Hollandiya öz hərəkətləri ilə demokratik dəyərlərə ağır zərbə vurdu

Avropanın əksər ölkələri və uzaqgörən siyasətçiləri elmi-texniki tərəqqinin daha da sürətləndirilməsinə, demokratik dəyərlərin qorunub saxlanılmasına, eləcə də  əsas insan hüquq və azadlıqlarının  yüksək səviyyədə təmin edilməsinə çalışdıqları bir vaxtda, bəzi ölkələr və siyasi dairələr,  sözün həqiqi mənasında, islamofobiyadan ciddi şəkildə əziyyət çəkirlər. Bunu Niderland Krallığı ( Hollandiya ) rəsmilərinin son günlər  Türkiyə Cümhuriyyətinə qarşı nümayiş etdirdiyi siyasi sayğısızlıq, diplomatik hörmətsizlik və qeyri-etik davranışa əsasən deyirik.

Uzun illər ATƏT, Avropa Şurası, NATO və digər beynəlxalq təşkilatlarda bərabər şəkildə, səmərəli və uğurlu fəaliyyət göstərən bu ölkələr arasında heç zaman hansısa insident olmayıb. Ancaq  ötən il Türkiyədə  dövlət çevrilişinə cəhd edilməsindən və okeanın o tayında oturmasına baxmayaraq, həmin cəhdlərin başında duran Fətullah Gülənin Ankaraya təhvil verilməsi tələblərinin sürəkli şəkildə davam etdirilməsindən sonra Niderland Türkiyəyə, sözün həqiqi mənasında, öz sərt üzünü göstərir. Doğrudur, Niderlandın  uzaqgörən siyasətçilərinin əksəriyyəti, ziyalıların böyük bir hissəsi, çoxsaylı adi vətəndaş öz ölkələrinin bu addımını pisləyirlər. Ancaq bağışlanılmaz addımlar artıq atılıb.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Niderland hökumətinin adıçəkilən səhvlərinə münasibət bildirərək bəyanat yaymışdır. Bəyanatda qeyd olunur ki, Niderlandın Türkiyənin hökumət rəsmilərinə qarşı həyata keçirdiyi tədbirlər diplomatik-etik çərçivələrdən tamamilə kənardır.

Uzun illər heç bir problemi olmayan bu iki ölkə arasında məlum insidentin yaşanmasının səbəblərini dilə gətirən Türkiyə rəsmiləri birmənalı şəkildə bildirirlər ki, bunun təməlində hamıya məlum olan səbəblər dayanır.  Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı, terrorçulara ev sahibliyi edərək Türkiyə ilə münasibətlərini laxladan Avropanın FETÖ-nün mərkəzi halına gəldiyini bəyan edib.  “Takvim”  (Təqvim) adlı  türk nəşri qeyd edir ki, Nabi Avcı  Almaniyanın və Hollandiyanın bir sıra bürokratik dairələrində FETÖ “barmağı”nın işlədiyini  bildirib və qeyd edib ki, hazırda Avropa ölkələri ilə Türkiyənin arasında yaşanan böhranda gülənçilər ciddi rol oynayırlar.  Onun fikrincə, Hollandiyaya qaçmış FETÖ üzvləri hazırda media və lobbi baxımından təsiredici qüvvəyə malikdirlər və onlar xüsusilə sosial mediada aktiv fəaliyyətə keçiblər.

Türkiyə mətbuatı xəbər verir ki,  Baş nazir Binəli Yıldırım Niderland hökumətinin nazir Fatma Betül Sayan Kaya  Rotterdamdakı türk konsulluğuna buraxılmamasına münasibət bildirərkən  Niderland hökumətini sərt şəkildə tənqid edib: “Biz Niderland hökumətinin bu qərarına etiraz edirik. Ankaranın cavab tədbirləri çox sərt olacaq. Türkiyəyə və nazirə təzyiq yolverilməzdir”.

Xatırladılır ki,  ki, nazir Fatma Betül Sayan Kaya Avropada yaşayan türkləri aprel ayında Türkiyədə keçiriləcək referendumla bağlı maarifləndirmək məqsədilə Niderlanda getmişdi. Binəli Yıldırımın fikrincə, Rotterdamdakı hadisə böyük diplomatik qalmaqaldır: “Demokratiya və insan hüquqlarından tez-tez danışmağı sevən Avropadakı dostlarımız nəticədə özləri insan hüquqlarına hörmətsizlik göstərdi.” Bununla belə cənab Yıldırım  Niderlandda yaşayan türkləri  sakit olmağa çağırıb: “Türkiyə diasporunun üzvləri təxribatlara getməməlidir. Faşist idarəetmələrə ən yaxşı cavab 16 apreldə keçiriləcək referendum olacaq”.

Ancaq təkcə Türkiyə və Azərbaycan rəsmiləri deyil, Avropanın bir çox rəsmiləri də bu insidenti ciddi şəkildə qınayırlar.  Hətta, Niderlandın sabiq xarici işlər naziri Ben Bot "Çavuşoğlunu ölkəyə buraxmamaq biabırçılıqdır"- deyə öz ölkəsinin rəsmilərini açıq şəkildə qınayıb: “Türkiyə xarici işlər nazirinin təyyarəsinə eniş icazəsi verməmək, Mövlud Çavuşoğlunu ölkə ərazisinə buraxmamaq anlaşılmaz bir addımdır. Demokratiya və insan hüquqlarını müdafiə etdiyimiz halda bu cür davranışların sərgilənməsi qəbuledilməzdir”.

Cənab Bot  Türkiyə ilə iqtisadi münasibətlərə zərbə vura biləcək istənilən addımı pisləyib. Nə üçün? Çünki həmin diplomat yaxşı bilir ki, Türkiyə ilə münasibətlərin bu şəkildə pozulması Niderlanda baha başa gələ bilər.

Yeri gəlmişkən, Türkiyə mətbuatında belə ifadələrə rast gəlirik: “Ankara Niderlandın Türkiyənin iki nazirini ölkəyə buraxmamasından sonra diplomatik və siyasi sanksiyalar tətbiq etməyə hazırlaşır.” Bu sanksiyalara nələr daxildir?  Sırada kəşfiyyat əməkdaşlığının məhdudlaşdırılması, hərbi təyyarələr üçün hava məkanının bağlanılması kimi sanksiyalar var. Bununla yanaşı, qardaş ölkənin  iqtisadiyyat naziri Nihat Zeybekci jurnalistlərə açıqlamasında bildirib ki, hazırda  Niderlanda qarşı iqtisadi sanksiyaların hazırlanması məsələsi  gündəlikdə deyil.

Kütləvi informasiya vasitələri xəbər verirlər ki, Niderland hökumətinin bu qeyri-etik davranışı Avropanın qitə miqyaslı qurumlarında da narahatlıqla qarşılanıb. Məsələn, AŞPA sədri Pedro Arqamunt Türkiyə ilə Avropa arasında artan xətlə davam edən gərginliyin narahatedici olduğunu deyib. “Türkiyəyə qarşı gərginlik başa çatmayıb”-- deyə qeyd edən Arqamunt böhranlı vəziyyətin aradan qaldırılacağına ümid etdiyini deyib.  Bu qurumun baş katibi Torborn Yaqland isə bəzi Avropa İttifaqı ölkələri ilə Türkiyə arasında yaşanan gərginliklə bağlı dialoq çağırışı edib: “Belə bir vəziyyətin yaranması həm demokratiyaya, həm də diplomatiyaya zərər verir. Bu gərginliyin artmasına izn verməyəcəyik”.

Britaniyanın  xarici işlər naziri Boris Conson  da  Hollandiyada baş verənlərlə bağlı çox narahatdır. O deyib ki,  Avropanın bu ölkəsində  yaşananlar onu çox üzüb: “Məncə, son dərəcə üzücü bir haldır. Hər iki ölkə NATO üzvüdür və bizim böyük dostlarımızdır”--deyə Conson Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun ona zəng etdiyini və o da sözügedən məsələ ilə bağlı fikir mübadiləsi apardıqdan sonra türkiyəli həmkarı ilə zarafat etdiyini də gizlətməyib:“Cənab Çavuşoğluya çox dəqiq şəkildə əgər gəlib mənimlə günorta naharı yemək istəyirsə, onu dayandıra biləcək heç bir şeyin olmadığını söylədim”.

Təbii ki, bütün bunlar Niderland hökumətinin Türkiyəyə qarşı nümayiş etdirdiyi hörmətsizliklərin  səbəbi barədə söylənilən ilkin mülahizələrdir. Ancaq o da faktdır  ki, XXI əsrin bütün cəhətlərdən inkişaf etmiş iki ölkəsinin arasındakı bu cür anlaşılmazlığın əsas səbəbləri də tezliklə üzə çıxacaq. Bu təxribatın müəlliflərinə başqa bir faktı da xatırlatmaq istərdik:  – Unutmayın ki, sizin həmkarlarınız Türkiyə ilə İsrailin və Rusiyanın münasibətlərini pozmaq üçün də iyrənc fitnə-fəsad qurmuşdular. Sonda bütün həqiqətlər ortaya çıxmışdı. Yenə belə olacaq və biz Türkiyənin növbəti uğurlarının şahidinə çevriləcəyik. Elə avropalılar da…

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında