Türkiyə terror hədəfində: səbəblər, motivlər və cavab reaksiyası

Müasir dünya siyasətinin formalaşmasında özünəməxsus yeri və rolu olan Türkiyə son 3 il ərzində beynəlxalq terrorçu qüvvələrin əsas hədəfindəki dövlətlər sırasındadır. Təkcə 1 il 6 ay ərzində (2015/ yanvar-2016/ iyun) ölkədə 300-dən çox adam terror nəticəsində həyatını itirmiş, 1600 nəfərdən çoxu isə yaralanmışdır. Həmin terror aktlarının daha böyük itkilərlə müşayiət olunan xronikası ilə tanışlıq bir sıra vacib suallar yaradır və onlara cavabların axtarılmasını tələb edir.

10 oktyabr 2015-ci ildə Türkiyədə ən qanlı terror hadisələrindən biri törədildi. Türkiyənin paytaxtı Ankarada bir sıra siyasi qurumlar və həmkarlar təşkilatları “Barış mitinqi” təyin etmişdi. Mitinqə qatılmaq üçün Gənclik parkında insanlar toplaşmağa başlayan zaman ardıcıl olaraq 3 saniyə fərqlə 2 partlayış baş verdi. Dəhşətli terror hadisəsi nəticəsində 109 nəfər həyatını itirdi, 500-dən çox adam yaralandı.

2016-cı ilin mart ayı Türkiyədə terror ayı kimi yaddaşlarda qaldı. Ay ərzində dörd terror hadisəsi törədildi. Martın 13-də Ankarada içərisində hərbçilər olan avtobus partladıldı. Hadisə nəticəsində 38 nəfər həyatını itirdi, 125-i isə yaralandı.

18 mart 2016-cı il: Mardinin Nusaybin məhəlləsində həyata keçirilən əməliyyatlar zamanı PKK terrorçularına aid əldə düzəldilən bombanın partlaması nəticəsində 1 polis və 2 əsgər şəhid oldu.

19 mart 2016-cı il: İstanbulun mərkəzində Taksim meydadında terror aktı törədildi. Məlumata görə, “canlı bomba” vaxtından əvvəl işə düşüb. Hadisə nəticəsində 5 nəfər həlak oldu, 36 nəfər yaralandı. Yaralıların 24-ü əcnəbi olmuşdur. Məlumatlarda bildirilir ki, terror məqsədli şəkildə xarici vətəndaşların sıx olduğu ərazidə həyata keçirilmişdir.

31 mart 2016-cı il: Diyarbəkir vilayətinin Bağcılar məhəlləsində xüsusi təyinatlı polislərin də olduğu avtomobil karvanına qarşı terror aktı törədildi. Partlayış nəticəsində 7 polis şəhid oldu, 13 polis yaralandı, bundan başqa 14 dinc sakin də partlayış zamanı xəsarət aldı.

28 iyun 2016-cı il: İstanbulda Atatürk Hava Limanında terror aktı törədildi. Qətlə yetirilənlərin sayı 42 nəfərdir, 238 nəfər isə yaralandı.

2016-cı ilin sonu və 2017-ci ilin ilk ayı da Türkiyə tarixinə qanlı səhifələr kimi daxil olmuşdur. Belə ki, 2016-cı ilin 10 dekabrında İstanbulda biri “ Beşikdaş Vodafon Arena”, digəri isə Dolmabaxça parkında olmaqla, iki  terror aktı törədilmişdir. 44 nəfər həlak olmuş, 166 nəfər yaralanmışdır. Ölənlərdən 36 nəfəri polisdir. Baş vermiş terror aktlarına görə məsuliyyəti PKK-nın qanadı olan “Kürdüstanın azadlığı qırğıları” adlı terror qrupu öz üzərinə götürmüşdür. Dekabrın 17-də isə Türkiyənin Kayseri şəhərində PKK terror təşkilatı hərbçilərin olduğu avtobusu partlatmışdır. Nəticədə 13 nəfər həlak olmuş, 50 nəfər yaralanmışdır.

Dekabrın 19-da Ankarada Müasir İncəsənət Mərkəzində “Kalininqraddan Kamçatkaya qədər səyyahların gözü ilə” adlı sərgidə iştirak edən Rusiyanın Ankaradakı səfiri Andrey Karlova qarşı törədilmiş terror aktı Türkiyədə yaşanan terror dalğasının pik nöqtəsi oldu. Rusiya-Türkiyə münasibətlərinin normallaşdığı bir vaxtda bu qətlin reallaşdırılması, heç şübhəsiz, siyasi sifariş xarakteri kəsb edir. Ölkənin düşdüyü bu kritik vəziyyətdən sui-istifadə edərək qarayaxma kampaniyasına keçən qüvvələr də çoxdur. Onu da xüsusi vurğulamaq lazımdır ki, dünyada ən çox Türkiyə diplomatlarına sui-qəsd olunub və bu cinayətlərin əksəriyyətinin arxasında erməni terror təşkilatları dayanıbdır. Səfir dövlətin timsalı, əsas qüvvəsidir. Səfirə qarşı törədilən terror dövlətin nüfuzunu sarsıtmağa xidmət edən addımdır.

Maraqlıdır ki, qətlə yetirilmiş səfirin qatıldığı sərgi Rusiya-Türkiyə münasibətlərinin normallaşmasından sonra Ankarada reallaşan ilk  birgə tədbir idi. Təbii ki, bu sui-qəsdin arxasında Rusiya-Türkiyə münasibətlərinin bərpasından narahat olan qüvvələr dayanır. Xüsusilə, Suriya məsələsində Rusiya və Türkiyənin konstruktiv müzakirələrinin Qərb dünyasında ciddi bir narahatlıq yaratdığı göz önündədir. Həm Rusiya Prezidenti Vladimir Putin, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu hadisənin rus-türk münasibətlərinin normallaşmasına qarşı yönəlmiş açıq təxribat olduğunu vurğuladılar. “Törədilmiş cinayət, şübhəsiz ki, Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına və Suriyadakı sülh prosesinə qarşı yönəlmiş təxribatdır. Buna qarşı yalnız bir cavab ola bilər: terrorla mübarizəni gücləndirmək” – bu sözləri Prezident Putin Xarici İşlər Nazirliyi və təhlükəsizlik xidmətinin rəsmiləri ilə toplantısında bəyan etdi.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə də eyni mövqe səsləndi. Mövlud Çavuşoğlu bildirdi ki, Türkiyə Andrey Karlovun qətlini rusiyalı mütəxəssislərlə birlikdə araşdıracaq. M. Çavuşoğlu cinayətkarların tapılıb cəzalandırılacağını bildirərək, Ankaradakı Rusiya səfirliyinin yerləşdiyi küçəyə öldürülən səfirin adının veriləcəyini bildirdi. Heç şübhəsiz, Türkiyə Prezidenti Ərdoğanın terror baş verən andan etibarən prosesləri şəxsi nəzarət altında saxlaması və Rusiya Prezidenti Putinlə telefon danışıqları, sui-qəsdin səbəblərinin araşdırılması üçün ikitərəfli müzakirələr bu dövlətlər arasındakı əlaqələrin bərpa və inkişafa başlanmasının mühüm göstəricisi hesab oluna bilər.

Qardaş ölkədə törədilən terror aktları təkcə dövlətin zəiflədilməsinə deyil, həm də xalqın iqtidara  inamının azalmasına, turist axınının qarşısının alınmasına xidmət edir. Belə olmasaydı, növbəti terror aktı bilavasitə ilin son günü, məhz bayram əhval-ruhiyyəsində olan insanlara qarşı törədilməzdi. Belə ki, dekabrın 31-də, İstanbuldakı “Reina” gecə klubuna Santa Klaus libasında gələn terrorçu yeni ilin gəlişini qeyd edən gənclərə ardıcıl atəşlər açaraq 39 nəfərin ölümünə, 65 nəfərin isə yaralanmasına səbəb olmuşdu. Bu fakt bir daha sübut edir ki, Türkiyənin regionda artan nüfuzundan qorxuya düşən qüvvələr bu ölkədə xalqla iqtidar arasında dərin uçurum yaratmağa çalışırlar.

Dünya tarixinin ən böyük sərkərdələrindən biri olan Napoleon Bonapartın belə bir məşhur deyimi vardır: “Türklər öldürülə bilər, fəqət, əsla məğlubiyyətə uğramazlar”. Türkiyəni qarışdırmağa çalışanlar, terror vasitəsilə Türkiyəni zəiflətmək, parçalamaq niyyətlərini reallaşdırmaq istəyənlər unutmamalıdırlar ki, heç bir qüvvə türk millətini devirə bilməz. Türklər düşməndən sayca qat-qat az olmalarına baxmayaraq, son nəfəsinədək döyüşmüş, Çanaqqala kimi şərəfli tarixi səhifə açmış bir millətdir. Çanaqqala tarixi zəfər, böyük bir xalqın mübarizliyinin, rəşadətinin göstəricisidir. Heç kəs türk millətini siyasi oyunların qurbanına çevirməyə qadir deyildir. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Əli bəy Hüseynzadənin təbirincə desək: "Türklər ya ölərlər, ya hicrət edərlər, fəqət qul olmazlar".

Qardaş dövlətin beynəlxalq terrorçuların hədəfinə çevrildiyi ağır məqamlarda Azərbaycan həmişə olduğu kimi, yenə də Türkiyənin yanında oldu. Prezident İlham Əliyev terrorla mübarizədə Türkiyənin mövqeyini birmənalı olaraq müdafiə edir. Faktlara müraciət edək. 2015-ci il martın 13-də Türkiyədə qanlı terror hadisəsi Bakıda keçirilməsi planlaşdırılan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclasını təhlükə altına almışdı. Ölkədəki vəziyyəti nəzərə alaraq, Türkiyə Prezidenti Bakıya səfərini təxirə salmışdı. Lakin Azərbaycan Prezident İlham Əliyev Ankaraya səfər edərək, Türkiyəyə böyük dəstək vermiş və Azərbaycan xalqının həmişə qardaş türk xalqının yanında olduğunu nümayiş etdirmişdi. Martın 15-də Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclasından sonra mətbuata bəyanatlarla çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya bəyan etdi ki, Türkiyəyə qarşı terror aktlarının heç bir nəticəsi olmayacaq: "...Biz bu dəhşətli terror aktını qətiyyətlə pisləyirik, qınayırıq və bir daha deyirik ki, biz bu gün Türkiyə xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı günlərdə də, ağır günlərdə də biz daim bir-birimizin yanındayıq. Və biz Azərbaycanda tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyə dövlətini sarsıda bilməz, Türkiyə xalqının iradəsinə təsir edə bilməz, Türkiyəni haqq yolundan döndərə bilməz".

Rusiyalı səfirə qarşı terror hadisəsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə ünvanladığı məktubda Prezident İlham Əliyev bu dəhşətli cinayətə görə dərindən sarsıldığını, bu qanlı terror cinayətini qətiyyətlə və qeyd-şərtsiz pislədiyini bəyan etmişdir.

İndi isə Türkiyəni artıq 3 ildir ki, cənginə almış qanlı terror dalğası ilə bağlı bir sıra olduqca vacib suallara cavab axtarmağa çalışaq.

Türkiyədə terror aktlarının məlum intensivliyini hansı amillər şərtləndirir? Assimmetrik təhdid mənbəyini arsenallarının əsas silahına çevirmiş beynəlxalq və daxili qüvvələr Türkiyəyə qarşı terror aktlarını həyata keçirməkdə hansı məqsədi güdürlər? Bu qarşıdurmanın perspektivləri nə vəd verir?

Zənnimizcə, birinci səbəb Türkiyənin müsəlman ölkəsi olaraq bütün parametrlər üzrə güclənməsi ilə bağlıdır. Bu reallığı beynəlxalq terrorçu qüvvələr heç bir halda “həzm” edə bilmirlər. Türkiyə nəinki türk dövlətlərinin, eyni zamanda, bütün müsəlman dünyasının təəssübkeşi, havadarı rolunda çıxış edir. Təbii ki, bu vəziyyət hər kəs üçün ürəkaçan deyil. Qərbin daim müxtəlif bəhanələrlə digər dövlətlərin daxili işlərinə qarışması, “sülhpərəst siyasət”, demokratiya adı altında dövlətləri nə vəziyyətə saldığı göz qabağındadır. Lakin Türkiyənin müsəlman dövlətlərini dəstəkləməsi, nəhəng güclərin siyasətinin qurbanına çevrilmiş milyonlarla məsumu müdafiə etməsi Qərbi qıcıqlandıran əsas amillərdəndir. Türkiyədə terror niyə bitmir? Çünki bəzi qüvvələr terrora Türkiyəni parçalayacaq, zəiflədəcək yeganə amil kimi baxırlar.

Bu, bir həqiqətdir ki, Türkiyə beynəlxalq siyasətdə güclü aktordur. XXI əsrin əvvəllərindən başlayaraq Türkiyənin davamlı və sistemli inkişafının təmin edilməsi faktiki olaraq onu Yaxın və Orta Şərqin fövqəldövləti statusuna yüksəltmişdir. Bu tarixi nailiyyətin əldə edilməsi 2002-ci ildə iqtidara gələn Ədalət və İnkişaf Partiyası və onun xarizmatik lideri Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Faktlar və arqumentlər bu həqiqəti təsdiqləyir.

Məlum olduğu kimi, 2001-ci ildə Türkiyə tarixinin ən ağır iqtisadi böhranlarından birinə daxil oldu. Türk lirəsi bir gündə təxminən 100 faiz  ucuzlaşdı. Bir neçə gün ərzində ölkədən xaricə çıxarılan kapitalın həcmi 7 milyard dollar təşkil etdi. Büdcə kəsiri ÜDM-in 15 faizini, dövlət borcu isə 90 faizini ötdü. Türkiyə 1994-1998, 1999, 2000 və 2001-ci illərdə, yəni 7 il ərzində 5 iqtisadi böhran yaşadı.

Müqayisə üçün qeyd edək ki, Ədalət və İnkişaf  Partiyası hakimiyyətə gəldiyi 2002-ci ildə ÜDM 150 milyard dollar idisə, 10 il sonra bu göstərici təxminən 800 milyard dollara çatdı. İnflyasiya isə, 67 faizdən 6, 5 faizə endi. İxracat 25 milyard dollardan 152 milyard dollara qədər yüksəldi. Ölkənin xarici valyuta ehtiyatları həmin 10 il ərzində 20 milyard dollardan 125 milyard dollar səviyyəsinə qalxdı.

Türkiyə Respublikası hakim partiyanın rəhbərliyi altında mövcud inkişafına adekvat olaraq ciddi hədəflər müəyyən etdi: Yaranışının 100 illiyində, yəni 2023-cü ildə ÜDM-i 2 trilyon dollara, ixracatı isə 500 milyard dollara çatdırmaqla iqtisadi baxımdan inkişaf etmiş dövlətlər sırasında birinci onluqda yer almaq. Bu məqsədə çatmaq yolunda Rəcəb Tayyib Ərdoğan hökumətinin həyata keçirdiyi düşünülmüş və ardıcıl siyasət sayəsində 2013-cü ilin 20 may tarixində Türkiyənin Beynəlxalq Valyuta Fonduna (BVF) olan borcları tam ödənildi. Sonuncu ödəniş 422 milyon dollar təşkil etdi. Müqayisə üçün qeyd edək ki, 2001-ci ildə Türkiyənin bu quruma borcu kifayət qədər böyük idi–23, 5 milyard dollar. Bununla da Türkiyə 2013-cü ildən BVF-yə borcu olmayan dövlətlər klubuna daxil oldu.

R.T.Ərdoğan hakimiyyətə gəldikdən sonra Türkiyənin bir sıra fundamental istiqamətlər üzrə qazandığı uğurların əsasında 3 amilin rolu danılmazdır: iqtisadi azadlıq, siyasi azadlıq və azad bazar iqtisadiyyatı.

İkincisi, Türkiyə dövlətinin olduqca fəal və müstəqil xarici siyasət kursu həyata keçirməsi beynəlxalq  qüvvələrin və onların əlaltısına çevrilmiş “5-ci kalon” funksiyasını həyata keçirən daxili qüvvələrin “yuxusuna haram qatmışdır”.

Türkiyədə əvvəlki siyasi rejimlər hesab edirdilər ki, ölkə 3 tərəfdən dənizlər, 4 tərəfdən isə düşmənlərlə əhatə olunmuşdur. Onlar bəyan etdikləri bu mürəkkəb vəziyyətin aradan qaldırılması ilə bağlı heç bir konkret proqram və ya xarici siyasət konsepsiyası irəli sürmək iqtidarında deyildir. Türkiyədə hakimiyyətə gələn Ədalət və İnkişaf Partiyası isə məlum reallıq fonunda fəal xarici siyasət kursunu irəli sürdü. Bu kursun ehtiva etdiyi çeviklik taktikası və “qonşularla sıfır problem” ideyası bəzi Qərb dairələrinin Türkiyəni hətta “Yeni Osmançılıq”da ittiham etməsinə gətirib çıxardı. Bu ittihamlara rəsmi Ankaranın cavabı orijinallığı ilə seçildi: Türkiyənin fəal xarici siyasət davranışı ətrafında formalaşmış qeyri-sabit siyasi mühit ilə birbaşa bağlıdır. Yəni məcburi davranış tərzidir. Əgər Türkiyənin ətrafında diametri 1000 kilometr  olan bir çevrə cızılarsa, o 20 dövlətin əhatəsində olacaq, əgər bu göstərici 3000 kilometrə çatsa, dövlətlərin sayı 70-ə çatacaq. Unutmaq olmaz ki, həmin dövlətlərin hər birində qeyri-sabitlik hökm sürür. Analoji addım ABŞ ilə bağlı atılarsa, o həm birinci, həm də ikinci halda dost ölkələr–şimaldan Kanadanın, cənubdan isə Meksikanın, şərq və qərbdən isə Sakit və Atlantik okeanların əhatəsində qalacaqdır. Bu vəziyyət Türkiyənin bir çoxlarını, xüsusən, beynəlxalq terrorçu qüvvələri qıcıqlandıran xarici siyasət fəallığını şərtləndirmişdir. Bu kontekstdə Türkiyənin Suriya böhranının tənzimlənməsi istiqamətində atdığı fəal xarici siyasi addımlar bu dövlətin terrorçu qüvvələrin hədəfinə çevrilməsini şərtləndirən amillər sırasında xüsusu rol oynamışdır. Türkiyəni Suriyadan uzaqlaşdırmaq məqsədilə ən asan yol kimi terrora əl atılır. Bu, həm də Türkiyəni daxildən parçalamağa planlaşdırılmış bir vasitədir.

Üçüncüsü,Türkiyədə sabitliyi pozub, onu Suriya, Liviya, İraqın vəziyyətinə salmağa cəhd göstərmək. Çünki bu yöndə çalışan terrorçu qruplaşmalar və onların siyasi dəstəkçiləri az deyildir. Həmin terrorçu qruplar arasında İŞİD, PKK, FETÖ, habelə kommunist və ya başqa solçu qruplar var. Belə qrupların məqsədi Türkiyəni məhv edib, onu parçalamaq, yaxud "sosializim" adlı cəmiyyət qurmaqdır. İndiki hakimiyyəti terrorçularla, xüsusilə PKK ilə danışıqlara getməyə məcbur etmək əsas hədəflərdəndir. Uzun müddətdir ki, kürd terrorçularını və onların siyasi təmsilçilərini İmralı adasında saxlanılan PKK rəhbəri Abdulla Öcalan həbsxanadan idarə edir.

Terrorçular ömürlük azadlıqdan məhrum edilən başçılarının azadlığa buraxılmasını da tələb edirlər. Hökuməti terrorçu PKK-ya qarşı mübarizəni dayandırmağa məcbur etmək əsas vəzifələr sırasındadır. Bundan savayı, ölkə daxilində milli-etnik zəmində iğtişaşlar salmağa nail olmaq da başlıca məqsədlərdən biridir. Həmin qüvvələr sırasında xüsusilə FETÖ üçün Türkiyənin indiki iqtidarını dövlət çevrilişi yolu ilə siyasi hakimiyyətdən uzaqlaşdırmaq əsas hədəflərdəndir. Elə bu məqsədlə də onlar 2016-cı ilin 15 iyulunda hərbi çevriliş yolu ilə Türkiyədə hakimiyyəti devirmək planlarını həyata keçirməyə  cəhd etdilər.Türkiyə  dövləti öz tarixinin bu olduqca ağır sınağından üzüağ çıxdı. Xalq hərbi qiyamı yatırdı, dövlətçiliyin və demokratiyanın keşiyində dayandı. İrtica və demokratiyanın qarşıdurmasında ümummilli maraqlar ön plana keçdi. Unikal xarakterli iqtidar və müxalifət həmrəyliyi Türkiyə dövlətçiliyini dəhşətli təhlükədən xilas etdi. Xalq seçdiyi Ərdoğan hakimiyyətini müdafiə etdi. Türkiyəni bu ağır günlərdə birmənalı olaraq müdafiə edən dostları sırasında Azərbaycan, həmişə olduğu kimi, öndə mövqe tutmuşdur. Bu, əslində, ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” ideyasının praktiki
baxımdan təntənəsi kimi dəyərləndirilə bilər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bütün gecə Türkiyədə baş verən hadisələri həyəcanla izləmiş və yaşanan proseslərdən dərin narahatlıq keçirmişdir. Azərbaycan Prezidenti bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək, qətiyyətlə pisləyib, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dəyərləndirmişdir. Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan etmiş, bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar vermişdir. Azərbaycanın dövlət başçısı Türkiyədə çevriliş cəhdinin qarşısının alınması, vəziyyətin sabitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri alqışlamış, qardaş ölkədə qısa zamanda vəziyyətin normallaşacağına ümidvar olduğunu bildirmişdir. Cənab İlham Əliyev Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdi nəticəsində həlak olmuş insanlara Allahdan rəhmət diləmiş, onların yaxınlarına başsağlığı vermiş və bütün yaralılara şəfa arzulamışdır.

Müasir dünyamızda dövlətlər arasında etimadsızlıq mühitinin formalaşması reallığında Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı unikal bir model olaraq böyük cəlbedicilik əmsalına malikdir. Bu, bütün sahələrdə, o cümlədən beynəlxalq terrorizmə qarşı ardıcıl və sistemli mübarizə prosesində də özünü bariz şəkildə nümayiş etdirir. Bu prosesdə beynəlxalq birliyin bütün subyektlərinin əməkdaşlıq və həmrəylik nümayiş etdirməsinə indi hər zaman olduğundan daha çox ehtiyac vardır. Çünki heç bir dövlətin təklikdə assimmetrik təhdid mənbəyi olan terrorizmin hədəfindən yayınmaq uçün lazımi immuniteti yoxdur.

Elman NƏSİROV,
Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının  Siyasi Araşdırmalar İnstitutunun direktoru,
siyasi elmlər doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında