Bu gün Azərbaycan-İran diplomatik əməkdaşlığının 25 ili tamam olur

Prezidentlərimiz son üç il yarımda səkkiz dəfə görüşməklə dünyaya nümunə göstəriblər

Əslində, min illər boyu davam edən dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərimiz son 25 ildə daha sürətlə və daha geniş miqyasda davam edib. Bu gün İranla Azərbaycanın əlaqələri və əməkdaşlıqları iki sahədə inkişaf edir. Biri  dövlətlər, o biri isə  xalqlar arasında. Dövlətlər arasındakı münasibətlərdə hansısa əsrdə, hansısa dövrdə -- fikrimizin aydın ifadə edilməsi üçün yada salaq ki, məsələn, Azərbaycanın müstəqilliyinin ilk illərində olduğu kimi --münasibətlər fərqli ola bilər. Amma bu iki xalq arasındakı münasibətlər min illər boyu necə olubsa,  indi də elədir. Xalqlar arasında heç bir problem yoxdur. Çünki ürəklər birdir, istəklər birdir, əməllər birdir.  Ona görə də  xalqlarımızın münasibətləri həmişə yaxşıdır.

Mənim yadımdadır: Sovet dönəmində Azərbaycanın İranla  birbaşa əlaqələri yox idi. Ancaq o taydakılar bu tay üçün, bu taydakılar isə o tay üçün daim dua edir, bir qardaş kimi bir-birinə xoş gün arzulayırdılar.  Bu hisslər hardan qaynaqlanırdı? İlk səbəb odur ki, dünya xəritəsində İranla Azərbaycan kimi əlaqələri, tarixi, mədəniyyəti, dili, dini bir olan iki ölkə tapılmaz. O taydakı on sakindən beşinin bu tayda qohumları var. Eynilə, bu taydakılar da elə. Yəni əsrlər boyu eyni ərazidə yaşayıb, eyni tarixi və mədəniyyəti bölüşmüşük.  Məhz o səbəbdən də bizim mədəni əməkdaşlıq məsələmizdə heç zaman geriləmə və ya azalma prosesi olmayıb.

İndi möhtərəm dövlət başçılarımız Ağayi Həsən Ruhani və cənab Prezident  İlham Əliyev elə bir siyasət yeridirlər ki, artıq siyasi əməkdaşlıqda mövcud olmuş problemlər tamamilə tarixə köçürülüb. İndi siyasətimizə rəhbərlik edən liderlər ölkələrimizin daha işıqlı gələcəyini qurmaqla məşğuldurlar.  Gəlin, axtaraq  görək, dünyanın hansı iki dövlətinin prezidenti üç il yarım ərzində səkkiz dəfə görüşüb. Belə ölkələr tapa bilməyəcəksiniz. Çünki yoxdur və olmayıb. Bu faktı bizim prezidentlərimiz yaradıblar. Əlbəttə, İran və Azərbaycan xalqlarının firavanlığı naminə. Burada başqa məqam da var. Belə ki, indiyədək nə İran Prezidenti, nə də Azərbaycan Prezidenti belə qısa vaxt ərzində hansısa ölkə prezidenti ilə səkkiz dəfə görüşüb.  Bu nə deməkdir?  Siz diqqət yetirin. Prezident İlham Əliyev Tehrana səfərə gedəndə, eləcə də bizim Prezidentimiz Bakıya gələndə elə yüksək səviyyədə qarşılanırlar ki, bu ölkələrin xoş gələcəyini istəməyənlər mat qalırlar. Yaxud, İranın Dini Lideri Ağayi Seyid Əli Xamenei həm mərhum Prezident Heydər Əliyevlə, həm də cənab İlham Əliyevlə görüşərkən məxsusi bir ehtiram nümayiş etdirib və etdirir.

Mən cənab İlham Əliyevin Bakıda başqa ölkələrin siyasətçiləri ilə görüşərkən İranla münasibətlər barədə danışdığı məqamları da yada salmaq istəyirəm. Cənab İlham Əliyev kiminlə danışırsa - danışsın, İranla münasibətlərdəki mövqeyini elə açıq şəkildə ortaya qoyur ki, İran haqqında xoşagəlməz fikir söyləmək istəyənlər də artıq həmin məqsəddən vaz keçirlər. Dövlətlərimizin və prezidentlərimizin bu yüksək səviyyəli əməkdaşlığına töhfə verilməsi həm bütün iranlıların, həm də bütün azərbaycanlıların vəzifəsi, borcudur. İndi dünyada xalq diplomatiyası və mədəniyyət diplomatiyası deyilən təcrübələr var. Yəni bu iki ölkənin xalqları, ziyalıları, yaradıcı insanları, mədəniyyət xadimləri bir-birinə nə qədər yaxın olsalar, dövlət başçılarının xoşməramlı siyasətinin genişləndirilməsinə bir o qədər kömək edərlər.

Əslində, İranla Azərbaycan arasında çoxdan mövcud olan xalq diplomatiyası bu gün özünün ən yüksək səviyyəsinə çatıb. Rəsmi məlumatlarda deyilir ki, hər il bir milyon azərbaycanlı – bəziləri bu rəqəmin  milyondan çox, bəziləri isə milyona yaxın olduğunu deyirlər – İrana səfər edir. Bunun böyük əksəriyyəti ziyarətə gedənlərdir. Qohumları ilə görüşməyə və ya müalicəyə gedənlər də vardır. İrandan Azərbaycana gələnlər də bundan az deyil. Bu get-gəllər hər iki tərəfdəki mədəniyyət mənsublarına və bu sahədəki dövlət qurumlarına kifayət qədər kömək edə bilər.

Cənab İlham Əliyevin təşəbbüsü ilə 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edilib.  Lakin Qərbdə və xüsusən, Avropa ölkələrində multikulturalizmə yanaşma kifayət qədər fərqlidir. Bizim dinimizin multikulturalizmə münasibəti budur ki, bütün insanlar Adəm övladı olaraq bacı və qardaşdırlar. Yəni hansısa xalqın özünü başqa xalqdan üstün tutması qətiyyən mümkün deyil və buna yol verilməməlidir. Bu, bizim dinimizin tələbidir və cənab İlham Əliyev multikulturalizm haqqında danışarkən bunları deyib. İmanı, əqidəsi təmiz olanlar Bakıda, Tehranda, Londonda, Parisdə, Ottavada, – harada olsa belə, Allah yanında əziz olurlar, ağ, qara və ya qırmızı irqdən olduğuna görə seçilənlər yox. Yəni multikulturalizm köklü olaraq bizim dinimizin əsaslarından biridir.

Doğrudur, bəzi qüvvələr İslam dininin gələcəyindən narahat olduqlarına görə İŞİD başda olmaqla, bir çox təşkilatlar yaradırlar ki, İslam dininin saf adı ləkələnsin. Həmin təşkilatlar İslamın düşmənləri ilə qətiyyən üz-üzə gəlmək istəmirlər. İŞİD necə İslam təşkilatı ola bilər ki, İslamın düşmənləri ilə deyil, bilavasitə İslam ölkələri ilə vuruşur?  Ona görə də, əminik ki, cənab İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi ili bu baxımdan region ölkələri və bütövlükdə, İslam ölkələri üçün xüsusi əhəmiyyət kəsb edəcəkdir. Biz bu məqsədlə həm Bakıda, həm də İranın müxtəlif şəhərlərində elmi konfranslar keçirmək, geniş müzakirələr aparmaq fikrindəyik. Bu taylı alimlər o taya gedəcək, o tayın alimləri isə bu taya gələcək ki, gündəlikdəki məsələ geniş müzakirə edilsin. Xatırladım ki, bu qəbildən olan ilk tədbir Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə lap yaxın vaxtlarda Bakıda keçiriləcək və orada İran alimlərinin iştirakını təmin edəcəyik. Sonra isə Tehranda və Təbrizdə, eləcə də  ayrı şəhərlərdə də belə konfranslar keçiriləcək. Azərbaycan Prezidentinin bu təşəbbüsündən bəhrələnərək, İslam alimlərinin  bir- birini yaxından tanımasına çalışacağıq.

Bundan başqa, Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də təkcə Azərbaycana və İrana deyil, eləcə də bütün müsəlman dünyasına yeni  imkanlar verəcək. Mən bu təşəbbüsün bütün dünyada yaxşı qarşılandığının şahidiyəm. Dünya mətbuatında yazırlar ki, Azərbaycan rəhbərliyi Bakıda və bu ölkənin hər yerində olan Olimpiya İdman Komplekslərində idmançılar üçün namaz otaqları yaradıb. Dünya bunu yüksək qarşıladı.

İranla Azərbaycan arasında olan mədəni əməkdaşlığa gəlincə isə, qeyd edim ki, bu il İranda Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək. Azərbaycan mədəniyyətinin bütün istiqamətləri üzrə qazanılmış uğurlar İran tamaşaçılarına təqdim ediləcək. Yeri gəlmişkən, iki həftə əvvəl tanınmış İran kinorejissorlarından olan Həsən Nəcəfinin   Bakıda çox dəyərli görüşləri oldu. Mədəniyyət Universitetinin tələbələri üçün ustad dərsləri keçən iranlı sənətkar buradan istedadlı gənclər seçdi ki, öz  filmində çəksin. Təklif olundu ki, İran və Azərbaycan kino mütəxəssisləri müştərək serial çəksinlər. Çəkilişlər həm Azərbaycanda, həm də İranda aparılacaq.  Eləcə də iki ay qabaq Təbrizdə 60 nəfər azərbaycanlı rəssamın əsərlərindən ibarət geniş bir sərgi açılmışdı və o tədbir də böyük uğurla başa çatdı.

Xatırladım ki, 2017-ci il Məşhəd şəhəri “İslam Ölkələrinin Mədəni Paytaxtı” elan edilmişdir. Məşhəddə bu münasibətlə Azərbaycanlı alimlərin də iştirak etdiyi geniş tədbir keçirildi. 2018-ci il üçün isə Təbriz İslam ölkələrinin nümunəvi turizm şəhəri elan edilib. Təbrizin meri  Bakıya  gəlmişdi, biz də buradan azərbaycanlı alimlərlə Təbrizə getmişdik. Qərara gəldik ki, Bakıdakı Nizami muzeyində Təbriz otağı açılsın. Təbrizin  bələdiyyəsində isə Bakı otağı açılacaq. İşlər başa çatır. Yaxın günlərdə Nizami Muzeyində Təbriz otağı açılacaq.

Musiqi sahəsində yaxşı əməkdaşlığımız var. Təklif olunub ki, Azərbaycanın milli orkestri  İranın milli orkestri ilə birlikdə xüsusi proqram hazırlasın.  Yaxın günlərdə mədəniyyət nazirlərinin qarşılıqlı səfərləri gözlənilir. Cənab Əbülfəs Qarayev İranın Azərbaycandakı səfiri ilə görüşərkən bizim ölkənin yeni mədəniyyət nazirini Bakıya dəvət etdi. O səfər də baş tutacaq. Bütün bunlar göstərir ki, İranla Azərbaycan arasındakı mədəni əməkdaşlığın istifadə edilməmiş potensiallarından da bəhrələnəcəyik.  İranın güclü kinosu var, teatrı var. Müştərək kinolar çəkiləcək.  Eləcə də, qarşılıqlı olaraq kitabların tərcüməsi məsələlərini həll edəcəyik.

Mən bu mədəni əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfələrə görə Azərbaycanın müvafiq qurumlarına, xüsusən, Mədəniyyət və Turizm Nazirliyinə,  universitetlərə və yaradıcı birliklərə dərin minnətdarlıq hisslərimi çatdırıram. Onu da qeyd etmək istəyirəm ki, Bakıda keçiriləcək Novruz bayramının rəsmi tədbirlərində   azərbaycanlı sənətkarlarla  yanaşı,  5  nəfər  iranlı  sənət adamı da iştirak edəcək.

Hamının bayramını təbrik edirəm.

İbrahim İBRAHİMİ,
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında