Azərbaycan xalqı qətiyyətli əsgər və zabitlərimizlə fəxr edir

Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsinə və ordumuzun maddi-texniki bazasının müasirləşdirilməsinə imkan vermiş, ordu quruculuğu tədbirlərinin uğurla davam etdirilməsinə zəmin yaratmışdır.

Bununla yanaşı, orduda xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, onlar üçün nəzərdə tutulmuş  imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, həmçinin  hərbçilərin  ailə üzvlərinin  sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həll edilməsi daim dövlət başçısının diqqət mərkəzində olmuşdur. Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlərin ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilməsi də bundan xəbər verir.

2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün ordumuzun dünyanın ən qüdrətliləri sırasına daxil olmasına imkan yaradıb. Dövlət başçımızın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə imzaladığı fərman və sərəncamlar  hərbçilərin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına böyük zəmin yaratmışdır. Bütün bunlar Vətənin keşiyində ayıq-sayıq dayanan hərbçilərimizə diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı da bu sahədə atılan qətiyyətli addımlardan biridir. Fərmana əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər.

Bu gün ordumuz dünyanın ən müasir silah-sursat və hərbi texnikasına malikdir. Son illər dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanının diqqəti sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına  imkanlar yaradıb. Təsadüfi deyil ki, indi ölkəmizin silah-sursatları bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur. Bu hərbi texnika ilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə əsasən istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Ötən ilin aprel döyüşləri də bunu təsdiqlədi.

Son illər hərbi hissələrin yenidən qurulması, 20-dən çox hərbi şəhərciyin inşa edilməsi, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, eləcə də hərbi qulluqçuların və onların ailə üzvlərinin asudə vaxtının səmərəli təşkili, təhsil və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi əsgər və zabitlərin arxasında güclü və qüdrətli dövlətin dayandığını, hərbçilərin sosial məsələlərinin həllinin diqqət mərkəzində saxlanıldığını bir daha təsdiqləyir. Qeyd edək ki, ötən müddət ərzində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, 300-ə yaxın hərbi qulluqçu daimi, 400-dən çox hərbi qulluqçu isə xidməti mənzillə təmin olunub.

Son illər yeni inşa edilmiş hərbi şəhərciklərdə əsgər və zabitlər üçün yaradılmış şərait onların hərbi vətənpərvərlik ruhunu daha da artırmışdır. Ali Baş Komandan İlham Əliyevin də iştirak etdiyi Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında  da bunun şahidi olduq. Yeni hərbi şəhərcik 42 hektar ərazidə yerləşmişdir.  Şəhərcikdə zabit, gizir və çavuşlar üçün 9 yaşayış binası inşa edilmiş, onlardan 4-ü ailəli, 5-i isə subay hərbi qulluqçular üçündür. Ərazidə ümumilikdə 13 əsgər yataqxanası tikilib. Hərbi şəhərcikdə inzibati, xidməti və texniki binalar da inşa edilmişdir. Bir sözlə, burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq və istirahət etmək üçün hərtərəfli şərait yaradılmışdır.

Ailəli hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da prioritet vəzifələrdəndir. Yeni salınmış hərbi şəhərcikdə  iki və üçotaqlı mənzillərdən ibarət yaşayış binaları bu məqsədlə inşa edilib. Binalardakı mənzillər yumşaq və bərk mebellər, zəruri inventar və televizorla təmin olunub. Bütün binalara su, elektrik, telefon, internet və televiziya kabeli xətləri çəkilib.

Son illər cəbhədə yüksək döyüş qabiliyyəti, mərdlik, şücaət göstərən hərbçilərimizin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən Milli Qəhrəman adı, orden və medallarla təltif edilməsi əsgər və zabitlərimizi daha da ruhlandırıb. Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanovun 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmasını və erməni silahlı qüvvələrinin şəhidimizin nəşini geri qaytarmaq istəməməsini xatırlatmaq yerinə düşərdi. Ç.Qurbanovun cəsədi Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınmış, Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Ç.Qurbanov fevralın 6-da Qusar rayonunda dəfn edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova  ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

 Dövlət başçısı Ç.Qurbanovun ailəsinin sosial təminatının gücləndirilməsi, həmçinin Bakıda üçotaqlı mənzillə təmin olunması və həmin mənzildə təmir işlərinin həyata keçirilməsi ilə bağlı dövlət orqanlarına göstəriş verib. Milli Qəhrəmanın ailəsinə Qusar rayonunda ayrılmış torpaq sahəsində də fərdi yaşayış evi tikiləcək. Bu, Vətən yolunda canını qurban vermiş Azərbaycan əsgərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Dövlətimizin başçısı Azərbaycanın  Milli Qəhrəmanı Çingiz Qurbanovun ailə üzvləri ilə görüşərkən hərbiçimizin qəhrəmanlığını yüksək dəyərləndirmişdir: “Azərbaycan Ermənistan ilə müqayisədə qat-qat güclü ölkədir, özü də təkcə iqtisadi və hərbi potensialına görə yox. Bax, Çingiz kimi övladlarımız bizim üstünlüyümüzü bir daha göstərir. Onun üz-üzə qaldığı diversantların sayı 10-dan çox idi. Yəqin Çingiz bilirdi ki, o, ölümə gedir. Yəqin bilirdi ki, o, qeyri-bərabər döyüşdən salamat çıxmayacaq. Ancaq buna baxmayaraq, o, Vətən torpağını müdafiə etmək üçün ölümə getdi və şəhidlik zirvəsinə qalxdı”.

Bir neçə gün əvvəl Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş beş hərbiçimizin nəşinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsi müvafiq tədbirlər həyata keçirdilər. Artıq şəhidlərimiz doğma yurdlarında torpağa tapşırılmışdır.

Şəhidlərimiz unudulmur. Onların adlarının əbədiləşdirilməsi, ailə üzvlərinin daim  dövlətin himayəsində olmaları ölkə başçısının diqqət mərkəzində saxladığı zəruri məsələrdəndəir. Məhz bunun nəticəsidir ki, bu gün orduda hərbi vətənpərvərlik ruhu yüksək səviyyədədir. Azərbaycan xalqı Vətən , torpaq uğrunda ölümə getməyə hazır olan qətiyyətli əsgər və zabitlərimizlə fəxr edir.

Belə oğullardan ibarət Azərbaycan Ordusu bu gün beynəlxalq miqyasda güclü ordu kimi tanınır. Bu, ilk növbədə Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və balanslı siyasətin nəticəsidir. Bu siyasət artıq dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən də hörmətlə qarşılanır. ABŞ-ın Baş Qərargah (BQ) Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun bugünlərdə keçirdikləri görüş yeri üçün məhz Azərbaycanı seçməsi ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisidir. Məlum olduğu kimi, Azərbaycan həm ABŞ, həm də Rusiya ilə yaxın münasibətlər qurmuş, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirmişdir.

Prezident İlham Əliyev general Cozef Danfordun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Prezident İlham Əliyev iki ölkə arasında hərbi əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırmış, Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, o cümlədən, Silahlı Qüvvələrimizin NATO proqramları çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışmışdır. ABŞ generalı C.Danford Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrdə həyata keçirdiyi uğurlu islahatlardan xəbərdar olduğunu və ölkəmizin terrorizmlə mübarizədə iştirakını, o cümlədən, sülhməramlılarımızın Əfqanıstandakı əməliyyatlarda yüksək peşəkarlığını xüsusi vurğulamışdır.

Rusiyanın ordu generalı V.Gerasimov da əlaqələrimizin tarixi köklərə əsaslandığını, Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edərək, yüksək hərbi nümayəndələrin qarşılıqlı görüşlərinin təşkili və keçirilməsinin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini bildirmişdir.

Belə mühüm əhəmiyyətli görüşün təşkili üçün dünyada kifayət qədər məkan olduğu təqdirdə, nəyə görə məhz Azərbaycan seçilmişdir? Bu, ilk növbədə Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir.

Azərbaycan Ordusu artıq istənilən vəzifəni icra etməyə qadirdir. Bunu dövlətimizin başçısı, Ali Baş Komandan da bəyan edib: “İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında