Böhtan və iftira ilə haqqın, ədalətin üzərinə kölgə salmaq olmaz

Son günlər Azərbaycan və Türkiyə mətbuatında Turqut Ər adlı bir "yazar"ın - keçmiş "diplomatın" "kitabı" barədə yazılar dərc olunur. Bəri başdan deyək ki, Turqut Ərin yazdıqları cəfəngiyyatdır. Görəsən, bu cəfəngiyyat niyə indi çap olunub? Niyə vaxt, zaman bu gün seçilib? Yazılanları Turqut Ər yazıb, yoxsa, kimlərinsə təhriki olub. Bütün bunlar kimlərin maraqlarına uyğundur, kimlərə sərf edir?
Bu gün dünyada və regionumuzda gedən prossesləri gözlərimiz önünə gətirən yazılanların və deyilənlərin heç də təsadüf olmadığını görərik. Yəqin ki, Turqut Ərin özü də təsadüfən seçilməyib. Görən, başqasını seçmək olardımı? Turqut ərlər Azərbaycanda və Türkiyədə çoxdurmu? Təbii ki, yox! Çünki çoxları Turqut Ər olmaq istəməz və olmaz da.
Bu "kitabı" yazdıranlar öncə Türkiyə ilə Ermənistan arasındakı sərhədin açılmasını tələb etdilər. Hətta Türkiyə hökumətinə təzyiqlər də göstərməyə çalışdılar. Ancaq hər iki ölkədə yaşayan türklərin təpkisi imkan vermədi sərhəd açıla. Bunun ardınca Mehmet Ali Birandın "Hürriyyət" qəzetindəki Azərbaycan haqqında yazısı gəldi. Hətta o, Ermənistana səfər etdi, erməni gənclərlə görüşdü. Görüşdə ermənilərdən kimi Birandı türk, kimi azəri adlandırdılar. Birandın da təpəri və qeyrəti çatmadı ki, desin neçə illərdir siz azəri adlandırdığınız insanların torpağını türk torpağı deyə işğal etmisiniz, onları türk deyə qətlə yetirmisiniz.
Yenə də Azərbaycanda və Türkiyədə yaşayan türklərin hissləri ilə oynanıldı. Bu dəfə də alınmadı. Amma maraqlı tərəflər bu oyundan əl çəkmək istəmədilər. Onların əsas məqsədi Azərbaycan və Türkiyə dövlətlərini üz-üzə qoymaqdı.
Bu gün Azərbaycan müstəqildir, güclüdür, getdikcə inkişaf edir. Turqut Ərə və onu dəstəkləyənlərə bu sərf etmir. Edə də bilməz, çünki onlar türkün güclənməsini istəmirlər.
Turqut Ərin yazdıqları ən yaxın tarixdir. Turqut Ər və havadarları unudurlar ki, həmin tarixdə yaşayanların çoxu hələ də sağdır. Onlar yazılanlara, deyilənlərə yox, gördüklərinə və yaşadıqlarına inanırlar. Çünki hər bir hadisə ona xas olan konteksin işığında məna kəsb edir. Bəzən insanların şəxsi, siyasi maraqları, milli mənsubiyyəti, dünyagörüşü və biliyinin səviyyəsi baş verən hadisəni düzgün, olduğu kimi dərk etməyə, çatdırmağa imkan vermir, o, təhrif olunur. Necə ki, Turqut Ər məsələyə başqa dövlət maraqlarından, qrup maraqlarından və şəxsi maraqlardan baxaraq hadisələri təhrif edib.
Maraqlıdır, Turqut Ər on beş il öncə baş verən hadisələri indi niyə yazıb? Əgər onun yazdıqları həqiqətdirsə, niyə vaxtında, zamanında söyləmədi, yazmadı? Məgər "yazar"a, "siyasətçi"yə baş verənləri, gördüklərini, bildiklərini yazmaq üçün bu qədər zamanmı lazım idi? Əlbəttə, yox.
Uydurma, böhtan, şər yazmaq üçün bu qədər vaxt gözləyib Turqut Ər. Belələrinə fürsətçilər deyərlər. Turqut Ər də "kitabı" yazmamışdan öncə hadisələrə şəxsi və sifarişli mövqe mövcud olub. Ona görə də o, hadisələrə düzgün qiymət verə bilməz. Yazdıqlarına görə o, baş verən hadisələrin iştirakçısıdır. Baş verən hadisələri isə hər kəs eyni dərk etmir, anlamır, eyni şərh və təhlil etmir. Hər kəs öz biliyinə, dünyagörüşünə, şəxsi, qrup və siyasi maraqlarına uyğun olaraq hadisələri təhlil edir, şərh və yozum verir. Turqut Ər də baş vermiş hadisələri şərh və təhlil etməyib, yozum verib. Xalqımız arasında belə bir deyim var, yozmaq. Yəni olanı olduğu kimi demək yox, başqa səmtə yozmaq. Bir də görüsən ki, biri yuxu görür gedir yuxu yozanın yanına ki, mənim yuxumu yoz, yuxu yozan da dünyagörüşünə, şəxsi maraqlarına və yuxu görənin halına uyğun olaraq yuxunu yozur. Yəni yuxu yozmağın qayda-qanunu yoxdur, amma şərhin və təhlilin qayda-qanunu var. Qayda-qanun, şərh və təhlil isə Turqut Ərlik deyil.
Azərbaycanı sevməyənlər də onbeş ildən sonra yuxu görüblər, yuxularını isə Turqut Ərə yozdurublar. Turqut Ərin bu hərəkəti günahı olan uşağın döyülərkən aman diləyib, bir daha səhv eləməyəcəyinə and içməsinə bənzəyir.
Turqut Ərin yazdıqları iki qardaşa atılan tək, amma sonuncu olmayan güllədir. Qardaşlar, gəlin yenə də bir olaq, bir olmaq milyonlar olmaq deməkdir. Düşmən bizə bir olmağı, bir yerdə olmağı bağışlamır.
Düşmən də, dost da heç vaxt dəyişmir. Düşmənimiz də, dostumuz da içimizdədir. Gəlin içimizdəki dostla düşməni ayırd edək. İçimizdəki düşməni tapaq, içimizdəki düşməni məhv edək. Düşmənin içimizə qoyduğu düşməni. Onda hamı türkün arxasınca gedəcək!
Hər kəsin hərəkətini, danışığını, fəaliyyətini, məqsədini onun qəbul etdiyi dəyərlər müəyyənləşdirir. Bizim dəyərlərimiz Vətən, millət, dövlət, öndərlərimiz Heydər Əliyev və Mustafa Kamal Atatürkdür. Kimlər bu dəyərlərə qarşı çıxsa, qarşısında bizləri görəcək, bizimlə üz - üzə gələcək, bizimlə üz - üzə gələnlər isə həmişə məğlub olub.
Türkiyənin ürəyi Azərbaycanda döyünür! Azərbaycanın nəbzi Türkiyədə vurur! Bizim əlimiz ürəyimizdədir qardaşlar, siz də əlinizi nəbzinizə qoyun, öz ürəyinizin səsini eşidəcəksiniz!
Baş verənləri olduğu kimi yazmaq lazımdır. Onda kimin kim olduğu bilinəcək. Kimin kim olduğu müəyyənləşəcək və artıq müəyyənləşib. Artıq hər kəs bu məmləkətdə adı ilə çağırılır, hakimiyyətdə və müxalifətdə olmağından asılı olmayaraq.
Heydər Əliyev həmişə milyonların arzularını, istəklərini, məqsədlərini qəlbində, əməllərində daşıdı. O, bütün fəaliyyəti boyu millətinə bağlılığını, yoluna inamını, Vətəninə sevgisini ifadə etdi və sonda ümummilli liderə çevrildi. O, qədim türk yurdu olan Azərbaycanı bəlalardan xilas etdi. Ona görə də antitürk ruhlu insanlar ulu öndər Heydər Əliyevi sevmir. Turqut Ərlər də...

{nl}

Rza RZAYEV, Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin məsləhətçisi

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında