Azərbaycan Prezidenti humanizm prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirdi

Son 22 ildə imzalanmış ən geniş tərkibli əfv sərəncamı icra olundu

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra demokratik dəyərlərə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsinə xüsusi önəm verildi. Təəssüf ki, müstəqilliyimizin ilk illərində respublikaya rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı, ölkədə hərc-mərcliyin, özbaşınalığın, xaos və anarxiyanın baş alıb getməsi vəziyyəti getdikcə ağırlaşdırmışdı. Yalnız xalqın təkidi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyat öz axarına düşmüş, bütün sahələrdə olduğu kimi, insan hüquq və azadlığının qorunması istiqamətində qətiyyətli addım atılmışdır. Məhz ulu öndərin humanizm prinsiplərini yüksək dəyərləndirməsi sayəsində 1995-ci ildə ölkəmizdə məhkum olunmuş şəxslərin əfv edilməsi və bağışlanılmasının əsası qoyulmuşdur. Həmin vaxtdan başlayaraq, dövlətimizin öz vətəndaşlarını törətdiyi əmələ görə bağışlaması humanizm siyasətinin formalarından biri kimi təşəkkül tapmışdır.

Ölkəmizdə əfvetmə institutunun əsası qoyulduqdan sonra  əhalinin dövlətə, onun rəhbərinə ümid və etimadı artmışdır.  Bundan sonra  məhkəmə-hüquq sistemində işlək və çevik mexanizmlərin tətbiqinə, qanunvericiliyin daha da təkmilləşdirilməsinə nail olunmuşdur. 1996-2003-cü illərdə  əfv sərəncamları ilə yanaşı, 7 dəfə amnistiya elan edilmişdir. Amnistiya aktları törətdiyi cinayət əməlindən peşimanlıq hissi keçirən 77 mindən çox insana şamil edilmiş, 21 min 325 nəfər cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur.

Ulu öndərin humanizm siyasəti ənənələrinə sadiqlik nümayiş etdirən Prezident İlham Əliyev insan hüquq və azadlıqlarının müdafiəsini dövlət siyasətinin prioritetinə çevirmişdir. Son 14 ildə imzalanan çoxsaylı əfv fərmanları ilə ailə vəziyyəti və həbsxanadakı davranışı nəzərə alınaraq minlərlə məhkum cəzasının çəkilməmiş hissəsindən azadlığa buraxılmış, bir qisminin cəzası yüngülləşdirilmiş, təntənəli şəkildə qeyd edilən bayramlar ərəfəsində yüzlərlə ailəyə sevinc bəxş edilmişdir. Əfv sərəncamlarında  törətdiyi cinayət əməlindən peşimanlıq çəkən məhkumların islah olunaraq layiqli vətəndaş kimi cəmiyyətə qovuşması, bir daha cinayət əməli törətməməsi əsas məqsəd kimi nəzərdə tutulub.

Beləliklə, 1995-ci ildən sonra imzalanan 61 əfv fərman və sərəncamları ilə 9576 nəfər əfv edilmişdir. 10-cu amnistiya aktının icrasından sonra isə ötən  müddətdə amnistiyaya düşmüş şəxslərin sayı 116 min nəfəri ötmüşdür. 62-ci əfv sərəncamı ilə azadlığa qovuşanların sırasına daha 423-ü qoşulmuşdur.

İnsan hüquq və azadlıqlarının müdafiəsindən söhbət düşəndə Heydər Əliyev Fondunun və Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın diqqət və qayğısı  xüsusi qeyd edilməlidir. Heydər Əliyevin mərhəmət, insanpərvərlik və humanizm məfkurəsindən çıxış edərək qayğı və yardıma ehtiyacı olanlara kömək göstərən, ölkəmizin inkişafı, xalqımızın rifahı naminə zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələr həyata keçirən Heydər Əliyev Fondunun başlıca məramlarından biri olmuşdur.

Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizdə həyata keçirilən humanist siyasətə sədaqət, mərhəmətlik və insanpərvərlik ənənələrini davam etdirərək müxtəlif illərdə dörd dəfə amnistiya elan edilməsi barədə parlament qarşısında təşəbbüs qaldırmış və konkret qərar layihəsini təqdim etmişdir. On minlərlə məhkum–böyük ictimai təhlükə törətməyən və bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar amnistiyanın təsir dairəsinə düşdülər.

Bütün bunlar bir daha təsdiqləyir ki, ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsi dövlət siyasətinin əsasını təşkil edir. Ölkə başçısının sonuncu əfv sərəncamından əvvəl “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli  sərəncamı ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin daim dövlətin diqqət mərkəzində olduğunu göstərir.

Ardınca son 22 ildə ən geniş tərkibli əfv sərəncamının imzalanması ölkəmizdə insan hüquq və azadlıqlarına yüksək qiymət verilməsinin bariz nümunəsidir.

Artıq  sərəncamın icrası başa çatmışdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin təşkilatçılığı ilə mətbuat nümayəndələri Bakı şəhərinin ərazisindəki cəzaçəkmə müəssisələrində əvf sərəncamının içrasını müşahidə etmişlər. 12, 13 və 14 nömrəli cəzaçəkmə müəssisələrində əfv sərəncamının icrasını müşahidə edərkən məhkumların, onların valideynlərinin, yaxınlarının, doğmalarının sevinclərinin yerə-göyə sığmadığının şahidi olduq.

12 saylı cəzaçəkmə müəssisəsində 5 məhkum əfv olunmuşdu. Penitensiar Xidmətin təşkilat-nəzarət idarəsinin rəisi, ədliyyə polkovniki Musa Hümbətov dedi ki, hər il bayramlar ərəfəsində dövlətimizin başçısının əfv sərəncamı imzalaması, minlərlə ailəyə sevinc bəxş etməsi artıq ənənə halını alıb: “Bu, bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti insan hüquq və azadlıqlarının müdafiəsini əsas vəzifə kimi qarşıya qoyub. Novruz bayramı ərəfəsində imzalanmış sonuncu əfv sərəncamı  ümumilikdə 423 nəfərə şamil olunacaq. Bu, son 22 ildə imzalanmış ən geniştərkibli sərəncamdır. Əminəm ki, azadlığa qovuşan hər bir şəxs bundan sonrakı həyatını yenidən quracaq, bir daha yolunun həbsxanalara düşməsinə heç vaxt imkan yaratmayacaq. Cənab Prezident əvf sərəncamları ilə hər bir məhkuma özünü doğrultmaq, cəmiyyətə inteqrasiya etmək, ictimai-faydalı əməklə məşğul olmaq üçün şərait yaradır. Siz də bundan istifadə edərək ailənizin qayğısına qalın, bir daha cinayət törətməyin və həbsxanalara düşməyin”.

13 saylı cəzaçəkmə müəssisəsində 40 məhkum dövlətimizin başçısının əfv sərəncamından yararlanıb. Onlardan dördü əcnəbi – üçü Pakistan, biri isə Nigeriya vətəndaşıdır. Pakistan vətəndaşı Nəvaz Mühəmməd azadlığa buraxılması haqqında sənədi alanda sevincindən gözləri yaşardı. Söhbət əsnasında dedi ki, əfv olunması haqqında xəbəri axşam eşidib. Dərhal evlərinə telefonla məlumat verib: “Ailə üzvlərimizə dedim ki, Azərbaycan Prezidenti məni əfv etdi. Allah onun canını salamat eləsin. Ailə üzvlərimiz də Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Mənə 15 il həbs cəzası verilmişdi. 7 il 10 aydır ki, həbsxanada idim. Cəzamın başa çatmasına hələ 7 il 2 ay qalırdı. Heç kim inana bilmirdi ki, mən əfv olunacağam. İndi isə azadlıqdayam”.

Nigeriya vətəndaşı Ceyms Uqeriya əfv olunmaq xəbərini gecəykən ailə üzvlərinə çatdırdığını bildirdi: Bu xəbər bir daha məni əmin etdi ki, sizin ölkənizdə insanlara böyük qayğı göstərilir.

Əfv sərəncamının icrasını izləyənlər arasında valideynlər də var idi. 5 yaşlı uşaqla cəzaçəkmə müəssisəsinə gəlmiş Zümrüd Süleymanova ilə söhbətləşdik. Dedi ki, qucağındakı qardaşı Fəxrəddinin qızıdır. Gətirmək istəmirdik. Dedik ki, evdə gözlə, gedirik atanı gətirməyə. Ancaq  sakitləşdirə bilmədik. Az qala yalvarırdı ki, onu da aparaq. Gətirdik ki, atası ilə burada görüşsün.

Altı il azadlıqdan məhrum edilmiş Fəxrəddin Teymurov da azadlığa qovuşmuşdu və ilk görüşdüyü, bağrına basdığı 5 yaşlı qızı Məsumə oldu. Ata ilə körpə qızın bir-birinə sarılıb neçə ilin həsrətinə son qoymaları bura toplaşanların hər birini kövrəltmişdi.

Əfv olunanlardan ən gənci 24 yaşlı Tural Əlizadə idi. 24 yaşlı gənc ömrünün 4 ilini həbsxanada keçirdiyini dedi. Cəzasının başa çatmasına hələ 3 il 3 ay qaldığını bildirdi. Ancaq möhtərəm Prezidentimiz onu əfv etmişdi. Əslən Şuşadan olan, Ağcabədi rayonunda məskunlaşmış T.Əlizadə bir daha cinayətə yol verməyəcəyini dedi. Bundan sonra həyatını yenidən quracağını, işləyib valideynlərini saxlayacağını bildirdi.

Rasim Məmmədov isə ağsaqqal çağını yaşayır. Onun 77 yaşı var. O da əfv olunanlar sırasındadır. Dedi ki, bir xəta idi, əlimdən çıxmışdı: “Mənim indi həbsxanada yatan vaxtım deyil, nəvələrimlə oynayan vaxtımdır. İnanın ki, onlardan ötrü burnumun ucu göynəyirdi. Sağ olsun möhtərəm Prezidentimiz məni əfv etdi”.

14 saylı cəzaçəkmə müəssisəsində isə 19 məhkum əfv olunub. Onlardan dördü İran İslam Respublikasının vətəndaşı, qalanları isə gənclərdir. İran vətəndaşı Mohsud Muradlı onu azadlığa qovuşduran Prezident İlham Əliyevə minnətdarlığını bildirdi və dedi ki, o, müsəlman dünyasının fəxridir.

Cəzaçəkmə müəssisələrinin kənarında yüzlərlə insan əfv olunan yaxınlarının yolunu gözləyirdi. Həbsxananın qapısı açılır və onlar bir-birinin ardınca azadlığa qovuşurlar. Həm alqış sədaları, həm də “Allah Prezidentimizin canını salamat eləsin, Allah onu xalqımıza çox görməsin!” – sözləri bir-birinə qarışır.

Əliqismət BƏDƏLOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında