Dörd min məcburi köçkün ailəsi yeni mənzillə təmin ediləcək

Birinci vitse-prezidentin ilk müşavirəsi əhalinin ən həssas təbəqəsinin problemlərinin həllinə həsr olunmuşdu

 

 

 

 

 

 

 

 

 

 


Biz hamımız əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, bütün məcburi köçkünlər və qaçqınlar öz doğma yurdlarına qayıdacaqlar.

Mehriban ƏLİYEVA 
Azərbaycan Respublikasının
Birinci vitse – prezidenti


Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin salınmış bir milyondan artıq soydaşımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi dövlətimizin  daim diqqət mərkəzində saxladığı prioritet sahələrdən olmuşdur və hazırda bu sahədə qətiyyətli addımlar atılır. Ölkənin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin üzləşdikəri problemlərin aradan qaldırılmasının əsası ulu öndər Heydər Əliyev tərəfindən  qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyev də bu xətti uğurla davam etdirir. Bu istiqamətdə həyata keçirilən düşünülmüş dövlət siyasəti, isti ocaqlarından didərgin salınmış soydaşlarımızın yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində artıq bu qəbildən olan insanlar hər cür infrastruktura malik mənzillərlə təmin olunmuşdur.

Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində respublikamızın iqtisadiyyatına 800 milyard dollardan çox ziyan dəymişdir. Ümummilli lider Heydər Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində münaqişə haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılmış, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğu barədə beynəlxalq aləmə məlumat verilmişdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk müşavirənin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr olunması bir daha təsdiqləyir ki, xalqımızı hər an narahat edən bu məsələ dövlət siyasətinin əsasını təşkil edir. Birinci vitse-prezidentin ilk müşavirəsini qaçqın və məcburi köçkünlərin problemlərinin aradan qaldırılmasına həsr etməsi təsadüfi deyil. Xatırlayırsınızsa, ulu öndər Heydər Əliyev bütün seçkilərdə ilk görüşünü məhz məcburi köçkünlərlə keçirmişdir. Prezident İlham Əliyev də prezident seçkiləri ərəfəsində ilk görüşünü Biləsuvar rayonunda məskunlaşmış məcburi köçkünlərlə keçirmişdi. Birinci vitse-prezident də bu qəbildən olan insanlara diqqət və qayğının davamı kimi ilk müşavirəsini məhz məcburi köçkünlərə həsr etdi.

Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə xanım Mehriban Əliyeva qeyd etmişdir ki, doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdikləri ağır problemlərin həlli artıq 20 ildən çoxdur ki, Azərbaycan dövlətinin diqqət mərkəzindədir: “Cənab İlham Əliyevin Prezident kimi imzaladığı ilk sərəncamlarından biri 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı olmuşdur. 2007-ci və 2011-ci illərdə həmin proqrama əlavələr təsdiqlənmişdir. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir”.

Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini həyata keçirdiyi işlərlə nümayiş etdirən Prezident İlham Əliyev ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirmişdir. Ölkə ərazisindəki bütün çadır düşərgələri artıq ləğv olunmuş və orada məskunlaşan məcburi köçkün ailələri yeni salınmış qəsəbələrə köçürülmüşdür. Bu istiqamətdə həyata keçirilən tədbirlərin icrası üçün bütövlükdə 6 milyard manatdan çox vəsait ayrılmışdır. Ümumiyyətlə, dövlətimizin başçısı tərəfindən  2003-2017-ci illərdə 55 fərman və sərəncam verilmiş, 2001-2016-cı illərdə 95 qəsəbə salınmış, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilmişdir. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə endirilmişdir. 250 min köçkün yeni mənzillə təmin olunmuş, yeni salınmış qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçaları inşa edilmişdir. Bunlarla yanaşı, Olimpiya idman kompleksləri, min kilometrlərlə yol, su, qaz, elektrik xətləri də çəkilmişdir.

Ölkəmizdə olan 12 çadır düşərgəsinin və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələrin ləğvi 2007-ci ildə, 16 fin tipli qəsəbənin ləğvi  isə 2016-cı ildə başa çatdırılmış və məcburi köçkün ailələrinin yeni salınmış qəsəbələrə köçürülməsi təmin edilmişdir. Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı isə 4,5 dəfə artırılmışdır.

Qaçqın və məcburi köçkünlərin məşğulluğunun artırılması da zəruri məsələlərdən olmuşdur.  Bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilmiş, 3600 yeni iş yeri yaradılmışdır. Ümumiyyətlə, son 13 ildə 400 min qaçqın və məcburi köçkün  işlə təmin olunmuşdur. Həyata keçirilmiş tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 13 ildə 75 faizdən 12 faizədək azalıb. 2016-cı ildə hər bir məcburi köçkünə 750 manat vəsait sərf olunub ki, bu da münaqişə ilə üzləşən digər ölkələrlə müqayisədə xeyli çoxdur.

Doğma torpaqlarından didərgin salınmış insanlara göstərilən belə yüksək qayğı dünyanın bir sıra nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən də yüksək qiymətləndirilmiş, bir çox hallarda Azərbaycan bu sahədə nümunəvi ölkə kimi göstərilmişdir. Bütün bunlara baxmayaraq, həmin istiqamətdə işlər bu gün də davam etdirilir və hazırda qəzalı vəziyyətdə olan yataqxanalarda, habelə yarımçıq tikililərdə məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması qarşıya qoyulan prioritet vəzifələrdəndir. Birinci vitse-prezident bunu bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırmış və qarşıya qoyulan  vəzifənin çox qısa zamanda bu problemləri aradan qaldırmaqdan, yararsız vəziyyətdə olan bütün təhlükəli binalarda yaşayan soydaşlarımızın yeni mənzillərlə təmin etməkdən ibarət olduğunu bildirmişdir: “Prezidentin göstərişi ilə hər il Dövlət Neft Fondundan yeni qəsəbələrin salınması üçün vəsait ayrılır. Bu il də bu məqsədlərlə vəsait ayrılıb. Lakin bu sahədə işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımlar atılmalıdır. Bakı və Sumqayıt şəhərlərində yararsız, qəzalı binalarda yaşayan bütün köçkün ailələri tezliklə yeni mənzillərə köçürülməlidir. Bu məqsədlə əlavə vəsait ayrılmalıdır, binaların inşası üçün ərazi müəyyənləşdirilməlidir və tezliklə binaların inşası başlanmalıdır”.

Mehriban Əliyeva bildirmişdir ki, bununla yanaşı, Bakı və Sumqayıt şəhərlərində tikilmiş yeni binalarda köçkün ailələrini yerləşdirmək üçün mənzillər alınmalıdır: “Qarşımızda duran məqsəd qəzalı binalarda yaşayan bütün köçkünləri bu il və gələn il ərzində yeni mənzillərlə təmin etməkdir”.

Müşavirədə qeyd olunmuşdur ki, məlum hadisələr nəticəsində Sumqayıt şəhərində respublikamızın 10 şəhər və rayonundan 13 min 330 ailə, 52 min 176 məcburi köçkün müvəqqəti olaraq məskunlaşıb. Hazırda onlar ictimai binalarda, yataqxanalarda, təhsil müəssisələri və uşaq bağçalarında, hərbi hissələrə məxsus binalarda, qohum evində, tikintisi yarımçıq binalarda, sanatoriya, pansionat və istirahət evlərində, digər vətəndaşlara məxsus mənzillərdə və şəhərətrafı ərazilərdə tikilmiş gecəqondularda yaşayırlar. Bakı şəhərində isə əsasən qəzalı yataqxanalarda və uşaq bağçalarında məskunlaşıblar. Həmçinin bildirilmişdir ki, məcburi köçkünlərin məskunlaşdığı sosial və digər obyektlər, yataqxanaların əksəriyyəti sanitar norma və tələblərə cavab vermir. Ən adi məişət şəraiti belə mövcud deyil. Hazırda köçkünlərin yaşadıqları yataqxana binaları qəzalı vəziyyətdədir.

Birinci vitse-prezident Mehriban Əliyeva  bu məsələnin dövlətimizin fəaliyyətinin ən prioritet istiqamətlərindən biri olduğunu bildirmiş və qeyd etmişdir ki, bunu qısa zamanda tam gücümüzlə həll etmək üçün birgə çalışmalıyıq: “Bu gün onları yerləşdirmək üçün tikilən binalar, salınan qəsəbələr, alınan mənzillər onların müvəqqəti ünvanıdır. Reallıqlar bundan ibarətdir. Bu gün bizim məqsədimiz bu insanları normal yaşayış yeri və işlə təmin etməkdir”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında