqun inkar olunması əvəzinə, daha çox əməkdaşlığın, qarşılıqlı anlaşmanın və hörmətə üstünlüyün verilməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev xüsusi olaraq əlavə etmişdir ki, “Azərbaycanın yerləşdiyi coğrafiya ölkəmizin regionda oynadığı rolu bir növ əvvəlcədən müəyyən edir və biz mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa töhfəmizi veririk”.

Prezident İlham Əliyev proqram xarakterli nitqində Azərbaycanın xarici siyasəti, yaxın və uzaq ölkələrlə münasibətlərinin səviyyəsi, habelə Dağlıq Qarabağ və iqtisadi inkişaf məsələləri barədə də mühüm fikirlər səsləndirmişdir. Azərbaycanın erməni işğalı nəticəsində müharibə və humanitar fəlakətdən əziyyət çəkdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bu işğalın 20 ildən artıqdır ki, davam etdiyini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin – Dağlıq Qarabağ və ətraf yeddi rayonun erməni işğalı altında olduğunu xatırlatmışdır. Azərbaycanın tarixi və dini abidələrinin dağıdılmasını Ermənistanın öz qonşusuna qarşı təcavüzünün, habelə separatçılığın və müharibənin nəticəsi olduğunu vurğulayan ölkə başçısı əlavə etmişdir ki, bir milyon azərbaycanlı bundan əziyyət çəkir, qaçqın və məcburi köçkünə çevrilmişdir. Bu rəqəmin dünyada adambaşına düşən qaçqın sayına görə ən yüksək göstəricilərdən olduğunu deyən Prezident İlham Əliyev bütün mötəbər beynəlxalq təşkilatların münaqişə ilə bağlı müvafiq qətnamə və qərarlar qəbul etdiyini, həmin qərar və qətnamələrdə Ermənistan qoşunlarının işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunduğunu xatırlatmışdır. “Dünyanın ən ali beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir və burada sitat gətirmək istəyirəm, “dərhal və qeyd-şərtsiz olaraq Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması” tələb olunur”, – deyən ölkə başçısı həmin qətnamələrin kağız üzərində qaldığını, Ermənistanın onlara məhəl qoymadığını vurğulamışdır.

Prezident İlham Əliyev forum iştirakçılarının nəzərinə çatdırmışdır ki, bütün bunlar beynəlxalq qurumlar, xüsusilə də BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qərarların icrası mexanizminin mövcud olmamasını nümayiş etdirir. Ölkə başçısı nitqində nüfuzlu beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi qətnamələrə ardıcıl mövqe nümayiş etdirməsini ikili standartlar siyasəti kimi qiymətləndirmişdir: “...Biz yaxşı bilirik ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qərarları bir neçə gün, hətta bir neçə saat içərisində icra olunur. Bizə gəldikdə isə artıq 25 il keçir və hələ də irəliləyiş yoxdur, qaçqın və məcburi köçkünlərimiz hələ də doğma torpaqlarına qayıda bilmirlər”.

Prezident İlham Əliyev böyük çətinliyə və humanitar böhrana baxmayaraq, Azərbaycanın inkişafının dinamik və dayanıqlı olduğunu diqqətə çatdırmışdır. Ölkəmizin iqtisadi transformasiya sahəsində böyük nailiyyətləri olduğunu deyən ölkə başçısı xüsusilə vurğulamışdır ki, 25 illik azadlıq və müstəqillik dövrü Azərbaycan xalqının yalnız müstəqil olaraq yaşamağı və gələcəyini qurmağı deyil, müxtəlif sahələrdə uğur qazanmağı da bacardığını nümayiş etdirir. 

Dövlət başçısının sözlərinə görə, Azərbaycanın,  son illər ərzindəki iqtisadi göstəriciləri göstərir ki, güclü siyasi iradə, səfərbər olunmuş cəmiyyət, iqtidar və xalq arasında birlik mövcud olduğu halda hətta münaqişə, işğal və o qədər də sadə olmayan geosiyasi mühit şəraitində belə bir çox nailiyyətlər əldə etmək mümkündür. “Bizim iqtisadiyyatımız dayanıqlı inkişaf nümayiş etdirir. Xarici borcumuzun səviyyəsi olduqca aşağıdır – ümumi daxili məhsulun 20 faizi qədərdir. Bu da bugünkü dünya üçün bir az qeyri-adidir. Yəni, biz həmişə qazandığımızdan az xərcləməyə çalışmışıq və bizim xarici valyuta ehtiyatımız xarici borcumuzdan 5 dəfə artıqdır”,–deyən Prezident İlham Əliyev bildirmişdir ki, regionların geniş inkişaf proqramı sayəsində Azərbaycan son 14 il ərzində yoxsulluğun səviyyəsini 10 dəfə azaltmağa müvəffəq olmuş və bu gün bu göstərici 6 faiz səviyyəsindədir. İşsizlik də təqribən 5 faiz səviyyəsindədir. Dövlət başçısı uzun illər həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin artıq öz bəhrəsini verdiyini nəzərə çatdırmışdır.

Prezident İlham Əliyev xarici siyasət sahəsində Azərbaycanın regionda və dünyada güclü mövqeyə malik olduğunu bir daha vurğulamışdır. Beynəlxalq ictimaiyyətin Azərbaycana hörmətlə yanaşdığını deyən ölkə başçısı bunun səbəbini rəsmi Bakının müstəqil siyasət aparması və hər zaman vədlərinə sadiq olması ilə izah etmişdir: “Yəni, biz etibarlı tərəfdaşıq və bütün qonşular ilə yaxşı, eyni zamanda, praqmatik əlaqələr qura bilmişik. Bu əlaqələr tarix, dostluq, qarşılıqlı maraq, qarşılıqlı hörmət, habelə bir-birinin işlərinə müdaxilə etməmək prinsiplərinə söykənir”.

Ölkə başçısı Azərbaycanın Avropa İttifaqına üzv olan dövlətlərlə sıx əlaqələr yaratdığını da diqqətə çatdırmışdır. “Onların 9-u, yəni, üçdəbiri ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb və ya qəbul edilib. Hesab edirəm ki, bunun özü də böyük nailiyyətdir. Bir çox Avropa ölkəsi Azərbaycanı strateji tərəfdaş kimi qəbul edir”,–deyən ölkə başçısı vurğulamışdır ki, bu, yalnız enerji ehtiyatlarına görə deyil, tərəflər arasında əməkdaşlıq daha geniş sahələri əhatə edir.

Prezident İlham Əliyev məlumat vermişdir ki, ötən ay Avropa Komissiyası ilə yeni sazişin müzakirəsinə başlanmışdır və bu, tərəfdaşlıq sazişi olacaqdır və fəaliyyətimizin bir çox sahələrini əhatə edəcəkdir. Belə bir siyasətin bəzən tarazlaşdırılmış siyasət adlandırıldığını xatırladan Prezident İlham Əliyev hesab etdiyini də açıqlamışdır ki, bu, dövlətimizin milli maraqları üzərində qurulan siyasətdir: “Milli maraqlarımız isə onu diktə edir ki, biz münasibətlərimizi real yanaşma üzərində qurmalıyıq və əlçatmaz hədəflər müəyyən etməməliyik ki, sonradan məyus olmayaq”.

Prezident İlham Əliyev iki aydan sonra Azərbaycanın IV Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcəyini də xatırlatmışdır. Bunun da bir ənənəvi tədbirə çevrildiyini və onun həmtəşkilatçılarının UNESCO, ISESCO, Avropa Şurası, Dünya Turizm Təşkilatı və BMT-nin Sivilizasiyalar Alyansı kimi beynəlxalq təşkilatların olduğunu vurğulayaraq, əlavə etmişdir ki, belə bir qlobal tədbir dünyada mədəniyyətlərarası və dinlərarası dialoq məsələlərinin müzakirəsinə həsr edilmiş bənzərsiz bir tədbirdir. Prezident İlham Əliyev demişdir ki, Azərbaycanın seçilməsi yalnız bizim bu tədbirin təşəbbüskarı olmağımız ilə bağlı deyil. Bu, bizim sivilizasiyalar və dinlər arasında oynadığımız körpü rolu ilə bağlıdır. Azərbaycanda dini dözümlülük və multikulturalizm ənənəsi artıq kifayət edir ki, biz belə bir müsbət tədbirin mərkəzində olaq.

Azərbaycan çoxkonfessiyalı və çoxmillətli ölkədir və bu, onun böyük sərvətidir. Azərbaycan nümayiş etdirir ki, yalnız bu yolla inkişaf etmək olar. “Özünütəcrid, nifrət hisslərinin bəslənilməsi və ya özünün digərlərindən üstün tutulması bumeranq effekti verəcək və nəticədə bu işlə məşğul olanların özlərinə xələl gətirəcək”, – deyən Prezident İlham Əliyev vurğulamışdır ki, yalnız qarşılıqlı etimad və multikulturalizm, habelə başqalarının ənənə, din və kökünə hörmət ruhunda uğura imza atmaq olar.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında