Sosial şəbəkələr: Azad sözün meydanı, yoxsa?..

Müasir texnologiyalar azad sözə, fikir və düşüncəyə misli-bərabəri olmayan  bir meydan açıb. Bu gün “Facebook”, “Twitter”, “İnstagram”, “Linkedin” və sair populyar sosial şəbəkələr sosial ünsiyyət funksiyasını yerinə yetirərkən sanki çeşidli “informasiya meydançaları”na çevriliblər. Siz burada tamaşaçı da, fəal oyunçu da ola bilərsiniz.  

İdmandan fərqli olaraq, sosial medianın predmeti sözdür. Məhz azad fikrin, düşüncənin ifadə vasitəsi olan söz! Onun dəyəri, siqləti nə məqsədlə və necə istifadə olunmasından asılıdır. Azad söz xalqın, toplumun, millətin maraqlarına xidmət edirsə, bu halda, təbii ki, cəmiyyətdə vətəndaş fəallığı artır, tərəqqi sürətlənir.

 

 “Facebook”: “xeyirli” və “xeyirsiz” dostlar...

 

“Facebook” (fb) çox unikal sosial ünsiyyyət şəbəkəsidir. Burada “isti”, “qaynar” xəbərlər də çoxdur, yalan, böhtan və dezinformasiyalar da... Millətin xeyrinə fədakarcasına çalışanlar da var, özünü tərifləyib, yeri düşdü-düşmədi sinəsinə döyüb öyünənlər də.

“Fb”də beş yüzdən çox dostum, izləyicim var. Onların bir çoxunu, əlbəttə, əvvəldən tanıyırdım, elələri də var ki, üzünü bir dəfə də olsun görməmişəm, amma, fikir, düşüncə yaxınlığı bizi artıq doğmalaşdırıb. Nə gizlədim, dostluq təkliflərinə müsbət cavab verdiyimə görə peşman olduqlarım da az deyil. Təbii ki, başqalarının dəyərli vaxtını “oğurlayanları” “xeyirsiz dostlar” hesab edirəm.   

Bakı Dövlət Universitetinin beynəlxalq jurnalistika kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Vüqar Zifəroğlu haqlı olaraq yazır: “Sosial şəbəkələr fərdin öz maraq və düşüncələrini azad və sərbəst şəkildə ifadə etmək üçün dünyaya açılan bir pəncərədir. Təbii ki, bu zaman həmin fərdin dünyagörüşü, özünüifadə tərzi son dərəcə ciddi məqamlardır. Amma bir çoxlarının yazdıqlarını oxuduqdan sonra gəldiyim qənaət budur ki, kaş ki, bu pəncərə onların üzünə heç açılmayaydı....Yəni oxumaq, öyrənmək, müşahidə aparmaq daha faydalı olardı”.

 “Fb”-də ən çox izlədiyim şəxs tanınmış filosof, dramaturq Firuz Mustafadır. O, burada həqiqətən böyük maarifçilik işi görür. Bir də görürsən ki, Hegelin azadlıq haqqında baxışlarını, ya da Nitsşenin fəlsəfi fikir və düşüncələrini sadə, anlaşıqlı dildə şərh edir, yaxud, rus və dünya mədəniyyətinin görkəmli simaları, onların yeri və rolu barədə bir-birindən maraqlı şərh, yazı  və məqalələrini paylaşır. Belə ziyalı insanlar, əlbəttə, “xeyirli” dostlardır. 

Başqa bir nümunə. Tarix üzrə fəlsəfə doktoru Firdövsiyyə Əhmədovanın da paylaşımları dərin məzmunu ilə seçilir. Tanınmış alim peşəsinə uyğun olaraq daha çox tarixi bilgilərini bölüşür. Yaxın günlərin söhbətidir. F.Əhmədova “fb”də yerləşdirdiyi statuslarının birində yazıb ki, 101 il əvvəl, 1916-cı ilin fevralın 4-də tanınmış maarifçi, mühərrir Həşim bəy Vəzirov vəfat edəndə o dövrün ziyalıları mərhumun cənazəsini sağlığında çalışdığı binaların qarşısında saxlayaraq, millət yolundakı işıqlı əməllərindən bəhs edən nitq söyləyiblər.

“Google”-da axtarış verib Həşim bəy barədə biliklərimi yeniləməyə çalışdım. Həşim bəy, həqiqətən, milli mətbuatımızın inkişafında böyük xidmətləri olan şəxsdir. Belə ki, o, 1906-cı ildə Şuşadan Bakıya gələrək burada Əhməd bəy Ağaoğlunun naşiri olduğu “İrşad” qəzeti ilə əməkdaşlıq edib, sonra özü müstəqil bir qəzet yaratmaq fıkrinə düşüb və 1907-ci ildə “Tazə həyat” qəzetini nəşr etdirib. Bundan sonra “İttifaq”, ardınca “Səda”, daha sonra “Qafqazist” (rus dilində), “Sədayi-vətən”, “Sədayi-həqq”, nəhayət, “Sədayi-Qafqaz” qəzetlərini nəşr edib. Həşim bəy o dövrdə çox məşhur olan “Məzəli” jurnalının da mühərriri idi. V.Şekspirin “Otello” faciəsini də dilimizə tərcümə edib.

“Fb”-də belə faydalı statusları təqdir etmək, alqışlamaq lazımdır. Amma bu gün burada cəmiyyətə, insanlara zərər gətirən, ingilislərin “fake” (zibil) adlandırdıqları məlumatlar da, təəssüf ki, tez-tez yer alır. Bəzən dövlət və hökumət adamlarına, ayrı-ayrı elm və mədəniyyət xadimlərinə şər-böhtan yağdıranlar da tapılır. Bu zaman həm qeyzlənir, həm də “fb”-də itirdiyin vaxta heyifsilənməli olursan.  

 

“Twitter”: biliyin, intellektin yarışı 

 

Digər populyar sosial şəbəkəyə – dünyanın nüfuzlu siyasətçilərinin, alim və mədəniyyət xadimlərinin geniş təmsil olunduqları “Twitter”ə keçək. Burada, həqiqətən, fərqli baxışlar, dünyagörüşləri arasında ağlın, intellektin yarışı gedir. 

“Twitter” özünü təsdiq etmək üçün əla tribunadır. Bir sıra siyasətçilər bu şəbəkədən yetərincə faydalanırlar. Məsələn, ABŞ-ın yeni dövlət başçısı Donald Tramp etiraf edib ki, prezident seçkilərində sosial şəbəkələr ona rəqibləri üzərində qələbə qazanmaqda əməlli-başlı kömək edib. D.Tramp əvvəllər öz paylaşımlarında emosional fikirlər səsləndirir, rəqiblərinə qarşı sərt ifadələr işlətməkdən çəkinmirdi. Hazırda onun “Twitter”də 19,5 milyon izləyicisi var. D.Tramp yazıb ki, prezident olandan sonra da “Twitter”də öz bəyanatlarını yayacaq. Vədinə, artıq əməl edir. Ara-sıra yenə statuslar paylaşır.

Yeri gəlmişkən, “Twitter”in fəal müəlliflərindən biri də ABŞ senatoru Berni Sandersdir. Bəli, bu, həmin prezidentliyə namizəddir ki, Demokratlar Partiyasının ilkin seçkilərində (praymeriz) vahid namizədlik uğrunda mübarizədə sabiq dövlət katibi Hillari Klinton üzərində qələbə qazanmağa çox yaxın idi. B.Sanders əksər statuslarında cəmiyyətdə qızğın sosial ədalət tərəfdarı kimi çıxış edir. ABŞ-da sərvətin qeyri-bərabər bölüşdürülməsindən bərk gileylidir. Məsələn, bu günlərdə B.Sanders yazıb: “Burada belə bir böyük qüsur odur ki, bir ailə “cəmiyyətin dibi”ndə yaşayan 130 milyon ailədən daha çox var-dövlətə malikdir”.

Görünən budur ki, “Twitter” siyasətçilər üçün bir tribunaya çevrilərək geniş bir auditoriya ilə təmas imkanı verib. Jurnalistlər üçün isə ilkin mənbələrdən qaynaqlanan belə paylaşımlar, əla, “göydəndüşmə” informasiyalardır. Necə deyərlər, nə yoğurdum, nə yapdım! Sadəcə, məqamında və peşəkarcasına bəhrələnməyi bacarmaq gərəkdir.

Türkiyənin dövlət və hökumət rəsmiləri də “Twitter”də kifayət qədər fəaldırlar. Onlar Qərb mediasının son vaxtlar Türkiyəyə qarşı açıq-aşkar qərəzinə tutarlı cavablar verirlər. Bu il yanvarın 28-də Böyük Britaniyanın Baş naziri Tereza Mey Ankaraya səfər edərkən onu müşayiət edən müxbirlər arasında BBC-nin əməkdaşı Laura Kuensberq də olub. Türkiyənin dövlət başçısının rəsmi iqamətgahında danışıqlar getdiyi vaxt Laura öz “Twitter” səhifəsində yazıb: “Bura Ərdoğanın sarayıdır, burada çoxlu qızıl var”. Bu böhtanı Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın cavabsız qoymayıb: “Bu, Lauranın növbəti yalanlarından biridir və aşağı səviyyəli jurnalistikanın göstəricisidir. Bu sarayda qızıldan düzəldilən heç nə yoxdur”.

 Yeri gəlmişkən, Qərb mediasının Tükiyə liderinə qarşı yersiz və haqsız hücumları aramsız davam etsə də, sosial mediada yaxşı ki, haqqı, ədaləti danmaq çətindir. Bu günlərdə məlumat yayılıb ki, R.T.Ərdoğan “Twitter”-də ən çox izlənilən 10 siyasətçidən biridir.  Təkcə qardaş Türkiyədə deyil, indi dünyanın çox yerində lideri olduğu dövlətin maraqlarını qətiyyətlə müdafiə etməyi bacaran bu xarizmatik siyasətçinin fəaliyyətinə dərin rəğbət bəsləyənlərin sayı artır.

 Qürurverici haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Əli Həsənov, Novruz Məmmədov və başqa dövlət və hökumət rəsmiləri “Twitter”də xalqımızın və dövlətimizin mənafeyini müdafiə edən aktual, məzmunca tutumlu statuslar yerləşdirirlər. Milli Məclisin üzvləri Qənirə Paşayeva, Asim Mollazadə, Səməd Seyidov, Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev və digərləri də bu sosial şəbəkədə fəal vətəndaş mövqeləri ilə seçilirlər. 

 

Sosial media: yeni şanslar, hədəflər

 

 Bu gün dünyanın media sistemində keyfiyyət dəyişiklikləri baş verir. Sirr deyil ki, sosial media bir sıra mövqelərdə, xüsusilə informasiyanın operativliyi baxımından artıq ənənəvi medianı üstələyir. Bir vaxtlar radio və televiziyalar çap mətbuatını geridə qoyduğu kimi, hazırda sosial media qətiyyətlə irəli çıxır.

Bu il fevralın əvvəllərində paytaxt Bakıya, eləcə də bölgələrimizə çoxlu qar yağıb. Bəzi dağ rayonlarında qar örtüyünün hündürlüyü hətta 80-90 santimetrə çatıb. Həmin günlərdə bir internet fəalı Yardımlı rayonundakı ucqar dağ kəndlərinin birində Nəcəf adlı bir kənd müəlliminin kiçik yaşlı şagirdlərinin əlindən tutaraq məktəbə apardığını əks etdirən şəkli paylaşıb.

Çox maraqlı bir səhnə idi! Müəllim ən kiçik uşağın əlindən tutub, digər uşaqlar da bir-birinin əllərindən tutublar. Qarın az qala qurşağa çıxdığı dağ yamacında şagirdlərini qoruya-qoruya irəlidə gedən fədakar müəllimin obrazı “fb”-də dərhal populyarlaşıb. Nəcəf müəllimin şəklin necə çəkildiyindən heç xəbəri olmayıb. O, sosial şəbəkələrin qəhrəmanı olmağı heç düşünmür də! Sadəcə hər səhər, qarlı, çovğunlu, yağışlı günlərdə sinfində dərs dediyi uşaqları özü ilə bərabər bir qədər aralıda inşa edilmiş məktəbə aparır. İnternet fəalı isə həmkəndlilərinin Nəcəf müəllimə olan sevgisini məhz bu cür orijinal şəkildə əks etdirməyi özünə borc bilib.  

Azərbaycan dünyanın bilikli, yüksək intellektə sahib olan xalqlarından biridir. Bu gün düşünən beyinlərimiz daha çoxdur. Sirr deyil ki, ermənilər həm qlobal mediada, həm də sosial şəbəkələrdə bizə qarşı informasiya savaşı açıblar. Onlar işğalçıdır və tam haqsızdırlar. Ermənilərin məkrli niyyətlərini ifşa etmək hər bir Azərbaycan ziyalısının borcudur.

Gəlin etiraf edək ki, bəzən biz bu işdə tənbəllik, hətta deyərdim ki, bağışlanması mümkün olmayan səhlənkarlıq edirik. Bizdə o qədər iti zehinlər var ki, vaxtını, enerjisini sosial şəbəkələrdə mənasız işlərə sərf edirlər. Biliyi, savadı olub ondan xalqının tərəqqisi üçün istifadə etməyi bacarmayanlar, bir müdrikin obrazlı ifadə etdiyi kimi, qaranlıqda şamı arxalarında tutan nadanlara bənzəyirlər, deyilmi?

Bu gün qlobal informasiya axını  baş verir və bu, faktiki olaraq böyük dövlətlər, iri korporasiyalar tərəfindən istiqamətləndirilir. Sirr deyil ki, Qərb dövlətlərində özlərinə “isti yuva”  quran erməni lobbisinin aparıcı dünya KİV-inə təsir imkanları böyükdür. Onlar ölkəmizə, bütün türk dünyasına hər vasitə ilə şər və böhtanlar yağdırırlar. Təəssüf ki, bu hiylə və məkrə uyanlar, özünün haqqını müdafiə etməyə çalışan müstəqil Azərbaycanla bağlı əsl həqiqətləri görmək istəməyənlər hələ də tapılır.  

Qlobal mediadan fərqli olaraq, sosial şəbəkələrə nəzarət etmək asan deyil. Sosial media yaxındadır, əlçatandır. Burada azad sözün meydanı daha genişdir. Erməni lobbisi də sosial mediada həqiqət qarşısında acizdir. Bu şansdan səmərəli istifadə etmək, xalqımızın hələ də düşmən əsarətində olan Qarabağımızın harayını bütün dünyaya mümkün qədər tez çatdırmağa çalışmalıyıq. Unutmayaq ki, əlahəzrət Zaman gözləmir!

Məsaim ABDULLAYEV,
  “Xalq qəzeti”

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında