Yurda qayıdış zəngi

Düşmən 1993-cü ilin payızında Cəbrayılın Cocuq Mərcanlı kəndini də işğal edib, viran qoydu. Əhali yurd-yuvasından didərgin düşdü. Bundan bir il sonra, 1994-cü ilin yanvarında isə Azərbaycan Ordusu Horadiz əməliyyatı zamanı Fizuli rayonunun Arazqırağı kəndləri ilə yanaşı, Cəbrayılın bu yaşayış məntəqəsini də işğaldan azad etdi. Buna baxmayaraq, düşmənin yaxınlıqdakı Lələtəpə yüksəkliyində mövqe tutması kənd sakinlərinin geri qayıdıb doğma oda qalanmış yurd-yuvalarını yenidən dikəltmələrinə imkan vermədi.

Ötən ilin bir bahar günündə neçə igid oğlumuz düşmənin növbəti təxribatını pozub onu Lələtəpədən qovub çıxartdı. Cocuq Mərcanlının isə üzünə gün doğdu, sakinlərinin doğma yurdlarına ellikcə qayıdışına qapı açıldı.

Bu yüksəkliyin alınması ordumuzun hünər tarixinə yeni qəhrəmanlıq və şəhidlik zirvəsi kimi yazıldı. Lələtəpə döyüşlərində yamacları bürüyən lalələr oğullarımızın qanına boyansa da, şəhid qapılarına matəm lentləri bağlansa da, itkilərimizin kədəri  qələbə sevincini üstələyə bilmədi. Övlad itkisi ata-anaları əymədi, sındırmadı, əksinə, igid oğullarının düşmənə vurduğu sarsıdıcı zərbə, yağıdan alınan qisas onların yaralarına məlhəm qoydu.

Bu döyüşlərin şəhid qəhrəmanları son mənzilə el-oba izdihamı, ümumxalq ehtiramı ilə yola salınanda yaşanan qürurdan gözlər nəmlənmədi, intiqam hissi kükrədi. Ustad Məmməd Arazın şimşək qanadlı misraları da Qarabağ savaşının ağır günlərində xalqı ölüm-itimdən əyilməməyə, düşməni əzib, qeyrət zirvəsinə   yüksəlməyə səsləmişdi:

Bu döyüşdü–əzilən var,  əzən var,

 Ölüm hökmü qoltuğunda  gəzən var;

Burda “bizik”, nə “mən”  vardır,
nə “sən” var.

Yox, ağlama, ana millət,  ağlama!

                                                            Qorxuram ki, sına millət, ağlama...                                                       

Səcdəgahım Vətən!..

Dünyaya göz açdığı Cocuq Mərcanlıda uzun illər müəllim işləyən Məhəmməd Misirov deyir: –Dağlıq Qarabağ münaqişəsi başlanana qədər asudə günlərimizi yaşayırdıq. İyirmi dörd il bundan əvvəl isə erməni quldurları kəndə soxulub min bir zəhmət hesabına qurulub- yaradılan hər şeyi məhv etdilər. Hamı ev-eşiyindən didərgin düşdü, məcburi köçkünə çevrildi. Aylar, illər ötdükcə torpaq nisgili, yurd həsrəti bizi daha çox yandırırdı. Yaralar göynəyir, acı-ağrı ürəklərimizi sızladırdı...

Cocuq Mərcanlını heç cür unuda bilmirdim. Yayın cırhacırında Lələtəpədən əsən sərin mehin xiffətini çəkirdim, İsa-Musa quşunun gecənin qaranlığından süzülüb gələn səsi üçün darıxırdım. Hər Novruz gələndə, axır çərşənbə tonqalı qalananda mən də bir quş olub kəndə uçmaq istəyirdim. Orda baharı qarşılamağın, kəndi ağ örpəyə bürüyən ərik, albalı, alça çiçəklərinin tamaşasına durmağın, həyətimizdəki yasəmənin, qızılgülün ətrini ciyərlərimə çəkməyin həsrətindən boğulurdum.

Günlərim, aylarım bax, beləcə vətənsizlik acısı yaşamaqla, yurdsuzluq odunda qovrulmaqla keçirdi. Gecələr yuxum ərşə çəkiləndə düşmən tapdağında əzilən torpağımın, dağıdılan evimin, viran qalan həyət-bacamın hay-harayını eşidirdim. Dərin bir yuxuya gedib, ayılmaq istəmirdim. Fikirləşirdim ki, ölsəm, bəlkə, ruhumla o torpağa qovuşaram, dağıdılan, xaraba qoyulan od-ocaqla dərdimi bölüşərəm.

Xülasə, neçə il yurd həsrətini içimizdə çəkdik, od-ocaq göynərtisini qəlbimizdə yaşatdıq. Amma sınmadıq, bir an da olsun, nə vaxtsa kəndə dönəcəyimizə inamımızı itirmədik. Hərəmiz bir şəhərdə-kənddə, dağda-aranda məskunlaşsaq da ağrılara, çətinliklərə dözdük, ağlayıb-sızlamadıq...

Ötən ilin aprelində Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirəndən, Lələtəpə zirvəsi düşməndən alınandan, bu il yanvar ayının 24-də isə Prezident İlham Əliyev Cocuq Mərcanlının bərpası barədə sərəncam imzalayandan sonra illərlə bizi üzən həsrətə son qoyuldu. Dövlət başçısının bu qərarı işğal altındakı bütün torpaqlarımızın — Şuşa, Laçın, Kəlbəcər, Qubadlı və digər yurdlarımızın qəsbkar ermənilərə güzəştə gedilməyəcəyinə, tezliklə son qarışına kimi azad ediləcəyinə, bütün məcburi köçkünlərin dədə-baba ocaqlarına qayıdacaqlarına əminliyi daha da artırdı.  

Etiraf edim ki, yaşlı adamlar dədə-baba yurdlarına qayıdacaqlarına daha çox inanırdılar. Dünyasını dəyişən bir ağbirçəyin oğluna vəsiyyətini isə heç cür unuda bilmirəm. Deyirdi ki, ölsəm, məni “əmanət qəbir”də dəfn edin, torpaq düşməndən alınanda dədə-baba qəbiristanlığına köçürdün. Orda həm rahat uyuyaram, həm də nəvə-nəticələrim məzarımı ziyarət etməklə vətənlə, torpaqla bağlılıqlarını yaşadarlar, kimliklərini, hardan gəlib, hara getdiklərini yaddan çıxarmazlar...

Məhəmməd Misirov neçə illik həsrətdən sonra Cocuq Mərcanlıya qədəm qoyanda erməni vəhşilərinin kəndi qarət etdiklərini, quru daşları da oda qaladıqlarını görüb: “Dəhşətə gəldim; hər addımdan erməni vandalizminin izləri boylanırdı. Xarabalığa çevrilən kəndin görünüşü ürək parçalayırdı. Evlər tamamilə dağıdılıb, yerlə-yeksan edilmişdi. Zəhmətlə, alın tərilə tikilib-qurulan hər nə vardısa, erməni acgözlüyünün, vəhşiliyinin qurbanı olmuşdu.

Mənim də yandırılan ikimərtəbəli evimdən əsər-əlamət qalmamışdı. Hər tərəf dağıntı, daş-torpaq yığını idi... Bununla belə, evimi dikəltmək barədə düşündüm. Hərbiçilər isə bildirdilər ki, kənddə yaşamaq mümkün deyil, hər yan minalanıb. Ürək ağrısıyla geri döndüm... İndi kənddə bərpa işlərinə başlanılıb. Doğma yurd-yuvam üçün ürəyim nanə yarpağı kimi əsir.

 

 Orda bir ev də var…

 

Cocuq Mərcanlının xarabalıqları arasında bir ev də var.

O ev düz 23 il tək-tənha qalsa da, xatirələrlə uyuyan kəndə, sanki, laylay çalıb...

O ev 23 ildə nələr görməyib, nələrin şahidi olmayıb?!.

O ev qonum-qonşusuzluqdan vaxtsız-vədəsiz “qocalıb”; üzərinə ətraf xarabalığın kədər yükü çöküb...

O ev 23 ildir ki, didərgin düşən insanların yolunu həsrətlə gözləyib.

… Cocuq Mərcanlı 1994-cü ildə işğaldan azad ediləndən sonra orada yaşamaq nə qədər təhlükəli, qorxulu olsa da belə, o tənha evdə məskunlaşan ailə doğma torpağa ayağını daha bərk basıb. Yüksəkliklərdə mövqe tutan ermənilərin top-tüfəngindən, quşu gözündən vuran snayperindən çəkinməyib, ölümün gözünə dik baxıb. Bu ailə yaxınsız-köməksiz bütün çətinliklərə sinə gərib, özünə gün-güzəran qurub, əkin-biçin aparıb.

Ailənin başçısı Oqtay Həziyevin özü bütüb bunlar barədə deyir:

– Uğurlu Horadiz əməliyyatından sonra, kəndimiz işğaldan azad olunan vaxtdan ordumuza güvənərək burada yaşamağa başladıq. Gündüzlər torpağa, gecələr Allaha pənah gətirdik… İlk vaxtlar əzab-əziyyətimiz  çox oldu. Lakin bezikib-usanmadıq, yenidən baş götürüb rahat bir yerə getməyi ağlımıza da gətirmədik.

O yalqız evin 80 yaşlı ağbirçəyi Minara nənə söhbətə qoşulur:

–Allah Prezidentimizin canını sağ eləsin, kəndi əvvəlkindən də yaxşı bərpa etdirir. İnşallah, gedənlər tezliklə qayıdarlar. Qohum-əqraba bir yerə cəmləşər. Kəndin çal-çağırlı, gözəl günləri başlayar.

 

Həsrətə od vuran çərşənbə tonqalı

 

Gör neçə ildir ki, Cocuq Mərcanlıda Novruz tonqalları qalanmır, qulaq falına çıxılmır, yumurta boyanmır, qız-gəlinlər suyun təzələnmə anını öz gözləri ilə görmək üçün sübhü dirigözlü açmırdılar.

Gör neçə ildir ki, qohum- qonşular bir-birindən aralı düşmüşdülər. Ailələr Novruzda sacda qovrulmuş küncütlü qovurğadan, növbənöv şirniyyatdan bir-birinə bayram payı yollamırdılar.

Gör, neçə ildir ki, cocuq mərcanlılar Novruz gələndə gözləri yol çəkir, Novruz tonqalını ürəklərində qalayırdılar.

Neçə ildir ki, bu adamların torpaq ətrindən ötrü burunlarının ucu göynəyirdi. Baharın novruzgülü bitirən bəxtəvər günlərində çəmən-çiçəklə qucaqlaşmağın, göy gurultusunu, ildırım şaqqıltısını eşitməyin intizarını yaşayırdılar.

Neçə ildir ki, cocuq mərcanlılar harda olsalar da, hər axır çərşənbə axşamında, hər Novruz gecəsində ötənlərdəki kimi, diləklərini diləyirdilər. Amma qürbətdə hamının istəyi, murazı biriydi: “İlahi, yurdu yağıdan qurtarmaqda bizə kömək ol! Ya Rəbbim, doğma od-ocağa qayıtmağımıza asan bir qapı aç!”

... Bu dualar, bu diləklər, axır ki, eşidildi. Keçən Novruzdan cəmi on gün sonra kəndin başı üstdə 23 ildən bəri qara bulud kimi dolanan, illər keçdikcə quduzluqdan ağlını bir az da itirən düşmən qovulub xeyli uzaqlaşdırıldı. Builki Novruzun ilk–Su çərşənbəsində isə Cocuq Mərcanlının ortasında yeni məktəb binasının təməlinin qoyulması münasibətilə 24 illik həsrətdən sonra ilk bayram tonqalı qalandı.

Tonqal üçün bu yerin seçilməsi, əslində, rəmzi məna daşıyırdı. Bu, Cocuq Mərcanlının işıqlı sabahının, burada gələcək nəsillərin od-ocaqlı günlər yaşayacağının, onların bundan sonra bayram tonqallarını həmişə öz obalarında alovlandıracaqlarının timsalı idi. Nəhəng tonqal ətrafa işıq saçıb, nur payladıqca bu ocağın çartıltısı, sanki, deyirdi: “Gələn Novruzda  bütün el-oba çərşənbə tonqallarını öz həyətində qalayacaq, bu yerlərin çal-çağırlı günləri əbədi olacaq”.

 

Sürünərəm dizin-dizin...

 

Cəbrayılda 1993-cü ildən erməni əsirliyində qalan, adına Havuslu deyilən bir kənd də var. Bütün cocuq mərcanlılar kimi nə vaxtsa doğma ocağına dönəcəyi ümidi ilə yaşayan, Sumqayıtın “Naxalstroy” deyilən yaşayış sahəsində məskunlaşan Səmayə ana dünyaya o yurdda göz açıb. Arvad ötənlərdən danışa-danışa kövrəlir. Bütün söhbət boyu dadına çatan dözümü, sanki, birdən-birə onu hissləri ilə tək buraxır. Yanağıaşağı axan göz yaşlarını silir:

 --Kim deyirsə ki, vaxt, zaman Vətən həsrətini, yurd nisgilini qaysaqladır, yalan sözdür. Aradan uzun illər keçsə də, Vətən Vətəndir. Onu necə unutmaq, yaddan çıxartmaq olar?! Heç vaxt ağlıma gəlməzdi, yatsam yuxuda da görməzdim ki, doğma od-ocaqdan ayrı düşərəm... Mən yurdu tərk etmirdim, oğul. Bilirdim ki, Vətəndən aralı yaşamaq mənə cəhənnəm əzabı olacaq...

Orda hamı bir-birinə sığınmışdı, dərd-sərini birgə bölüşürdü. Didərginlik insanları bir-birindən aralı saldı, hərəni bir tərəfə atdı. O vaxtdan qolumuzdan tutan çox olsa da, dərdi danışmağa, yüngülləşməyə doğma bir adam tapılmır. Başqalarına da öz dərdini yükləməyə qıymırsan. Bir də ki, kənar yerdə, elə bil, yaxınlar da yadlaşdı, biganəlik insanları bir-birindən ayrı saldı. Qohumluq- əqrəbalıq da özgə yerdə özünü göstərə bilmir, hər kəs qısılır qınına, ona görə də kara gəlmir. O kənddəki kimi burda kimsə kiməsə əl tuta, arxa dura, bir-birinin xeyrində-şərində əvvəlki kimi bir yerə cəmlənə bilmir. 

... Mən od-ocağı tərk etmirdim, oğul. Ölüb orda qalmaq istəyirdim… Balalarım məni zor-güclə bura, bu çöllüyə gətirdilər... Gəlib burda qərarlaşdığım gündən ağrılarım başladı, ayaqlarım tutuldu…

İndi düz iyirmi ildən çoxdur ki, çarpayı dustağıyam. Heç yerə tərpənə bilmirəm. Amma mənə elə gəlir ki, kəndimiz yağı tapdağından xilas edilsə, ayaqlarım açılar. Açılmasa da belə, anamın, qardaşımın uyuduğu torpağa üz tutub dizin-dizin sürünərəm, kəndimizə çatanda yerdən bir ovuc torpaq götürüb, gözlərimə sürtərəm. Tez-tez yuxularda görüşdüyüm doğmalarımın, əzizlərimin məzarlarını ziyarət edərəm. Gündə neçə kərə keçdiyim küçəylə uşaqlıq illərimin, yeniyetməlik çağlarımın izi qalan, xatirələrini yaşadan məktəbə gedərəm. Eh, yəqin ki, düşmən o məktəbi də xaraba qoyub...

Oğul, orda Allaha əmanət qoyub gəldiyim həyət-bacadan, yəqin ki, əsər-əlamət qalmayıb, dolu ev-eşiyimin külü də göyə sovrulub...

... O Böyük Yaradanın məni o torpağa yetirəcəyinə inanıram! Necə ki, el-oba qonşularımız olan cocuq mərcanlıları istəklərinə qovuşdular. O tərəflərə yol açılıbsa, bir gün bir ucu da bizim yurda yetişər!

Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında